Kulis.az Etibarın “Ağır bir çəki daşı” həkayəsini təqim edir.
Deyəsən, bu cümlələr hər il olduğu kimi qışın gəlməyinə az qalmış yenə təkrarlanırdı: “Bazar od tutub yanır”, “Bazara girmək mümkün deyil”, “Dolu ciblə girib, bomboş çıxırsan”, “Əvvəl bu pulla əlidolu gedərdin”, “Kilo ilə aldığımız şeyləri dənə ilə alırıq”, “Biz yenə necəsə ala bilirik, Allah möhtac olanlara kömək olsun...”
Kənd yerində yaşayanların imdadına həyətyanı sahələrində əkib-becərdikləri çatsa da, şəhərdə həyatın rəngini bazar müəyyən edirdi. Xüsusən, maddi vəziyyəti aşağı olan insanların həyatını, məişət və güzəranını.
Cəmilə nənə bu sözləri demək olar ki, hər gün məhəllədəki qonşulardan, hal-əhvalını tutan qohumlardan, tez-tez onu ziyarətə gələn kiçik oğlundan eşidirdi.
Gecə əsən küləyin gücü azalsa da, tapdığı deşiklərdən evə sızmağa çalışırdı. Taxta pəncərənin aşağı sol küncündən evə daxil olan hava isə artıq vıyıltıya çevrilmişdi. Adəti üzrə hər səhər 9-da oyanan yaşlı Cəmilə nənəni külək bir saat tez oyatmışdı. Evdəki soyuğu hiss etmək üçün yorğanı azca qaldırmaq kifayət idi. Yerindən qalxan Cəmilə nənənin ayağını döşəməyə basarkən çıxan cırıltı səsi ilə küləyin vıyıltısı qəribə bir ahəng yaradırdı. Bu səsin müşayiəti ilə hamama daxil olub əlini və üzünü yudu.
Hamamdakı güzgüdən axır vaxtlar zəhləsi gedirdi. Məcburən üzünə su çəkəndə baxmalı olurdu, ancaq, bu, onun üçün çox ağrılı keçirdi. Üzündə və əlində artan qırışlar onu lap özündən çıxarırdı. Bir zamanlar nazik və yumşaq, damarlarının belə göründüyü ağappaq dərisi indi solmuş, tündləşmiş, daha qalınlaşmış və qırışmışdı. Əllərindəki qırışlar o qədər sıx və şişkin idi ki, dəsmalla əlini sildikdən sonra da o qırışların arasında su qalırdı. Güzgüyə həm də ona görə nifrət edirdi ki, özünü görmək üçün mütləq qamətini dikəltməli idi. Qocalığının bir növ sübutu olan bu güzgünü nə vaxtsa cilik-cilik edəcəkdi.
Mətbəxə keçib, bir stəkan su ilə dərmanını içdikdən sonra dəhlizə yönəldi. Şkafı açıb, ən qalın paltosunu əli ilə ayırd etməyə çalışdı. Bu dəfə birinci cəhddən tapmışdı, budur, əli yun parçadan olan paltoya toxundu. Əynini geyinib, qapının dəstəyinə tərəf əlini uzatdı. Adəti üzrə geri dönərək yataq otağına nəzər salıb, həyat yoldaşını səsləmək istəsə də, birdən xatırladı ki, o, artıq 4 aydır ki, dünyadan köçüb. Ona görə də, dəhlizin işığını rahat şəkildə söndürə bildi.
Bu vaxtı evi tərk etməsinə və bazarın evlərinə yaxın olmasına baxmayaraq, çox astagəl qadın idi. Bazara qədər olan yol 15-20 dəqiqə vaxtını alacaqdı. Üzü küləyə gedəcəyini nəzərə alsaq, 82 yaşlı Cəmilə nənəni uzun və çətin yol gözləyirdi. Addımlarını elə yavaş atırdı ki, elə bilirdin, ayaqlarından daş sallanıb. Yolun yarısına qədər addımlayıb köşkün qabağında dayanar, bugünkü qəzetin gəlib-gəlmədiyinə baxar, nəfəsini dərib yoluna davam edərdi. Yaxın üfüqdə bazarı görəndə isə yorğunluğu yaddan çıxar, əli ilə cibindəki iyirmi manatı bərk-bərk sıxardı. Nə alacağını kağıza yox, beyninə yazardı. Bazarın əsas qapısından keçəndə hamı Cəmilə nənəyə əl edər, onu salamlayar, öz piştaxtasına dəvət edərdi. 37 il idi ki, onu bu piştaxtalar arasından tanış üzlər salamlayırdı.
Cəmilə nənənin illərdir ayaq basdığı bazarda? demək olar ki, çox şey dəyişmirdi, elə bil dünyadan bixəbər bir yer idi. Heç həvəsli də deyildilər. Çox kiçik, nəzərə çarpmayan nələrsə ola bilərdi, məsələn, bəzi piştaxtaların yeri dəyişə, bəzilərinin isə üstü örtülə bilərdi. Bu bazarın şəraiti də çox ağır idi. İçəri girən alıcıların şikayəti də o olurdu ki, bura çöldən də soyuqdur. Elə ona görə də, burada kişi kürkü geyinmiş qadınlar, solmuş əsgər paltarında yaşlı kişi satıcılar rastınıza çıxa bilərdi. Danışan ağızlardan və çay termoslarından çıxan buxar isə bazardakı həyatın davam etdiyinə dair kiçik bir işarə idi.
Piştaxtaların arasından keçdikcə kimi onu adı ilə çağırıb salamlayar, kimi qoluna girib ayaq saxlamağını istəyər, kimi də bıçağın ucundakı pendir dilimini dadmağı üçün ona uzadardı. Daddığı hər pendir dilimində uşaqlığının ağız dadını xatırlayardı. Tiflisdə doğulan, onun küçələrində uşaqlığı keçən Cəmilənin atası ilə birgə gəzməyi çox xoşladığı ən qədim Dezertir bazarı yadına düşər, gözündən axan bir damcı yaş paltosunun xəz yaxalığını isladardı. Çox darısqal olan piştaxta aralarından heç kəsə toxunmadan keçməyə həmişə diqqət edərdi.
Bir qədər də irəlilədikdən sonra adəti üzrə sıranın sol küncündəki piştaxtaya yaxınlaşdı. Bu, köhnəlmiş, köhnəliyini gizlətmək üçün üzərinə süfrə sərilmiş piştaxtanın arxasında Tənzilə adında bir yaşlı qadın oturardı. Boyu qısa olduğu və piştaxtanın arxasından boylana bilmək üçün üç yeşiyi üst-üstə qoyub, üzərində əyləşərdi. Piştaxtasında öz həyətindən toyuq yumurtasını, ağ salafana bükülmüş lavaşı, bir də bir neçə dəstə qulançarı görmək olardı. Cəmilə nənəni görən kimi ayağa qalxar, onunla görüşüb hal-əhval tutmağı özünə borc bilərdi. Aralarında yaş fərqinin çox az olmasına baxmayaraq, o da hamı kimi Cəmilə nənə deyə xitab edərdi.
Soyuqdan çatlamış dodağını isladıb, sonra sözə başladı:
- Cəmilə nənə, bazara yolun düşsə əgər məni yaddan çıxarma sən Allah. Səni ki görürəm, ürəyim lap dağa dönür.
- Əlbət ki, nə deməkdi o elə. Niyə gəlmirəmki? Ayaqlarım sözümə baxsa, hər gələndə sənə baş çəkəcəm. Nəvəndən nə xəbər-ətər?
- Nəvəm? İki aydı səsini eşitmirəm. Atası məndən gizlədir, amma, bilirəm ki, onu lap Murovun kəlləsinə çıxarıblar. Bazar ki soyuq olur, üşüyürəm, gözümün qabağına ən birinci nəvəm gəlir. Bircə bu altı ay da tez keçsəydi.
- İnşallah tez keçəcək, həyatdan daha tez keçən bir şeymi var? Bir də görəssən həyətinizin qapısındadı, başında papaq, əlində kağız, çiynində də kəmər.
- Allah ağzından eşitsin. Heç öz oğlumu bu qədər gözləməmişdim.
Satıcı onun əlindəki parça torbanı açıb yumurtaları ehmalca yerləşdirdi. Sonra da üstünə ağzı düyünlənmiş lavaşları qoydu. Cəmilə nənə pulu bilərəkdən artıq ödəyib torbasını biləyinə keçirdi və sağollaşdı. Hər bazara gələndə guya soyuducudan xəbərsizmiş kimi bu qadından nəsə almağı özünə borc bilirdi.
Suyun nə dadı olur adətən, nə də iyi. Ancaq, bazarda göyərti satılan piştaxtaların arasından keçəndə suyun göyərti ilə birlikdə reaksiyasından doğan iyini hiss etmək mümkünə çevrilir. Qapağı mismarla deşilmiş plastik butılkalar sıxıldıqca su göyərtilərin üzünə çilənir, beləliklə alıcılarda şüuraltı məhsulun təzə və ya tər olması barədə fikir yaranırdı. Baxmayaraq ki, bu, onların gözləri qarşısında, indi baş verirdi.
Digər ərzaqlara nisbətən bazarda göyərti adətən çox ucuz qiymətə satılır. Məsələn, altı bağlamasını bir manata almaq mümkündür. Meylin tərxuna düşəndə isə bir bağlaması üçün əlli qəpiyi gözə almalısan. Fəsilin qış-yay olmasından asılı olmayaraq həmişəyaşıl olan piştaxta arxasındakı satıcılar isə digərlərindən daha mehriban olurlar. Bəzən sonda bir bağlamanı hədiyyə kimi aldıqlarınızın üzərinə sizdən xəbərsiz ata da bilirlər.
Cəmilə nənənin evdə hər həftə dovğası bişməli olduğuna görə, bu piştaxtada da dayanmalı idi. Torbasının ağırlaşdığını hiss etdiyindən onu taxta yeşiyin üstünə qoydu. Qamətini dikəltdi, nəfəsini dərdi, əllərini böyrünə dayadı və dedi:
- Oğul, sənə qurban, gözlərim, onsuz da, yaxşı seçmir. Ancaq sənə özüm kimi inanıram. Mənə bir az dağ keşnişi, ispanaq, bir az da pərpətöün verərsən. Bilirsən yəqin, dovğalıq.
- O nə sözdür. Mənim bu iki gözlərim üstə. Bu sulanmışlar bir kənara, sənə lap altlarından verəcəm. Gün işığı görməmiş. Hə, necədi? Bu iki, bu dörd, bu da altı (ürəyində saysa da, elə bilirdin danışmağa davam edirdi).
- Bəs edər. Bu torpaqda bitməyən nəsə var, ay oğul? Hamısı da dadlı.
- Hə, ay nənə. Nöş yoxdu? Banan, ananas. Hamısı da xaricdən gəlir, od qiymətinə.
- Evlərə də bayramdan-bayrama ayaq basır.
- Nə?
- Saydıqların. Hələlik, ay oğul, yorulmayasan.
- Buyur, nənəcan!
Torba artıq yarıyacan dolmuşdu. Ağırlaşdıqca tutqacları formasını dəyişir, daha nazikləşir və barmaqlarını sıxırdı. Yarıyacan dolsa da, torbanın sağ əlində olması onun hərəkətində də hiss olunurdu. Addımlarını atdıqca çiyinləri sağa tərəf əyilir, sonra əvvəlki vəziyyətinə qayıdırdı.
Bazarın çıxışına yaxın isti təndir çörəyinin iyini hiss etməmək müşkül məsələ idi. On beş-iyirmi metrdən gələn bu xoş ətirlə çörəyin satıldığı yeri gözübağlı təxmin etmək olardı. Hər bir saatdan bir on-on iki yaşlı oğlan uşağı qucağında üzərində şir şəkli olan adyala bükdüyü çörəkləri tələsik halda gətirib kabinənin qarşısına düzər, barmaqları ilə sayıb təhvil verər və qaçaraq uzaqlaşardı.
Çörəklərdən çıxan istilik şüşə pəncərələrdə buxar qatı əmələ gətirərdi.
Cəmilə nənə kabinəyə yaxınlaşanda çörəklər yenicə gəlmiş, karton yeşiyin içinə səliqəsizcə yığılmışdı. Kabinədə radioda oxunan musiqinin xırıltılı, arabir itib, geri qayıdan səsini eşitmək olurdu. Satıcı termosdan özünə çay süzdükdən sonra, fincanı taxta siyirmənin üzərinə qoymuşdu. Burada o qədər çay ləkəsi var idi ki, fincana doğma yer kimi görünürdü. Üzəri ağ nöqtələrlə bəzədilmiş qırmızı rəngli plastmas qəndqabı və qəndlərin arasından sarı rəngi ilə adama göz vuran karamel konfeti də fincanın yerinin məhz illərdir bura olduğuna dair fikirlərə haqq qazandırırdı. Qəndlərdən birini götürüb, yarısını çaya batırıb ağzına atan və bir qurtum qaynar çaydan içə-içə:
- Buyurun, dedi. Ağzında qənd ola ola dediyi sözü tam başa düşmək olmasa da, mənasını gözlərindən və əllərinin hərəkətindən başa düşmək olardı.
- Bircə isti təndir çörəyi. Altı yanmamış olsun.
- Bu dəqiqə gəlib elə. Bircə saniyə.
- Deyəsən, neçə vaxtdır yoldaşın görünmür burada. Salamatçılıqdımı?
- Hə, şükür. Rayona gedib, qohum-qardaş ki ordadı, xeyir-şərdən də qalmaq olmur.
- Doğrudur, salam söyləyərsən.
- Göndərən sağ olsun.
Yeşiyin tən ortasından çörəyi çıxarıb qəzetə bükdü və ona sarı uzatdı. Qəzət solğun və rəngsiz olsa da, başlığında göy rəngdə iri şriftlərlə “Azərbaycan təhsili” yazıldığı aydın oxunurdu.
Cəmilə nənə bazarı tərk edəndə narın yağış yağmağa başlayırdı.