Adam kişi olar? - Səmra yazır...

Səmra Həsənzadə

Səmra Həsənzadə

6 aprel 2023
# 11:19

Kulis.az Səmra Həsənzadənin “Adam kişi olar?” adlı yazısını təqdim edir.

Atalar sözləri, müalicə ovsunları, standartlaşmış dualar, xalq rəvayətləri, mahnılar, şəcərələr – bunlar dilin mədəniyyəti mühafizə etmək üçün vasitələr olaraq istifadə etdiyi zahiri formaların ancaq bəziləridir.

E.Sepir

Milli mədəniyyətin tərkib hissəsi olan paremioloji vahidlərdə biz xalqın ətraf mühitdə baş verənləri qiymətləndirməsini, dünyaya baxışını görürük. Şifahi xalq yaradıcılığının əvəzsiz örnəklərindən olan atalar sözləri də dilin paremioloji qatına daxildir. Şifahi dil həmin dildə danışan xalqın aynası olmaqla yanaşı, onun dünyagörüşünü, inanclarını, dəyərlərini özündə əks etdirir.

Məlum olduğu kimi, xeyir – şər, işıq – qaranlıq, həyat – ölüm və s. kimi binar oppozisiyalar xalqların mədəni düşüncələrinin, idrakının, dünyaduyumunun əsasında dayanır ki, kişi – qadın da bu kimi ikili qarşılaşdırmalardan ən öndə gələnlərdəndir.

Bu yazımızda məhz atalar sözləri əsasında kişi və qadın şəxsiyyətinin linqvokulturoloji xüsusiyyətlərindən bəhs olunmuşdur.

Fəlsəfə, mifologiya, din ilə bu və ya digər dərəcədə maraqlanan hər kəs müşahidə edə bilər ki, məhz dünyanın yaradılışı kişi başlanğıcından götürülmüşdür. Məsələyə sosiolinqvistik baxımdan yanaşdıqda bir sıra dillərdə “insan” və “kişi” anlayışlarının eynişləşdirildiyinin şahidi oluruq. Məsələn, man, homme, kişi (türkcə) və s. Təbii ki, bu dilin androsentrikliyinin (dilin kişiyə yönəlməsinin) sadəcə bir nümunəsidir.

Fəlsəfə tarixinə ötəri nəzər salanda məlum olur ki, qadın kişidən fərqli olaraq daha çox mənfi əlamətlərlə xarakterizə edilib. Məsələn,

"Qadının ən böyük yanlışı ədalət hissinin olmamasıdır" (A.Şopenhauer),

"Qadın Tanrının ikinci səhvidir" (F.Nitsşe),

"Qadın hər şeyi görən gözü də aldada bilər" (F.M.Dostoyevski) və s.

Bununla yanaşı, qadına münasibətdə müsbət düşüncələr də öz yerini alıb. Məsələn,

"Qadın xoşbəxtliyi dəvət deməkdir" (Ş.Bodler) və s.

Bu kimi fikirlər qadın və kişini linqvokulturoloji sferada fərqləndirən cəhətlərdir ki, biz bunu xalqımızın minillik yaddaşında da müşahidə edə bilərik.

Ailə türk düşüncəsində, mədəniyyətində ən vacib ictimai birlik olmaqla yanaşı, onun əsasında məhz qadın dururdu. Ailədə qadın quruculuğu türk təfəkkürünün ayrılmaz tərkib hissəsidir ki, bir sıra atalar sözlərində bunu müşahidə edirik: “Arvad bənnadır, kişi fəhlə”, “Arvad tikən evi fələk yıxa bilməz”, “Arvad evin dirəyi”, “Arvadsız ev, susuz dəyirman” və s.

Atalar sözlərində, həmçinin, anaya yüksək qiymət, ananın müqəddəsliyi, Ana haqqının Tanrı haqqına bərabər tutulmasını şahidi oluruq: “Ana evin dirəyidir”, “Ana kimi yar olmaz, Vətən kimi diyar” və s. Təsadüfi deyil ki, bu gündə “Ana Vətən”, “Ana südü”, “Ana dili” kimi qəlibləşmiş birləşmələr hər birimiz üçün müqəddəs istinadgahdır. Eyni zamanda ana ilə yanaşı atanın böyüklüyü, ataya hörmət, onun övladın həyatındakı rolu və s. görürük: “Atasını tanımayan Allahı tanımaz”, “Atasız uşaq, damsız ev” və s.

Valideynin övladın tərbiyəsindəki, onun düşüncələrinin formalaşmasındakı yeri də xalqımızın mədəni fikir tarixinə uyğun olaraq atalar sözlərindən yan keçməmişdir: “Ata sənəti oğluna mirasdır”, “Atalar nə əkiblər, oğullar onu biçiblər”, “Qız anadan görməyincə ögüt atmaz”, “Ana keçdiyi körpüdən qızı da keçər”, “Ana çıxan ağacı, qızı budaq-budaq gəzər” və s. Nümunələrdən də göründüyü kimi, oğlun tərbiyəsində ata, qız da isə ana aparıcı roldadır. Həmçinin, onu da qeyd etmək lazımdır ki, qızın həyatında ananın rolu türk təfəkküründə, xüsusilə, ön plandadır. Anadan yetimlik qızın həyatında mənfi əlamətlərlə xarakterizə olunur ki, bunu bir sıra atalar sözlərinin nümunəsində görə bilərik: “Analı qız bəlli qız, anasız qız dəli qız”, “Analı qızın bədəni böyüyər, anasız qızın sözü”, “Analı qızın işi görünər, anasız qızın dişi” və s.

Bir çox Avropa xalqlarının mədəniyyətlərində cehizə yüksək qiymət verilməsinə, qadın pulundan kişinin istifadəsinə normal baxılırdısa, biz mentalitetimizdə bunun əksini görürük: “Arvad malı alçaq qapıdı, bir girəndə alnın dəyər, bir çıxanda”, “Arvad malı başa toqmaq kibi dəyər” və s. Azərbaycan mentalitetində sosial təbəqə, pul yox, daha çox tərbiyə, soy-kök, davranış ön plana çəkilir. Və qadının maddi baxımdan daha yüksəkdə durması kişinin alçaldılması kimi qiymətləndirilir. Eyni zamanda mentalitetimizin əski qatlarından gələn qadının kişinin namusu kimi qiymətləndirilməsinin şahidi oluruq: “Arvadın isməti - ərin izzəti”, “Arvat var arpadan aş eylər, arvad var kişini külbaş eylər”. Bu motivi Dədə Qorqud dastanında da görürük ki, bu da həmin mədəni aktın dərin köklərdən gəldiyinin xəbərçisidir.

Bir çox dünya mədəniyyətlərində olduğu kimi, türk, Azərbaycan mentalitetində də qadın bir sıra mənfi keyfiyyətlərlə xarakterizə edilmişdir. Məsələn, hiyləgərlik (“Arvad şeytana papış tikər”, “Qadının gücü gözyaşındadır”, “Arvadın axır hiyləsi ağlamaqdır” və s), qeybətcil (“Arvadın xirtdəyi olmaz” və s.), inadkarlıq (“Arvad kəc qabırğadır”, “Arvad qaldıran qanı padişah qaldırammaz” və s.) davakarlıq (“Arvad olan yerdə dava olar” və s.) Aravuranlıq (“Arvad yıxan evdən Allahın xəbəri yoxdur”, “Arvatnan tamah yıxmayan öy illərnən tikili qalar və s.). Bütün bunlarla yanaşı kələkbaz, etibarsız, çox danışan və başqa neqativ sifətlər qadının təyini rolunda çıxış etmişdir. Hər şeydən əlavə, kişi ilə müqayisədə qadın savadsız, intellektual baxımdan daha aşağı bir varlıq kimi xarakterizə olunmuşdur: “Arvadın saçları uzun, ağlı gödək olar” və s.

Yuxarıda sadaladığımız xüsusiyyətlər içində çox danışmaq, dediyi sözü danmaq kimi qadına aid bir sıra mənfi xüsusiyyətlərin kişidə tam əksini görürük. Kişi sözü odur ki, ağızdan çıxdısa, edilməlidir. Bir sıra nümunələrə nəzər salaq: “Kişi öz sözünün ağası olar” , “Kişi tüpürdüyün yalamaz” , “Kişinin sözü ilə işi bir olar”, “Kişinin üzünə baxma, sözünə bax” və s. Təsadüfi deyil ki, əcdadlarımızın müdrik fikirləri “atalar sözü” adlanır. Yəni onun ilk varinatdakı etibarlılğı artıq şübhə doğurmur. Və nəsillərin dəyişməsinə baxmayaraq ilk günkü anlamıyla bizlərə miras qalmışdır.

Atalar sözlərində qızla oğlana fərqli münasibət bəsləndiyinin şahidi oluruq. Çox güman ki, bu fərq oğulun nəslin davamçısı kimi, qızın isə evlənib ata ocağını tərk etməsi ilə əlaqədardır. Nümunələrə baxanda da az-çox bu təsəvvür yaranır: “Oğul doğulan gündər oğuldur”, “Oğul dövlətdi, mülk dəyirman” , “Qız gedərdi, oğlan ürək başıdır” və s.

Bir qrup atalar sözləri vardır ki, burada qadına mənfi münasibətdən daha çox, onun alçaldılması, dəyərsizləşdirilməsini görürük: “Qız alan gözüynən baxmasın, qulağıynan eşitsin”, “Qız bir yükdür” , “Qız dediyin ağacdakı almadı, kim salar o da aparar”, “Qızını döyməyən dizini döyər”, “Qız kəsilməmiş qarpıza bənzər”, “Qız köçəri quşdur”, “Qız on beş yaşında ya ərdə gərək, ya gorda”, “Qız özgəyə əmanətdi”, “Qız üz qızardar” və s.

Bu kimi nümunələri istənilən qədər çoxaltmaq mümkündür. Burada qadının obyektləşdirilməsi, qadın düşüncəsinin dəyərsizliyi, həyatdakı rolunun əhəmiyyətsizliyi, tək missiyasının ərə getməkdən ibarət olması, erkən nigahın təbliği və daha başqa alçaldıcı çalarları görə bilərik. Məlum olduğu kimi, zaman keçdikcə ictimai – siyasi hadisələrin təsiri altında dildə olan stereotiplər müəyyən dəyişikliyə uğrayır və bu dəyişikliklər dildə öz əksini tapır. Mədəniyyətin isə dilə təsirir şəksizdir. Fikrimizcə, qadınla bağlı bu kimi mənfi (alçaldıcı!) deyimlər əsl türk mədəni təfəkkürünün deyil, sonrakı dövrdə İslam dininin qanadları altında düşüncələrdə özünə yer etmiş ərəb mədəniyyətinin qalıqlarıdır. Danılmaz faktdır ki, bir dilin leksikası özünü başqa dilin leksikasının psixoloji və mədəni tərcüməsi kimi təqdim etdiyi kimi, bir xalqın mədəniyyəti də özünü bir digər xalqın mədəni həyatında göstərə bilər.

Qadının necə müqəddəs varlıq olması, cəmiyyətdə onun yüksək nüfuza malik olduğunu görmək üçün Türk xalq dastanlarına baxmaq kifayətdir. Bu da təbii haldır ki, heç vaxt qadına belə hörmətlə yanaşılan cəmiyyətdə onun döyülməsi, alçaldılması, xor baxılması mümkün deyildir. Əksinə, qadın kişiylə bir sırada durub ona ilham və güc verən varlıq olaraq dəyərləndirilir. “Qız uşağı, evin yaraşığı”, “Qızın var, qızılın var” və s. kimi qadına müsbət yanaşmalı atalar sözləri, fikrimizcə, daha ilkin dövrün, sırf türk mədəni düşüncəsinin məhsuludur.

Beləliklə, aydın olur ki, atalar sözlərində xalqın adət-ənənələri, milli mentaliteti, düşüncə tərzi ön plana çıxır. Və o da məlum olur ki, atalar sözlərinin linqvokulturoloji aspektdən təhlili bizə xalqların ayrı-ayrı tarixi dövrlərdə obyekt və hadisələrə münasibətinin hansı formada olduğunu deməyə əsas verir.

# 2681 dəfə oxunub

Oxşar xəbərlər

Duman - Günün hekayəsi

Duman - Günün hekayəsi

12:00 9 oktyabr 2024
"Vahidəm, xalqımın qəzəl şairi" - Nahid Hacızadəyə niyə töhmət vermək istəyirdilər?

"Vahidəm, xalqımın qəzəl şairi" - Nahid Hacızadəyə niyə töhmət vermək istəyirdilər?

09:00 9 oktyabr 2024
Mərzin iki tərəfində yaşayanlar - Qoderzi Çoxelinin hekayəsi

Mərzin iki tərəfində yaşayanlar - Qoderzi Çoxelinin hekayəsi

10:30 8 oktyabr 2024
Diş qatili -  Vüsal Nurunun yeni hekayəsi

Diş qatili - Vüsal Nurunun yeni hekayəsi

09:00 7 oktyabr 2024
Bu həm edamdır, həm də tamaşa... - "Qətl günü" romanından parça

Bu həm edamdır, həm də tamaşa... - "Qətl günü" romanından parça

19:00 4 oktyabr 2024
Bitməyən həsrət - Hekayə

Bitməyən həsrət - Hekayə

17:55 3 oktyabr 2024
# # #