Kulis.az Mirmehdi Ağaoğlunun "Murakaminin sirri" adlı yazısını təqdim edir.
Ey gidi dünya!
Haruki Murakami də qocaldı. Bu yaxınlarda 70 yaşı tamam oldu.
Sizi bilmirəm, mənim inanmağım gəlmir. Yetmiş yaşının tamam olduğunu öyrənəndə də heyrətləndim.
Elə şair-yazıçılar var ki, illər keçsə də yaddaşımızda həmişə cavan qalırlar, Lermontov kimi, Müşfiq kimi, Lorka kimi. Aydındır, bu, onların faciəvi taleləri, gənc yaşda həyata əlvida deməkləri ilə bağlıdır.
Ancaq elə şair-yazıçılar da var ki, ömürləri yarıda qırılmayıb, uzun ömür sürüblər. Buna baxmayaraq, yenə də yaddaşımızda cavandırlar, qocalmayıblar.
Götürək elə Cerom Selinceri. Ötən əsrin 60-cı illərində ədəbiyyatla vidalaşan (daha doğrusu çap olunmaqla vidalaşan!) yazıçı 91 il ömür yaşasa da, oxucuların əksəriyyətinin yaddaşında hər zaman "Çovdarlıqda uçurumdan qoruyan”ı yazdığı yaşda qaldı.
Selincerin pərəstişkarı sayılan Murakami də həmin istisna yazıçılardandır ki, nə qədər yaşlansa da, yaddaşımızda qocalmaq bilmir, elə 40-50 yaşlarında qalıb. Yeri gəlmişkən, Murakami Selincerin "Çovdarlıqda uçurumdan qoruyan” əsərini yapon dilinə çevirib və roman Yaponiyada rekord sayda satılıb. O, başqa bir Amerikan yazıçının romanını da yapon oxucusuna qazandırıb. Söhbət Frensis Skott Fitsceraldın "Möhtəşəm Qetsbi” əsərindən gedir.
Fitscerald öz dövrünü "caz epoxası” adlandırırdı. Və Murakami bioqrafiyası ilə az-çox tanış olanlar bilirlər ki, onun Fitscerald və caz sevgisi tükənməzdir. Bilmək olmur, Murakami Fitsceralda görə cazı bu qədər sevir, yoxsa tərsinə.
Murakami deyir ki, onu yazıçı edən də caz aludəçiliyidir. Buna görə də, az-çox caz bilgiləriniz olmasa, Murakamini oxumaq bir qədər yorucu görünə bilər, xüsusən, "Norveç meşəsi” romanını. Çünki Murakami cümlələri arasına müxtəlif caz-bandlarının, caz musiqiçilərinin, musiqi parçalarının adları səpələnib.
Caz musiqisinin böyük pərəstişkarı olan Murakami əvvəllər caz-bar işlədirmiş. Elə bu dönəmlərdə də yazıçı olmağa qərar verir və hər axşam müştərilər dağılışandan sonra qələm-kağız götürüb yazmağa başlayır.
Maraqlı bir fakt: 1971-ci ildə sinif yoldaşı ilə ailə həyatı qurub, hələ də bir yerdədirlər, uşaqları yoxdur.
Murakaminin qəhrəmanları nə qədər modern və "qərbyönümlü” olsalar da əsl yapon soyuqqanlılığını heç vaxt unutmurlar. Bunun görə də həm Qərb, həm də yapon oxucusu üçün doğmadırlar. Onun personajlarının yaşadıqları ümidsizlik, usanmışlıq hissi də məhz Qərb mədəniyyəti ilə yapon ənənəsinin toqquşmasından törəyir, nəticədə ağır yükə çevrilir, çəkilməz olur.
Yapon ədəbi çevrələrində isə əsərləri 50-dən çox dilə tərcümə olunmuş Haruki Murakami hələ də "əsl yapon yazıçısı” hesab edilmir.
Bu, Murakamiyə qarşı edilən yeganə "haqsızlıq” deyil. Belə ki, dəfələrlə bukmeykerlərin siyahılarında Nobelə ən şanslı namizəd kimi hallansa da, İsveç Akademiyasının qoca kahinləri nədənsə adını dilə gətirmirlər. 2017-ci ildə Nobel mükafatının başqa bir yapona verilməsi isə (Kazuo İşuquro) Murakami üçün bu ali ədəbi mükafata gedən yolu yaxın illər üçün bağladı. Əgər ömür vəfa eləsə, 70 yaşlı yazıçı növbəti illərdə sevinə biləcək. Amma İsveç Akademiyasının nüfuzu ildən-ilə düşən üzvlərinin insafına qalarsa, 89 yaşlı Milan Kunderanın oxucuları kimi Haruki Murakami oxucuları da xəyal qırıqlığına uğrayacaqlar.
Murakamiyə gəldiksə isə... O, özünü "tox” tutmağı bacarır. Ötən il ədəbiyyat üzrə Nobel mükafatının təxirə salınması İsveç ictimaiyyətində böyük narazılığa səbəb oldu. Buna görə də, bir qrup İsveç ziyalısı alternativ Nobel mükafatı təsis etdilər. Onlar addımlarını belə əsaslandırdılar ki, dünyanın bu qarışıq vaxtında ədəbiyyat daha gərəklidir. Belə bir həssas məqamda ədəbiyyat üzrə Nobel mükafatının verilməsini təxirə salmaq olmaz. Bunun üçün də öz Nobellərini yaratdılar. İlkin nəticələr onu deməyə əsas verirdi ki, Alternativ Nobelin birinci sahibi Murakami olacaq. Ancaq sən saydığını say... Yapon yazıçı Alternativ Nobel mükafatı komitəsinə açıq məktub ünvanlayaraq bildirdi ki, bu etimadlarına görə onlara təşəkkür edir, ancaq mükafatda adının hallanmasını istəmir.
Bəlkə də Murakami fikirləşib ki, işdir-şayət, birdən Alternetiv Nobel alsa, sonra İsveç Akademiyası acığa düşər və gerçək Nobeli ondan əsirgəyər. Buna görə də "qabaqdangəlmişlik” edib.
Amma Murakaminin mükafatlara qarşı laqeydliyi ilk dəfə deyil. 2009-cu ildə İsrail ona Yerusəlim mükafatı təqdim etmişdi. Mükafatı almaq üçün Yerusəlimə gələn yazıçı çıxışı zamanı İsrailin Qəzza bölgəsindəki əks-terror fəaliyyətini pislədi. Onun bu çıxışı siyasi dairələrdə etirazlara səbəb oldu, İsrailin qəzəbi ilə qarşılandı.
Deyəsən, Murakaminin "cavanlıq sirri”ndən bəhs etməyin də vaxtı çatıb. Murakami deyir: "Uzun müddət yazının öhdəsindən gəlmək üçün sağlam ruh və bədən lazımdır. Uzun bir roman yazmaq və bu zaman vərdişə arxalanmaq daha çox yaşamaq cəhdidir. Fiziki güc yaradıcı təxəyyül qədər əhəmiyyətlidir”.
Yazıçılıq dünyanın ən passiv peşələrindəndir. Hər gün saatlarla masa arxasında oturmaq şöhrətlə birlikdə neçə-neçə xəstəlik də gətirir. Durğun su tez iyləndiyi kimi, hərəkətsiz adam da tez xəstələnir. Üstəlik bunun qarşılığında öz canına içki, siqaret kimi pis vərdişlərlə daha da ziyan vurmaq var. Buna görə də yazıçı olmağın başlıca şərti sağlamlıqdan keçir. Yazıçı canının qədrini bilməli, sağlam olmağa çalışmalıdır ki, nasirlik kimi əzablı və yorucu bir peşənin öhdəsindən gələ bilsin.
Bu baxımdan Murakami gənc yazarlara nümunə ola bilər. O, uzun illərdir ki, hər gün səhər tezdən durub qaçır və sonra gəlib yazı masasının arxasına keçir. İçki və siqaretdən isə ümumiyyətlə imtina edib.
Otuz ildən artıqdır ki, hər səhər tezdən qaçmağa başlayan Murakami dəfələrlə marafon yürüşlərinə qatılıb. Murakami qaçışa ilham mənbəyi kimi baxır. Deyir ki, məhz qaçış zamanı ağlına yeni-yeni hekayələr, personajlar gəlir. O, bu təcrübələrini "Qaçış barədə danışdığım zaman nədən danışıram” adlı esselər kitabında toplayıb.
Bu sağlamlığın nəticəsidir ki, Murakami hər il oxucularını həcmi də kifayət qədər böyük olan yeni romanla sevindirir.
Bunun əvəzində Murakami də oxucuların sevimlisi olaraq qalmaqda davam edir. Elə bilməyin çağdaş dünyada insanlar təkcə yeni ayfon modelini almaq üçün mağazaların qarşısında uzun növbə yaradır, saatlarla oturub növbənin çatmasını gözləyirlər. Murakaminin kitabları da eynən ayfon kimi trenddir və yeni romanının çap olunduğu gün oxucular gecədən kitab mağazaları qarşısında növbə tuturlar ki, sevimli yazıçılarına qovuşa bilsinlər.
Bu yazı Murakamiyə yetişməyəcək, amma şair deyir, könüldən-könülə yollar uzanır. Onun üçün, biz təbrikimizi çatdıraq, sonrası nə ola-ola:
70 yaşın mübarək, Murakimi! Uzun ömür, can sağlığı, yaradıcılıq uğurları... /artkaspi.az/