Ötən həftə dördüncü gününü kədərli bir xəbərlə işə başladıq: tərcüməçi Tehran Vəliyev vəfat edib. Nədənsə, bu xəbər gündəmin başqa xəbərləri fonunda görünməz oldu, unuduldu. Oysa Tehran Vəliyev Azərbaycan ədəbiyyatı üçün əvəzsiz xidmət göstərmiş şəxs idi.
Ən azı ona görə ki, o, Uilyam Folknerin “Avqust işığı” və Cerom Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” əsərlərini dilimizə çevirmişdi. Özü də ingiliscədən...
Hardasa, 30 il əvvəl dilimizə çevrilmiş məşhur “Çovdarlıqda uçurumdan qoruyan” kimi kult əsər onun sayəsində azərbaycanlı oxuculara ulaşdı və ulaşmaqdadır.
O vaxta qədər Azərbaycan dilinə sadəcə bir neçə hekayəsi (“Qırmızı yarpaqlar” və sair) çevrilmiş Folknerin “Avqust işığı”ndan əvvəl hələ heç bir romanı tərcümə olunmamışdı. Öz ağır üslubu ilə seçilən Folkneri çevirmək olduqca məsuliyyətli və çətin işdir.
Təbii ki, yuxarıda qeyd etdiyim kimi hər ikisi ingiliscədən-orijinaldan.
“Nolsun!” deyənlərin isə nəzərinə qəribə bir faktı çatdırmaq istəyirəm. Onda özünüz Tehran müəllimin nə qədər böyük fədakarlıq etdiyinin şahidi olacaqsınız.
Şekspirin əsərlərinin əksəriyyəti orijinaldan çevrilməyib.
“Səfillər” orijinaldan çevrilməyib.
“Üç muşketyor” orijinaldan çevrilməyib.
“Qırmızı və qara” orijinaldan çevrilməyib.
Nə bilim, Daniel Defo, Höte, Şiller, Balzak, Flober, Çarzl Dikens, Biçer-Stou, Heminquey, Kamyu, Henrix Böll (“O illərin çörəyi”), Markes dilimizə orijinaldan çevrilməyib.
Ay, həzərat, “Don Kixot” dilimizə ruscadan çevrilib e.
Vəziyyət bu cürdür. Danışanda ağzımıza çullu dovşan sığımır, hər cümləmizin əvvəli də, axırı da Nobeldi, di gəl, oxuduğumuz xarici müəlliflərin çoxu ikinci dildən tərcümədi.
Tehran Vəliyev bax bu yoxluqda, bu kasadlıqda ədəbiyyatımıza olduqca gözəl şəkildə tərcümə olunmuş iki gözəl əsər bəxş etmişdi.
Təəssüf ki, onu belə sakit şəkildə yola saldıq. Zəhmətinin, fədakarlığının qarşılığını vermədik.
Ruhun şad olsun, ustad.
Haqqını halal elə.