Yeganə ikiqat Qonkur mükafatçısı - Onun dəfnində kimin mahnısı səslənmişdi?

Yeganə ikiqat Qonkur mükafatçısı - Onun dəfnində kimin mahnısı səslənmişdi?
2 dekabr 2025
# 14:00

2 dekabr rus-yəhudi əsilli fransız yazıçı, kinorejissor, ssenarist, hərbi pilot və diplomat Romen Qarinin anım günüdür.

Kulis.az bu münasibətlə onun həyatı və fəaliyyəti haqqında maraqlı faktları təqdim edir.

Romen Qari (əsl adı Roman Katsev) - iki dəfə Qonkur mükafatına layiq görülən yeganə yazıçıdır. Yazıçı daha çox Emil Ajar, Şatan Boqa, Fosko Sinibaldi, Lüsyen Bryular təxəllüsləri ilə yazırdı.

Romen Qari 1914-cü ildə Vilnüsdə anadan olub. Onun dediyinə görə, atası məşhur səssiz film aktyoru İvan Mozjuxin olub. Ana ilə birlikdə Fransaya köçüb.

İkinci Dünya müharibəsi illərində pilot kimi xidmət edib, general de Qollun hərəkatına qoşulub və Avropa ilə Şimali Afrikada döyüşüb. Hərbi xidmətinə görə Fəxri Legion ordeni və “Azadlığa görə” medalı ilə təltif olunub.

Müharibədən sonra diplomat kimi fəaliyyət göstərib. 1956–1960-cı illərdə ABŞ-ın Los-Anceles şəhərində Fransa konsulluğuna rəhbərlik edib.

Onun ilk romanı "Avropa təhsili" 1945-ci ildə nəşr olunub. 1952-ci ildə "Günlərin rəngləri" adlı romanı, 1956-cı ildə isə Qonkur mükafatına layiq görülmüş "Səmanın kökləri" romanı nəşr olunub.

Daha sonra “Ümid işığında” (1975) kitabı çıxıb ki, tənqidçilər tərəfindən müasir fransız nəsrinin ən parlaq əsərlərindən biri sayılır.

Qari Qonkur mükafatını - nizamnaməyə baxmayaraq iki dəfə qazanan yeganə yazıçıdır. Birinci dəfə 1956-cı ildə Romen Qari adı ilə, ikinci dəfə isə 1975-ci ildə Emil Ajar adı ilə “Emil Ajarın həyatı və ölümü” romanına görə.

Emil Ajarı yaratmaqla Qari sanki “yenidən doğulmaq” istəyib. 60 yaşına çatanda öz yazıçılıq obrazından yorulduğunu hiss edib və yeni alter eqo yaratmaqla hər şeyi sıfırdan başlamağa qərar verib.

İlk həyat yoldaşı Britanyalı yazıçı, jurnalist və "Vogue" jurnalının redaktoru Lesli Blanş olmuşdur. Bu evlilik 1944-cü ildən 1961-ci ilədək davam etmişdir.

1962–1970-ci illər arasında məşhur amerikalı aktrisa Cin Siberqlə ailə həyatı yaşayır. Romen Qarinin bu evlilikdən Aleksandr Dieqo Qari adlı bir oğlu vardır.

Romen Qari 1980-ci il dekabrın 2-də tapançadan açdığı atəşlə intihar edir. Cin Siberqlə ayrıldıqdan sonra sarsılan Qarinin intiharında Siberqin 1979-cu ildəki müəmmalı ölümündən sonra girdiyi böhranın böyük təsiri olduğu güman edilir.

Ölümqabağı məktubunda o, yazır: "Bunu əsəb gərginliyi ilə izah etmək olar, amma onu da nəzərə almaq lazımdır ki, bu, mən yetkin insan olduğum andan başlayıb və məhz o, mənə ədəbiyyatla layiqincə məşğul olmağa yardım edib".

O, fövqəladə istedada malik olub; doğma dili rus dili olub, daha sonra polyak dilinə keçib, əksər kitablarını fransızca yazıb, altı romanını ingiliscə yazaraq özü fransızcaya tərcümə edib.

Romen Qari həyatı boyunca özünü miflə əhatələyib. Qari üçün ən ağır itki anası ilə bağlı olub. Müharibə boyu ondan məktublar alıb, amma anasının artıq vəfat etdiyini döyüşdən sonra öyrənib.

Ana bütün məktubları əvvəlcədən yazaraq qonşuya göndərib ki, oğul sakitcə döyüşsün.

Ana ilə münasibətlərini Qari “Səhər vədəsi” adlı kitabında təsvir edib. Bu əsər övladın analıq sevgisinə həsr olunmuş şedevrlərdən sayılır.

Təxəllüsünün mənası ilə bağlı Qari deyirdi ki, “Qari” rus dilində “yanmaq” felinin əmr formasıdır; adın Romen forması fransızcaya çevrilmişdir.

Cin Siberq Qarinin bir çox qəhrəmanlarında əks olunub.Onun "Quşlar ölmək üçün Peruya uçurlar" hekayəsinə əsaslanan film Qari tərəfindən çəkilib, Cin əsas rolu oynayıb və film Fransada pornoqrafiya adlandıraraq qadağan olunub.

Qari totalitar rejimlərə nifrət edirdi. Dostu, Bolqarıstan Kommunist Partiyasının demokrat qanadının rəhbəri Petkov edam edildikdən sonra siyasətdən uzaq durub.

O, həyatı boyunca romantik və macəraçı ruhlu olub.

Qari Boliviyada fransız konsulu olarkən “Səmanın kökləri” romanına Qonkur mükafatı verildiyini öyrənib. Bu roman, əsasən detektiv janrında olsa da, eyni zamanda ilk ekoloji roman hesab olunur. Qari həyatı boyu heyvanların kütləvi məhv edilməsinə qarşı çıxıb.

1970-ci illərin ortalarında tənqidçilər Qarini unudulmuş saymağa başlayıblar. O, “Gülüm” adlı kitabını Emil Ajar adı ilə nəşr etdirərək böyük uğur qazanıb. Ardınca “Ümid işığında” romanını yazıb. Bu kitab Belvil kvartalında yaşayan yaşlı yəhudi qadın Madam Rza və ərəb uşağı Məhəmmədin (Mo-Mo) münasibətlərindən bəhs edir. “Ümid işığında” Qonkur mükafatına layiq görülüb və Ajarın kimliyi gizli saxlanılıb. Kitab əsasında çəkilən film S. Sinyoreni baş rola çıxarıb və o, “Sezar” mükafatını alıb.

Qari 1980-ci il dekabrın 2-də intiharını da öz xasiyyətinə uyğun olaraq həyata keçirib: heç kimi qorxutmamaq üçün tək qalana qədər gözləyib, sonra qırmızı üzgüçülük papağı geyinərək tapançadan ağzına atəş açıb.

O, dini mənsubiyyəti olmayan bir şəxs kimi dəfn olunub, mərasimdə Aleksandr Vertinskinin "Lilovıy neqr" mahnısı səsləndirilib.

Tədbirdə iştirak edənlərdən Polşa müğənnisi istisna olmaqla, heç kim mahnını başa düşməyib. Kədərlənmiş fransızlar düşünürdülər ki, səslənən musiqi rus pravoslav musiqisidir…

Bu, Qarinin sonuncu qəmli ironiyası idi...

# 58 dəfə oxunub

Oxşar xəbərlər

Əlillər Günü münasibətilə sərgi - “Sevgi palitrası”

Əlillər Günü münasibətilə sərgi - “Sevgi palitrası”

14:07 2 dekabr 2025
Aybəniz Haşımovanın konserti baş tutdu

Aybəniz Haşımovanın konserti baş tutdu

13:23 2 dekabr 2025
Türk ədəbiyyatının ilk inqilabçı şairi - Atatürkün ona cavabı nə olmuşdu?

Türk ədəbiyyatının ilk inqilabçı şairi - Atatürkün ona cavabı nə olmuşdu?

13:00 2 dekabr 2025
"Rusiyadakı quruluş mənim mənəvi aləmimlə uyğun gəlir" -  Nəriman Nərimanovun oğluna məktubu

"Rusiyadakı quruluş mənim mənəvi aləmimlə uyğun gəlir" - Nəriman Nərimanovun oğluna məktubu

12:00 2 dekabr 2025
Mühacirlikdən qlobal moda ikonluğuna - İlk sudanlı model

Mühacirlikdən qlobal moda ikonluğuna - İlk sudanlı model

12:00 2 dekabr 2025
Müharibədən sonra Almaniyanın gerçək üzünü göstərən rəssam

Müharibədən sonra Almaniyanın gerçək üzünü göstərən rəssam

11:40 2 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər