Cümhuriyyətin şərəfinə adı Müsavat qoyulan böyük Azərbaycan şairi - Maraqlı Adam

Cümhuriyyətin şərəfinə adı Müsavat qoyulan böyük Azərbaycan şairi - <span style="color:red;">Maraqlı Adam
10 may 2019
# 17:32

Bu gün Musa Yaqubun doğum günüdür. Kulis.az bu münasibətlə şairi təbrik edir və “Maraqlı adamlar” layihəsindən Musa Yaqubla bağlı fakt və əhvalatları oxucuların diqqətinə çatdırır.

Musa Yaqub həkimlərin məsləhətinə əməl edərək bir ay dilinə araq vurmur. İçki içmədiyi günlərdə də məclislərdə iştirak edən şair araq içənlərin hamısının bir-birini təkrarladığını görüb təəccüblənir. Öz-özünə deyir ki, ilahi, içənlərə qoşulmadan üç-dörd saat məclisdə əyləşmək necə əzablıdır. Sonra içindəki səsə əlavə edir: “Ay dadi-bidad, gör illərlə məclisdə içəndə ayıqlara nə qədər zülm eləmişəm”.

***

Onun ən məşhur şeiri “Bu dünyanın qara daşı göyərməz”dir. Heç bir şairin şeirinə Musa Yaqubun “Bu dünyanın qara daşı göyərməz” şeirinə yazıldığı qədər nəzirə yazılmayıb.

***

Həmin şeirlə bağlı başqa bir fakt... Sosialist inqilabının ildönümü ilə bağlı şeir məclisi təşkil olunubmuş. Bütün tanınmış şair-yazıçılar orda iştirak edirmiş. Şair Qabil Mirzə İbrahimova deyib ki, Musa Yaqubun yaxşı şeiri var, icazə verin oxusun. “Bu dünyanın qara daşı göyərməz” şeirinin sosialist inqilabının ildönümündə yaxşı qarşılanmayacağını düşünən Musa Yaqub istəyib ki, başqa şeir oxusun. Qabil israr edib ki, həmin şeir səslənsin. Musa Yaqub ayağa qalxıb şeiri deyib. İçəriyə ölü sükut çökür. Rəsul Rzanın bu yerdə səsi eşidilib: “Çox gözəl şeirdir”. Və ondan sonra Musa Yaqubu gurultuyla alqışlayıblar.

***

Şeirin yaranma tarixçəsini Musa Yaqub belə danışır:

“Mən Əhmədli qəsəbəsində qalanda axşamlar bizim pəncərəyə işıq düşürdü. Yaxınlıqda əhəng daşı yandırırdılar. Səhərəcən o daşların səsini eşidir, onların necə əziyyət çəkdiyini hiss edirdim. Daşlar yandıqca qaralır, sonra ağarırdı. “Əhəng daşı” adlı şeir də yazdım. Amma ürəyimdə yenə nəsə qaldı. Zaman-zaman deyilə-deyilə, hallana-hallana, canımda-ruhumda bişə-bişə gəlib belə bir şeirə döndü o duyğular. Mən o şeiri yazmadım. Eləcə ayağa qalxıb Sabir adına kitabxanadakı məclislərin birində oxudum. Qabil də hamı kimi ilk dəfə orda eşitmişdi”.

***

Məktəb vaxtı Sabir adlı sinif yoldaşı Stalinə şeir yazıbmış. Musa Yaqub sinfin əlaçısı idi, amma bu şeir yazmaq məsələsi onu düşündürüb. “Əlaçıyamsa gərək mən də şeir yazım” deyib və o gündən şeir yazmağa başlayıb.

***

Göyçayda bir xanıma aşiq olub. Amma bu sevgisi baş tutmayıb. Musa Yaqub o sevgidən ilhamlanaraq çoxlu şeirlər yazıb.

***

Deyilənə görə, sevdiyi qadın özündən yaşca böyük imiş. Sonradan Musa Yaqub çox çətinliklə evləndiriblər. Anası öz kəndlərindəki bir qıza elçi düşüb. Musa Yaqubun sonradan həyat yoldaşı olan həmin qız gizlicə onun məhəbbət şeirlərini oxuyurmuş. Bir gün qısqanclığı ortaya çıxır. Musa Yaquba deyir ki, mənə heç şeir yazmamısan. Şair də etiraf edir.

***

Musa Yaqubun 70 illik yubileyində Vaqif Səmədoğlu çıxışında qəribə bir etiraf edib:

“Musa Yaqubun yanında mənə xalq şairi deyəndə xəcalət çəkirəm. Çünki əsl xalq şairi Musa Yaqubdur”.

***

Həmişə yeyib-içən adam olub Musa Yaqub. Dediyinə görə, 10 yaşından içir. Araq içməyinin tarixçəsi də maraqlıdır: “Malyariya xəstəliyinə tutulmuşdum, dəhşətli qızdırmam olurdu. Kimsə anama demişdi ki, araq içirtsən düşər. O da araq verirdi mənə”.

***

Əsl adı Müsavat olub. Cümhuriyyətin şərəfinə atası qoyubmuş. Sonra “vat”ı atıblar “Musa” qalıb.

***

Müsahibələrinin birində deyiib:

“Mən ömründə otaqda şeir yazmamışam. Fikirləşə-fikirləşə, duyğulana-duyğulana şeirlərimi təbiətin ağuşunda yazmışam”.

***

Bir dəfə gənc şair Anar Amin zəng eləyib Musa Yaquba. Səsi yaxşı eşidilmirmiş şairin. Anar Amin səbəbini soruşub. Musa Yaqubun cavabı çox poetik olub:

- Kəndin küncündəyəm.

***

Doğulub, boya-başa çatdığı və dünyada ən çox sevdiyi Buynuz kəndini ona görə tanıyırlar. Çox vaxt bu kəndə “Musa Yaqubun kəndi” deyirlər.

***

Musa Yaqubun yaşı 80-i keçib, amma saçları hələ də qapqaradır. Saçının hələ də qara olmasına özünün açıqlaması: “Çoxları yazanda başı ilə düşünür, mən isə ürəyimlə. Saçım ona görə ağarmayıb”.

***

Onu dağdağan ağacına oxşadırlar. Şair Məmməd İsmayıl deyib ki, Musa Yaqubun əlinə müqəddəs dağdağan ağacı kimi əski bağlayıb niyyət eləmək olar.

***

O, həyatda da bu cür xeyirxah və əliaçıqdır. Füzuli rayonundan qaçqın düşən şair Mətləb Misirin ailəsinə öz evində uzun müddət sığınacaq verib, onlara ən ağır günlərindən yaxından köməklik edib.

***

Bir dəfə Zəlimxan Yaqubla meşədə yeyib-içirmişlər və açıq-saçıq lətifələr danışırmışlar. Birdən ağacların o üzündən, görünməyən tərəfdən bir nəfər gəlib utana-utana deyir:

- Musa müəllim, biz burda ailəmizlə oturmuşuq, danışdığınız sözləri orda eşidilir, mümkünsə bir az yavaşdan danışın.

Adam bu sözləri deyir və gedir. Ortalığa pərtlik düşür. Zəlimxanın çox utandığını görən Musa Yaqub deyir:

- Aya, şəhərdə bərk danışanda deyirlər, meşədə deyilsən. Gəlirik meşəyə, burda da danışmağa qoymullar.

***

Musa Yaqubun evi o regiona yolu düşən bütün ədəbiyyat adamlarının doğma evidir. Ədəbi mühitdən o evə getməyən nadir şair-yazıçı ola bilər. O evə getməyən və Musa müəllimin süfrəsində oturmayan...

***

Musa Yaqubu həm təmizliyinə, həm də təbiətə bağlılığına görə gah şaman, gah buddist hesab edənlər var. Qəribədir ki, Musa müəllim özü bu sözlərin mənasını müfəssəl bilmir.

***

İŞİD-in törətdiyi qanlı hadisələri televiziyada izləyən şairin reaksiyası:

- Adı işıq adına oxşayan bir dəstə gərək belə işlər törətməsin!

# 4413 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər