“Yoxsulluq da terrorizm kimi təhlükədir” - MÜSAHİBƏ

“Yoxsulluq da terrorizm kimi təhlükədir” - MÜSAHİBƏ
3 avqust 2016
# 13:04

Mohammed Yunus 1940-cı ildə Banqladeşdə anadan olmuş sosial işçi, bank siyasəti üzrə iqtisadçı mütəxəssis, vətəndaş hərəkatı lideri, ən əsası isə Banqladeşdə kasıb təbəqəni səfalət və ölümdən xilas edən “Qramen” bankın qurucusu, mikrokredit və mikrofinanslaşdırma anlayışlarının konsepsiya müəllifidir. Ömrünü elmə, insanların həyat şəraitinin yaxşılaşdırılmasına, öz ölkəsində bank sisteminin bünövrəsindəki yanlışları düzəltməyə həsr etmiş Yunusun fəaliyyəti İsveç Akademiyasının nəzərindən qaçmayıb. Dəfələrlə “Nobel Sülh Mükafatı”-na namizəd göstərilsə də, bu dəyərli mükafatın sahibi olmaq yalnız 2006-cı ildə ona qismət olub. Buna kimi də dəfələrlə beynəlxalq nüfuzlu sülh mükafatlarına layiq görülmüş Yunus Nobeldən sonra daha da diqqət çəkir. 2008-ci ildə böyük iqtisadçı-alim “Foreign Policy” jurnalının seçdiyi “Dünyanı düşünən 100 adam” siyahısında ikinci yeri tutur. 2009-cu ildə ABŞ-ın “Azadlıq Medalı”, 2010-cu ildə “Konqresin Qızıl Medalı” ilə təltif olunur.

Mohammed Yunusun 2006-cı ildə “Nobel Sülh Mükafatı”-na layiq görüldükdən sonra fonda verdiyi müsahibəni ixtisarla təqdim edirik.

- Sizinlə tanış olmaq mənimçün böyük şərəfdir. Nobel fondundan zəng gələndə nə düşündünüz?

- Hardasa insanın beynində ani qorxu yaranır. Çünki nə baş verəcəyini xəyal etmək imkanın olmur. Baxmayaraq ki, uzun zamandır hər il mənim Nobel mükafatı alacağımla bağlı söz-söhbətlər çıxır, amma bunun haqqında danışmaq belə insanın içində şübhələr, həyəcanlar, suallar oyadır və qəfildən bir gün heç gözləmədiyin gün bu reallaşır. Nəyinsə gerçəkləşməsi ilə bağlı beynində qurduğun xəyallar o hadisə reallaşanda baş verənlərlə heç üst-üstə düşmür. İnsan tamam başqa, heç düşünmədiyi reaksiyalar verə bilir. İçində gizli saxladığın bütün duyğular – həvəs, maraq, sevinc, həyəcan – hər şey qala divarlarını aşır, bilmədiyin məchul sonsuzluğa doğru uzanır. Qəfildən evimin ətrafında izdiham yarandı, cəmi bir saat içində minlərlə tanımadığım adam məni salamlamaq, təbrik etmək üçün gəldi, heç öyrəşmədiyim şəkildə qəzetlərin mikrofonları, telekameralar, fotoaparatlar mənə tuşlandı. Mən heç vaxt inana bilməzdim ki, insanlar hadisələrə bu qədər sürətlə reaksiya verə bilərlər.

- Sizcə, nə dəyişdi? Niyə məhz bu il, niyə daha əvvəl yox?

- Çünki siz tənbəlsiniz. Bu qərarı bir qədər əvvəl də verə bilərdiniz (Gülür). Yox, əlbəttə ki, belə deyil. Mən bilmirəm namizədlər arasında müqayisə hansı kriteriyalar üzrə aparılır, bunu necə təyin edirlər və buna görə də kimisə günahlandırmıram. Çünki dünyada gördüyü işlər bu qədər dəyərli bir mükafatla qiymətləndiriləsi çox insan var.

- Sizcə, mükafat bir qədər mahiyyətini dəyişmədimi? Məsələn, sülh mükafatının keçmişinə nəzər salsaq, bu il sizə verilməsi bir çox insanda sual oyatdı. Yəni sizin ixtisasınız, bankınız və bu bankın köməyi ilə gördüyünüz işlər... Yəni bunun sülh ilə nə əlaqəsi var?

- Deməli, belə. Bu mənim aldığım ilk sülh mükafatı deyil. Bundan əvvəl də məni “Sidney Sülh Mükafatı”-na layiq görüblər. 90-cı illər idi. O vaxtlar da kimlərsə soruşardı ki, Sindey niyə sülh mükafatını sıradan bir bankirə verir. Hindistanın dövlət mükafatı olan “İndira Qandi Sülh Mükafatı”-nı da mən almışam. Elə onda eyni suallar verildi ki, bu sülh mükafatıdır, bankirə niyə verilir. Son zamanlarda isə mənim fəaliyyətim “Seul Sülh Mükafatı” ilə dəyərləndirildi. Amma bunların hamısında məni mükafata layiq görənlərin inandığı bir səbəb var idi – yoxsulluq böyük bir təhlükədir, sülhə, bəşəriyyətin gələcəyinə, sağlam və mədəni gələcək nəsillərin formalaşmasına təhlükədir. İnsanları yoxsulluq içində, bu böyük bəla ilə mübarizədə təkbaşına qoyub, özün xoşbəxt yaşaya bilməzsən. Mən yaşaya bilməzdim. Kasıbların həyat şəraitini gördükdən sonra rifah içində, rahatlıqla yata bilməzsən, onların ümidsiz vəziyyəti, çarəsiz baxışları səni rahat buraxmaz. Və əgər insan çıxış yolu tapa bilmir, çarə görmürsə, o başqalarının rahatlığını pozmağa başlayır. Bu kütləviləşdikdə sülhə təhlükə olur. Çünki milyonlarla kasıb insan elə olduğu yerdə qalıb, ölməyi gözləyərək və sənin var-dövlətinə, sərvətinə hörmət bəsləyərək, sakitcə ömür keçirməyəcək. Onlar ən müxtəlif yollarla – oğruluq, saxtakarlıq, yalançılıq, təhdid – səndən sərvətini bölüşməyi tələb edəcək, sənin rahatlığını pozacaqlar.

Bir sözlə, yoxsulluq da eyni ilə hər gün haqqında qorxu ilə danışdığımız terrorizm kimi sülhə ən böyük təhlükələrdən biridir. Çünki terrorizm özü yoxsulluqdan, pula, qidaya ehtiyacı olduğu üçün hər şeyə razı olacaq, hamını öldürə biləcək çarəsiz insanlardan qidalanır. Düşünün, sənin və ailənin pula ehtiyacı var. Və sən hər təklifə hazırsan. Kimsə sənə bu pulu təklif edir və əvəzində muzdlu əsgər olmağını istəyir. Ya öldürməlisən, ya da ailən acından ölməlidir. O da düşünür ki, əgər onlar məni düşünmürsə, mən niyə onları düşünüm. İnsanda öz ailəsinin ölməsi ehtimalı, terrorizm kimi bəşəri bir bəladan daha çox qorxu oyadır. Odur ki, sən doğmalarının başı üstünü almış bəladan qurtulmaq üçün bəşəriyyəti məhv edən terrorizmə boyun əyirsən.

- Təyin edilmiş mikrokreditləri əsasən qadınlara verirsiniz. Bu proses necə gedir. Sülhlə fərdi şəxslərə, xüsusilə qadınlara kredit ayırmağın nə əlaqəsi var?

- Yenidən qayıdaq yoxsulluğa. Əgər kasıblara kömək etmək, onlara vəziyyətdən çıxış yolu göstərmək istəyiriksə, bunun bircə yolu var – özünüinkişafın öhdəsindən gəlmələrini və fərdi qabiliyyətlərindən yararlanmalarını təmin etmək. İnsanın yaradılışında ona mütləq hansısa özəlllik, bacarıq verilib. Bu bəlkə də möcüzədir. Amma bəzilərinin bu bacarığı inkişaf etdirmək, onu genişləndirmək imkanı olmur. Ömrünün sonuna kimi nəyi bacardığını bilməyən insanlar var. Çünki bəzi cəmiyyətlərdə hədiyyəni açmağa icazə verilmir, bildiyini göstərməyə, bacarığını nümayiş etdirməyə imkan verilmir. Biz qabiliyyətlərini inkişaf etdirmək, bacardıqları işə yönəltmək şərti ilə ayırdığımız bu mikrokreditlərlə kölgədə qalanların üzərinə işıq tutmağa çalışdıq. Öz bacarıqlarını kəşf etdikcə, sanki təəccüblənir, ürəklənirdilər, daha çox çalışmağa səy göstərirdilər. İnsan bu irəliləyişə, sıçrayışa heyran qalır. Bəşər övladı nələr bacarır! Biz onlara inandıq. Onlar isə öz işlərinə, bacarıqlarını genişləndirdilər, inkişaf etdikcə, hərəkət etdikcə yoxsulluqdan addım-addım uzaqlaşdılar. Bütün bunları hamının gözündə balaca və əhəmiyyətsiz görünən mikrokreditlər etdi.

Zamanla müşahidə etdik ki, bizim borcalanların artıq 50%-i qadınlardır. Mən buna xüsusi diqqət edirdim. Bu mənim üçün böyük əhəmiyyət kəsb edirdi. Birincisi, qadınların olduğu yerdə sistem var, daimilik var, törəmə, inkişaf, çoxalma, təmizlik var. İkincisi, ölkədə adı böyük, işi əhəmiyyətsiz banklar qadınlardan imtina edirdi. Onları görməzdən gələnlərə qadınların nələr bacardığını, nələrin öhdəsindən gəldiyini, necə biznes qurduqlarını, kişilərdən daha sistemli borc ödədiklərini göstərmək istəyirdim. Banqladeşdə qadınlar ölkə üzrə ümumi borcalanların cəmi 1%-ni təşkil edir. İşə başladığımız ilk günlərdən mən müştəri bazamın 50%-nin qadınlardan olmasını qarşıma məqsəd qoydum və bunun öhdəsindən gəldik. Bütün bu illər ərzində bir şeyi əmin olacaq qədər çox müşahidə etdik – qadınlar götürdükləri kreditlərlə ailəyə daha çox xeyir verir, nəinki kişilər. Çünki qadınların uşaqların qayğısına daha çox qalır və gəlirlərini artırmaqda daha maraqlıdırlar. Bu gün isə bizim 7 milyon müştərimiz var, bunun 97%-i qadınlardır. Düzdür, bizim məqsədimiz necə olursa, olsun, ailəni yoxsulluğun ağuşundan almaqdır. Amma əsas şəklə qadını yerləşdirəndə, onu güclü bənd kimi seçəndə proses daha da sürətlənir.

- Sizcə, aldığınız Nobel mükafatı müharibələrin başlanmasına və davam etməsi üçün silahların hazırlanmasına milyardlarla dollar pulun xərcləndiyi planetimizdə bu məsələnin beynəlxalq siyasi gündəmin daha ön sıralarına çəkilməsinə səbəb ola biləcəkmi?

- Həyat qeyri-mümkün çox az şey var. Bu dediyiniz şey isə onlardan biri deyil. Mümkündür. Çünki Nobel mükafatı sənin normal həyat yolunun, fəaliyyətinin çox-çox üstündə həll olunan məsələdir, o sənindirsə, səni də yuxarıya çəkir, səninlə birgə məqsədlərini də, inandığın şeyləri də. Daha çox görünməyə, dinlənməyə başlayırsan, insanlar sənin doğrularınla, səni bura gətirən yolla daha çox maraqlanmağa başlayırlar. Sənin hər dediyini diqqətə alırlar. Bu digər mükafatlara bənzəmir, insanı bütün dünyanın diqqət mərkəzinə gətirir. Ən çox ona görə sevinirəm ki, mənimlə birgə hədəflərim də, yaşadığım təcrübələr, aradan qaldırmaq üçün illərdir mübarizə apardığım problemlər də bu qədər gündəmə gəldi. Dünya Nobel Sülh mükafatı alanları xüsusi yerə qoyur. Mən bu ada nə qədər layiq olub-olmadığımı bilmirəm. Amma gördüyümüz işin, qəhrəmanlarımızın, yoxsulluğun, onun yaratdığı faciələrin bu qədər diqqət çəkməsi məni çox sevindirir.

Biz sadəcə bir yol seçmişik. Problem haqda düşürərək, ondan çıxış üçün minlərlə yol tapmaq olar. Əgər terrorizmi aradan qaldırmağa çalışırıqsa, onunla sadəcə hərbi silah-sursatdan istifadə etməklə mübarizə aparmaq olmaz. Bu onu bir müddət səngidə, ya da azalda bilər. Eləcə də yoxsulluqla mübarizə. İnsanlara pul verməklə yoxsulluğu aradan qaldırmaq mümkün deyil. Onlar bu pulu xərcləyəcəklər və bitəcək. Yollar və üsullar çoxdur, amma biz adətən onlardan yanlış yararlanarıq. Müasir dünyaya ağıllı strategiyalar lazımdır.

Mənbə:nobelprize.org

İngiliscədən tərcümə edən: ELCAN SALMANQIZI

Kaspi.az

# 1154 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #