Bu günlərdə yazıçı-ssenarist Pərviz Seyidlinin “İkimiz” adlı hekayələri çap olunub. Kulis.az həmin kitabdan “Acqarına” hekayəsini təqdim edir.
Metronun vaqonları qaranlıq tunelə girəndə, birdən-birə mənə elə gəldi ki, şəhərin bağırsaqlarında sürünən bir qurdun içindəyəm. Hə, şəhər canlı varlıqdı, nəfəs alır nəfəs verir; yerin altı da onun qaranlıq qarnıdı; onda yerüstü stansiya ağzı, turniketlər dişləri, eskalator boğazı, yeraltı metro stansiyası mədəsi, tunellər də bağırsaqlarıdır…
Budur, bayaq onun ağzına girdim, dişlərinin arasından keçdim, boğazıyla aşağı düşdüm, mədəsində bir qədər dayanandan sonra, qurdun içinə girib yol aldım bağırsaqlarının labirintinə…
Axşam saat on biri keçmişdi. Metronun ağzı da, mədəsi də demək olar ki boş idi. Eynən mənim mədəm kimi. Hələ qonorarı almamışdım deyə, cibimdə qara qəpiyim də yox idi. Axırıncı manatı verib səhər sübhdən iki dənə günəşə oxşayan qoğal alıb yemişdim. Vəssalam. Bütün günü qaçaqaçaq, yorğunluq. Acından başım hərlənirdi..
Birdən-birə mənə elə gəldi ki, bu qatar elə mənim öz boş bağırsaqlarımda hərəkət edir. Hə, mən öz bağırsaqlarımın qaranlıq tunelində hərəkət edən qatarın içində oturmuşam, və bir azdan qəza baş verəcək - qatar sürətlə gedib səhər yediyim qoğallara çırpılacaq… Onda da “Ac ölüm” stansiyasına çatacağıq. Doğurdan görəsən bu tuneldə “Ölüm stansiyası” var?
Gözümün qabağına gəldi ki, yatıb qalıb lazımi stansiyanı ötürürəm və bir də onda yuxudan oyanıram ki, maşinisit elan verir - Qatar “Ölüm” stansiyasına çatdı. Xahiş olunur düşəndə əşyalarınızı vaqonda unutmayasınız….
Eh, rəhmətliyin nəvəsi, bəyəm ölüm stansiyasında nəsə düşürtməyə icazə verirlər ki? Düşürtməyə çalışsam da inkir-minkir əlimdən alıb təzədən atacaq vaqonun içinə. Ən uzağı günahlarımı yükləyəcəklər belimə.
Qatarsa səhra ilanı kimi tunelin içində sürünürdü, aclıqdan oxuya bilmədiyim kitabın səhifəsini qatlayıb bağladım. Səhər yediyim günəşə oxşayan qoğalları xatırladım. Birdən fikirləşdim ki, niyə yerin altında günəş yoxdur. Ya da heç olmasa, bir-iki ağac olaydı. Cəhənnəm, heç olmasa, çoxlu qum olaydı. Hə, qum daha məntiqlidir. Qatar səhra ilanıdırsa, səhrada qum olar da. Yalnız dəmir relslər üstündə dəmir təkərlər - Dəmirdən və qaranlıqdan başqa heç nə. Görəsən, bu relslərin sonu ölümə aparıb çıxardırmı? Yenə ölüm... Maraqlıdır, yəqin ki, bu stansiyanın növbətçiləri də inkir-minkirdir. Elə əmək kitabçalarında da iş yerləri belə yazılıb - Yeraltı dəmir yolunda “Ölüm stansiyası”nın nəzarətçiləri. Ya da yox, nəzarətçi yox, Gömrük işçisi.
Nə isə, nə vaxtsa yəqin ki özüm də əmin olacam ki, inkir-minkir orda nə işləyir. Onsuz da axırda hamının gedəcəyi son stansiya ora deyilmi?! Bəs orda da adamın ürəyi sıxılsa necə? Təzədən geri qayıtmaq istəsəm?
İstədim maşinistlə əlaqə düyməsini basıb soruşam ki, “bağışlayın, “Ölüm stansiyası”ndan geri qayıtmaq olur?”
Ancaq soruşmadım. Bəlkə də ona görə ki nə cavab verəcəyini əvvəldən bilirdim.
Fikrimi yayındırmaq üçün vaqondakı adamlara diqqət kəsildim. Məni çıxsaq vaqonda cəmisi beş yarım adam vardı. Nədənsə onların hər biri mənə müəyyən dərəcədə maraqlı gəldi. Misalçün mənlə üzbəüz oturan yorğun görkəmli, boz paltolu qara saçlı kişinin altmış yaşı olardı. Qoltuğundakı qovluqdan və boşluğa zillənən baxışlarından ali məktəb müəllimlərinə bənzətdim. Tez-tez dilini azca çıxarıb yüngülcə dodaqlarını yalayırdı. Elə bil ki, dodaqları hansısa bir nəmişlik, yumşaqlıq üçün darıxmışdı, acımışdı. Amma onun tamarzı qaldığı nəmlik öz dilinin nəmliyi deyildi, gənc xanım dodaqlarının nəmliyi və yumşaqlığı idi. Elə bil ki, çox yox, elə bir-iki saat bundan əvvəl, yaşlı vaxtında yenidən ailə quraraq gənc bir arvad alan hansısa müəllim həmkarının evində qonaq olmuşdu və bu saat onun ac dodaqları müəllim həmkarının tox dodaqlarının paxıllığını çəkirdi. Bu aclığı dəf eləmək üçün də tez-tez nəm dilini qurumuş ac dodaqlarına sürtüb təskinlik verirdi.
Onun yanında iyirmi yaşlarında ağ gödəkçəli, mini yubkalı, kare saçlı nərmənazik bir qız əyləşmişdi. Qəribdəydi ki qızın üst dodağı alt dodağından bir qədər şişman görünürdü. Elə bil ki, dodaqlarını şişirtməkçün pul yığsa da, ikisini birdən eləməyə pulu çatmayıb, əvvəl üst dodağını şişirdib, indi də alt dodağı öz növbəsini gözləyir. Ancaq qızın dodaqları ac deyildi, qulaqları ac idi. İri, ala gözlərini telefonun ekranına zilləyərək, cidd-cəhdlə qurdalayır, sanki nəsə axtarır, qulaqcıqları tez tez çıxarıb düzəldir, yenidən qulağına taxırdı… Elə bil qulaqları ağıllı sözlər, mənalı kəlmələr üçün acımışdı, amma nə qədər cəhd eləsə də aclığını dəf edə biləcək sözləri kəlmələri tapa bilmirdi, onun üçün də əsəbləşirdi, dodaqlarını çeynəyirdi.
Onunla üzbəüz oturan tələbə görkəmli gənc oğlan isə gözlərini qızın ayaqlarından çəkmirdi. Hə, bunun da gözləri ac idi. Həqiqətən də qızın çılpaq ayaqlarına elə acgözlüklə zillənmişdi ki, elə bil bu saat imkan versəydilər, qızın təkcə ayaqlarını yox, arıq bədənini bütünlüklə gözlərinə təpişdirərdi, kiprikləriylə çeynəyib, göz qapaqlarıyla əzib yumşaldandan sonra udardı bir baş ruhuna…
Əks tərəfdə yaşlı bir qoca qadın oturmuşdu. Ağarmış saçlarının bir hissəsi çiyinlərinə elə tökülmüşdü ki, elə bil nəvə tumarı üçün acıyıblar. Elə bil ki yazıq arvad hər dəfə pensiyasını bankomatdan çıxardandan sonra şokoladlar, vaflilər alıb nəvəsiylə oynamaq üçün gedir, amma insafsız nəvə nənəsinin gətirdiyi şirniyyatı təpişdirəndən sonra, onun qucağında oturub nənənin ağarmış saçlarını tumarlamaq əvəzinə tez cumur planşetinin üstünə, bütün dünyanı unudub başlayır vampirləri güllələməyə. Ağarmış saçlar da ac yalavac geri qayıdır.
Nəhayət sonuncu, yəni bir yarım kimi hesabladığım sərnişin - otuz yaşlarında sarışın hamilə qadın…
Doğuşuna hələ xeyli aylar qalsa da, təzəcə dombalan qarnını fəxrlə qabağa verməyindən bilinirdi ki, ilk uşağıdı. O, ümumiyyətlə təpədən dırnağacan ac idi. Acımayan yeri olsaydı, olsaydı yəqin ki barmağı olacaqdı. Taxdığı iri qaşlı nişan üzüyündən bilinirdi ki, barmaqları da uzun müddət üzük acı olsa da, nəhayət ki, bu aclığını dəf eləməyə nail olublar. Qalan hər yeri sanki bir aclıq mücəssəməsiydi. Ağzı ət yemək üçün acımışdı, bədəni hamilə paltarı üçün acımışdı, əlləri şişmiş qarnını tumarlamaq üçün acımışdı, qarın öz növbəsində içəridən vurulan təpiklər üçün acımışdı, ayaqları hamilə ağırlığı üçün acımışdı, döşləri içəri dolmaqda olan süd üçün acmışdı, qulaqları körpə səsi üçün acımışdı, burnu sidikli pampers qoxusu üçün acımışdı…
Və nədənsə mən, özümün dəhşətli dərəcədə ac olmağıma rəğmən məhz həmin hamilə qadından qorxmağa başladım…
Qorxum isə əbəs deyilmiş. Maşinist “Növbəti stansiya Nəsimi” deyən kimi, hamilə qadının dırnaqları tərpənməyə başladı, qaynayan gözləriylə o yan bu yana baxdı və qəfildən tullanıb tələbə oğlanın boynundan yapışdı, köynəyinin yaxasını cırıb dərisini soymağa başladı. Həm də bunu elə məharətlə edirdi ki heç bıçağa da ehtiyac qalmırdı, elə dırnaqlarıyla oğlanın dərisini qopardıb divar kağızı kimi aşağı çəkirdi, və qopartdığı dəri parçalarını toyuq dərisi kimi ləzzətlə ağzına atıb çeynəyirdi… Toyuğun bir dərisi, bir gerisi... Məşhur məsəl yadıma düşdü, amma hamilə qadın oğlanın gerisinə gedib çatmağa macal tapmadı… Qarnınacan dərisi soyulan oğlan da sanki yuxudan ayıldı, üzbəüzündə oturan mini yubkalı qızın üstünə tullandı, az qala bişmiş bildirçin yüngüllüyü ilə onun arıq nazik qılçalarını qopartdı; birini dişinə çəkdi, az qala əmlik quzu qabırğasını ləzzətlə çeynəməyə başladı; qızın ikinci qılçasını isə acgözlüklə gözünə soxdu ki ac gözlərini doydursun. Bu dəfə kiprikləri işə keçdi, qızın qılçalarını mişar itiliyi ilə cəld doğradı, göz qapaqları da doğranmış tikələri əzib içəri ötürdü. Hiss olunurdu ki oğlanın gözləri heç cür doymaq istəmir, qızın başqa yerlərini də yemək istəyir, amma qız da sadəcə oturub yeyilməyini gözləmək fikrində deyidi. Qılçasız qaldığına görə, əliylə dəmirdən tutub özünü yan tərəfə dartdı və institut müəlliminə oxşayan qoca kişiyə sıxıldı, əvvəlcə əlindəki Ayfonla vurub onun kəllə sümüyünü sındırdı, dodaqlarını burnunu qopartdı, yarısını ağzına yarısını da qulaqlarına təpişdirməyə başladı. Qızın qulaqları ağzından daha çox ac imiş, çünki dişləriylə kişinin burnunu çeynədiyi müddətdə qulaqları kişinin gözlərini, yanaqlarını, və ən nəhayətdə sınmış kəllə sümüyünün arasından görünən qanlı beynini sovurmağa başladı. Kişinin beyninin yarısı qızın qulaqları tərəfindən sovrulandan sonra ki sanki birtəhər cana gəlib, üzündə salamat qalan yeganə yer olan dodaqlarıyla yaşlı qadına tərəf dartıldı, qadının ağarmış saçlarını sovurmağa, öpməyə başladı ki, bəlkə dodaqlarının aclığını dəf eləsin. həm də bunu elə ləzzətlə eləyirdi ki, elə bil sovurub acgözlüklə öpdüyü saçlar qoca arvadın ağarmış saçları yox, on səkkiz yaşında tələbənin zülfü-pərişanı idi.
qoca qadın da borclu qalmadı. Onun ac saçları qəfildən uzanmağa başladı, uzanıb-uzanıb hamilə qadının bədəninə dolaşdı, və onu qan içində olan tələbə oğlandan ayırıb özünə tərəf dartdı, üst başı qan içində olan hamilə qadın sanki hörümçək toruna düşən kəpənək kimi çapalamağa başladı. Qoca qadının saçları hamiləyə acgözlüklə sarınıb onu ilan kimi sıxmağa, əzməyə başladı. Qarnı sıxıldığından hamilə qadın ağrıdan qışqırmağa başladı və bir neçə saniyə sonra donunun altından uşağı sıçradı. Uşaqdan daha çox qara qurbağaya oxşayırdı. Və məhz elə balaca olduğuna görə də qoca qadının hörmüçək toruna bənzəyən saçlarının arasından sivişib çıxa bildi və ac gözləriylə ətrafı gözdən keçirtdi. Və o saat da gözləri mənə sataşdı. Elə indicə açılan və təbii ki ac olan gözlərlə mənə zilləndi, ilan kimi məni ovsunlayıb özünə tərəf çəkməyə başladı. Başa düşdüm ki axırım çatıb, bu ac ovsundan heç vaxt qurtula bilməyəcəm. Bu qurbağa boyda qara qura körpənin ac baxışlarının məhbəsindən çıxmaq mümkünsüzdür. Bu əbədi məhbəsdi. Çıxış ancaq ölümdür. Hiss etdim ki, bu saat maşinist elan verəcək - növbəti stansiya ölüm. Xahiş olunur düşəndə əşyalarınızı vaqonda unutmayasız…
….ancaq əvəzində başqa elən eşitdim…
- “Azadlıq stansiyası…”
Aman allah…Azadlıq... azadlıq…
Cəld vaqondan çölə sıçradım və qaça qaça yuxarı cumdum. Yalnız üzümə sərin dekabr küləyi çırpılan kimi özümə gəldim…
Ac qarnımda isə simfonik orkestrin konserti gedirdi…