Kulis.az gündəlik ünsiyyətdə istifadə olunan, lakin qarşı tərəfin heç vaxt inanmadığı yalanları təqdim edir.
1. Tıxacdayam – Adətən işə, görüşə tədbirə gecikəndə işlədilir və o qədər işlədilib ki, gerçək olanda da inandırıcı səslənmir. Yalançı çoban misalı...
2. Başım qarışıq idi – Baş dediyin nəsə düşünməli. nəyəsə sərf olunmalıdır. Beyin hətta yatanda da fəaliyyətsiz qalmır. Yəni, baş əslində həmişə qarışıqdır. Sadəcə baxır nəyə və kimə...
3. Kitab oxumağa vaxtım yoxdur – guya 7/24 tale yüklü məsələlərlə məşğuldur. Yalanın ən yağlısıdır. Hətta səngərdə də mütaliəyə vaxt tapmaq mümkündür. Sadəcə həvəs olsa... Həvəs yoxdur, kitabdan çox aralanmışam, konsentrə ola bilmirəm kimi səmimi səbəblər göstərmək daha məsləhətlidir.
4. Burdan keçirdim – “Burdan keçirdim, dedim bir içəri baxım, gör dost-tanışdan kim var” deyib, cavab gözləmədən əyləşirsən stola. Stoldakıların ürəyində sənə “Qabırğa” deməsini vecinə almadan... Təki yeyib-içmək olsun...
5. Elə mən də sənə zəng vurmaq istəyirdim – Yalansa kontur üzünə həsrət qalasan! Qabaqdangəlmişliyin də bir həddi olar.
6. İşdən icazə ala bilmədim – Pis bəhanə deyil. “Nə edim? İcazə vermədilər. Əslində alardım da, amma iş tökülüb qalır, çatdırmaq olmur.” Ardınca, “Əşşi, canın sağ olsun. təki həmişə işdə-gücdə olasan”, - alqışı mütləq gəlir.
7. Telefonda nömrələr silinmişdi – “Alo! Kimdi?” “Necə yəni kimdi? Mənim telefonum yoxdumu səndə? Bu qədər etibarsızsan, nömrəmi yaddaşda saxlamırsan?” Nə deyəsən? Bundan sonra “Telefonun yaddaşı silinmişdi”, ya “Telefonumu dəyişmişəm” - kimi yalanlar karımıza gəlir. Xoşməramlı yalanlar da olur dünyada.
8. Bu yaxınlarda bir görüşüb oturaq – Demək oturmayacaqsınız. Diqqətlə fikir verin, bu sözlər görüşməkdən daha çox qarşıdakı adamla sağollaşmaq üçün deyilir. Nə olar. Canınız sağ olsun. Oturmasanız dünya dağılmayacaq ki.
9. Mən “piyan” olmuram – Sərxoşluğun birinci şərti sərxoş olduğunu anlamamaqdır. Necə ki, dəlilər dəli olduğunu bilmir. Necə yəni sərxoş olmursan? Dilin ağzında çönmür axı? Hələ oturduğun yerdə səkkiz yazmağını demirəm.
10. Mən televizora baxmıram – Heç çayxanada, qonaq getdiyin evdə, gözləmə salonlarda gözün də sataşmır? Bəs Xoşqədəmi, Zauru, Mikayılı hardan tanıyırsan? Özləri bir yana qohum-əqrəbasını bir-bir saya bilərsən.
11. Uşaq vaxtı çox kitab oxumuşam – Əlbəttə! İbtidai sinifdən başlamısan "Kapital" oxumağa. Yazılmayan kitablardan da xəbərin var. Ona görə indi lazım deyil oxumaq. Boş yerə vaxt israfına nə hacət.
12. Dünən desəydin, bir əlli manat borc verərdim – Yox a! Bu gün də sabahın dünənidir də, ver gəlsin! Vermək istəmirsənsə, bütün dünənlərin dünəni var. Kömək əlini uzatmırsan, uzatma, day məni niyə aldadırsan?
13. Heç vaxt yalan danışmamışam – Bəlkə and içəsən? Məncə, danışmısan və bu cümlə də hələlik sonuncu yalanındır. Axarıncı olsun...
14. Xırdam yoxdur – Məncə, heç bütövün də yoxdur. Ancaq yaxşı deyirsən, özünü sındırmamaq da lazımdır arada. Dost var, düşmən var.
15. Rayondayam – Axı Facebookda məkanını “Park Bulvar”a etiketləmisən. Bir az diqqətli ol də, canım, yalanını tutmaq qətiyyən xoşuma gəlmir.
16. Fikirli idim – Lap Arximed kimi! Görmədim səni. Yoxsa niyə salam verməyim. Səndən zəhləm-zadım getmir ki!
17. Telefonum səssizdə idi – Bəs gizli nömrədən gələn zəngi niyə ilk çağırışdanca götürdün? O da mən idim! J
18. Qardaş kimiyik – Sən ya qardaşlığın nə olduğunu bilmirsən, ya da yalan danışırsan.
19. On dəqiqəyə çıxırıq – Yarım saatdır oturub gözləyirəm, heç avtobusu xoda salmamısan. Adam belə qısa müddətli yalan danışmaz. Bir saatın içində üstü açılan yalan çox urvatsız olur.
20. Axşam alma ilə iki araq öldürdüm – Əminsən? Bəs nə yaxşı özün salamatsan? Bəlkə, yüz qramlıq butulkalarda imiş? Sən hər halda bir də bax. Alma ilə iki araq öldürən gecənin səhəri belə rahat danışmaq mümkün olmamalıdır, mən bilən...
21. Əsgərlikdə “şəpit”lə gəzirdim – Yadımdadır, atan da sovet vaxtı komandirin qızı ilə sevgili idi. İki illik əsgərlikdə üç yaşlı uşaq qoyub gəlmişdi. Tez-tez danışırdı, biz də dinləyib şənlənirdik. “Delavoy”luq sizdə nəsillikcədir.
22. Xalq məni sevir – Hardan bildin? Olmaya referendum keçirmisən? Mən bilən, xalqın adından danışmaq üçün seçkilərdə iştirak etməlisən. Xalq adlı hər hansı bir tanışından söhbət gedirsə, başqa. Allah xeyrinizi versin.
BONUS
Mən səni sevirəm!!! – Mən də səni əzizim!!!