Hitleri sevən İmam Hüseyn aşiqi – Maraqlı Adam

Hitleri sevən İmam Hüseyn aşiqi – <span style="color:red;">Maraqlı Adam
30 aprel 2019
# 17:33

Bu gün istedadlı yazıçı-şair, jurnalist Həmid Herisçinin doğum günüdür. Bu münasibətlə Həmid bəyi təbrik edir, onun haqqında "Maraqlı adam" layihəsindən Şərif Ağayarın yazdığı yazını təkrar diqqətinizə çatdırırıq.

Kulis.azın “Maraqlı adamlar” layihəsində Həmid Herisçidən yazmaq qərarına gəldik. Bu dəfə işi mən öz öhdəmə götürdüm. Oxuyacağınız əhvalatları üçüncü şəxsin dilindən də yaza bilərdim, ancaq o zaman ecazını itirəcəkdi.

Həm də, açığı, Həmiddən yazmağı özümə şərəf bilirəm. Nədən ki, onu böyük bir fikir və ədəbiyyat adamı sayıram. Həmidin yeganə səhvi Azərbaycanda doğulmasıdır. Qalanı təfərrüatdır.

***

O, böyük istedadla böyük intellekti qovuşduran nadir adamlardandır. Həmidlə onca dəqiqə bir yerdə olsanız onun necə nəhəng bir istedada, necə geniş bilgiyə, necə nəhayətsiz yaradıcılıq eşqinə sahib olduğunu asanlıqla görərsiniz.

Bir dəfə yeddinci mikrorayon tərəfdə Həmid Herisçi ilə çay süfrəsində oturduq. Mən, Qismət Rüstəmov, Elvin Bakiroğlu, bir də Mövlud Mövlud. Səhv etmirəmsə, görüşü Mövlud təşkil eləmişdi. O da Həmidi çox sevirdi. Həm də qonşu idilər deyə tez-tez görüşür, arada evlərinə də gedirdi.

Həmid sənətdən, yazmaqdan, kitablardan, əsas da yaradıcılığın mistikasından xeyli danışdı. Mən onunla çox ünsiyyətdə olmuşdum. Qismət də az-çox tanıyırdı. Elvin Bakiroğlu təzə idi. Qalxanda Elvinin səntirlədiyini, gözlərini yorğunluqla yumub-açdığını gördüm. Dedim, nə olub? Elvin gülümsədi:

- Həmidin dedikləri beynimə sığmır, başım ağırlaşıb.

***

Biz Həmidə çox inanırdıq, azad ədəbiyyatın qələbə çalacağına, ambisiyalı qocaların bir gün evlərinə çəkiləcəyinə ümid bəsləyirdik. Həmid yeni dövrün ən böyük fiqurlarından idi. Ona inanmamaq, istedadını, düşüncə gücünü görməmək axmaqlıq olardı. Biz ona nəinki inanır, azad, xoşbəxt, işıqlı gələcəyimizin qarantı kimi baxırdıq.

Bir gün Bakı Dövlət Universitetinin qarşısından mənə zəng vurdu. Ora yaxın qalırdım. Soyuq, yağmurlu bir payız günü idi. Tez qaçıb gəldim. Onu küçədə gözlədə bilməzdim. İllah da yağışın altında. Mən ora çatanda Həmidin əlləri donmuşdu, dili topuq vururdu. Və dili topuq vura-vura bunları dedi:

- Mənə şəhər telefonu lazımdır. Tindəki avtomat işləmir. Görəsən, bu ofislərin, kafelərin birindən zəng eləməyə qoyarlar?

Onu yağışın-soyuğun altında büzüşmüş, burnu göyərib sulanmış, əlləri donmuş halda o cür aciz görəndə darmadağın oldum. Ədəbiyyatımızın gələcəyi üçün qurduğum xəyalları uçulub töküldü. Gücsüz, balaca, kimsəsiz olduğumuzu bütün ağırlığı ilə anladım.

Nə qədər sarsılsam da sonralar bu anı mənə yaşatdığı üçün Həmid Herisçiyə ürəyimdə minnətdar oldum. Yoxsa o ümidlə, o romantik xəyallarla ağzım daha pis yanardı və travmasını daha ağır yaşayardım.

Mən azad sözün, azad ədəbiyyatın yiyəsiz olduğunu Həmidlə o ani görüşün sayəsində çox tez anladım və türklər demiş, ayağımı dəng aldım. Ona görə, azad yazıçılığı müdafiə etdiyim üçün aldığım yumruqları, təpikləri nisbətən xəfif adlada bildim, bunu təbii saydım. Yetim başıqapazlı olmalıdır də, burda qeyri-adi nə var ki?

Həmidin donmuş əlləri qarşımızdakı qaranlıqlara işıq salıb azad ədəbi gəncliyə gedəcəyi yolu göstərirdi. Bunu görən də oldu, görməyən də, görüb yolundan cayan da...

***

Həmid Herisçinin yeni dövrün manifesti hesab olunacaq “Anarxiszmin payızı” yazısı çap olunan gün hansısa çayxanada toplaşmışdıq. Həmid yazı haqqında dostların fikrini soruşdu. Rasim Qaraca, Murad Köhbnəqala danışdılar, yazını haqlı olaraq yüksək qiymətləndirdilər. Birdən Həmid üzünü mənə tutdu:

- Sən nə düşnürsən, bu yazının nəticəsi nə olacaq?

Çəkinə-çəkinə dedim:

- Söz yox ki, yazı yaxşıdır. Ancaq nəticəsi siz düşündüyünüz kimi ollmyacaq. Bu yazı sadəcə yaltaq qələm adamlarını aktivləşdirəcək, Anara yaltaqlanmaq, gözə girmək, təqaüd və iş almaq fürsəti qazanacaqlar.

Həmid Herisçi sakit səslə “Haqlısan!” söylədi və ardınca dedi: “Mən o çörəyi onlara halal edirəm!”

***

Həmid Herisçinin unikal deyilmlərindən: “Hind filmlərinə o qədər baxmışıq ki, alnımızdan xal çıxıb.”

***

Daha bir deyim: “Azərbaycan xalqının əmgəyi hələ bərkiməyib”

***

Bu deyimi isə tənqidçi Tehran Əlişanoğlu çağdaş ədəbiyyatın şüarı elan etmişdi: “Biz dünya ədəbiyyatına qalib gəlib, Azərbaycan ədəbiyyatına məğlub olmalıyıq.”

***

Rafiq Tağı ilə heç dolanmırdılar. Rafiq Tağı özünəməxsus kəskin ironiyasını işə salıb demişdi: “Həmid Herisçi özünü ədəbiyyatda sadəcə elan edib.”

Həmidsə onun tənqidi-realist-maarifçi düşüncəsini - Axundovçuluğu qəbul etmir, bu xətti yarımçıq sayırdı. Zamin Hacı ilə məşhur mabahisələrinin kökündə də bu fikir ayrılığı dayanırdı. Həmid qanıyla-canıyla Nizamiçidir və sizə deyim ki, haqlıdır. Ədəbiyyatda mistikanın, magik-realizmin rolunu danmaq yanlışdır. Ən azı gözümüzün qabağında “Matser və Marqarita” və “Yüz ilin tənhalığı” kimi şedevrlər var. Sizcə, Axundovun bu səviyyədə əsəri varmı? Məncə, yoxdur.

Təəssüf ki, sonralar Rafiq Tağı ilə aralarında olan bu böyük məfkurə savaşını şəxsiləşdirdilər. Rafiq onun atasını aşağılayan nələrsə yazdı, Həmid Herisçi isə öldürüləndən sonra belə Rafiq Tağını bağışlamadı.

***

Bayaq Azərbaycanda yaşamaq səhvini dedim, amma Həmid ağanın daha bir qüsuru da var, məncə. O stabil adam deyil. Bir istiqamətdə davamlı çalışmağa səbri, vaxtı, iradəsi çatmır elə bil. Özünə bir dəfə dedim. Dedim, mənə elə gəlir, sən Qiyamətin tez gəlməsi üçün çalışırsan. Yaratmqdan çox, dağıtmaq istəyirsən. Təəccüb etdi. Görünür, məndən – dünənki uşaqdan belə bir “sanballı” fikir gözləmirdi. Amma təsdiq etdi! Dedi, doğrudur, mən xaos adamıyam, partlayışları sevirəm.

Həmidin bütün yazılarından Qiyamət vahiməsi hiss olunur. İroniyası da bu qəbildəndir: apokalipisis var və yaxşı ki var!

Dərindən düşünəndə apokalipsis insan əməllərinin nəticəsi olaraq çıxır ortalığa. Şəxsən mən dünya adlı bu “əsərin” müəllifi olsaydım, Qiyamətdən daha uğurlu final düşünə bilməzdim.

***

Həmid bir ara əfqan mücahidlərinin papağını qoyur, imperializm əleyhinə danışır, Çe Gevaranın qəhrəmanlıqlarını təqdir edir, onunla İmam Hüseyn arasında qəribə, maraqlı, düşündürücü analogiya aparırdı. Din və mistika təəssübkeşliyi də öz yerində. O ərəfələrdə anası dünyasını dəyişdi və biz Həmidgilə yasa getdik. İş otağına girəndə gözlərimə inanmadım: hər tərəf nasist emblemləri və Hitlerin şəkilləri ilə bəzənmişdi.

***

Kimsəyə çay süzməz. Süfrəyə çaynik gəldimi alıb özünə bir stəkan süzər və çayniki yerə qoyar. Və kimsə də onun bu hərəkətindən inciməz.

***

Bir dəfə Yafəs Türksəs yaxınlaşıb görüşdü Həmid ağayla:

- Salam, Həmid müəllim, necəsiz?

- Sağ ol, Dayandur, sən necəsən?

- Həmid müəllim, mən Dyandur Sevgin deyiləm, Yafəs Türksəsəm...

- Alə, nə fərqi var?!

***

AYO-AYB davasının ən qızğın vaxtlarında “Elmlər Akademiyası” metrosunun qabağında gəzişirdik. Həmid dedi:

- Anarı mən də sevmirəm, amma day Rasim qədər yox. Anara nifrət Rasimi qocaldıb.

***

Bir məclisdə Həmid Herisçi ayağa qalxıb inanılmaz bəlağətlə və çox maraqlı söhbət edirdi. Yafəs Türksəs özünü unudub ona ağzıaçıq qulaq asırdı. Həmid qəfil danışığını saxlayıb Yafəsin tunc kimi tutqun, ətli sifətinə, heç bir məna ifadə etməyən gözlərinə baxdı və dedi:

- Yafəs, yavaş-yavaş heykəlləşirsən!

***

Xoşqədəm Hidayətqızı “Üç nöqtə” qəzetinin baş redaktoru olan vaxt hansısa debatda Həmid Hersçi karıxıb ona “Üçqədəm xanım” demişdi.

***

Anası Tamilla xanım rəhmətə gedəndən sonra onun son təqaüdünü bankomatdan Həmid Herisçi alır. Deyir, kartı aparata salan kimi ekranda bu sözlər yazıldı: “Xoş gəlmisiniz, Tamilla xanım!”

***

Bəziləri Həmid Herisçinin atasına düşkün, onunla bağlı heç bir tənqidi qəbul etməyən, hətta bununla Anar-Rəsul Rza münasibətlərini təkrarlayan adam kimi təqdim etmək istəyirlər. Ancaq o, əsərlərinin birində görün atası ilə anasının münasibətləri haqqında nə yazır: “İran şahını topa tutan Qafar Kəndlini bakılı qızı evdə şəp-şəplərlə atəşə tutmuşdu.”

***

Murad Köhnəqala, Həmid Herisçi və mən Qaqarin körpüsünün altındakı “Ağ şəhər” kafesinə yemək yeməyə getmişdik. Sifarişimizi verdik, dedilər yarım saata hazır olacaq. Birdən Həmidə evdən – 7-ci mikrorayondan zəng gəldi. Həmid ağa heç bir məsuliyyət hiss etmədən dedi:

- On beş dəqiqəyə evdəyəm!

Mən elə bildim yarımçıq durub gedəcək. Hətta dilxor da oldum. Amma biz şirin söhbət edə-edə yeməyi gözlədik, ondan sonra çay içdik, hardasa iki saata yaxın oturduq. Bu müddət ərzində Həmidə heç bir zəng gəlmədi. Deyəsən, evdə onun “On beş dəqiqə” sözünü məndən daha dəqiq anlamışdılar.

***

Ömrümdə Həmid ağaya qarşı bircə dəfə kobudluq etmişəm. Əlində şariq oynadırdı, özümdən asılı olmadan ağzımdan bu sözlər çıxdı:

- Mircəfər Bağırov da karandaş oynadırdı...

Və dərhal da utandım. Ancaq sözüm onun xətrinə dəyməkdən kefini açdı, üzünə təbəssüm qondurdu.

***

Öz müasirlərindən bircə dəfə sitat gətirdiyini görmüşəm. Aqşin Yeniseyin bir cümləsini. O cümlə belədir: “Sabirabadda bütün qarpızlar iynəyə oturub!”

***

Həmid Herisçi çağdaş Azərbaycan ədəbiyyatının ən böyük bənzətmə və metafora ustalarındandır. Əzbərimdə olan bir neçə poetik ifadəsini diqqətinizə çatdırmaqla yazımın jalüzünü endirirəm. Onsuz da onun haqqında nə yazsaq yarımçıq qalacaq. Həmid bir yazıya sığan adam deyil.

- Qulaqların əbədi mötərizəsinə alınmış kəllələr...

- Yeriyən adamın addımları odun kimi yarılırdı...

- Buludlar ildırım xətkeşiylə göylərin ölçüsünü hesablayar...

- Pəncərələri eynəktək taxmış evlərdə cahanın kor olduğunu sezirəm.

- İtlərin səsi... İtlərin səsi... İtməyin səsi... İtməyin səsi...

- Ölüm vurğu kimi düşür insanların üstünə.

- Həyasız sifəti öz qoltuğunun altından siyasi sığınacaq istədi.

- Bizim dəyərimizi axşam bazarının ucuz qiymətləriylə hesabladılar.

- Gəl, bütün əclaf duyğularımızı qafiyəyə otuzduraq.

- Bu ucuz şorbaların buğundan tərləmiş güzgülərin üzünə hansı sevgimin adını yazım?

2017

# 5423 dəfə oxunub

Oxşar xəbərlər

"İslamın ilahi bir din olduğunu tamamilə rədd etmişdim..." -  O niyə İslamdan imtina etmişdi?

"İslamın ilahi bir din olduğunu tamamilə rədd etmişdim..." - O niyə İslamdan imtina etmişdi?

18:33 27 noyabr 2024
Deputat:  "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"

Deputat: "Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır"

18:32 27 noyabr 2024
“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

“Həyatı sevirsənsə, vaxt itirmə” - Brüs Linin qeydləri

17:35 27 noyabr 2024
Əfsanəvi ifaçı karyerasını sonlandırdı

Əfsanəvi ifaçı karyerasını sonlandırdı

16:44 27 noyabr 2024
Azərbaycanlı alim beynəlxalq konfransda Qulu Ağsəsin şeirlərindən bəhs edib

Azərbaycanlı alim beynəlxalq konfransda Qulu Ağsəsin şeirlərindən bəhs edib

16:10 27 noyabr 2024
Sinə açılır, üz gərilir, dodaqlar şişir... - Müğənnilərimizdə nə baş verir?

Sinə açılır, üz gərilir, dodaqlar şişir... - Müğənnilərimizdə nə baş verir?

15:00 27 noyabr 2024
# # #