Murad Dadaşov: "Xanımım deyir, sevgililərin var..." - Müsahibə

<span style="color:red;">Murad Dadaşov:  "Xanımım deyir, sevgililərin var..." - <span style="color:red;">Müsahibə
21 dekabr 2017
# 13:30

Kulis.az əməkdar artist Murad Dadaşovun müsahibəsini təqdim edir.

- Xoş gördük Murad bəy. Çox şadıq sizi görməyə.

- Mən də şadam, ürəkdən sevinirəm ki, nəhayət gəlib çıxdınız.

- Sizdə hər zaman yumor hissi belə yüksək olur?

- Yox, gecə rahat yatanda onda narahat oluram, amma gecə ki narahat yatdım, səhər bütün günü deyib gülürəm (gülür). Belə birtəhər xasiyyət var məndə. Gecələr çox pis yatıram, çox az yatıram və bu yaxınlarda həmişə axtardığım bir sualın cavabını tapmışam. Bu günlərdə bir şəxs mənə dedi ki, bəs sən bilmirsən ki, pis yatan, yuxusunu almayan insan həmişə kökəlir. Dedim şükür İlahi, mən nəhayət ki, bunun səbəbini tapdım. Demək səbəb yemək deyilmiş, düzgün qida deyilmiş, sən demə gecə normal yatmamaqdır. Bu, çox pis, böyük bir problemdir mənim üçün, amma mən artıq öyrəşirəm. Çox düşünürəm, fikirləşirəm.

- Çox düşünən, çox işləyən, intellektual səviyyəli, yumor hissi güclü olan insanlar, eyni zamanda ziddiyyətli insanlar olurlar. Bununla razılaşırsınız?

- Razıyam, bəli. Bir gün ərzində əhval-ruhiyəm bəlkə də on dəfə dəyişir. Məsələn, planlar qurulur, köməkçim deyir ki, axşama bu plan var, hazırlaşırıq və son anda deyirəm ki, əhval-ruhiyəm yoxdur, ora gedə bilməyəcəyəm və qəflətən hər şey dəyişir. Bir az çətindir, amma öyrəşəndən sonra normaldır. Hesab edirəm ki, həyatda rahat insanam. Özün nə qədər ziddiyyətli olsam da, bu, qarşı tərəfə elə də təsir etmir. Yəni, insandan, tərəfdaşdan heç vaxt fövqəladə bir şey istəmərəm və kiməsə nəyisə xahiş edirəmsə, kimləsə nəyisə danışıramsa, onun gücünü bilirəm, bilirəm bu adam nəyə qadirdir və gücündən artığını da istəmərəm heç vaxt.

- Nə qədər iddialı insansınız?

- Kifayət qədər iddialıyam, yəni sağlam düşüncə tərzi çərçivəsində iddialıyam. İddialı olmasaydım, bəlkə də mənim kimi bir insan batardı. İnsan iddialı olmasa, özünü sübut edə bilməz. Hər şeyin əlasını, mükəmməlliyi sevirəm. Yəni, bir iş sona qədər yüksək səviyyədə həyata keçməlidir, o deyirlər e, yarım hamilə insan, yarım hamilə olmur axı.

- Murad Dadaşov formulu həyatda öz gücünə, bacarığına yüksək nailiyyətlər əldə etmək mümkün olduğu nümunəsini təqdim edib.

- Vallah, billah mən də istəyərdim. Bu yaxınlarda elə bu haqda danışırdım. Deyirəm ki, vallah mən də istəyərdim ki, müəyyən şeylərdə adam rahat olsun. Həyatda çox çətinliklərlə qarşılaşmışam, müəyyən məqamlar çox çətinliklə əldə olunur. Misal üçün, çox adam xaricdə olarkən, əyləncə məkanlarına, kazinoya gedir. Mən heç vaxt kazinoda oynamamışam və oynamaq fikrində də deyiləm. Ona görə ki, heç vaxt uşaqlıqdan boş pulum olmayıb. Həmişə nə qazanmışamsa, onun mütləq şəkildə xərci olub.

- Hər şeyə hesabınız olub.

- Bəli, hərdən öz övladlarıma baxıram, böyük oğlumun bu yaxınlarda 16 yaşı oldu, məsəl üçün anası, həyat yoldaşım deyir ki, yox olmaz filan yerə getməsin, mən deyirəm yox qoy getsin, qoy hər şeyi duysun, hər şeyi hiss eləsin, ona görə ki, müəyyən məsələlərdə mən o yeniyetməliyimi yaşamamşam. Gənc yaşlarımdan belə çalışırdım. Ona görə ki, iddialıydım. Atam mənə dedi ki, bilirsən nə var, sənə mənim verəcəyim bir avtomobil var, hər ikinizə - sənə və qardaşına Jiquli-06, gücüm buna çatır bala. Bir də bir mənzilimiz var, Allah qoysa böyüyərsiniz, evlənərsiniz, necəsə paylaşdıraram. Mən o anda belə minnətdarlığımı bildirdim və dedim çox sağol, olarmı mən gedim, yəni özüm nəsə eləsəm xətrinizə dəyməz ki sizin? Ailəmizin içində şükür Allaha, həmişə münasibətlər belə sivil və kifayət qədər açıq olub. Atam incəsənət adamı deyil, anam piano müəlliməsidi, amma bizi sərbəst buraxmayıblar. Çox sərt, çox nəzarətli, heç bir kənar yerlərə getməzdik, həmişə nəzarət vardı ailəmizdə. İndi təəccüblənirəm, 16 yaşımda mən KVN-nin ulduzlarından biri idim. Oğlum indi mənə desə ki, mən KVN-ə qoşulmuşam gedirəm xarici ölkəyə, mən qadağa qoyaram ki, hara gedirsən, kimlə gedirsən? Hələ dövr dəyişib e. Məni o vaxt atam sərbəst buraxıb, təəccüblənirəm indi onun haqqında. Çünki, kifayət qədər sərt bir insan məni tək buraxdı, dedi get. Bir müddət ailə vəziyyətimizdə kifayət qədər maddi çətinliyimiz var idi, demirəm ki biz çox yoxsul bir vəziyyətdə idik, yox, atam uzun illər yüksək vəzifələrdəydi, bir anda işi zəiflədi, biz çox çətinliklə yaşayırdıq. O anda belə məni məcbur etmədi get işlə, ailəni dolandırmaq lazımdır. O dedi ki, bu, yaxşı yoldur, baxmayaraq ki, mən yenə deyirəm, atam kənar idi bütün bunlardan, amma o, başa düşdü ki bu, mənim yolumdur və bu yolda kifayət qədər uğur qazana bilərəm. Və mən bu yolla gedərək gəlib müəyyən zirvələrə çıxdım. Yəni, mən həmişə hesab edirəm ki, uşaqların böyüdüyü mühit çox vacibdir, onu heç vaxt qaytarmaq mümkün olmayacaq və o anda zamanı düzgün dəyərləndirmək lazımdır. Həmçinin, çalışmaq lazımdır ki o mühiti şəffaf, sağlam saxlayasan.

- Çətin dönəmlər yaşadığınız vaxt siz instituta qəbul oldunuz. Həmin fakultəni özünüz secdiniz?

- Mən qəbul olduğum vaxt test imtahanları yeni keçirilirdi. İxtisasları qeyd edirdim, mən də hazırlaşırdım İqtisad Universtitetinə. Birdən atam gəldi dedi ki, bilirsən nə var, ixtisaslar sırasında ekologiya var, bu, çox perspektivli bir sahə olacaq. Atam çox düşüncəli insandır, çox maraqlı fikirləri olur həmişə. Dedim ekologiya nədir, mən gedib bağbanlıq edəcəyəm? Dedi yox, sənin başın çıxmır oğlum, sən yaz onu, dedim ata mən yazmıram, dedi səndən nə gedir, yaz da. Mən İqtisad Universtitetinin fakultələrini və sonda isə Bakı Dövlət Universtitetinin ekologiya fakultəsini yazdım. Təsadüfən də düşdüm bu fakultəyə, sən demə bu heç ekologiya fakultəsi də deyilmiş, coğrafiya fakultəsi imiş. Coğrafiya fakultəsinin ekologiya kafedrası var idi. Mən də incəsənət adamı, hamı məni tanıyır, dostlarım hamısı hüquq fakultəsi, şərqşünaslıq, tarix, mən də gəlib düşmüşəm coğrafiya fakultəsinə. Korpuslarımız ayrı-ayrı idi, hər dəfə qaçıb gəlirdim dostlarımın yanına. Bir ili elə oxudum, başa düşdüm ki, bu sahədə irəliləyə bilmərəm və keçdim mənə həmişə yaxın olan psixologiya fakultəsinə. Fikirləşirdim ki, orada yazı-pozu işi az olacaq, nə bilim hesablamalar-filan olmayacaq, orada yalnız danışıqdı, danışığın da atasıyam mən. Keçid imtahanlarını verdim, gəldim düşdüm ora, bəxtimdən keçdiyim qrupda 25 qız var idi, bir dənə də oğlan mən. O vaxtdan belə, həmişə iddialı olmuşam. Sadə, kök, balaca oğlan idim, bir yerə gələndə, gözəl insanları görəndə həmişə valeh olurdum onlara, yəni həyatda hər zaman gözəllik axtaranam. Hətta bizim ofisdə də həmişə işcilərimizi seçəndə, dəvət edəndə çalışmışıq gözəl insan olsun, yəni xarici gözəlliyi bir kənara, daxili gözəlliyi varsa, dərhal biruzə verir. Bir dənə eybəcər ola bilər, o da mən. Hər zaman çalışmışam ki, maraqlı olum, ola bilsin ki, məktəbdə kifayət qədər utancaq bir insan idim, amma həyat elə gətirdi ki, KVN məktəbi keçdim. Dayanmadan üzərimdə işlədim, müəyyən layihələr və o məqam yetişdi ki, çox məsuliyyətli layihələr mənə həvalə olundu. Bakı Olimpiya Stadionu auditoriyası qarşısına çıxdım. İslam Oyunları və Avropa Oyunlarının açılışlarında, Baku Kristal Hall-un səhnəsinə çıxan ilk aparıcı mən idim.

- Bildiyimizə görə bu yaxında yeni layihəyə start verəcəksiniz.

- “Davam ya tamam” bu gün Azərbaycanda yeganə lisenziyalı layihədir, dünya şöhrətli ENDEMOL SHİNE şirkəti var, o qədər böyük bir şirkətdi ki, düşünün ki, büdcəsi bizim ölkənin büdcəsi qədər, bəlkə də biraz çox. Çox mühüm bir televiziya şirkətidir, yəni televiziya məhsulu buraxırlar, bir prodakşın olaraq dünyanın bütün kanallarında işləyirlər. "Survivor"lar, digərləri hamısı ENDEMOL-a aid olan layihələrdir. Biz bu şirkətin layihəsini həyata keçirdik, hətta regionda nümayəndəliyini əldə edəcəyik. Yaxın müddətdə mən sizi sevindirəcəyəm, elə bununla bağlı səfərlərim olacaq.

- “Survivor” kimi layihə təqdim etmək istəyərsinizmi?

- Mən istəyərəm, sadəcə bizdə televiziyaya ayrılacaq pullar o dərəcədə deyil. Bizim televiziyamızı dünya televiziyasından fərqləndirən bir və ən vacib cəhət var. Azərbaycanda televiziya kanalları, televiziya məhsullarını prodakşınlardan puldan almırlar. Əksər hallarda prodakşınlar özləri pul verirlər. Bu, istənilən dünya istehsalçısıyla dialoqumuzun sonu deməkdir.

- “Maşın” realiti şou ən çox müzakirə olunan layihələrdəndir. Zaman-zaman həm iştirakçılar, həm digər şəxslər tərəfindən müəyyən tənqidi fikirlər səslənir. Murad Dadaçovsa heç vaxt tənqidlərə sərt reaksiya vermir.

- Bu yaxınlarda anamın səhhəti ilə bağlı problemlər yarandı, mən cərrahla danışıb ona nə isə izah etməyə çalışanda bir anda başa düşdüm ki, düzgün etmirəm. Mən iş sahibi olan adamam, savadlı insana tam mənim üçün qaranlıq olan bir mövzuda nə bilim dərs demək istəyirəm, istiqamət vermək istəyirəm, bu adam öz işinin peşəkarı olduğu üçün burdadır. Ona görə tənqidə cavab vermirəm, mən həyatda kimlərdənsə çox özümə qarşı tənqidi yanaşıram.

- İş varsa, tənqid də var.

- Əlbəttə, amma tənqidi də hər adamdan qəbul etmirəm. Ona görə ki, hesab etmirəm ki, bu insanın savadı bu sahədə kifayətdir ki, oturub məni tənqid etsin. İkincisi, bizim şou-biznes adamlarını tanıyırsınız, kim razılaşar ki, onu aldatsınlar, düşünün ki, maşının əhəmiyyəti qalır bir kənara, bunların status mübarizəsi başlayır. Onlar razılaşarlarmı ki, Murad Dadaşov özü idarə etsin, atsın kimisə çölə və bunu bilə-bilə 15 sürət gəlib dalbadal iştirak etsinlər bu şouda. Hər bir yalanın 40 gün ömrü var. Yəni, yalan varsa, geci-tezi açılacaq. Mənim özümü çağırsalar maşın şouya, bilmirəm özümü necə aparardım orada, bacarardımmı? Ola bilsin ki, mən bacarmazdım, bəlkə də yox, axıra kimi çıxardım. Amma yenə də deyirəm, iştirakçılar müxtəlif sözlər deyə, müxtəlif fikirlər söyləyə bilərlər, amma hər dəfə maşın şou başlayanda, elanı gedəndə mənim telefonumda hamısının xahiş mesajları var ki, məni də götürün, mən də bu dəfə iştirak edim. Bu varsa, hamı da bilir ki, maşın realiti şousuna düşmək nə pulla, nə tapşırıqla mümkün deyil. Özüm şəxsən hamını bir-bir dəvət edirəm, açıq sizə deyim, burada ödənişli sistem edə bilərdim, rəsmi və ya qeyri-rəsmi, inanın mənə ki, hər kəs çıxarıb ürəyim istədiyi pulu verərdi, mən bunu etmədim. İndiyə kimi tamaşaçı yerlərini pulla satmamışam, ora hamı dəvətnamə alıb gəlir. Bu pulla satılan bir şeylər deyil və kimsə gəlib deyəndə ki, orada ədalətsiz oyun gedir bu, ya o qapıdan keçməyib və ya orada özünü düzgün aparmayıb, qapının istiqamətində də yola salıblar onu. Digər tərəfdən, vacib bir məsələ də var. Hərdən deyirlər ki, fikir verin də, filan şeyləri yığışdırın, mənim öz tərbiyəm var, öz ailəm, övladlarım bu verilişə baxa bilər. Mən KVN məktəbini keçmişəm, dahi Heydər Əliyevin qarşısında çıxış etmişəm. Orada olan elə məqamlar var ki, efirə versək, mən Azərbaycanın bir nömrəli, ən maraqlı, ən gözlənilməz televiziya siması olacağam. Onu edə bilmərəm. Demirəm orada tərbiyəsiz nələrsə olur. Sadəcə, hər kəs əsəbi halında nalayiq kəlmə işlədə bilər. Daxili tərbiyəm imkan verməz bunu etməyə. Dava olanda onları sakitləşdirməyə çalışıram ki, bu qalmaqal oyunu deyil, strateji oyundur, ağıl oyunudur, intellektual oyundur.

- Bu gün bir sıra arzuolunmaz halların sosial şəbəkələrdə təbliği genış yayılıb.

- Əvvəllər çox sərt tənqid edirdim cinsi azlıqları, sonra fikirləşdim ki, bu haradasa düzgün mövqe deyil, bir ara dedilər bu xəstəlikdir. Bunu qoyaq bir kənara, indi cinsi azlıqları tənqid etmək, ya təhqir etmək Avropada cinayətə bərabər sayılır. Norveçdə, Skandinaviya dövlətlərində təhsil proqramında belə bir istiqamət var ki, uşağın hansı cinsə mənsub olduğu açıqlanmır, 1-ci sinifə deyilmir ki, sən oğlansan ya qız, deyirlər ki, sən insansan, 5-ci sinifdə özün seçərsən qız, ya oğlansan, sənə hansı daha yaxındır. Mən yayda Karib adalarında istirahət edirdim, həyatımda ilk dəfə gördüm ki, üç sanitar qovşağı var, qadın, kişi və transgenderlər üçün, özünü ya qadın, ya kişi hesab etməyənlər üçün. Bunu görəndə başa düşürəm ki, həyat bizi təəccübləndirməyə yorulmur. Bu hamısı siyasi-ictimai texnologiyalardır. Qərbdən bizə gələn meyarlardır. Ona görə də müəyyən şeylərdə avropalaşma məsələsini şübhə altına qoyanda, bu gün çox adamlarla, hətta siyasi xadimlərlə razıyam ki, ola bilsin ki, Avropanın müəyyən dəyərləri var ki, bizə uyğun deyil. Niyə Yaponiya dünya prinsplərini qəbul etmir, öz cəmiyyətini yaradıb. Bir çox Avropa ölkələrinin prezidentlərinin övladları yoxdur. Bu insanlar digər prinsiplərlə yaşayırlar. Onları qınamaq olmaz, onlar inkişafın 300-cü pilləsindədir, biz haradasa 15-ci, 25-ci pillədə. Nə yaxşı ki, bizim dinimiz, dilimiz, dəyərlərimiz var.

- Allaha inanırsınız?

- Əlbəttə, inanmasam, həyatda mənə çox çətin olardı. Hadisələrin səbəbini başa düşməzdim. Mənim prinsipim odur ki, “Səndən hərəkət məndən bərəkət” - məsələsi var. Sözümün canı odur ki, Allah o şəraiti hər kəsə yaradır. İnsan özünə tələbkar olmalıdır. İddialı deyəndə, bunları nəzərdə tuturam. Kifayətlənmirəm, fəxri ad aldım vəssalam, oturum yerimdə, yox, yenə də yalnız irəli, yeni işlər, yeni layihələr haqqında düşünməlisən.

- Böyük uğurların arxasında müəyyən qurbanlar durur deyirlər.

- Şəxsi həyatımı qurban vermişəm, uşaqlara kifayət qədər vaxt ayıra bilmirəm. Bu mənimçün önəmli problemlərdən biridir. Bilirəm ki, onlar tez böyüyəcək, artıq o illər olmayacaq, mən özüm də həmin yaş dövrümdə demək olar ki, valideynlərimdən uzaqda olmuşam, xarici səfərlərdə oldum.

- Uşaqlar daha çox nə istəyirlər sizdən?

- Onların ad günləri olanda soruşuram ki, nə istəyirsiniz, nə alım sizə, deyirlər ki, telefonu qoy kənara, bütün günü bizimlə bərabər keçirt. Onlar bilirlər ki, mən olan yerdə nəsə maraqlı, qeyri-adi bir şey baş verəcək, bayram olacaq.

- Bəs xanımınızın evə zaman ayırmamağınızla bağlı şikayəti olurmu?

- Çox maraqlıdır ki, Murad Dadaşovun həyat yoldaşı çox sakit təbiətli insandır.

- Uğurlarınızda onun rolu varmı?

- Əlbəttə, birincisi, biz uşaqlıqdan bir-birimizi tanıyırıq. Bizim 3 yaş fərqimiz var. Mənim 21, Aytənin 18 yaşı vardı biz evlənəndə, bu yolu bərabər keçdik. Əvvəllər çox qısqanc idi. Bir dəfə kiminsə konseti idi, o müğənni gəldi öpüşdü, bu gəldi görüşdü. Evə gəlib mənə dedi ki, Murad bu nədi, sən elə hamıyla görüşürsən. Mən dedim ki, gəl şərt kəsək, bir ay mənimlə bərabər mən hara gedəcəmsə gedək, inan ki, on gün dözmədi. Getdi-gəldi başa düşdü ki, bu qlamur həyat kənardan göründüyü kimi deyil. Bu günün özündə hərdən soruşurlar ki, siz boşanmısınız? Artıq hər yerə tək gedirəm, çünki yoldaşımın təbiətilə uygun gəlmir bu sahə.

- Qısqanclıq bununla da bitdimi?

- Bir dəfə lap çoxdan həyat yoldaşımla bu barədə söhbətimiz olub. Onun yaxınlarından, rəfiqələrindən kimsə tədbirlərin birində mənim haqqımda danışıldığını eşidib, çox inandırıcı söhbət olub. O da zəng vurub mənim yoldaşıma deyib. Axsam evə gələndə çox təmkinli şəkildə mənə dedi ki, bəs belə sözlər deyirlər ki, sənin sevgililərin var, mən də dedim ki, deyə bilərlər, məşhur insanam. Gözləyirdim ki, nəsə tənqid, filan, o, bu. Bir söz dedi, o söz həyatımın sonuna qədər qulağımda olacaq. Çox gənc olmasına baxmayaraq, çox müdrik bir söz dedi. Dedi ki, Murad həyatda çox şey ola bilər, çox şəraitlər olar bilər, xahiş edirəm çalış məni alçaltma, mən kiminsə yanında özümü alçalmış hiss etməyim. Düzü, ondan gözləmirdim bu sözü, başqası olsaydı, aləmi dağıdardı, başa düşdüm ki, bu ailədən gələn bir məsələdir, ailəsində böyüyən bir adam, çox müdrık insan deyə bilər bunu. O vaxtdan hər an qulağımdadı bu kəlmə.

- Bildiyimiz qədərilə Aytən xanım öz sahəsində çalışır...

- Əlbəttə, işləyir, türk dili və türk ədəbiyyatı üzrə şərqsünaslıq fakültəsini bitirib, elmlər namizədidir, pedaqoqika üzrə fəlsəfə doktorudur. Heç vaxt məhdudiyyət qoymamışam. Anam bu gün də işləyir, bizim evdə belə qurulub ki, qadın mütləq işləməlidir.

- Bu yaxınlarda yeni bir sahədə də Murad Dadaşov imzası olacaq.

- Bəli, ilk dəfə danışıram bu barədə, çox böyük istəklərimdən biri DJ albomu buraxmaqdır. Hazırda bu işlə də məşğulam, DJ albomu hazırlayıram. Haradasa uşaqlarla yığışırıq, partilər olur. Hərdən çox zövqsüz musiqilər səslənir. Deyirəm kim qurur e bu musiqini. Gəldi ona çıxdı ki, 1-2 dənə telefonda mikslər etdim, musiqilər seçdim, hamının xoşuna gəldi, qərara aldım ki, bununla məşğul olum, bir xobbi kimi. Güman edirəm ki, bu sahədə də maraqlı bir iş ərsəyə gətirəcəyəm.

- Murad bəy, keşkə dediyiniz məqamlar olubmu?

- Əlbəttə, həyatımda uşaqlıq dostlarım var ki, deməzdim munasibətlər soyuyub, o anda vaxtım olmayıb onlarla çox vaxt keçirim. Elə insanlar var ki, həyatdan gedib, lazımi qədəri vaxt, diqqət ayıra bilməmişəm. Yeniyetməlik cağlarına qayıtmaq imkanı olsaydı, peşəkər səviyyədə bir musiqi janrı ilə məşğul olardım, mütləq şəkildə bir neçə dil öyrənərdim.

- Sonda bir neçə kəlmə də publikanın xəbərsiz olduğu itiniz haqqında danışardınız.

- Son illər ərzində bu məsələ məni dəhşətli dərəcədə cəlb elədi. İt aldım özümə, adı da Canqo. Soruşanda niyə Canqo, deyirəm canını qoysun bizim münasibətlərə (gülür). İnanmazdım ki, nə vaxtsa itimiz olar. Əslində, uşaqlıq arzum olub. Amma uşaq vaxtı məni it tutmuşdu və çox qorxurdum itdən. Bunun da maraqlı hekayəsi var və cinsini belə seçdim. Bir dəfə rəhmətlik Anar Məmmədxanovgilin bağında idik. Bir neçə it var idi, biri də bu idi. Çox sakit oturmuşdu, o biriləri hay-küy edirdi, bu isə əsnəyə-əsnəyə sakit oturdu yanımda bütün axşamı. Onda qərar verdim ki, nə vaxtsa it alsam, bundan alacağam. Sonradan biz həyət evinə köçdük. Dedim artıq vaxtıdı. İsveçrədən aldım, İsveçrə cinsidi. Evə gələndə uşaqlar deyir, ay ata, bu həftə yaxşı oxumuşam, 5 almışam, deyirəm ardını de, bilirəm ki, bunun ardında nəsə var, yoldaşım belə hərdən deyir ki, uşaqlarla vaxt keçirmirsən. Yeganə varlqdır ki, təmənnasız yalnız sevgi və diqqət istəyir. Yoldaşım kimləsə danişanda belə deyir ki, Murad xaricdən zəng vurub soruşur ki, necədi mənim oğlum, deyirəm hansı oğlun, deyir 4-cü oğlum. Onun yeməyi, dərmanı vaxtlı-vaxtında olmalıdır. Dəlicəsinə bağlanmışam itə, onu həkimə özüm aparıram, amma uşaqları bu günə kimi həkimə aparmamışam.

\trend.az\

# 2604 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti vəfat etdi

00:10 26 noyabr 2024
“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

18:49 25 noyabr 2024
Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

17:35 25 noyabr 2024
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

16:13 25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

15:55 25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
#
#
# # #