Dedi, dul qadınam, mənə kömək elə - REPORTAJ

Dedi, dul qadınam, mənə kömək elə - <span style="color:red;">REPORTAJ
19 oktyabr 2015
# 07:30

Uşaq vaxtı evdən pul qoparıb qaçdığımız internet klublar... “Play station” oynayanda qəfil başımızın üstünü alan atamız, anamız. Qulağımızdan tutub dartır, hələ üstəlik bir şapalaq da ilişdirir. Balacalıqdan bizi “pozan” o sirli, cazibədar yer. Tək əyləncəmiz, tək uduzduğumuz, qalib gəldiyimiz məkan.

“Aramızda əmioğlu ilə söz-söhbət oldu”

İnternet kluba, “Play station” oyununa yığışan yeniyetmələrə tamaşa eləmək o günlərə biletsiz səyahətdir. Məkanın sahibi Mehdi Hüseynzadə vaxtı ilə Türkiyədə işləyib. İstanbul kimi qarışıq şəhərdə çörək pulu üçün ora-bura qaçıb, görmədiyi iş, adam qalmayıb. Sonra ağır, keşməkeşli əsgərlik dövrü... Culfada il yarım ayaq döyüb, isti ilə, soyuq ilə mübarizə aparıb. Uşaqlıqda hər işin qulpundan tutmağı, evdəkilərə kömək durmağı onun burdakı xidmətini xeyli asanlaşdırıb. Bəziləri üçün yeni olan çətinlik ona görə alışqanlıq olub. Atası, anası belə bir uşaq böyütdükləri üçün döşlərinə döyür, Mehdi ilə açıq-aşkar fəxr edirlərmiş: “Ailəmizdə üç uşaq olmuşuq. Böyük bacım, mən və qardaşım. Əsgərliyi bitirəndən sonra düşündüm ki, boş qala bilmərəm. Getməliyəm Bakıya. Əmimgilin imkanları yaxşı idi. Bəlkə əl tutarlar deyə fikirləşdim”.

Sən saydığını say, gör fələk nə sayır. Əmisi oğlunun yanında işlədiyi günləri heç də yaxşı olmur, aldığı pul qəhrəmanımızı qane eləmir: “Onların imkanına görə mənə etdikləri heç nə idi. Kafedə işlədim. Verilən maaş çox az idi. Aramızda əmioğlu ilə söz-söhbət oldu və rayona Naxçıvana getdim”.

Əlində 150 manat pul, təzədən evinə yollanır Mehdi. Beynindəki düşüncələr ona əzab verir: insanlar maddiyyatı mənəviyyatdan üstün tuturlar, yalnız buna görə bir-birinə yaxınlıq verirlər.

Klubun tarixçəsi

- Sonra nə oldu?

- Qayıtdım evə, 150 manatı atama verdim. Borcu var idi. Anam dedi və mən gizlicə dedim ki, apar ver atama. Atam da yaxşı kişiydi. Canını dağlarda qoydu, ancaq vətəni üçün çalışdı, övladlarına o qədər diqqət yetirə bilmədi. Çaxır zavodu vardı atamın. Siğorta idarəsində işlədi sonra. Müharibə dövründə isə ancaq döyüşdü.

Həmin günləri dumanlı xatırlayır. Atasını 90-cı ildə, müharibə başlayanda yaxşı görə bilməyib. İki-üç aydan bir yolu evə düşə, ya düşməyə.

- Atan igid adam olub onda...

- Mən torpaqları vermərəm deyirdi. Amma, məncə, o, həm uşaqlarına, həm də vətənə xidmət etməli idi. Nəysə, oldu keçdi...

Bu vaxt iki yeniyetmə gəlir.

- 24-cü stol 90 qəpik. – Mehdi söhbətini kəsib kompüterə baxır. Oğlanlar pulu verib uzaqlaşırlar. Hiss olunur ki, varlı-hallı atanın oğullarıdır.

Mehdigilin yaşadıqları yerdə varlı adamlar olub, qəhrəmanımız onlara çatmaq üçün dəridən-qabıqdan çıxır, dayanmadan işləyir. Sonra görüb ki, belə getməyəcək, nə qədər işlə-işlə, xeyri yoxdur. Onda beynində bir işıq yanır: “Xalama dedim, mənə pul göndər, mən iş qurmaq istəyirəm. Türkiyəyə gedəcəm. Sağ olsun, xalam ordan zəng elədi, mənə dəstək oldu. Əmimoğlu ilə müqayisədə çox yaxşı insandı və buna görə təəssüf hissi keçirirəm. İnsanlıq cinsiyyətlə ölçülmürmüş. Bunu anladım. 200 dollar pul göndərmişdi mənə. Bir azını evə verdim ki, bir ay yola getsinlər”.

Pasport məsələsini həll edəndən sonra yollanıb Türkiyəyə. İmkanı düzəlib, işə başlayıb. O vaxt çətin dövrlər olub. Mehdinin qardaşı da çayçı işləyir, günə beş-üç qəpik qazanır. Qəhrəmanımız artıq pal-paltar alverinə girişib, əvvəlki kimi korluq çəkmir: “Onda buranı qurdum və qardaşıma dedim ki, gəl burda işlə. Mən də sənə kömək edəcəm. 2005-ci ildə bu işə başlamışdım. Amma öz işimə də davam elədim. Köynək alveri ilə məşğul oldum.”

“Atam da deyirdi, get, fransızla evlən”

Kusturitsanın “Əmanət” filmi var. Babası nəvəsinə üç tapşırıq verir: inəyi sat, iş qur, özünə evlənməyə bir qız tap. Mehdi də artıq internet klub açıb, ayda beşdən-üçdən geriyə ata bilir, heç kimin yanında gözükölgəli deyil. Qalır evlənmək.

- Qız tanış idi?

- Bizim qohumumuz idi. 2 ildi istəyirdim onu. Kənddə, bilirsiz də necədi?! Gəzmək-filan olmur. Uzaqdan-uzağa tanıyırsan qızı. Həm də kənddə hamı bir-birini tanıyır axı. Şəhərdə yaxın olmalısan tanış olduğun qızla. Qız tərəfi oğlanı bilirdi və oğlan tərəfi də qızı. Bacıma dedim ilk dəfə. Balacalığımdan düşünmüşəm ki, evi idarə etmək lazımdır. Bunu bilirdim və evliliyə hazır idim. Ona görə bu addımı atdım. Anama dedi bacım, mamamla da aram açıq idi. Ata-ana seçsin, sən də əlini-qolunu salla düş arxalarınca, kimi deyirlərsə evlən. Bunu mədəniyyətsizlik hesab edirəm. Mən həmişə seçimi özüm etmişəm. Atam da deyirdi ki, get fransızla evlən, mənə nə, onunla sən yaşayacaqsan. Mənim xasiyyətimi bildikləri üçün razılaşdılar. Atamın anamın istəyi ilə evlənsəydim ailəmdə problem olardı. Qohumdu deyə razılaşmadılar. Sadəcə mənim seçimimə görə dedilər elçi gedirik.

- Necədir ailəli olmaq?

- Üç uşağım var. Rəsmiyyə, Çiçək, Bünyamin. Soyuqqanlıyam uşaqlarıma qarşı. Hansısa xəstəliyinə-filana adi baxıram. Oğlan, qız ayırmıram. Arvadım arada göz vurur ki, oğlanı daha çox sevirsən. Yox mən elə deyiləm. Gözəl hisdir.

“Qızımı dəfələrlə aldatmışam”

Ailəni qurdunsa, gərək baxasan. Qolları çırmalayıb işə girişdilər, ilk dəfə 9 mərtəbədə açılan internet klubun bir az keçəndən sonra sənədləri qaydasında olmayıb. Ümidsizliyə düşməyən Mehdi və qardaşı buranı açıblar. İşinin ağırlığından danışan qəhrəmanımız deyir ki, heç bir istirahətim yoxdur: “9 ildi işləyirəm. Türkiyədə işləyəndə altı-bazar istirahətə çıxırdım, indi xəyal-yuxu kimi gəlir mənə. Uşaqları düzgün görə bilmirəm”.

- Birinci yer bağlananda nə etdin?

- Sənədlərdə problem olduğu üçün üç gün bağlamışdılar. Onda uşaqları şəhərə çıxarıb gəzdirdim. Ona görə bəzən deyirəm yaxşı ki bağladılar (gülür). Çox acınacaqlı vəziyyətdir. Qızımı dəfələrlə aldatmışam. Parka gedək demişəm. İşim alınmayıb.

- Bəs könüllərini necə alırsan?

- Sən söz vermə deyir arvadım. Uşaqlar gecə yatandan sonra görürəm, balışlarının altına konfet qoyuram.

“Uşaqlarımdan daha çox müştərilərimi tanıyıram”

- Qardaşın kömək eləmir bəs sənə? İkiniz bir yerdə idarə etsəniz, istirahətin də olar...

- Qardaşım işləyirdi mənlə. Gəncliyindən irəli gələn dəlisovluğa görə onu tək buraxmırdım. Müştərilərlə hərəkət edə bilmirdi, dava yarana bilərdi hər an. Üç-dörd il bir yerdə işlədik. Sonra dedim ki, belə getməz, CV yazdıq bir neçə yerə, alınmadı, axırda əmioğlunun yanında işə düzəldi. Yalnız yol pulu çıxarda bilir.

- İşin çətinliyindən buranı 24 saat eləyə bilmirsən. Başqa birini ala bilərsən işə. Maaşla...

- Buranı 24 saat eləmək istəyirəm. Amma Azərbaycanda bu mümkün deyil. Gecə narkoman gəlir, alkaş gəlir, özünü idarə edə bilmir. Hələ bizdə o mədəniyyət formalaşmayıb. Qaş düzəldərkən... o məsələ. İşçi almaq da çətindir, inanmaq olmur heç kimə.

Soyuducu qarşımızda durub, içində içkilər, böyründə isə cipsilər, suxarilər və s.

- İnsan işlədikcə ideya yaranır. Bunlar olmasa “klenti” tuta bilməzsən. İçkilər o qədər də baha deyil. Maqazindən 10 qəpik artıqdır. Başqa əyləncə yerindən daha ucuzdur.

- Nisyə verdiyin olur?

- Olur, sözsüz, olur belə şeylər, olmalıdır da. Kompüterə, ya da dəftərə qeyd edirəm.

- Kimlərə inanıb nisyə verirsən?

- Bir insan bir yerdə işləyəndə ələyə bilir insanları, yəni müştəriləri. Kimə versəm qaytara bilər? Bunu artıq əzbər bilirəm. Hətta uşaqlarımdan daha çox müştərilərimi tanıyıram. – gülür.

- İnternet artıq hamının evində var... Bura da yəqin yeniyetmələr gəlir...

- Qazancımız “Play station”dan çıxır. Buranı ayaqda saxlayan odur.

- Evə “prokat” verirsiz?

- Hə, prokat, yox öz dilimiz var - kirayə veririk. Bir günü 5 manat. Yeniyetmələr alır daha çox.

İki yeniyetmə gəlir: adın çək, qulağın dart.

- 70 qəpik. İkisini də bağlayım?

Uşaqlar başlarını tərpədir. Bir az keçəndən sonra şitlik açırlar, söhbətimiz eşidilmir, Mehdi yavaşca, mədəni bir insan kimi onlardan xahiş edir ki, sakit dursunlar. Elə bil qurbağa gölünə daş atırlar...

“Qızımla çöldə qalmışam, mənə kömək edin, dulam”

- İşdən başqa məşğuliyyətin nədir?

- Ağaclara baxıram. Onları sulayıram.

- Sosial şəbəklərdə varsan?

- Odnoklassnikdə əvvəl. İndi isə Facebookda.

- Qızla tanışlığa görə? – məzələnirəm.

- Yox, sadəcə gözəl söhbətlər etmək üçün. Mən internetdən ayələr oxumaq üçün istifadə edirdim. Dəhşət dindar idim.

- Necə?

- Dini fəaliyyətim yox idi, sadəcə ayətləri oxuyub təbliğ edirdim. Mübahisələr yaranırdı həmişə. Bir dəfə bir qadın yardım etməyim üçün xahiş etdi. Sual verdim ki, niyə. Quran ayətlərindən yardım kimi başa düşdüm. Quranı da əzbər bilən adam idim. İndi də yadımdadır, bir dəfə baxsam yadıma düşər. Nədən yardım edim sizə, nə mənada? Soruşdum. Qızımla çöldə qalmışam mənə kömək edin, dedi, dulam. Bu mənə xoş gəlmədi. Tanımadığı insana belə deyərlər?

- Burda nə var ki? Edərdin də kömək...

- Sözsüz ki, çox mühafizəkar idim. 2 ildən sonra dindən çıxdım. Dində olmaq mühafizəkar olmaqdır. Dində olmayan adamla çox kobud idim.

- Buna görə qadağa qoyurdun?

- Qadağalar var idi. Pornoya baxmaq-filan, amma indi o qədər kobud deyiləm. Dindar olanda qolundan tutub qovurdum adamları. İndi isə yox. Müştərilərə qarşı qəddar olurdum.

“Müharibənin bitməsini arzulayırdım”

Müştəri yaxınlaşır, kefi kök qiyməti soruşur.

- 90 qəpik.

- Gecən xeyrə. – deyib uzaqlaşır.

Bəzən komputerlərin, “Play station”ların qabağını kəsən, oynayanlara boynubükük baxan uşaqlar olur. Pulları yox, dəvət edən biri yox. Evdən icazə vermirlər, birtəhər qaçıb gəliblər.

- Boş-boş gəzirdilər, durub saatlarla baxırdılar. Mən də deyirdim gedin iş tapıb işləyin.

- Yazığın gəlmirdi o uşaqlara? – ürəyini yoxlayıram.

- Bəzən, gəlirdi. Dəymirdim. Deyirdim, qoy baxsınlar. İşin öz prinsipləri var axı. Qəddar deyiləm, amma əvvəlki kimi qadağalar yenə var.

- Bəs sən uşaq vaxtı nə olmaq istəyirdin? Nə arzu edirdin?

- Arzularım yox idi uşaqlıqda. Bircə müharibənin bitməyini istəyirdim. Çünki, bizim arzulamağa imkanımız olmayıb. Həkim olmaq istəyirdim-filan desəm, yalan olar. Arzularımı xatırlaya bilmirəm. Uşaqlığımızda arzuya yer yox idi. Böyüyüb universitetə qəbul olunub necə oxuyacaqdın? Uşaqlıda çox sakit olmuşam. Məktəbdə qiyməti sakit olduğuma görə verirdilər. İndiki uşaqlar, eh...

Onun bir günü daha sona çatır, hava qaranlıqlaşır, qapılar bağlanır və növbəti stansiya gözləri yumulu uşaqlarının çarpayısı...

Ayxan Ayvaz

# 2268 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #