Kulis yazarlarının testlə bağlı xatirələrini təqdim edirik.
Sevda Sultanova: Mən 1992-ci ildə ilk testlə qəbul olunmuşam. Doğrusu, onda sənədlərimi vermək fikrim yox idi. Daxil olacağıma əmin deyildim. Çünki son sinifləri yaxşı oxumamışdım. Ümumiyyətlə, dərslərə həvəsim yox idi. Ancaq kənar ədəbiyyat, qəzet oxuyurdum, bir də ensklopediyalar vardı on cildlik. İşim-gücüm onların içində qurdalanmaq idi. Bir sinif yoldaşımın təkidi ilə, test üsulunun üstünlükləri haqda uzun mühazirəsindən sonra fikrimdən vaz keçdim, sənədlərimi verdim. İmtahanlara az qalmış hazırlaşmağa başladım. Sualların bir qismi asan idi. Hətta bu qədər asan olacağını gözləmirdim. Jurnalistikaya balım çatmadı, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna daxil oldum. İndiki İdarəçilik Akademiyası. Jurnalistika fakültəsinə daxil ola bilmədiyim üçün məyus olmuşdum. O qədər məyus idim ki, jurnalsitika fakültəsinə daxil olan, yüksək bal toplayanların adını qeyd eləmişdim ki, sonra onları mətbuatda və ya televiziyada izləyim. Sonra o yüksək bal toplayanların bir neçəsi ilə birgə işlədim və onlar deyəndə ki, diplom işlərində mənim yazılarıma istinad eləyiblər, zövq aldım.
Test üsulu olmasaydı, yəqin ki, mənim nə vaxtsa ali məktəbə daxil olmaq kimi fikrim olmazdı. Çünki mənim üçün sinifdə, auditoriyada oturmaq həmişə işgəncə olub. Amma hər halda testin hesabına pis –yaxşı tələbəlik təcrübəm oldu.
Şərif Ağayar: Bunu “Kərpickəsən kişinin dastanı” povestimdə də yazmışam: “Bu ərəfədə gün-güzəranımıza ciddi təsir edən bir hadisə baş verdi; ali məktəblərin test siyahısında mənim də adım çıxdı. Nəsrəddin Tusi adına Pedoqoji Universitetin filologiya fakültəsinə qəbul olunmuşdum.
Topladığım bal da yadımdadı: 310. Soruşan olanda bir az çox deyirdim.
Məsələn, 350. Sonralar anladım ki, heç 310 da pis deyilmiş. Məndən artıq evdəkilər sevinir, kasıb süfrəmizin üstündə Allaha şükür yerinə mərhum Elçibəyə dualar oxunurdu. Ən çox ali təhsil diplomum üçün Gəncədə üzünə 40 min manat oxunan dədəm sevinirdi: «Allah onun atasına irəhmət eləsin… “
Tələbə adını almağım münasibəti ilə dədəm bazardan gündəlik azuqəmizlə yanaşı bir paçka İran xınası alıb gətirdi. Anam saçlarını xınaladı. Balaca bacım da fürsəti itirməyib əllərini qırmızı boyadı”.
Laçın alınan il, 1992-ci ildə qəbul olunmuşdum. O vaxt pulu olmayan adam tələbə adı qazana bilməzdi. Çox ağır illərdi, vəziyyətimiz pis idi, üstəlik də Laçın alınmışdı. Yadımdadır, 7 N-li məktəbdə imtahan vermişdim. Özü də köçürtmə ilə filan yox, sırf öz biliyimə qəbul olunmuşdum. Onda testlə imtahan ilk dəfə keçirilirdi. Cavablar Türkiyədə yoxlanılırdı. Bizdə bu təcrübə hələ yeni idi deyə uşaqlar çətinlik çəkirdilər. Səriştəsiz uşaqlar imtahandan kəsilirdi. Hətta mən də imtahana çox inamsız getmişdim. Test cavabları açıqlananda öz adımı görəndə çox təəccüblənmişdim.
Mirmehdi Ağaoğlu: Dostlar mənə “sosial problemlərdən uzaqlaşa bilmirsən” deyirlər, amma mən yazıq nə edim ki, Allahın abituriyenti olanda da min cür problemlə qarşılaşmışdım. Ona görə də əvvəlcədən xəbərdarlıq edirəm: sosial temalardan bezar olanlar mənim “test imtahanı” xatirəmi oxumasınlar.
...Atam iki ilə yaxın idi ki, işləmirdi. Bir-birinin ardınca götürdüyü borclar, onların faizləri o qədər idi ki, evimizi satıb təzə həyətə köçəndə əlimizdə cəmi 500 dollar qalmışdı. O pulla nə etmək olarsa onu da elədik. Həyətdəki tövlənin yerinə bir-iki faner atıb ora yerləşdik, heç divarlarını suvamağa belə gücümüz çatmadı.
Həyətin o başında da Nuh əyyamından qalma balaca, pəncərəsiz gözətçi daxması vardı. Başa düşürdüm ki, ailəmin bu ağır şəraitində mənim inqilabi borcum yalnız və yalnız universitetə girmək olardı. Əks təqdirdə məni əsgərlik həyatı və müəmmalı gələcək gözləyirdi.
Qorxumsa çox böyük idi. İkinci qrupa sənəd verirdim, amma lazımı fənlərdən doğru-düzgün hazırlığa getməmişdim. Evdəkilər borc-xərc edib məni ancaq imtahana bir-iki ay qalmış hazırlığa qoya bilmişdilər. İlk hazırlığım səhər saat yeddidə başlayır, axırıncısı axşam onda bitirdi. Hazırlıqlar arası, hazırlıqdan gələndən sonra da səhərə qədər oturub dərs oxuyurdum. Sutka ərzində heç üçcə saat yatmırdım. Açığı ağcaqanad əlindən yatmağa macal da olmurdu.
Atam mənim gərgin hazırlığıma üzdə soyuq yanaşırdı, özünü general, məni əsgər qismində görürdü. Deyirdi ki, instituta girməyəcək fəhlə işləyəcək. Anam isə məndən ötəri ürəyinin yağını əridirdi. Bir də gördün gecəyarı durub həyətin o başından mən qaldığım daxmaya gəldi, əlində də bir fincan çay, ya da yağ-çörək. Hə, belə ağır dövr idi. Ehtiyacın canavar pəncəsində boğulduğumuz o ağır günlərdə ailəmi yalnız mənim universitetə girməyim sevindirə bilərdi.
Belə hay-həşir salmağıma da baxmayın. İmtahanlara sayılı günlər qala lap təngə gəlmişdim, hardansa tapdığım erotik jurnal vardı. Masamın üzərində korun-korun yanan lampanın işığına məsələ-misal eləməkdən yorulanda onu vərəqləyirdim. Elə ki, anamın ayaq səslərini eşidirdim, tezcə jurnalı qatlayıb dəftərlərin arasında gizlədirdim. Özümü elə göstərirdim guya dərs oxuyub əldən düşmüşəm. Anam da gəlib başımı sığallayar, təskinlik verərdi. O an vicdan əzabı barama kimi içimi didərdi, deyirdim kaş anam sığal çəkdiyi o əlilə başımdan basa girəm yerə.
Hə, belə həlləm-qəlləm işlərim də vardı.
İmtahana anamla yolandım. Məktəbin binasına girəndə tapşırdım ki, yaxşı yazsam çıxanda mənə bir dənə dönər alacaqsan. O vaxtı dönər bizim üçün lüks yemək hesab olunurdu. Açığı özümə inamım az idi, gərgin idim. O dövrdə təcrübəli adamlar imtahana girənlərə məsləhətlər verirdilər: gecədən soyuducunun buz yerinə bir butulka su qoy, nəbada qazlı su aparasan, butulkanı açanda dağılar kağızların üstünə, karandaş götür, əvvəl sualları yaz, lap axırda cavab kartına köçür...
Bu qədər gərginliyin içində şorgözlüyümdən də qalmırdım. Qabaq cərgədə bir qız oturmuşdu, gözlərimi suallardan çəkə bilirdim, o qızdan yox. Yanımda da zəvzək bir oğlan əyləşmişdi. Elə hey sual verirdi. Mənsə hazırlıq müəllimimin tapşırığına əsgər kimi əməl edirdim: heç kimə kömək etmə, onu bil ki, hər kömək sənin universitetə qəbul olmaq şansını bir az da çətinləşdirir.
...Sualları cavab kartına yazıb qurtarmışdım. Təzədən yoxlamaq istəyirdim. Sual kartına baxanda nə görsəm yaxşıdır! Cavab kartına köçürtdüyüm cavabların hamısı səhvdir. Vəssalam! Bitdim mən. Arzularım, xəyallarım, gələcək planlar hamısı bir anda məhv oldu. “Kitabım bağlandı” fikri ilə sual kitabçasının qapağını örtürdüm ki, nə görsəm yaxşıdır: “A” variantı. Məndə isə “D” varinatı olmalı idi. Cavabları yoxlayanda səhvən yanımda oturan oğlanın sual kitabçasını götürmüşəm. Elə bil ölmüşdüm, diriltdilər. Halım özümə gəldi, köynəyimin çim su olmağı da vecimə olmadı, cavabları son dəfə yoxlayıb gördüm ki, umduğumdan ikiqat çox bal toplamışam: 565.
Ondan sonra ayağımı ayağımın üstünə aşırıb imtahan bitənə qədər qabaq cərgədə oturan o qıza baxdım.
...Həmən gün anam mənə bir yox, iki dönər aldı, 120 sualdan 109-a cavab yazdığım üçün...
Ayxan Ayvaz: İndi o günü xatırlayanda gülürəm. Deməli, axşam tezdən yerimə girdim, amma gözümə yuxu girmədi. Çarpayının içində qıvrılıb durdum. Anam yuxu dərmanı təklif elədi, razı olmadım. Müəllimimiz demişdi ki, belə eləsəniz imtahan günü qarnınız ağrıyar. Nə isə, səhər imtahan verəcəyim məktəbə getdim. Polis əlində aparat üst-başımı yoxladı. Yadımdadır, qırmızı köynək geyinmişdim. Anam demişdi ki, uğurlu olar bu köynək sənə. Aparat bədənimdə gəzişəndə gülməyim gəldi. Polis dodaqaltı qımışdı, aparatı kənara qoyub əli ilə ciblərimi yoxladı. Birdən ikimiz də xışıltı eşitdik. “Nədir bu?” – dedi üzümə baxıb. Bir azdan anamın cibimə qoyduğu “Ayətül-kürsü”nü çıxartdı, gülümsəyib dedi ki, bu sənə lazım deyil, cırıb tulladı.
Axırı, yoxlanışdan sağ-salamat çıxıb bizə ayrılan sinif otağına getdik.
Yadımdadır, bir topa uşağın içində bir eynəkli oğlan var idi. Sinif otağında hamı onunla danışırdı. O da axırda bezib dedi ki, vallah, gözüm zəifdir, ona görə taxıram, savadlı zad deyiləm. Hamımız gülüşdük. Mənim yanımda qəşəng bir qız oturmuşdu. Üzünə baxanda hiss elədim ki, yaşı çoxdur. İkimiz də əlimizdə qələm masanı taqqıldada-taqqıldada susurduq. Birdən onun səsi gəldi: “Hansı fənni yaxşı bilirsən?” Mən də dedim ki, ədəbiyyat, tarix, Azərbaycan dili. Sevindi elə bil, kömək uman adamlar kimi üzümə baxdı. Dedim, narahat olma, yazaram sənə. Gülləri tabaqda oynadı, çantasından konfet çıxarıb mənə verdi. İkimiz də güldük. “Mən də riyaziyyatı yaxşı bilirəm” – dedi mənə borclu olduğunu düşünərək.
İmtahan başladı. Yadımdadır, nəzarətçi hicablı bir qadın, bir də uzun, arıq bir kişi idi. Keşikçilər kimi biri sağ tərəfdən, biri də sol tərəfdən irəli-geri hərəkət edirdilər, bircə çiyinlərində silah çatışmırdı. Qıza düşən sual kitabçası ilə özümünkünü dəyişdirdim. Tez-bazar onun suallarını yazıb ötürdüm. Əslində çox az yazmışdım, üzrxahlıqla dedim ki, qalanını da sonra yazacam. Öz suallarımı bitirəndə nəzarətçidən vaxtı soruşdum, yarım saat qalmışdı. Riyaziyyat suallarına baxdım, qız bir az yazmışdı. Görünür, ikimiz də bir-birimizi yola vermişdik. İngilis dilindən cəmi on sualın cavabını yazmışdım. Bu vaxt nəzarətçinin səsi gəldi: vaxt tamam olmuşdu. Hamıdan cavab kartlarını yığışdıranda yanımda oturan qız iynə batmış kimi hövlnak ayağa qalxdı, ağır-ağır çıxışa gedən nəzarətçinin arxasınca getdi, onu içəriyə çağırdı. Yalvar-yaxar elədi, amma hicablı qadın cavab kartını ona vermədi. Sən demə, sual kitabçasında işarələdiyi cavabları əsas cavab kartına işarələmişdi. “Mən üç dəfə kəsilmişəm” – dedi hönkürərək.
Gözümün qabağında əsirliyə aparılan adamın hay-həşiri canlandı. Qız artıq yerə çökmüş, göz yaşı axıdırdı. Nədənsə, içimdə xilaskar ruhu oyandı. Çölə çıxıb müşahidəçini tapdım və vəziyyəti ona izah elədim. Kök, başının ortası daz bir kişi idi, hirslə içəri girdi. Bir azdan cavab kartı göz yaşından makyajı axan qızın qarşısında idi. O, nə olduğunu bir anlıq kəsdirə bilmədi, key-key otaqdakılara baxdı. Gördüm ki, belə vəziyyətdə yaza bilməyəcək, əlindən alıb cavabları əsas karta doldurdum.
Həmin gün günəşli hava idi, çölə çıxanda müharibədən sağ çıxmış əsgər kimi ata-anamın yanına tələsdim. Qardaşımla bacım əlimdəki sual kitabçasına baxdılar. Birdən həmin qızı gördüm, mənimlə göz-gözə gələndə yanındakı qadının qulağına nəsə pıçıldadı. Bir azdan bizə tərəf yaxınlaşdılar. Qadın məni xeyli təriflədi. Atamı görərdiniz, ürəyi dağa dönmüşdü. Qız məsum körpələr kimi idi, bir-bir hamıya təşəkkür edirdi. Atam onları kabab yeməyə dəvət elədi, razılaşdılar, yaxınlıqdakı restorana tələsdik.
Özümdən çox əmin idim, bilirdim ki, yaxşı bal toplamışam. Evə gedəndə sual kitabçasındakı cavabları yoxladım, hardasa 500-dən çox balım çıxırdı. Axşam isə televizordakı cavab hamımızı məyus etdi: 365. Atam buna mistik bir məna verdi: demək ki, sən bir ili heç nə oxumamısan. O vaxtlar da qız sevirdim, hamı da bunu bilirdi. Uğursuzluğumun səbəbini həmin qıza olan sevgimin üstünə yıxdılar.
Səhərisi gün sinif yoldaşlarımla görüşdüm, onlar da az bal toplamışdılar. Biz sevdiyimiz qızlara zəng edib vidalaşdıq, dedik ki, əsgər gedirik. Evdə anama, atama da əsgər gedəcəyimi deyəndə sükut çökdü. Həmin axşam isə televizordakı xəbərlərdən keçid balının aşağı düşdüyünü öyrəndik. Bu o demək idi, mən artıq tələbə idim. Həmin il suallar üstündə dava-qırğın düşmüşdü, TQDK binasına axın olmuşdu, valideynlərin qəzəblə sual kitabçalarını əllərində yellədiklərini xatırlayırdım. Elə suallar var idi ki, mübahisə doğururdu, alimlər beş cavabdan ikisinin doğru olduğunu deyirdi. Ona görə də nə qədər abituriyent kəsilmişdi. Balların düşdüyünü öyrənəndə nədənsə yadıma göz yaşından makiyajı axan qızı xatırladım. İçimdə bir işıq doğdu ki, o da artıq tələbədir.