Bəyi oğurlayıb 50 manat aldılar – Ayxanın toyundan reportaj

Bəyi oğurlayıb 50 manat aldılar – Ayxanın toyundan reportaj
4 noyabr 2019
# 14:11

Kulis.az Ayxan Ayvazın toyundan reportajı təqdim edir.

Zarafat-zarafat Ayxan evləndi. Hər gün dükandan aldığım “Sarıkız”a ortaq olan Ayxan öz sarı qızını alıb getdi işdən. İndi oturmuşam, qabağımda dolu “Sarıkız” şüşəsi, sol yanımda Sərdar Amin, Ayxan üçün darıxıram. O, yəqin öz "Sarı"sı ilə mutludur, iş-zad yadına düşmür. Amma "Kulis"də Ayxan hələ çox xatırlanacaq. Saytın “İP” qıranı kimi. Söz verib, saytı buraxmayacaq, yazı yazacaq. Öz toyundan reportaj da vəd eləmişdi, narahat etməyək dedik, indi özüm yazıram. Bilirdim, Ayxanla, sevgilisi ilə bağlı elədiyim zarafatların bədəlini ödəyəcəkdim.

Ayxanın toyunu çoxdan gözləyirdik. Çün bu toy gözümüzün qabağında yetişdi. Hər şeyi öz kölgəsində qoyan sevginin nəticəcsi oldu. Redaktorumuz Şəriflə mən səs-səsə verib zarafatla qızları pislədikcə, evliliklə qorxutduqca Ayxan "Sarı" qızından bərk-bərk yapışdı, sevgisinə daha çox inandı. Çünki Nərmin kimi sədaqətli, gözəl sevgili, dürüst, etibarlı, anlayışlı, güclü dost tapmışdı. Kİ, hər kəsə belə xoşbəxtlik qismət olmur. Xaçmazın ucqarında balaca balalara dərs deyən Nərmin müəllimə üçün lap dünyanın o başına getmək olar. Ayxan da getdi.

Taksidən düşüb yolu o tərəfə keçənə qədər islandıq, amma elə islana-islana restoranın qarşısında dayanmış gəlin maşınının pəncərəsini döydüm:

“Ay gəlin, indən belə qazanın dibini qoyma Ayxan yesin. Yaxşı bax ona!”.

İçəridən gülümsədilər, amma deyəsən eşitmədilər. Yaxşı ki, eşitmədilər. Onsuz da Nərmin Ayxanı çox istəyir, yaxşı baxacaq, həm də kim-kim Ayxan yemək barədə özünə korluq verən deyil.

Amma yenə də Ayxanla, Nərminlə danışmaq, nəsə demək istəyirəm, bu yandan da yağış sözümü kəsir... Yazar Samirə Əşrəf məni dartışdırır:

“Ay qız gəl, islandıq tay...”

Gözəl Ayxanla gözəl Nərminin toyu! Ayxanın bircə bacısı Gülbəs gözəl bir libasda kəpənək kimi ortalıqda uçuşur. Zərif donunun hər tərpənişi sevinc, həyəcan və narahatlıqdır.

Ən arxayın və rahat olan elə Ayxanın özüdür. Ümumiyyətlə, Ayxanın bütün dünyadan rahatlığı, “mütləq bir yol olmalıdır” təmkini, iynə ucu boyda sevinc, sevgi tapıb ona tapınması var.

Bu, Ayxanın mətnlərində də əsas impulsdur. Mətn deyirəm, bilənlər bilir, Ayxanın “Buri” adında hekayələr kitabı var. Buri - gürcücə çörək deməkdir. Əsas çörəkdir, qalan şeyləri dərd etməyə dəyməz...

Nə musiqi çalınırsa, yadımda deyil, sevgililər zala daxil olurlar, əyinlərində sevgi. Bu sevgi onları hələ çox isidəcək, doyuracaq, gözəlləşdirəcək. Çoxları “evliliklə adam həbsə girirmiş” kimi zarafat etsə də, Ayxan da, Nərmin də çox yaxşı bilir ki, bu sevgi onları nələrdən azad edib. Məsələn, gedib gəlinlə bəyin taxtında oturmaqdan da. Bir də baxdıq ki, bəylə gəlin qonaqlar üçün nəzərdə tutulmuş stolda ən yaxın dostlarla oturublar. Bu əziz gündə dostlarla bir yerdə olmaq istəyiblər. Bəylə gəlinin taxtına isə belə bir elan yapışdırılıb: “Müvəqqəti çətinliyə görə üzr istəyirik!” Əladır!

Ədəbiyyat cameəsi toydadır bu gün. Bu qədər söz adamının içində toyu kim aparacaq?

Bəyin dostu, təxəllüsü ilə Böyük çöl arzulayan, istedadını qoymağa yer tapmayan Kəramət mikrofonu əlinə alır, bəyan edir ki, toyu o aparacaq. Həm də deyir, APA-da veriliş aparmalıdır, bu toy bir növ onun üçün məşqdir, özünü toyda iştirak edən müdirə göstərməkdir. Beləliklə, "APA Group"un rəhbəri Vüsalə Mahirqızı əyləşən stola tez-tez xitab edəcəyini bu başdan bəyan edən Kəramət, bəylə gəlini təbrik edəndən sonra Ayxana məsləhət olaraq sevgi və evlilik haqda köşəsini oxumağa başlayır; guya, Ayxangil diqqətli olmalıdırlar, gələcəkdə bu sevgi qaz puluna, işıq puluna bölünəcək, əldə bir şey qalmayacaq, başqa şeylərə üz tutmaq lazımdır. Dostluğa, sədaqətə və s.

Ola bilər o, haqlıdır, amma indi, bu əziz gündə Ayxanı, Nərmini on qat gözəl edən sevginin sonralar nəyə çevriləcəyinin dərdini niyə çəkək ki?

Kəramət illah adamları kədərləndirmək istəyir, köşədəki fikirlərini atasının şeirinə qatıb bir də oxuyur. Amma deyəsən, zal bu köşəni artıq oxuyub.

Bu arada ənənəvi olaraq bəyin qardaşı Oğuz, bacısı Gülbəs və gəlinin valideynləri mikrofona yaxınlaşır, qonaqları salamlayırlar. Oğuz danışır, deyir, bacı-qardaş kimi bir-birinə mənəvi bağlılıqlarını ata-analarını itirəndən sonra anlayıblar: “Yəqin bacı-qardaş nə deməkdir, heç kim bizim qədər bilə bilməz”. Kəpənək Gülbəs kövrəlir. Bir kəlməylə “Xoşbəxt olun!” deyir. Bu iki kəlmə sanki indi səslənmir, bu sözlərdə indidən çox keçmiş var, keçmişdən çox gələcək var və daha nələr, nələr var...

Bu “Xoşbəxt olun!”la Gülbəs sanki dünyadakı ən son iki kəlməni deyir və bununla yer üzündə bütün sözlər qurtarır. Rəqs çalınır, qonaqlar ortalığa doluşur. Hərə bir hərəkətilə sevincini musiqinin ritminə qatır, elə ilk rəqsdəncə ortaya gələn bəysə (qoy ucuzluq olsun, buri bol olarsa basılmaz vətən!) xoşbəxtliyinə təpik atmaqdan qorxar kimi ehtiyatla, asta-asta rəqs edir. Ayxanın rəqsi də cümlələri kimi qısa, aydın və nöqtəlidir. Gözəl Nərminsə ritmə düşür, çiynini oynadır, zərifliyini, gözəlliyini musiqiyə qatır.

Xülasə, rəqs edə-edə hərə bir cür sevinir, APA-nın ən məhşur müxbiri olmuş Ülkər qırmızı donuyla, Mirmehdi dərin-dərin işıldayan gözlərilə... Qabil Abbasoğlu gözəl rəqs edirmiş, xüsusən saz havasına... Vüsalə xanımsa oğlan evinin səlahiyyətini göstərər kimi...

Zalın lap o başındakı hərəkətliliyi təsadüfən görürəm: Şərif Ağayar iki stolun arasında İlham Tumasla qocafəndi, Elçibəyin məşhur rəqsinə oxşar bir rəqs edir. Sayğı rəqsi kimi... Gözəllik!

Bir anda bəyin dostları məclisi ələ alır, Kəramət, Orxan Saffari, Ulucay Akif, Rəvan Cavid, Alik Əlioğlu, Eminquey, Sonuncu Orxan, Şahin Yüksəl...

Arada Kəramət Şərifi Əli Kərimin “Ata” şeirini söyləməsi üçün səhnəyə çağırır. Şərif tərəddüd edir: “Kədəli çıxacaq! Bəlkə, sevgi şeiri oxuyum?” Bəyin “problem deyil, oxu” müdaxiləsindən sonra ürəklənir. “Ata” şeiri deyilir və məclisi bir az kədərə kökləyir. Kəramət atmacasından qalmır:

“İndi oğulsuz bundan sonra oynayın!”

Heç kimin qolu qalxmır. O da fürsətdən istifadə edib sözü atası Qəşəm Nəcəfzadəyə verir.

Əlisəmid Kür söz alır. Ayvaz Əlləzoğlundan, Ayxandan danışır. Sonra Gürcüstandan gəlmiş Allahverdi Təhləli, Estoniyadan gəlmiş Xaqani Qayıblı danışır. “Əmbə” sözünü çox işlədən Xaqani sözün onlara gec verilməsindən inciyir. Bu “əmbə” gözəl sözdür. Hər yerə aparıb çıxarır. İnciyiblər, əmbə, eybi yoxdur, əsas Ayxanın xoşbəxtliyidir. Bir rəqslə unudulan inciklik də inciklikdirmi? İstəyirəm, rəqs edən dostları telefona çəkim, nə çəkirəmsə çəkim, kameraya Mübariz Məsimoğlu düşür.

Jurnalistikanın əfsanəsi Səbuhi Sədəfə üzümü tuturam, (Son günlər Ayxanla arası dəysə də “Buri”ni əziz gündə buraxmayıb):

“Səbuhi müəllim, sizin rəqsinizi çəkim, amma uzağa getməyin, Mübariz düşəcək yoxsa."

Məsimoğlunu Mübariz Örən əvəz edir indi.

Səbuhi deyir, rəqs edə bilmirəm, ürəyimə ziyandır. Amma Səbuhinin Ayxana rəqs borcu olmamalıdır. Çün işdə, darıxıb sıxılanda, günlər bir-birinin boz ümidsizliyinə qovuşanda qəfil hər şeydən, hər yerdən (fərqi yoxdur ora gedib yoxsa-yox) yaza bilən o məhşur və böyük reportyor Səbuhi Məmmədli içəri girib Yazıçılar Birliyindən ləzzətli reportajlar yazan məşhur balaca reportyor Ayxanla rəqsə başlayırdı. Bir atımlıq sevinc kimi başlayan bu rəqsdə şabaş da olurdu ki, rəqsin şövqünü, Ayxanın ritmlərini artırırdı, bu şabaşa görə iş otağımıza daxil olan qonaqlar da rəqsə qoşulurdu, sonra, əlbəttə, Səbuhi müəllim pulları geri alıb gedirdi. Rasim Qaracanın şeirində olduğu kimi ürək kədərə qalırdı...

Toyda Kəramətin xeyli çalışmasına baxmayaraq ürək kədərə qalmır, dostlar buna imkan vermir. Arada Mövlud xatırlanır, xatırlanmaqdan çox sanki Mövludun da toyda iştirakını xatırlatmaq üçündür.

“Bəyi oğurlayıblar!!!”

Bayaqdan ənənənin əleyhinə olduğunu deyən Kəramət qəfil elan edir. Noldu bəs, axı ənənələri yıxırdıq? Bəy oğurlamaq-zad nədir? Deyir, nəmər almasalar, bəyi zala buraxmayacaqlar. Yəqin, Kəramət Ayxanın papiros üçün zaldan çıxmasından istifadə edib, belə bir həngamə uydurub. Təki nəmər olsun, Ayxanı qapıda gözlədək.

Xitab daha çox APA-çıların stoluna istiqamətlənsə də, nəmər soldan gəlir, Zahir Əzəmət 50 manatla Ayxanı bu fürsətcil dostundan xilas edir. Kəramət təəssüflənir:

“Vüsalə xanım olsa, yüz verəcəkdi. Eybi yoxdu, pivə puludur bu da”.

Lazım olanda ənənə yaxşıdır, lazım olmayanda pis. Biz Avropadan ənənənin yaxşısını götürüb, pisini atmalıyıq. Məsələn, qoy bəy daha bir ənənəni pozsun, çıxış eləsin.

Söz Ayxana verilir. Ayxansa bu toyda aparıcılığı niyə Kəramətə verdiyini izah edir.

Bu heyndə yenə rəqs. Hər kəs öz dalğasını gətirir toya. Əmbə heç kim bu dalğalarda batmır. Nəinki batmır, hələ Elza Seyidcahan gəlib bütün bunların üstündən şeir... zarafat edirəm, mahnı oxuyur...

Göydən gəlinin atdığı çiçək düşməmiş reportaj sona yetir. Alışın artıq, belə olacaq, Ayxanın reportajlarını çox gözləyəcəksiniz...

# 7045 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti vəfat etdi

00:10 26 noyabr 2024
“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

18:49 25 noyabr 2024
Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

17:35 25 noyabr 2024
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

16:13 25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

15:55 25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
#
#
# # #