Əməkdar artist: "Bircə yatmağımız ayrı idi..." - Müsahibə

Əməkdar artist: "Bircə yatmağımız ayrı idi..." - Müsahibə
13 iyun 2019
# 16:43

Onun yaradıcılığını iki hissəyə bölmək olar: rolları ilə tanındığı dövr və səsi ilə tanındığı dövr. Bizim nəsil onu daha çox səsindən tanıyır. Müstəqillik illərində dublyaj olunan əksər filmlərdə onun səsi, nəfəsi var. Bir dəfə eşidən heç vaxt unutmaz. İllər keçsə də, yaddaşdan silinməz. Elə səsinin bu xüsusiyyətinə görə Sovet dövründə filmlərin səsləndirilməsində, ədəbi-bədii tədbirlərin keçirilməsində, şeir gecələrinin təşkilində onun səsindən istifadə olunurdu. Bir nümunə: “Üzeyir ömrü” filmində Müslüm Maqomayev rolunu o səsləndirib. Bəlkə də yaddaşımı qurcalasam, uşaq vaxtı baxdığım onun oynadığı rollar da sərab kimi gözlərimin qabağında canlanar. Amma yaşlı nəsil onun simasını da, səsini də yaxşı tanıyırdı. Oynadığı rolları əzbər bilirdi, səsləndirdiyi şeirlər dillərdə əzbəri idi...

Bu gün isə onun 70 yaşı tamam olur - aktyor Ədalət Məmmədovun.

70 yaşın astanasında onunla görüşdük və belə bir söhbət alındı.

* * *

Əməkdar artist Ədalət Məmmədovun APA-ya müsahibəsi

- Bir neçə ay əvvəl zəngləşəndə dediniz ki, əməliyyatdan təzə çıxmısınız. Nədən əməliyyat olunmuşdunuz, xəstəliyiniz nə idi?

- Onkoloji xəstəlik idi. Doqquz (boğazını göstərir) əməliyyat birdən keçirdim. Altı saat çəkdi.

- Şükür Allaha, yaxşısınız...

- Hə, şükür Allaha, yaxşıyam.

- Əməliyyat səs telləri ilə bağlı idi?

- Yox, səs telləri ilə bağlı məndə problem yoxdur. Buna nevronoma deyirlər, məndə 40 il bundan qabaq yaranmışdı. Bu xəstəlik sinirlə bağlıdır. Boğazımda var idi, kəsdirmişdim. İyirmi il sonra onurğa beyninə keçdi, onu da kəsdirdim. Bundan sonra necə olacaq, Allah bilir.

- Əməliyyat xərclərini özünüz çəkdiniz, yoxsa hər hansı bir yardım aldınız?

- Yox-yox, heç bir yardım almamışam, bütün xərcləri özüm çəkmişəm.

- Nə əcəb dövlətə, Teatr Xadimləri İttifaqına müraciət etməmisiniz?

- Özüm istəməmişəm.

- Niyə?

- Çünki elə bir səviyyəyə çatmışdım, müraciət etməyə vaxt yox idi. Həm də kimdənsə yardım istəməyə də könlüm yox idi. Onu da deyim ki, xərc də böyük idi.

- Heç olmasa, Teatr Xadimləri İttifaqından, əvvəllər işlədiyiniz Gənc Tamaşaçılar Teatrından zəng edib səhhətinizi soruşan oldu?

- Yox. Elə zəng olmayıb. Yəqin İttifaqın da, teatrın da xəbəri olmayıb. Çünki teatrda da işdən çıxmışam. Heç Kinematoqrafçılar İttifaqından da zəng edib soruşmayıblar. Güman ki, heç birinin xəbəri yoxdur. Xəbərləri olsaydı soruşardılar.

- Umu-küsü var?

- Heç bir umu-küsüm yoxdur.

- Deyəsən, sənətdən, yaradıcı mühitdən uzaq düşmüsünüz...

- Mən hazırda AzTV-nin Dublyaj redaksiyasındayam. Yetmiş yaşla əlaqədar teatrdan çıxardılar. Dedilər, işləmək olmaz. Mən də çıxdım.

- Amma Yasin Qarayevlə Taryel Qasımov etiraz etdilər ki, aktyor neçə yaşında olursa-olsun, teatrla nəfəs alır. Onu səhnədən uzaqlaşdırmaq olmaz...

- Onlar etiraz elədilər, mən eləmədim. Əgər teatr özü sənə qiymət vermirsə, orda niyə qalasan? Deməli, sən onlara lazım deyilsən. Amma gərək belə olmayaydı. Çünki Gənc Tamaşaçılar Teatrı 40 ildən çox mənim çiyinlərimdə dayanıb. Orda oynanılan bütün əsərlərdə baş rolların ifaçısı olmuşam. Moskvadan, Aşqabaddan belə qastrollara getmişik. Amma indi sən aktyoru çağırıb deyəsən ki, bizə lazım deyilsən, bu adama ağır gəlir. Onu demək qabiliyyəti də olmalıdır. Biri var kollektivi yığasan, aktyoru da çağırıb deyəsən ki, çox sağ ol, teatrın yaşamasında zəhmətin olub, indi də gənclərə yol açaq... Bunun üçün adi mədəniyyət lazımdır, heç böyük demirəm.

- Amma bunun əvəzinə, aktyoru mühasibatlığa yönləndirirlər ki, haqq-hesab elə, çıx get...

- Bəli, o cür oldu. Bilirsiniz, gərək elə olmasın. Mən bu vəziyyətə düşəndə rəhmətlik Yusif Vəliyevi xatırladım. Bizi nə cür işdən çıxarıblarsa, onu da eyni qayda ilə işdən çıxarmışdılar. Gərək aktyora qiymət verəsən. Ola bilsin, şəxsiyyət kimi özündən xoşun gəlməsin, amma sənətinə görə, heç olmasa, “sağ ol” deməlisən. Aktyor 40-50 il özünü bu sənətin içində çürüdüb. Çağır, heç olmasa, quruca “sağ ol” de. Bəlkə mən düz demirəm?

- Düz deyirsiniz. Axırıncı dəfə nə vaxt səhnəyə çıxmısınız?

- Axırıncı dəfə Elçinin “Ölüm hökmü” əsərində oynamışam. Çox da yaxşı qarşılanmışdı, iz qoyub gedən tamaşa oldu. İlini deyə bilmərəm. Hardasa 8-10 il qabaq oynamışam.

- Səhnə üçün darıxırsınız?

- Yox, darıxmıram. Bilirsiniz niyə darıxmıram? İndi sənətə qiymət verə bilməyən adamlar gəlib.

- Rəhbərliyə, yoxsa sənətə?

- Rəhbərliyə də, lap belə səhnəyə də. İndi cavanların içində yaxşı aktyorlar çox azdır. O cümlədən rəhbərliyin özü də...

- Teatrlara sənətdən başı çıxmayan adamlar rəhbərlik edir?

- Yox. Elələri var ki, teatrdan başı çıxır. Amma onlar sənətdən başqa hər şeylə məşğuldurlar. Sənətləri var, çox iş görə bilərlər, amma sənətlə məşğul deyillər, başqa işlə məşğuldurlar. Misal üçün, elə adamların əsərlərini səhnələşdirirlər ki, görürsən, həmin adamın heç dramaturgiyadan başı çıxmır.

- Kimlərdir?

- Ad çəkməyəcəyəm. Hər halda özləri çox yaxşı bilirlər.

- Mənim müşahidələrimə görə, Azərbaycan teatrlarında 40-50 il əvvəl kimlərin əsərləri oynanılıbsa, elə indi də aşağı-yuxarı eyni müəlliflərdir. Çox az şey dəyişib...

- Repertuar da dəyişmir, sənətin özü də dəyişmir. İndi XXI əsrdir. Teatra başqa cür yanaşmaq lazımdır. Ola bilməz axı teatr 40-50 il dəyişməsin. Hər şey inkişafda olduğu kimi, teatrın özü də inkişafda olmalıdır. Bizim teatrlar bir yerdə oturub sayırlar. Ona görə də tamaşaçılar teatrdan yorulurlar. Nə qədər eyni şeyə baxmaq olar?

- Deməli, teatrlarımız da yenilənmir...

- Yenilənmir. Heç bir teatrda yenilik yoxdur.

- Nə Gənc Tamaşaçılarda, nə Azdramada, nə “Yuğ”da...

- Yuğ Teatrı ilə, sözün açığı, əlaqəm yoxdur. Ramiz Həsənoğlu orda bir tamaşa hazırlamışdı. Mənə neçə dəfə dedi ki, gəl bax, səhhətimlə əlaqədar gedib baxa bilmədim. Bir də Pantomim Teatrını yaman tərifləyirlər. Amma yerdə qalanlar - Akademik Milli Dram Teatrı olsun, Rus Dram Teatrı olsun, Gənc Tamaşaçılar olsun, Musiqili Teatr olsun - heç biri yeniliklə məşğul deyil. Hamısı köhnəliyin əsarətindədir.

- Bəs axırıncı dəfə nə vaxt tamaşaya baxmısınız?

- Mənim yaddaşım bir az zəifdir. Yəqin 3 il olar.

- Aktyorların çoxu verilişlərə çıxırlar, hətta sənətlə əlaqəsi olmayan verilişlərdə belə iştirak edirlər, ictimai xadim kimi çıxış edirlər. Siz nə əcəb verilişlərə dəvət almırsınız?

- Əvvəla, iki ay bundan qabağa qədər fizionomiyam buna imkan vermirdi. Çünki boynumdakı şiş çox böyük idi. İkincisi, mən gedib efirdən heç kimə dərs keçə bilmərəm. Mənim xislətimdə elə şey yoxdur.

- Sənətinizə layiqincə qiymət verilibmi? 1991-ci ildə Əməkdar artist adını almınız. O vaxtdan 28 il keçib...

- Bunu mən deyə bilmərəm.

- İstəməzsiniz sizə də xalq artisti adı verilsin?

- Hansı əsgər desə ki, general olmaq istəmirəm, yalan söyləmiş olar. Mənə xalq artisti adının verilməməsinin bir çox səbəbi var. O səbəbləri açıqlamayacağam.

- Bəlkə kimlərsə sizə ad verilməsini istəmir?

- İstəmirdi. Kimlərsə yox, kimsə istəmirdi. Yəni böyük bir vəzifə tutan bir nəfər mənə xalq artisti adının verilməsini istəmirdi. Hər şey də onun əlindən gəlib keçirdi. İstəmirdi, istəmirdi də. Bundan da heç narazılığım yoxdur. Bir az özündən müştəbehlik kimi çıxmasın, mən xalq artisti tanıyıram ki, heç xalq teatrına da layiq deyil. Özü də bir nəfər deyil, iki nəfər deyil, üç nəfər deyil, dörd nəfər deyil, beş nəfər deyil, çoxdur. Xalq hər kəsin qiymətini yaxşı verir, gətirib öz yerinə oturdur. Amma yuxarıları aldadıb kimlərəsə ad verdirmək də başucalığı gətirmir.

- Xalq necə, qiymətinizi verirmi?

- Verir. Daha çox yaşlılar tanıyırlar, nostalgiya hissi keçirirlər. O tamaşaları ki, mən oynamışam, əzbərdən danışırlar. Televiziya tamaşalarımdan, teatr tamaşalarımdan danışırlar. “Heyf sizlərdən” deyirlər. “Kimlərə gəlib qismət olduq” deyirlər.

- İyunun 13-ü 70 yaşınız tamam olacaq. Bununla bağlı nəsə bir tədbir gözlənilir?

- Axı mən teatrdan çıxmışam.

- Teatrdan çıxan aktyorların da yubileyləri keçirilir...

- Teatr Xadimləri İttifaqı heç bilmir ki, mənim 7 yaşım var, yoxsa 70 yaşım. Teatr Xadimlərinin öz işləri var, öz işləri ilə məşğuldurlar.

- Siz teatrları necə görmək istəyirsiniz?

- Mən bayaq bu məsələyə bir qədər toxundum. Amerikanın ən məşhur aktyorlarından Al Paçino, Robert de Niro, Cek Nikolson... Bunlar hamısı rus məktəbinin yetirmələridir.

- Stanislavski məktəbinin...

- Bəli. Onlar hamısı bu məktəbi keçiblər, tamaşada da o cür oynayırlar, filmdə də. Bu sistem olmalıdır. Yəni nə demək istəyirəm? Bizim cavanları göndərmək lazımdır, gedib Moskvada təhsil alsınlar, rejissorluqla, teatrşünaslıqla məşğul olsunlar. Bizim Mədəniyyət və İncəsənət Universiteti ilə heç nə eləyə bilməyəcəyik.

- Niyə?

- Niyəsi çoxdur. Mən öz dövrümdən götürürəm. Bizim dövrümüzdə Rza Təhmasib, Tofiq Kazımov, Mehdi Məmmədov, Adil İsgəndərov var idi. Bunlar hamısı korifeylər idi. Bizim dövrümüzdə gəlib İncəsənət Universitetində müəllim işləyənlər bunlar idi. İndi dərs verənlər isə bizim dövrümüzdə institutda ən zəif oxuyan tələbələr idilər. Sənətdən heç nə bilməyənlər indi dosentdir, professordur. Bununla orda nə təhsil olacaq? Ona görə də tələbələri xaricdə təhsil almağa göndərmək lazımdır.

- Film dəvəti almırsınız?

- Yox. Bircə dəfə seriala dəvət etdilər. Onda da xəstəliyimə görə imtina elədim.

- İndi, maşallah, yaxşısınız. Dəvət eləsələr, oynaya bilərsiniz...

- Yox, sizə elə görünür. Hələ də ağrıyıram. Neçə aydır heç Dublyaj redaksiyasına da gedə bilmirəm. Axırı dünən gedib balaca bir rol yazıb gəlmişəm ki, yadırğamayım.

- Xüsusi səs tembrinizlə seçildiyinizə görə filmlərin dublyajında əməkdaşlıq etmisiniz, tədbirlərin aparılmasında fəal iştirak etmisiniz, filmlərin səsləndirilməsində səsinizdən çox istifadə olunub...

- Sənədli filmlərin, bədii filmlərin, cizgi filmlərinin səsləndirilməsində iştirak etmişəm. Son 20 ildəki fəaliyyətimi götürsən, 5000 film eləyər.

- Səsləndirdiyiniz filmlər oynadığınız filmlərdən qat-qat çoxdur...

- Bəli.

- Sanki çoxları səsinizi qabağa çəkiblər...

- Aktyorun işinin 50 faizi səslə bağlıdır. Səslə də çox şey eləmək olur. Gərək onun texnikasını biləsən. Bayaq nahaq yerə Mehdi Məmmədovun, Tofiq Kazımovun adını çəkmədim. Mənim müəllimlərim güclü olublar. Amma müəllimlər də istiqamət verə bilərlər, gəlib sənin yerinə oynaya bilməzlər. İnsanın özünün canında olmasa, heç nə eləmək mümkün deyil.

- Dediniz, köhnə nəsil sizi daha çox xatırlayır. Ən çox hansı tamaşalarınızı yada salırlar?

- Hələ Əliağa Kürçaylını, Nəriman Həsənzadəni demirəm, tək bircə Qılman İlkin mənim üçün 7 televiziya pyesi yazıb. Şəxsən mənim üçün. Çoxunun adını unutmuşam O vaxt senzura var idi. Televiziyaya çıxmaq hər adamın işi deyildi. Bunun üçün gərək ciddi tələblərə cavab verəydin. Yoxsa bizim qara qaş-gözümüzə vurulub televiziyaya çıxarmırdılar.

- Dublyaj filmlərinin həm tərcümələri, həm də səsləndirmələri tamaşaçıları qane etmir. Siz bu haqda nə düşünürsünüz?

- Tərcümə işinə mən baxmıram. Redaktor işinə də mən baxmıram. Mən səsin yazılışına məsulam. Biz o vaxt kinostudiyada işləyəndə epizodik roldan tutmuş, kütləvi səhnəyə qədər hamısını başqa-başqa aktyorlar yazırdılar. Hər bir rolu bir aktyor səsləndirirdi. İndi məcburdurlar ki, bir neçə rolu bir aktyor canlandırsın. Bir filmdə də yetmiş-səksən obraz olur, kütləvi səhnələr olur. Bunları yazmaq üçün nə qədər vəsait lazımdır. Mənə elə gəlir ki, heç bir telekanalın bu səviyyədə film dublyaj etmək imkanı yoxdur.

- Dublyaj sahəsindəki vəziyyət sizi qane edir? Dublyaj filmlərinə baxa bilirsiniz?

- Heç baxmıram. Çünki ləzzət ala bilmirəm. Qane eləmir. Düzdür, AzTV-nin Dublyaj redaksiyası bütün kanallar içində seçilir. Çünki orda dublyaj işini bilən adamlar cəmlənib. Bütün kanallarda işləyən aktyorların hamısı AzTV-dən gediblər. Bizdə də seçilib qalanlardır. Amma onunla belə mən razı deyiləm. Orda da rəhbərlikdən irəli gələn səbəblər deyil, texniki və başqa bir neçə səbəb var. Buna görə mən razı deyiləm.

- Dünyadan köçən sənətkar dostlarınızı tez-tez xatırlayırsınız?

- Hərdən “Facebook”da dünyadan köçən sənətkarların şəkillərini qoyurlar. Baxıram və ürəyimdən keçən nə qədər söz var, ora yazıram. Kim Yusif Vəliyevi, Şahmar Ələkbərovu, Ceyhun Mirzəyevi, Fuad Poladovu yaddan çıxara bilər? Mən 30-40 il onunla dostluq eləmişəm. Bir partada oturmuşuq. Belə aktyorları yaddan çıxarmaq olar? Bunlar əsl sənət adamları idilər.

- Daha çox kimlərlə dostluq etmisiniz?

- Fuadla dostluq eləmişəm. Fuad həqiqəti deyən adam idi, həqiqətpərəst idi. Sözün düzünü deyərdi. Əgər o, düz sözü deyirsə, kimsə düz sözü onun əlindən ala bilməzdi. Haqsızlığa dözməyən adam idi. Bununla bərabər, həm də şəxsiyyət idi, şəxsiyyət olmağı ilə bərabər böyük aktyor idi. Yusif Vəliyevlə daha çox yaxınlıq eləmişəm. Bizim bir dənə yatmağımız ayrı olub. Yusif balacaboy idi, amma sənətkarlıq baxımından çox nəhəng idi. Mən institutun birinci kursunu bitirmişdim, rəhmətlik Tofiq Kazımov “Azdrama”nın baş rejissoru idi, məni ora işə götürmüşdü. Təhsil ala-ala bir il orda işləmişəm. “Hamlet”də Marsello oynamışam, Ramiz Məlikovla dublyor olmuşuq. Həsən Turabov da Hamleti oynayırdı. Mən Turabovu necə yaddan çıxara bilərəm?

- Ədalət müəllim, iki gün sonra (13 iyun - M.A.) 70 yaşınız olacaq. Özünüzə nə arzulayırsınız? Adətən, aktyorlar belə cavab verirlər ki, hanısa rolu oynamağı arzulayıram...

- Bəxtiyar Vahabzadə ilə mənim çox yaxşı münasibətim vardı. O, aktyor kimi məni çox istəyirdi, hara gedirdisə, məni də aparırdı ki, şeirlərimi sən oxu. Onu Türkiyədə əməliyyat elədilər. Əməliyyat düz keçmədi, Bakıya gələndən sonra bir daha əməliyyat elədilər. Mən də onu yoluxmağa getmişdim. Məni görən kimi yatağın kənarından bint bağlamışdılar, binti əlinə dolaya-dolaya qalxıb oturdu. Dedim, Bəxtiyar müəllim, qalxmayın, niyə qalxırsınız, beş dəqiqə görüb gedəcəyəm. Onda soruşdum ki, necəsiniz? Bəxtiyar müəllim mənə bir söz dedi. Dedi ki, Ədalət, nə var-dövlətim olaydı, nə bu cür tanınaydım, heç nəyim olmayaydı, tək bircə sağlam canım olaydı. Bəxtiyar müəllimin bu sözləri heç vaxt yadımdan çıxmır. Mən də həyatda heç nə istəmirəm artıq - sağlam candan başqa. İnsanın canından başqa qiymətli heç nəyi yoxdur.

# 3431 dəfə oxunub

Oxşar xəbərlər

Dərdlərini özü ilə aparan azərbaycanlı aktrisa

Dərdlərini özü ilə aparan azərbaycanlı aktrisa

18:39 28 noyabr 2024
Xalq artisti kommunal borclara görə məhkəməyə verildi

Xalq artisti kommunal borclara görə məhkəməyə verildi

18:06 28 noyabr 2024
Axundov onu sui-qəsddən xilas etmişdi... – Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

Axundov onu sui-qəsddən xilas etmişdi... – Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

17:42 28 noyabr 2024
"Gənclərin roman müsabiqəsi - 2"nin qısa siyahısı açıqlandı

"Gənclərin roman müsabiqəsi - 2"nin qısa siyahısı açıqlandı

17:39 28 noyabr 2024
“Uzaq sahillərdə” bədii filmi Sloveniyada nümayiş edildi

“Uzaq sahillərdə” bədii filmi Sloveniyada nümayiş edildi

16:54 28 noyabr 2024
Ağadadaş Ağayev özünü təqsirli bilmədi - Məhkəmə

Ağadadaş Ağayev özünü təqsirli bilmədi - Məhkəmə

15:45 28 noyabr 2024
#
#
# # #