Yazarlarımız orucdan danışır - SORĞU

Yazarlarımız orucdan danışır - <span style="color:red;">SORĞU
8 iyun 2016
# 17:09

Bu ay Ramazan ayıdır. 11 ayın sultanı kimi qəbul edilən bu müqəddəs ayda oruc tutulur, niyyətlər qəbul olunur.

Yazarlarımızdan kimlər oruc tutur? Heç orucu pozduqları olubmu? Onlar üçün orucun fəlsəfəsi nədir? Ramazan ayı onlar üçün nə ifadə edir?

Kulis.Az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Əsəd Cahangir: “Mən bu gün orucam. Bir neçə dəfə orucu pozduğum olub, ancaq bilərəkdən pozmamışam. Odur ki, bu orucun batil olması anlamına gəlməz.

İlk dəfə orucu türklərin “Zaman” qəzetində işləyəndə tutmuşam. 1994-cü ildə. Türklərin biri hər gün bütün qəzetin kollektivini iftar süfrəsinə dəvət edirdi. Yeməkləri qablarda dördayağın üstünə qoyurdular. Dairə vurub dördayağın ətrafında otururduq. Hamı eyni qablardan yeyirdi. Bu adamları çox mehribanlaşdırır və bərabərləşdirirdi. Müdir-işçi anlayışı aradan qalxırdı. Bir-biri ilə küsülü olanlar barışırdı. Keçən il oruc tutanda hər axşam təxminən 10 adama zəng edirdim ki, gəl iftarı bir yerdə açaq. Amma bir nəfər də olsun, adam gəlmirdi. Mənə elə gəlirdi ki, oruc tutmurdular, ona görə gəlmirdilər. Bu, məni bir az məyus edirdi. Bir dəfə oruc zamanı xoşagəlməz vəziyyətə düşmüşəm. Bir dostum məni ad gününə çağırmışdı. Bilirdi ki, orucam. Qəsdən stolun üstünə gətirib naz-nemətləri düzməyə başladılar. Və başladılar yeməyə. İftara hələ yarım saat var idi. Durub getmək də olmazdı. O yarım saatda mən nələr çəkdim Allah bilir. Bu aclıq əzabı deyildi. Özümü naqolay hiss edirdim. Elə bilirdim ki, hamı mənə baxır. Sonra dostum həmişə bunu danışıb gülürdü.

Orucun fəlsəfəsi olmaz. Çünki fəlsəfə insan ağlının məhsuludur, oruc isə ilahi layihədir. Onun əsil hikmətini yalnız Allah bilir. İnsan bildiklərində isə mülahizə ehtimalı həmişə qalır. Mənim qənaətimcə, orucun iki əsas anlamı var. Birinci, 30 gün çəkən xüsusi qidalanma hesabına cism təmizlənir. İkincisi və ən vacibi nəfsə qalib gələn ruh möhkəmlənir. Nəticə: bunlar Allahın əmri olduğu üçün edilir. Beləliklə, oruc Allah yolunda bir sınaq, ruhun möhkəmlənməsidir”.

İlqar Fəhmi: “İndi oruc tutmuram, keçən həftədən möhkəm soyuqlamışam, müalicə alıram. Həftənin axırınacan özümə gəlsən, yəqin ki başlayaram. Oruc tutmuşamsa, pozduğum olmayıb.

Bir neçə il əvvəl Sankt-Peterburq şəhərindəydim. Orucluğa bir həftə qalmışdı. Gün səhər saat dörddə çıxır, gecə saat on birdə batırdı. Ordakı dostlar orucluq barəsində danışanda məni vahimə basdı. Biz Bakıda günün uzunluğundan danışırdıq, amma gördüm ki, burda oruc tutmaq bizdən qat-qat çətindir. Hərçənd ordakı dostlar qətiyyən şikayət eləmirdilər. İyirmi saat oruc qalmaq hər müsəlmanın hünəri deyil.

Ramazan ayının fəlsəfəsi o qədər genişdir ki, bir-iki kəlmə ilə ifadə eləmək çətin olar. Şəxsən mənim üçün Ramazan ayı insanın dünyayla bağlılığının maksimum azalmasının simvolu kimidir. Yəni, mənim aləmimdə bu, çox əhəmiyyətlidir. İnsan onu dünyaya bağlayan bağları nə qədər azaltsa, o qədər azad olar, nəinki əksinə… Ramazan dünyapərəst olmağın, bütün varlığıyla dünyaya bağlanmağın əleyhinə bir etirazdır mənim aləmimdə. Başqa incəliklər də çoxdu, amma bunu danışmaqçün ilahiyatçılar var…”

Fərid Hüseyn: “İndi səfərdəyəm deyə oruc tuta bilmirəm. Amma yaxın dörd ildə hər Ramazanda oruc tutmuşam. Bir dəfə orucumu pozmuşam. Həkimə getdim, iynə vurdu. Həmin gün iki dərman atmışdım.

Ramazanla bağlı maraqlı bir xatirəm var. İranda həbs olunanda orucun məcburi olduğunu gördüm. Və dərk elədim ki, dində azadlıq var, sadəcə o azadlığı ən azı özünə tanımalısan. Orda günorta gizli yemək yeyib axşam hamıyla birgə dua oxuyub iftar edənlər ölsəm yadımdan çıxmaz. Demokrit heykəldən sədəqə istəyib özünü yox cavabı almağa öyrəşdirərmiş. Oruc da bizə məhz bu cür könüllü yox cavabı almağa öyrəşdirir. Nəfsi imtahan edir.

Oruc nəfsin tərbiyəsidir – həm də imtina vərdişidir. Öz əlinin altında olan nəsnələrdən imtina deməkdir. Ruziyə şükran olmamaq dinsizlikdən pis sayılır.

Nizami deyirdi ki: "Nemət şükrü pisdir dinsiz olmaqdan". Həyata baş qarışır, insan insanlığını unudur, bir də görürsən ki, 10 gündə bircə dəfə şükr etməmisən. halbuki Allaha şükür etməyə saysız səbəblər var. Bu ay həmin saysız səbəblərə şükür etməkçün ruhumuzu səfərbər edir”.

# 1111 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
#
#
# # #