Azadlıq qışqıranların işi deyil... - Təbiətlə danışan şair

Azadlıq qışqıranların işi deyil... - Təbiətlə danışan şair
14 noyabr 2025
# 17:05

Bu gün İtaliyanın tanınmış şairi Aleardo Aleardinin doğum günüdür.

Kulis.az bu münasibətlə müəllif haqqında materialı təqdim edir.



Aleardo Aleardi 1812-ci ildə Veronada doğulanda ona Qaetano Mariya adını qoymuşdular. Aristokrat ata - Kont Corco Aleardi - və mədəniyyətlə nəfəs alan ailə mühiti ona elə uşaqlıqda kitabların və sözün gücünü öyrətmişdi.

O, sakit uşaq idi, amma özünün dediyinə görə, bu sakitliyin içində romantik bir aləm vardı. Böyüdüyü şəhərin - Veronanın - tarixi, şəhərin mədəni aurası onun poetik təbiətinin ilk toxumlarını səpdi.

Bir az böyüyəndə “Aleardo” adını seçməsi də təsadüfi deyildi. Şair öz ədəbi aləmini sıfırdan yaratmaq istəyirdi.

Hüquq təhsili almaq üçün Padovaya yollananda çox adam düşünürdü ki, gənc aristokratın gələcək taleyini dövlət idarəçiliyi müəyyən edəcək. Amma universitetin auditoriyalarından daha çox, romantik şairlərin kitabları onu özünə çəkirdi.

Orada tanış olduğu Covani Prati kimi ədiblər, romantizmin estetikasını müzakirə etdiyi tələbə söhbətləri və dövrün italyan ruhunu silkələyən hərəkatlar Aleardinin taleyini dəyişdi.

Hüquq kağızlarının küncündə şeirlər yazan birinin şair olmağı qaçılmaz idi.

Aleardi romantik idi. Bu yalnız şeirlərində yox, həyat tərzindən də hiss olunurdu. O, duyğunu, həsrəti, insan ruhunun ən zərif çatlarını görən şairlərdəndi.

Təbiəti də insan kimi dinləyirdi, onunla danışırdı, onu hiss edirdi, ona suallar verirdi. Melodik ritmlər, musiqi effekti, harmoniya onun hər misrasında öz yerini tapırdı.

Amma Aleardi təkcə sevən, hiss edən, təbiətə vurğun şair deyildi. O, İtaliyanın birləşməsi uğrunda gedən Risorçimento hərəkatının iştirakçısı olmuşdu. Avstriya hakimiyyətinin təzyiqlərinə qarşı müqavimət göstərmişdi.

Bu, həmin dövr üçün təhlükəli mövqe idi və şair təhlükələr ilə üzləşdi. 1852-ci ildə Mantovada həbs olundu, 1859-cu ildə isə Bohemiya Yozefştadt qalasında yenidən zindana salındı.

Həbsxana lövhələri onun poetik romantizmini daha sərt, daha kəskin, daha milli xarakter almasına səbəb oldu.

Aleardinin həyatında maraqlı bir xətt var; romantik şeirlərlə siyasi fəaliyyət ardıcıl şəkildə paralel gedir.

O, 1848-ci ildə Venesiya Respublikasının nümayəndəsi kimi Parisə gedəndə şair olsa da, həm də diplomat missiyasını yerinə yetirmişdi.

Fransızlardan dəstək almağa çalışması, İtaliya məsələsini Avropa masasına gətirməsi siyasi təcrübəsinin ən dinamik dövrlərindən biridir.

Və bütün bunlar paralel şəkildə davam edirdi. Yəni romantik şeirlər, vətənpərvər poemalar, siyasi ideyalar…



Ədəbi baxımdan Aleardinin ən güclü əsərlərindən biri “Mariya məktubları”dır. Burada sevgi idealizə olunur, insan ruhunun əbədiliyi poetik simvollara çevrilir.

Bir başqa əsəri “Roka Arnalda”da dramatik gənc qadın obrazı əsərin ruhuna çevrilir.

İtaliya birləşəndən sonra Aleardi parlamentdə yer aldı. Senator oldu. Florensiyada estetikadan dərs dedi.



1878-ci ildə vəfat edəndə Veronada böyük hörmətlə yola salındı. Ardınca küçələrə onun adı verildi, büstləri qoyuldu, əsərləri yenidən çap edildi.

Tənqidçilər onun şeirində bəzən həssaslıq, bəzən melodiklik, bəzən milli idealizm görürdülər. Onu artıq romantik ənənənin davamçısı sayırdılar.

Bugün Aleardini oxuyanda bir şey aydın olur: azadlıq hər zaman qışqıranların işi deyil. Bəzən azadlığı səssiz, təmkinli, melodik bir misra ilə də qorumaq olur.

Bir xalqın gələcəyini parlamentdə çıxış etmək yox, həbsxanada yazılan şeir müəyyən edir.

# 1031 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə 8 min illik tikili kəşf edildi

Türkiyədə 8 min illik tikili kəşf edildi

19:00 12 avqust 2026
Musiqi plartformasından yeni qərar – Süni intellektlə bağlı

Musiqi plartformasından yeni qərar – Süni intellektlə bağlı

18:40 12 avqust 2026
“Qürur və qərəz” filmi yayımlandı – Yeni plartformada

“Qürur və qərəz” filmi yayımlandı – Yeni plartformada

18:20 12 avqust 2026
Gənclər Kitabxanasından təqdimat: “Gənclik bu günümüz, gələcəyimizdir!”

Gənclər Kitabxanasından təqdimat: “Gənclik bu günümüz, gələcəyimizdir!”

17:55 12 avqust 2026
Tarixçi alim: "Möminə Xatun türbəsinin bərpası olduqca əhəmiyyətlidir"

Tarixçi alim: "Möminə Xatun türbəsinin bərpası olduqca əhəmiyyətlidir"

17:40 12 avqust 2026
Şeiri və mistisizmi sənətə çevirən  Uilyam Bleyk kim idi?

Şeiri və mistisizmi sənətə çevirən Uilyam Bleyk kim idi?

16:20 12 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər