Kulis.az Ülviyyə Heydərovanın “Parisdə bir gün təbəssüm olan şair” yazısını təqdim edir.
Söz yükü
Sizi bilmirəm, amma mənə oxuduğum cümlələrə, o cümlələrdə gizlənən fikirlərə qayıtmaq, yeni məna axtarmaq zövq verir.
Xeyli vaxt idi ki, Yusif Səmədoğlunun «Deyilənlər gəldi başa» adlı kitabı yazı masamın üstündə məğrur dayanmışdı. Kitab dilə gəlsəydi, yəqin ki: “Oxusan da, oxumasan da, sağ ol”, - söyləyərdi. Bir gün o tilsim qırıldı və evdə, metroda, avtobusda, dayanacaqda, bir sözlə, yazmadığım vaxtlarda onun obrazları ilə söhbət etməyə başladım. Bu o zaman idi ki, Vaqif Səmədoğlunun Parisdə keçiriləcək yaradıcılıq gecəsinə hazırlaşırdım. Hazırlaşırdım deyəndə ki, viza üçün sənədlər toplayır, nümayəndə heyətinə kömək edirdim. Üstəlik işimlə məişət problemlərim qarışdığından onları bir-birindən ayırmağa çalışırdım. Bu gərginliyin, narahatçılığın, yorğunluğun içində səfərə cəmi bir gün qalmış çamadanı otağın ortasına gətirdim. Səfər üçün lazım olan əşyaları, geyimləri ora güclə yerləşdirdim. Sonra Vaqif Səmədoğlunun fransız dilində çap olunmuş şeirlər toplusunun nüsxələrini çantama qoydum.
Çamadan hazır olandan sonra yenidən Yusif Səmədoğlunun sözlərinə qayıtdım. Kitabdan əl çəkə bilmirdim. Çünki Səməndər Uçqunlu ilə birgə Moskvaya «uçurdum». Qəribədir, yazıçının qəhrəmanı da səfərə yollanırdı, o cümlələri oxuyan oxucu da. Gecə yarıdan xeyli keçmişdi. Artıq vaxt idi deyə taksi çağırdım. Kitabı örtüb rüqzaqa qoyanda gücümün çatmadığını hiss etdim. Söz yükü ağır olur, amma bilməzdim ki, Yusif Səmədoğlunun «yükü» çiyinlərimi bu qədər əyə bilərmiş. Təəssüflənsəm də çıxış yolu tapdım. Yazıçının qəhrəmanlarını ürəyimə salıb taksiyə oturdum. Düşündüm ki, Sədi Əfəndinin ağrıların ağrısı, Şairin sözlərin sözü, Şahın pislərin pisi, Kirlikirin kirlərin kiri kimi Parisdə bir gün təbəssüm olmaq haqqı var. Hələ mən hamının lal-kar bildiyi Səməndəri demirəm...
Paris Vaqif Səmədoğlunun obyektivində
Heç ağlıma gətirməzdim ki, Parisə nə vaxtsa Vaqif Səmədoğlunun fotoaparatı ilə yollanacam. Səfərlə bağlı müzakirələr edəndə Vaqif müəllimin xanımı Nüşabə Babayeva-Vəkilova şairin fotoaparat kolleksiyasından birini götürəcəyini söylədi. Hətta birlikdə fotoqrafın yanına gedib, fotoaparatın funksiyası ilə də tanış olduq. Fotoqraf mənə fotoaparatın xüsusiyyətini izah edəndə ilk olaraq elə Nüşabə xanımı çəkdim. Etiraz etdi. Onu anlayırdım. Axı fotoaparatı həmişə Vaqif müəllimin əlində görməyə alışmışdı. O, heç obyektivə də baxa bilmirdi. Xatirələri sıraya düzülürdü. Buna baxmayaraq, bütün diqqəti fotoaparatda idi. Onu gözdən qoymasa da sevgilisinin «yadigarını» səfər müddətində mənə həvalə etdi.
Qəribə hiss idi. Qürur, məsuliyyət, həyəcan bir-birinə qarışmışdı. Parisə sevimli şairimin fotoaparatından, obyektivindən, demək ki, onun gözündən baxacaqdım. Düzdür, mobil telefonlar «ağıllılaşandan», anı yaddaşda saxlamaq asan olsa da, fotoaparatın yerini heç nə vermir. Üstəlik bu aparat səfərin əsas səbəbkarına məxsus ola. Şair baxışlarını sanki o obyektivdə qoymuşdu. Ona görə də fotoaparatla ehtiyatla davranır, ürəyimin üstündə gəzdirirdim. Lap onun şeirləri kimi...
Şeirə bürünənlər
Eyfel qülləsi ürəyimizi açandan sonra hüquqşünas Səməd Vəkilov və ingilis jurnalist, Avropa Azərbaycan Cəmiyyətinin mətbuat katibi Nil Vatsonla birlikdə Seint Mişel metro stansiyasına yollandıq. Stansiyadan çıxan kimi insanlara qarışdıq. Burada Sena çayı boyunca kiçik taxçaların üstündə cürbəcür nəşrlər, açıqcalar, təqvimlər satılırdı. Nəinki köhnə, hətta nadir nüsxələrə də rast gəlmək olardı. Məsələn, diqqətimi qədim İran mədəniyyəti, müsəlmanların adət-ənənələri, misirlilərin dini haqqında fransız dilində kitablar çəkdi. Nədənsə, Şərqlə bağlı kitablar rəflərdə deyil, vitrində qoyulmuşdu. Lap bizim kitab evlərində Qərbə, Rusiyaya aid kitablar önə çəkilən kimi. Görünür, Qərb üçün Şərq, Şərq üçün Qərb daha cəlbedicidir.
Sena çayı boyu alıcı da, satıcı da kitab vərəqləyirdi. Düzdür, suvenirlərə baxanlar da vardı, amma üstünlük sözdə idi. Hamı sözə qarışmışdı. Mən də söz içində olsam da, nə alıcılara, nə satıcılara qoşuldum. Çantamdan Vaqif Səmədoğlunun fransız dilinə tərcümə olunmuş şeirlər toplusunun nüsxələrindən bir neçəsini götürüb, alıcılara, satıcalara hədiyyə etdim. Düşündüm ki, vərəq paylamaq yalnız seçki ərəfəsində olmaz ki. Qoy bu dünya bir-iki gün kağız üstündə şeir görsün və gördü də. Axı Vaqif Səmədoğlu əvvəldən axıra kimi oxunmaq arzusu ilə yaşayırdı. Kiminsə yadında əzbər qalmaq, bəyənilmək, sevilmək, şair kimi yox, məhz yaddan çıxmayacaq bir şeir olmaq istəyirdi...
Kilsə zəngi, ürək döyüntüsü və dua
Şeirlər bitməmişdi. Onları götürüb Site adasına keçdik. Uzaqdan məşhur Paris Notr-Dam kilsəsi görünürdü. Ora addım-addım yaxınlaşdıqca kilsə öz əzəməti ilə gözümdə əsr-əsr böyüməyə başladı. Zarafat deyil, nəhəng tikili yüzilliklərə meydan oxuyub, Janna d’Arkın məhkəməsinin, Napoleon Bonapartın tacqoyma mərasiminin, daha neçə-neçə hadisələrin, toy və dəfnlərin şahidi olub. Amma nə olsun? Paris Notr-Dam deyəndə ilk ağla gələn Viktor Hüqodur. Demək ki, əbədi qalmaq üçün təkcə tarix yaratmamalısan, həm də sözə çevrilməlisən. Necə ki, Paris Notr-Dam da yazıçının qələmindən çıxaraq ürəklərə yol tapıb.
Əsas ürəkdə yaşamaqdı... Kilsənin ətrafına dolananda yuxarı hissədə mənşəyi məlum olmayan heyvan heykəllərinin insanlara acıqla «baxdığını» görəndə fikrim Qvazimododan ayrıldı. Bu heykəllər mənə Yusif Səmədoğlunun Kirlikir obrazını xatırlatdı. Düşündüm ki, birdən işdi-şayəd yarısiçan olan Kirlikir Notr Damda heykəlləşsə, bu naməlum heyvanlarla yola gedərmi, bir sırada dayanarmı?
Qəfildən çalınan kilsə zəngləri fikrimi dağıtdı. Zənglər ətrafda əsk-səda verdikcə ürəyim bərkdən döyünməyə başladı. O sanki kilsə zəngləri ilə yarışa çıxdı. Kilsə bir zəng vuranda, o üç döyüntü ilə cavablandırdı. Yarışma bir neçə dəqiqə də davam etsəydi, çox güman ki, o tab gətirməyəcəkdi. Ürəyimi artıq Notr-Dama bağışlamağa hazırlaşırdım ki, zənglər dayandı. Bu dəfə dualar ürəyimi rahat buraxmadı. Ürəyimi Allaha boşaltdım. Görəsən, O, məni eşitdimi?
Sena Xəzərə axır
Bu misra Vaqif Səmədoğluya məxsusdur. Şeir illər öncə yazılsa da, o bir gün dolayısı ilə həqiqətə çevrildi. 2012-ci ildə Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə yaradılan Azərbaycan Mədəniyyət Mərkəzi elə Sena çayının yaxınlığındadır. Demək ki, Azərbaycan - onun zəngin mədəniyyətinin, qədim tarixinin bir parçası Sena sahillərində, Eyfel qülləsinin düz yanında məskən salıb və bu da çayın gölə «qovuşmasından» xəbər verir. Əgər Eyfelə baxmasan, elə bilərsən Bakının mərkəzi küçələrinin birindəsən. Amma başını yana əyəndə Parisdə olduğunun fərqinə varırsan və istəyirsən Eyfelin zirvəsindən şəhərə baxan turistlərə əl eləyib, «bonjour» ya da «salam» deyəsən.
Təbii ki, bu baş vermədi, amma fotoaparat öz işini gördü. Paris ürəyini açıb obyektivə tuşladı. Bu obyektivdə bayrağımız görünəndə isə sevinməyə bilmirsən. Əksinə sevincini paylaşmaq istəyirsən. Düzü, ucu-bucağı bilinməyən Parisdə sevincini gizlətməyə yer də yoxdur. Bir də axı niyə gizlədəsən? O kədərdir, peyda olan kimi özünə hardasa yer tapır...
Tədbirin keçiriləcəyi məkanı görəndən sonra «Parisdə Azərbaycan Evi»nin rəhbəri Mirvari Fətəliyeva Azərbaycandan gələn nümayəndə heyətinə - Səməd Vurğunun Ev Muzeyinin direktoru Nüşabə Babayeva-Vəkilovaya, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifovaya, Azərbaycan Aləmi Mədəniyyət Mərkəzinin sədri Şəhla Yusifovaya, hüquqşünas Səməd Vəkilova, kitabın tərcüməçisi, Bakı Slavyan Universitetinin baş müəllimi Aliyə Səmədovaya Mərkəzi ətraflı tanıtdı. Burada nələr yoxdur? Miniatür, xalçaçılıq, şəbəkə sənətindən tutmuş, milli geyimlərimizə, rəngkarlıq nümunələrimizə kimi. Hətta Mərkəzdə «Parisdə Azərbaycan Evi» tərəfindən azərbaycanlı uşaqlara ana dili də öyrədilir. Dili unutmaq özündən uzaqlaşmaq kimidir. Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi isə «unutmağa» imkan vermir...
İnsan-insan buludlar, bulud-bulud yeməklər
Parisin səması da ürəyi kimi açıqdır. Buludlar pambıq tarlasına oxşayırdı, lap əl uzadıb dərmək istəyirdin. Ona görə də səmaya baxmaqdan boynum ağrıyırdı. Bu buludlar hətta uşaqlığımı da yanıma gətirdi. Heç unutmaram. Topa-topa buludları görənə iştaha gəlirdim (heç yox idi?!), onu ən dadlı, ləzzətli yemək bilirdim. Odur ki, hər dəfə boşqabı, bıçağı anama uzadıb deyirdim ki, o buluddan kəs yeyim. Anam da ürəyimi sındırmırdı. Stula çıxırdı, boşqabı, bıçağı səmaya uzadıb deyirdi ki, bax, görürsən, əlim çatmır...
Vaqif Səmədoğlunun obyektivindən isə buludlar insana oxşayırdı:
Bu bulud
rəhmətlik nənəmə
oxşayır.
O bulud qonşu küçədəki
qarayanız suçuya.
İnsanlar axır
bulud-bulud
göy üzündə.
Yaxınla,
yadla doludur
göy üzü də...
Yelisey çölləri
«Şarl de Qoll» metro stansiyasından Zəfər tağına çıxmaq üçün sanki labirintlərdən keçməli olursan. Nə yaxşı ki, fransızlar da bizim kimi qonaqpərvərdilər, çıxış yolunu həvəslə göstərdilər. Napoleon Bonapartdan yadigar qalan Zəfər tağına baxanda, fransız xalqının heç də bütün günü kef eləmədiyini, məğlubiyyətlərinə rəğmən sınmadığını düşündüm.
Zəfər tağıdan ayrılıb Yelisey çöllərinə çıxdıq. Bura bizim dillə desək, Parisin «Tarqovaya» küçəsidir. Prospekt boyu gəzəndə Nüşabə xanım Parisə ilk səfərini, Vaqif müəllimlə hər axşam Yelisey çöllərində gəzdiyini xatırladı.
Nüşabə xanım Yelisey çöllərində çox gəzə bilmədi, xatirələrini götürüb taksiylə otelə qayıtdı. Biz isə Parislə təkbətək qaldıq.
Şairin fotoapatını işə saldım. Xatirələri çəkdim. Bu həmin gün idi ki, şair 78 il əvvəl dünyaya gəlmişdi. Gəlmişdi ki, bir gün təbəssüm olsun, Allaha dua yerinə şeir oxusun...
Monmartr təpəsi
Monmartra gedən yol dualardan başlayır. Uzaqdan görünən Sakre-kör kilsəsinə can atmaqı üçün gərək saysız-hesabsız pilləkənləri qət edəsən. Amma müasir texnologiya dualara gedən yolu da asanlaşdırdığına görə, funiklyorla iki dəqiqəyə Monmartr təpəsinə qalxdıq. Yol boyu ağlıma qəribə bir fikir gəldi. Düşündüm ki, günahlar Sakre-kör kilsəsində, mədələr isə Monmartr kafelərində yuyulur.
Məşhur Tertr meydanına daxil olduq. Düzü, inana bilmirdim ki, Vinsent van Qoqun, Amadeo Madilyaninin, Pol Qoqenin, Ogüst Renuarın, Pol Sezannın, Salvador Dalinin, Pablo Pikassonun, Kamil Pissarronun, Emil Zolyanın, Dalidanın və daha neçə-neçə sənət adamlarının sevimli məkanına gəlmişəm. “Dörd gözüm” səkkiz olmuşdu. Elə bilirdim hərəsi bir tərəfdən çıxacaq. Hətta Pikassonun eynisini görəndə şaşırdım. Fikirləşdim ki, yəqin oxşarı olaraq şəkil çəkdirib pul qazanır. Bir az ona diqqət yetirəndən sonra satıcı olduğunun fərqinə vardım. O, rəsm əsərlərin reproduksiyalarını satırdı.
Hava qarışdığına görə küçə rəssamlarının çəkdikləri yerində dinc dayanmırdı. Bununla belə onlar pastelləri qarşılarına töküb portret yaradırdılar. Mənsə çox sevdiyim Salvador Dalinin sərgisinə getmək üçün kafelərdən küçəni soruşurdum. Ünvanı asanlıqla tapdım. Çünki Monmartr o qədər də böyük yer deyil. Dalini «görəndə» sevinsəm də, bu o qədər də uzun çəkmədi. Çünki həmin günü Fransada dini bayrama görə qeyri-iş günü olduğundan sərgi də işləmirdi. Kafelərə baxa-baxa Dalini və dini düşündüm...
Söz içində kafe
Monmartrın kafeləri o qədər yaxındır ki, müştərilərin təbəssümü, xoşbəxtliyi, şərab qoxuları bir-birinə qarışırdı. Al qırmızıya boyanan «Piano bar» kafesini görəndə Patrisia Kaası, onun blyüz ifalarını xatırladım. Çünki müğənninin həmin adda CD-si var və onu smartfonuma yükləyib, sayını itirdiyim qədər dinləmişəm. Elə bil hansısa qüvvə məni maqnit kimi içəri çəkdi. Yarı qaranlıq kafedə hərfin hərflə, sözün sözlə, cümlənin cümləylə qol-boyun olduğunu görəndə anladım ki, məni bura çəkən qüvvə elə söz imiş. Tavanda yazılmış bir cümlə diqqətimi çəkdi: «Live fast, die hard», yəni ki, həyatını yüngül sür, onsuz da çətin öləcəksən.
Yüküm söz olduğundan mən də «Piano bar»ı sözsüz qoymadım. Vaqif Səmədoğlunun fransız dilinə tərcümə olunmuş şeirlər toplusunun bir neçə nüsxəsini götürüb, kafedəki sözlərə qonşu etdim. Kafedə «qalan» şeirlərdən biri bu idi:
Bir gözəl qadının
yanından ötdüm,
dayanmadım.
Bir gözəl nəğmə oxuyurdum,
dayanmadım.
Bir gözəl dünyanın
içində yaşayırdım.
Dayanmadım...
Şairin doğum gününü Monmartda beləcə qeyd etdim...
Yetim qalmış şəhər
Gecə xeyli keçəndən sonra, qaldığım evə qayıtdım. Evdə ölüm sükutu vardı. Eyvana çıxdım. Hava soyuq və səssiz idi. Üzbəüz pəncərələrdən tək-tük işıq yanırdı. Yeddinci mərtəbədən aşağı boylandım. Heç küçələrdə avtomobillərini «çığırdan» avtoşlar, hürüşən itlər, miyoldaşan pişiklər də yox idi. Mənə bir anlıq elə gəldi ki, Paris yetim qalıb. Axı bilirəm, şəhərin kimsəsiz qalması çətin olur.
Elə bunu düşündüyüm anda göy guruldadı, şimşək çaxdı. Demək ki, yanılmışam. Paris heç də kimsəsiz deyildi, şimşəyi, ildırımı, yağışı vardı.
Yağış özünü pəncərələrə verdi, dibçəklərdəki gülləri suladı, küçələri yudu...
Bir gün təbəssüm olan şair
Səhəri günü yağış yenə Parisi tək qoymadı. Günəş verilişlərdəki reklam fasiləsi kimi iki-üç dəqiqə müddətinə hər yarım saatdan bir çıxdı. Nüşabə xanım söylədi ki, bu Vaqif müəllimin xoşladığı havadı. Demək ki, şairin yaradıcılıq gününü sevdiyi hava müşayiət edirdi.
Nüşabə xanım sakit görünsə də həyəcanlı idi. Tədbirin başlanma vaxtı yaxınlaşdıqca gərginliyi daha da artırdı. Təbii ki, o həyəcan bizdə də vardı, amma onun qədər yox.
Beləcə, Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi, Səməd Vurğun Ev Muzeyinin və Parisdə Azərbaycan Evinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Mərkəzində Vaqif Səmədoğlunun fransız dilində çıxan «Bir gün təbəssüm olmuşdum» adlı kitabının təqdimat mərasimi günü yetişdi. Şairin fotoaparatını götürüb tədbiri çəkməyə başladım.
Tədbiri Parisdə Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva açdı. O, Vaqif Səmədoğlunun Azərbaycan poeziyasındakı, mədəni-siyasi mühitindəki yerindən danışdı. Söylədi ki, şair öz yüksək intellekti, yumoru ilə avropalı deputatların da məhəbbətini qazanıb.
Sonra söz Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyova verildi. O, Vaqif Səmədoğlunun bir şəxsiyyət kimi azad düşüncəli olduğunu, hələ sovet dövründə azadlıq haqqında fikirlərini şeirlərində ifadə etməyə cəsarət tapdığını vurğuladı.
Gecədə Nüşabə Babayeva-Vəkilova ədibin poeziyasından, dramaturgiyasından danışdı, Vaqif Səmədoğlunun yaradıcılığı ilə şəxsiyyətinin bir-birini tamamladığını söylədi. O, tədbirin əsas səbəbkarını - şairin «Bir gün təbəssüm olmuşdum» adlı şeirlər toplusunu fransız dilinə tərcümə edən Aliyə Səmədovaya, kitabın redaktoru An Mari Poloya təşəkkürünü bildirdi. Aliyə Səmədova Vaqif Səmədoğlunun poeziyasındakı özüməxsusluğundan, unikallığından söz açdı, məhz buna görə də şeirlərini sevdiyini və tərcümə etdiyini dilə gətirdi.
Tədbirə Fransanın bir çox incəsənət xadimləri, şairlər, yazıçı-publisistlər, musiqiçilər qatılmışdılar. Yazıçı-publisist Jan Pyer Alali, tarixçi, şair, 25 ildən çox poeziya haqqında radio verilişin müəllifi Paskal Payen-Appenzeller Vaqif Səmədoğlu poeziyasından ürək dolusu danışdılar. Paskal Payen- Appenzeller çıxışında Vaqif Səmədoğlu yaradıcılığının dünya ədəbiyyatında geniş təcrübəyə, maraqlı və həzin dil üslubu ilə xüsusi çəkiyə malik olduğunu qeyd etdi. Bildirdi ki, şeirlərinin dili nə qədər sadədirsə, mənası o qədər dərindir və zəngin dil üslubu poeziyasının digər dillərə rahat tərcümə olunmasına imkan verir. O, növbəti verilişini şairini poeziyasına həsr edəcəyini söylədi.
Gecə Səməd Vurğunun nəticəsi Vurğun Vəkilovun konserti ilə davam etdi. Fransada musiqi təhsili alan gənc pianoçu Azərbaycan və dünya klassik bəstəkarlarının əsərlərini səsləndirdi.
Gecədə təbəssüm yalnız üzlərdə deyildi, həm də ürəklərdə idi.
Beləcə, tədbir sona çatdı. Azərbaycan Mədəniyyət Mərkəzindən ayrılanda Səməd Vurğunun Ev Muzeyinin fondu üçün gecənin afişasından və proqramından bir nüxsə götürdük.
Yol boyu hər kəsin ürəyində dərin təəssürat vardı.
Yollar uzun, yollar gödək...
Kim nə deyir desin, bütün hava limanları, dəmir yolu vağzalları, metro stansiyaları, avtobus dayanacaqları belə ayrılıqdı. Hətta tək yola düşəndə belə zamanından ayrılırsan. Parislə də «Şarl de Qoll» hava limanında ayrıldıq. O qədər yorğun idim ki, ona «Merci boku» deməyə taqətim olmadı. Amma beynim öz işində idi. Fikirləşdim ki, görəsən, Vaqif Səmədoğlunun yazılmamış şeirlərinin yuxusuna nə girir? Bir də ürəyimdə gətirdiyim Yusif Səmədoğlunun qəhrəmanlarını - Sədi Əfəndini, Şahı, Şairi, Səməndəri düşündüm. Görəsən, Şah Parisdə yaradıcılıq gecəsi keçirilən şairə baxıb, nə fikirləşdi? Ürəyimdə Kirlikiri axtardım, tapa bilmədim. O deyəsən, elə Paris Notr-Dam kilsəsində qalmışdı.
P.S. Tədbirin afişası harda qeyb oldu, bilmədik. Onu hava limanına gətirməyim dəqiq yadımdadı. Sonrasını nə mən, nə Nüşabə xanım, nə də Səməd müəllim xatırlayır. Afişa yoxa çıxdı, lap bəxt üzüyü kimi...
04 - 15 iyun, Paris-Bakı.
525.az