Uşaqlığımızın bu seriallarını heç unutmadıq...

Uşaqlığımızın bu seriallarını heç unutmadıq...
1 noyabr 2016
# 14:20

80-ci illərin sonu, 90-cı illərin əvvəllərində dəmir pərdənin qaldırılması ilə SSRİ-yə cins şalvarlar, Koka-kola, “Mercedes”, “Toyota” kimi xarici məhsullarla yanaşı seriallar da ayaq açdı. Və indi biz hər dəfə o uzaq illəri yada salanda getdiyimiz hər evdə qarşımıza çıxan, ekranlardan “bizə baxan”, düşüncəmiz üçün yeni olan o serialları da xatırlayırıq. Bəs bu seriallar hansılar idi? Kulis.az 80-90-cı illərin məşhur seriallarını təqdim edir.

“Çalıquşu”

Klişe çıxsa da deyək: Bu filmi o illərin ilk serial qaranquşu da adlandırmaq olar. Modern seriallara baxanda kiçik (cəmi 7 seriya) sayılsa da “Çalıquşu”nu unuda bilmərik. Rusiyanın birinci kanalından, rus dilində yayımlansa da ara-sıra eşitdiyimiz türkcə kəlmələrə doğma adamın səsi kimi diqqət kəsilərdik.

Süjeti? Bunu bilməyən tapılmaz. Rəşad Nuri Güntəkinin eyni adlı romanı əsasında TRT-nin 1986-cı ildə istehsal etdiyi serial SSRİ-də 1987-ci ildə birinci kanaldan nümayiş etdirildi.

“Kölə İzaura”

Sovet vətəndaşlarının baxdıqları ilk modern serial. XIX əsrin sonlarının Braziliyasından bəhs edirdi. Serialın mövzusu sevgi və azadlıq idi. Sovet vətəndaşlarını maqnit kimi televiziya qarşısına çəkən bu serildan sonra “fazenda” (6-10 sot böyüklüyündə şəhərətrafı ev) sözünü də öyrənmiş olduq.

“Varlılar da ağlayır”

SSRİ-nin birinci kanalı ilə göstərilən ikinci serial idi. Marianna-bu göygöz, buruqsaç qızı kim xatırlamır ki. Gənc qızların idolu idi, evlərimizi onun əksi olan posterlər bəzəyirdi. Pamukun “Kar”ında qızlar bu seriala baxırdılar, sonra öz həyatları ilə Mariannanın həyatı arasındakı uçurumdan hövllənib intihar yolunu tuturdular. “Varlılar da ağlayır” üçüncü dünya ölkələrində serial sənayesinin inkişafına da təkan verdi.

“Sadəcə Mariya”

“Marianna”nın ardınca Mariya gəldi. Bu sadəlövh kəndli qızı. Xuan-Karlosun aldadıb atdığı bu qız Xose-İqnasionu tək böyütsə də fələyin oyununa sinə gərir, gec-gündüz çalışıb məşhur modelyer olur. Bir də daim ona dayaq olan Viktor vardı axı.

“Santa Barbara”

Bu serial o qədər uzun çəkdi ki, onunla bağlı xalq arasında müxtəlif zarafatlar dolaşmağa başladı. Elə bilirdik heç vaxt bitməyəcək. SSRİ-nin dağılmasından sonra göstərilən ilk Amerika serialı idi. 1992-ci ildə nümayişə başlayan serial 2002-ci ilə qədər davam etdi. Serialı izləyənləri bilmirəm, amma deyəsən kanal rəhbərliyinin də səbri tükəndi, çünki 2137 seriyalı serialın yalnız 2040 seriyası nümayiş olundu.

“Tropikanka”

17 yaşlı varlı qızı Letisiya yoxsul Ramiroya aşiq olur. Onlar Ramironun kasıb balıqçı daxmasında yaşayırlar. Amma üç ay sonra Letisiya yox olur. Ramiro sevdiyi qızın onu atdığını görəndə özünü oyuncaq kimi hiss edir, sevgisini unutmağa çalışır. Sevgililər bir də 20 il sonra görüşürlər.

“Tropikankanın sirri”

“Əsl adı “Qumluqdakı qadınlar” olsa da Rusiyada “Triopikankanın sirri” kimi ekranlara çıxdı. Rud, Rakel, Markus və birdə Tonyu-lunatik. Mövzu nədir? Rakel əkiz bacısı Rudun sevgilisi Markusu aldadıb ona ərə gedir. Markus hər şeyi biləndə isə hər şey gec olur.

“Mehriban düşmən”

Bu seriala artıq Rusiya kanallarında deyil AzTV-də baxırdıq. 1997-ci ildə nümayiş olunmağa başladı. Hər yerdə “Mehriban düşmən”dən danışmırdılarmı, danışırdılar, elektrik olmayan kəndlərdə məhz seriala baxmaq üçün generator almırdılarmı, alırdılar, şagirdlər dərsdə ədəbiyyat, riyaziyyat, tarix yerinə dünənki seriyanı müzakirə etmirdilərmi, edirdilər.

Fırıldaqçı atası öləndən sonra yoxsullaşan Viktoriya və onun sevgisini qazanmaq istəyən Xulio Sesar Gerrero. Amma onların qovuşması heç də asan olmur, çünki arada Viktoriyanın bacısı Laura da var.

Deyəsən, “peycer” sözünü də ilk dəfə bu serialda eşitmişdik axı. Bir də Xulio ilə Viktoriyanın “nakleyka”larını dərs kitablarımıza, şkaflara yapışdırardıq.

“Qvadalupe”

Qvadalupe - Ah, o axsaq qız. Əvvəl heç kəsin bəyənmədiyi, amma sonra böyük bir var-dövlətin varisi olduğu öyrənəndə hamının əldə etmək istədiyi Qvadalupe. Vəkil Alfredo da vardı.

“Vəhşi mələk”

Rusiyada 1999-cu ildə nümayiş olunan bu seriala doxsanıncı illərin sonuncu da demək olar. Nataliya Orieoro da bu serialdan sonra müğənni kimi məşhurlaşdı. Daha çox gənclərin baxdığı serial idi. İlahi, bu qız İvonun başına oyun açmaqdan niyə bezib-usanmırdı?

# 4987 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #