APA.TV-nin "Müzakirə saatı" verilişində bu dəfə "Müasir Azərbaycan şeirində tendensiya və aktuallıq" mövzusunda söhbət açılıb. Verilişdə ədəbiyyatşünas, tənqidçi Cavanşir Yusifli, şairlər Zahid Sarıtorpaq, Aqşin Yenisey, Qismət, Rəbiqə Nazimqızı iştirak ediblər.
Şeirin bu gün aktuallığını itirməsinə münasibət bildirən Cavanşir Yusifli bu iddiaların yaradıcılıqda daim mövcud olduğunu deyib: "Nəsillər dəyişildikcə yaradıcılıq da yenilənir və dəyişir. Əvvəllər belə bir fikir vardı ki, şairlər çox mütaliə edəndə bu, onların yaradıcılığına mənfi təsir göstərir. Bəziləri isə əksini düşünürdülər. Amma şeir yaradıcılığın elə bir növüdür ki, texnika və forma baxımından dəyişkəndir və həmişə inkişafdadır. Yəni, bu fikirlər əsassızdır. Ümumiyyətlə götürəndə isə o adama şair deyilir ki, özünü ifadə edə bilir. Bu, çox sadə bir formuldur".
Qismət tənqidçinin fikirlərini davam etdirərək şairliyin sırf istedada bağlı bir məsələ olduğunu vurğulayıb: "Şairlik elə bir məqamdır ki, bunu kimsə qarşısına məqsəd qoymur. Mütaliə bir şairin dünyagörüşünün formalaşmasına yalnız təkan olar bilər. Şairlik həm də tale məsələsidir. Yəni, hər adama qismət olmur".
Aqşin Yenisey müasir Azərbaycan poeziyasının şair qıtlığı yaşamadığını deyib: "Amma biz bu çoxluğun içində keyfiyyətli şeir nümunələrinə az rast gəlirik. Müşahidələrimə əsasən deyə bilərəm ki, deyəsən, bizim cəmiyyətə şeir yox, şair lazımdır. Bir şair o vaxt peyda olur ki, cəmiyyətin, xalqın şüuraltısına yol açılır. Bir növ xalqın şüuraltısı ilə rabitə yaratmağa gücü çatan adamlar məhz şair kimi özlərini təsdiq edə bilirlər. Bu da məlumdur ki, şairlərin çoxunun yaradıcılığı tükənir. Çoxları bunu boynuna almır. Amma mən etiraf edirəm ki, xəstəlikdən sonra bir misra da yaza bilməmişəm".
Ədəbiyyatda nəsil qarşıdurmasından söhbət açan Zahid Sarıtorpaq ümumiyyətlə yaradıcı mühitdə bu cür münasibəti qəbul etmədiyini dilə gətirib: "Şeir ruh hadisəsidir. Bizim dövr bizdən əvvəlki nəslin qoyduğu cığırı daha da genişləndirib, növbəti nəslə ötürdü. Bizim nəslin yaradıcılığında əsas sırf azərbaycançılıq, türkçülük əqidəsi idi. Amma bədbəxtliyimiz onda oldu ki, ədəbi prosesin qızğın mərhələsi ölkədə ictimai-siyasi qarışıqlıq dövrünə təsadüf etdi. Bu da yaradıcı insanlara mənfi təsir göstərdi".
Rəbiqə Nazimqızı yaradıcılığa başladığı dövrdə özü və həmkarlarının poeziyaya mövzu baxımından sərbəstlik gətirdiyini vurğulayıb: "Düzdür, şairlərin çoxu açıq-saçıq mövzuları gündəmə gətirməklə sanki, cəsarətli olduqlarını göstərməyə, mən bunu da yazmağı bacarıram" demək istədilər. Amma şeirdə açıq-saçılıq sadəcə vasitə ola bilər, istedad göstəricisi yox. Mən də yaradıcılığımda belə mövzulara yer ayırmışam, amma bu şeirin estetik tələbatına uyğun olub. Hazırda şeirin ölmədiyi və aktuallığını itirmədiyi qənaətindəyəm. Çünki, bu yaxınlarda şairlik iddiasında olan Pünhanə İsmayılova adlı bir xanım öz şeirlər kitabına bir neçə tanınmış şairin şeirlərini də əlavə edərək, öz şeirləri kimi təqdim etmişdi. Əgər belə oğurluğa əl atırlarsa, deməli şeir hələ ölməyib".
Söhbətin tam olaraq "Müzakirə saatı"nda izləyin.