Adambaşlı itin kəndi HEKAYƏ

Adambaşlı itin kəndi HEKAYƏ
12 oktyabr 2015
# 16:30

Kulis Vüsal Nurunun “Paltarboğan kənd” hekayəsini təqdim edir.

Dəhşətli hadisə bizim kənddə olub. Məktəbin qocaman direktoru Aydın müəllim günün günorta çağı bir qolunda kəndir kələfi, bir əlində də kətil, biçilmiş taxıl zəmisinin başından keçən torpaq yolla gəlib, bu kənddən küsmüş tək-tənha nəhəng palıd ağacına çatdı. Kətili qoyub oturdu. Kəndirin ucundan tutub kələfi qarşısına atdı və pencəyinin cibindən qara paltar sabunun çıxarıb sürtə-sürtə kəndirin canına yeritdi.

Elə səliqəli ilgək düzəltdi ki, deyərdin bəs sənəti İranda öyrənib gəlib.

Boynuna salıb yoxladı, əla sürüşürdü. Öz işindən məmnun halda ayağa qalxdı. Kəndirin o biri ucunu bağlamaq üçün ağacın başına bir neçə dəfə dolanıb ürəyinə yatan budağı axtardı. Tapanda sevinsə də, nə illah elədi fırlayıb atdığı ilgək budağı aşa bilmədi.

Cırılmış topu təpikləyib tozanaq qaldıran beş-altı yeniyetmə uşaq yaxınlıqdan keçəndə əlində kəndirlə tullanıb düşən Aydın müəllimə baxıb gülüşdülər. Müəllim onları yanına çağırdı, təklif elədi ki, əgər budağa çıxıb kəndiri bağlasalar, onlara top almaq üçün pul verəcək. Uşaqlar meymun cəldliyi ilə palıda dırmaşdılar. Müəllim kətili gətirib üstünə çıxdı, kəndirin uzunluğunu boyuna görə tarazladı və kəndiri budağa bağlatdı.

Cibində nə qədər pulu qalmışdı verib, uşaqları razı yola saldı. Onlar kəklik kimi uçuşub gedəndə müəllim kətilə çıxdı, ilgəyi boğazına keçirdib sürüşdürdü və boynunun ardında bərkitdi. Şalvarını belinə dartıb səliqəyə saldı, kəmərini sıxdı, pencəyini düymələdi, qalstukunu sağa-sola çəkib yerində otuzdurdu. Əliylə saçını arxaya daraqladı, sonra barmağını diliylə isladıb qaşlarını tumarladı. Bir neçə dəfə ciyərinə kəndin havasını çəkdi. Əmin olanda ki dünyanı dəyişməyə hazırdı, ayağının ucuyla kətili arxaya itələdi...

Aradan xeyli vaxt keçmişdi, qonşu kəndin uşaqları məktəbdən çıxıb evlərinə qayıdanda müəllimi görən kimi tanıdılar. Kimin planşeti, telefonu var idisə o saat çıxarıb çəkdi, sosial şəbəkələrdə özçəkimlərini paylaşdı və bir-birlərinə göstərərək getdilər.

Çiynində səhəng aşağıdakı bulağa gedən yaşlı arvad kim idisə, müəllimi uzaqdan görən kimi tanımışdı. Çaparaq gəlib dizlərinə döydü, kətili cəsədin ayağının altından çəkib oturdu, vaysına bildikcə vaysındı, ağı dedi, Aydın müəllimi əməlinə görə xeyli danladı, danladı, ürəyini boşaltdı, sonra durub kətili də götürüb zəmanəyə qarğıya-qarğıya getdi.

Örüşün qayıdan vaxtı idi. Qoyunlar palıdın altına sürüylə doluşdular. Bəziləri müəllimin ayaqlarını, hələ üstünü qat kəsməmiş ayaqqabılarını iyləməyə də fürəst tapdı. Çoban qoyunları qovub əliylə müəllimin üst başını axtardı. Onun ayaqqabılarını çıxarıb öz qaloşları ilə dəyişdi. Sonra müəllimin çorabından köynəyinə qədər soyundurdu. Paltarları pencəyin içinə yığıb qollarını bir-birinə düyünlədi, öz qaloşlarının hər tayını pencəyin bir cibinə dürtdü və pençək-boxçanı çomağının ucuna keçirdib çiyninə atdı. Qoyunları üzü kəndə tərəf arın-arxayın haylayaraq uzaqlaşdı.

Gün batana yaxın boş bidonlarla dolu bir eşşək arabası yolunu dəyişib ağacın altına girdi. İki kişi tullanıb yerə düşdü. Müəllimi tanımışdılar deyə heyrətdən, təəccübdən bir-birlərinə yersiz suallar verirdilər. Tuman köynəkdə qalmış Aydın müəllimə baxıb yanıb-yaxılırdılar.

Birdən ağıllarına gəldi... Bidonları yerə boşaltdılar. Daşqanı çəsədin altına çəkdilər, biri onu dizlərindən qucaqlayıb qaldırdı, o biri ilgəyi cəsədin boynundan çıxardı. Əvvəl arabaya uzandırdılar, sonra sürüyüb yerə qoydular. Nisbətən cavan olan ağaca dırmaşıb kəndiri açdı. Yerdəki eşşəyin çürümüş və düyün-düyün olmuş noxtasını çıxardıb təzə kəndiri hörmələdi, artığını kəsdi və yerdəki bidonları yerinə yığıb onları bir-birinə bağladı ki, yırğalanıb danqıldamasın.

Uşaqlar təzə aldıqları topu təpikləyə-təpikləyə qayıdanda onların arxasına düşmüş küçük hər yerə burnunu soxub iyləyə-iyləyə gəlib cəsədi tapdı.

Uşaqlar onu nə qədər fitləsələr də, küçük müəllimdən əl çəkmədi, oturub başını onun qarnına qoydu və qara muncuq gözləriylə işıqları çıraqban kəndə baxdı...

Həmin küçük böyüyüb it olub, gecələr peyda olur, ulayır, camaatın evindən hər gün bir meyit çıxarır. Odur ki, pal-paltar kəndi basıb, evlərin qapılarından, pəncərələrindən qıcqırıb yollara dağılıb, hətta şalvar balaqları, köynək, pencək qolları adamların ayağına, boynuna ilan kimi dolaşır, toran qovuşanda yollardan təkbaşına keçmək olmur, elə bil paltarlar oyanıb adamlara çumur.

Təsadüfən görənlər deyirlər ki, bəlanı gətirmiş o itin başının yerində Aydın müəllimin başıdı. Səhərə qədər kəndin sağ qalmış əlisilahlı kişiləri keşik çəkir, tapıb tuta bilmirlər ki, güllələsinlər. Camaat əmindir ki, əgər o adambaşlı iti öldürsələr, qara bulud dağılanda günəşli səma necə açılırsa, paltarlar da elə qəfil qeyb olacaq və kənd aydınlığa çıxacaq.

İndi mən də o adambaşlı iti görmək üçün əli tüfəngli kişilərlə kəndi dolaşmağa gedirəm...

# 1171 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #