Kulis.az gənc yazar Xan Abdullanın “Çürük diş” hekayəsini təqdim edir.
Bəzən, anama nifrət edirəm. Buna görə vicdan əzabı çəksəm də, hisslərimə qarşı gələ bilmirəm. Bəzən də, onu qucaqlayıb saatlarla ağlayıram, üz-gözünü dəfələlə öpürəm. Yəqin ki, o mənim kim olduğumu və nə etdiyimi anlamır. Bəlkə də, anlayır, dəqiq bilmirəm. Anam ruhi xəstədi, həm də ayaqları yoxdu, yataqdan qalxa bilmir. Gününü gözlərini tavana zilləyib nəsə pıçıldayıb, səssizcə gülərək keçirir. Nə pıçıldamağı, kimə və yaxud nəyə güldüyü mənə həmişə maraqlı olub. Özünə də dəfələrlə sual vermişəm:
- Axı nəyə gülürsən? Gülməli nə var?
Cavab verməyib. Üzündən əsgik olmayan gic təbəssümü ilə bir müddət üzümə baxıb və yenə pıqqıldayaraq gülüb. Heç zaman cavab almayacağıma əmin olduğum gündən bəri bu sualı ona vermirəm.
Anam çox az danışır. Nitqi isə bir sözdən artıq olmur.
- Su... Dərman... Yemək... Batırdım...
Körpə uşaqlar kimi “r” səsi yerinə “y” səsi işlədir və hər sözün sonuna qırıq bir gülüş yapışdırır. Lakin, nədənsə “batırdım” sözünü deyəndə qəhqəhə çəkir. Heç zaman tualetə istəyini bildirmir, bildirsə mənim üçün də rahat olar. Bunu dəfələrlə ona başa salmışam, acılamışam, söymüşəm, hətta bir dəfə özümdən çıxıb qarnına yumruq da vurmuşam. O isə bir az ufuldayıb və yenə gülməyə davam edib.
O hər dəfə “batırdım” deyib qəhqəhə çəkəndə məni ağlamaq tutur. Çünki anamın naməhrəm yerlərini görməyə, onlara toxunmağa məcbur oluram. Nəcisini yuyuram. Nədənsə bu işi edəndə ilk dəfə edirmiş kimi, anamın əzalarına ilk dəfə toxunurmuş, ilk dəfə görürmüş kimi, o kəsif qoxunu ilk dəfə duyurmuş kimi hiss edirəm. O qıdıqlanırmış kimi qəhqəhələr çəkir, mən isə ağlaya-ağlaya işimi tezcə sonlandırmağa çalışıram. Bitirdikdən sonra o yenə uzanıb tavana baxır, mən isə əlimi yumağa gedirəm. Nədənsə anamı yuduqdan sonra əlimə baxa bilmirəm. İyrənirəm. Ümumiyyətlə, həyatımın özü də mənə iyrənc görünür. Günümü evdə keçirirəm, heç bir işlə məşğul olmuram, heç bir dostum yoxdu, həyatımda maraqlı heç nə yoxdu. Monotonluq, can sıxıntısı, bədbinlik, yalnızlıq və ən əsas da anamın gülüş səsləri bəzən məni intihar həddinə çatdırır. İntihar, bəlkə də, mənim üçün xilas olar. Bu həyatdan canımı qurtarmaq üçün canımdan keçməyə hazıram. Lakin, anam öz əcəli ilə ölməyənə qədər buna haqqım yoxdu. Mənə nəsə olsa o, uzağı bir həftə yaşayacaq. Mən isə onun yaşamasını istəyirəm. Çünki, həyatda ondan başqa sevməyə, nifrət etməyə, danlamağa, qucaqlayıb ağlama, bəzən gülüşündən əzab çekməyə heç kimim yoxdu.
O, mənim anamdı. Mənim onun üçün etdiklərimi o da nə zamansa mənim üçün edib və yəqin ki, mənim kimi şikayətlənməyib. Sevinc duyub. Mən nə qədər onun üçün əziyyət çəksəm də, ona olan borcumu qaytara bilməyəcəm. Belə fikirlərlə özümü ovutmağa, bədbəxtliyimi və öhdəliklərimdən duyduğum mənəvi ağrını suvamağa çalışıram. İşə yarayır.
Bəzən də, dəli olmaq həddinə çatıram. Evin ortasında yüksəkdən ağzıma gələn söyüşləri söyməyə başlayıram. Həyatıma, məni bu həyata gətirdiyi üçün anama, avtomobillə qəza törədib kiçik bacımı və özünü öldürən, məni sağ qolumdan, anamı da ayaqlarından və ağlından, ailəmizi isə xoşbəxtliyimizdən məhrum etdiyi üçün atama və bunların hamısı üçün allaha. Ən çox da allaha söyürəm. Baxmayaraq ki, artıq ona inanmıram, ancaq söymək az da insanı olsa rahatladır. Anam isə tavana baxıb gülür.
Anam öz dünyasındadı, heç nə anlamır, heç nə vecinə deyil. Heç nəyi dərk etmir. Heç bilmir mən kiməm, nəçiyəm. Bəlkə də, ağlı kəssəydi o da mənim kimi ölmək istəyərdi. Dəli olduğu üçün anama paxıllığım tutur. O məndən min dəfə çox xoşbəxtdir.
Anamın və mənim əlilliyə görə aldığımız müavinətlərlə yaşayırıq. Özümün də çox şanslı olduğumu düşünürəm. Əgər qəzada qolumu itirdiyim üçün müavinət ala bilməsəydim, acından öləcəkdik. Onsuz da, anamı tək qoyub işləyə bilməyəcəkdim.
Qəzadan dörd ildən çox zaman keçib. O zaman mənim on yeddi, kiçik bacımın isə on bir yaşı var idi. Uzaq bir qohumun toyundan evə qayıdarkən yolda qəzaya uğradıq. Alçaq atam içmişdi. Ona həmişə nifrət etmişəm, indi də nifrət edirəm. Hadisəni anbaan yaşadım. Huşumu çox gec itirdim. Dəmirin qolumun qabağından girib arxasından çıxmasını , atamın yerə tökülmüş beynini, bacımın qırılmış dişlərini və ağzından bulaq kimi tökülən qanı görsəm də anamı görmədim. Var gücümlə “Əsmər” deyə bağırdım. Bu anamın adıdı. Özümə də maraqlıdı, niyə o an “ana” yox, “Əsmər” deyə bağırmışdım.
Sonra huşumu itirdim. Oyanandım. Xəstəxanada idim. Bu dəfə “ana” deyə qışqırdım. Dedilər ki, anan sağdı, atan və bacın ölüb. Əlimin kəsildiyini biləndə də reaksiya verə bilmədim. Bu şəhadət və baş barmağını itirmiş adamın sonradan kiçik barmağını da itirməsini öyrənməyinə bənzəyirdi. Daha sonra isə anamın ağlını itirdiyini və ayaqlarının kəsildiyini öyrəndim. Barmaqlarımdan birini də itirdim.
Həyatım yönünü dəyişdi. O qəzada təkcə atamı, anamı, bacımı, əlimi itirmədim. Arzularımı, planlarımı, xəyallarımı, həyat sevgimi, uşaqlığımı zibil qutusuna atdım. Dünyam da zibil qutusu qədər kiçildi və iyrəncləşdi. Məncə, bədbəxt doğulanların acısı, sonradan bədbəxt olanların acısından çox daha azdı. Kor doğulan heç zaman sonradan kor olmuş adam kimi görməyi arzulaya bilməz.
Bütün günahlar atamdadı. Alçaq oğlu alçaq. O lənətə gəlmiş içkini içməsəydi biz yenə də xoşbəxt yaşayırdıq. Bacım yenə sevdiyim qızlarla maraqlanacaqdı, anam dadlı yeməklər bişirəcəkdi, məni əzizləyəcək, saçlarımdan öpəcəkdi. Saçlarımdan öpməyi çox sevirdi. Bəlkə indi də sevir, ancaq özü bunu bilmir.
Görəsən içkini hansı vicdansız kəşf edib? Görəsən, neçə adam bu murdar mayeyə görə canını, sağlamlığını, ailəsini itirib, neçə adamı bədbəxt edib?
Xəyal qururdum ki, universitetə qəbul olaram. Ədəbiyyatı çox sevirdim. Yaxşı oxuyurdum. Piano çala bilirdim. Aytəni sevirdim. İndi sevmirəm, özümə sığışdırmıram, layiq bilmirəm. Necə də gözəl idi. Necə də gözəl gülürdü. Hətta ona şeirlər də yazırdım. Qəzanın sabahı günü sevgimi etiraf edəcəkdim...
Dörd ildir ki, həyatım nəcis qoxan evimizdə kitab oxumaq, yemək yemək, anamı yedirmək, yuyundurmaqdan ibarətdi. Kitab oxumağı uşaqlıqdan çox sevmişəm. Evdən ancaq bankomatdan müavinət, marketdən ərzaq və kitabxanadan kitab almaq üçün çıxıram. Evdən çıxanda özümü sudan çıxmış balıq kimi hiss edirəm. Nimdaş paltarlarımdan və şikəstliyimdən utanıram. Köhnə dostlarımı, tanışlarımı görəndə yolumu dəyişirəm. Kimsə mənə acıyırmış kimi baxanda əsəbimdən az qalıram həmin adamın üstünə atılım.
Küçəmizdə bir it var, adına Topuş deyirlər. Çox qocadı, dişləri çürüyüb, tükləri tökülüb, pəncəsinin arxasında da qaz yumurtası boyda şiş var. Gəzəndə ayağına dolaşır. Bir də görürsən, uşaqlar quyruğuna konserv qutusu bağlayıblar. Yazıq it qaçdıqca çıxan səsdən ürküb daha da bərk qaçır, ayağı o biri ayağındakı yekə şişə ilişib yıxılır, acıqlı səslə zingildəyir. Ya da görürsən bir neçə uşaq Topuşu tutub, əllərindəki bağban qayçısı ilə itin qulağını kəsirlər. Ümumiyyətlə uşaqlar qəddar olur. Məni görəndə də arxamca söz atırlar, fikir verməməyə çalışıram. Topuş hər gecə hürür, pəncərədən onun hürməyini izləmək xoşuma gəlir. Yağan yağışa, qara, ulduzlara hürür. Axmaq it, qocalıb bu yaşa çatıb hələ də anlamır ki, qara, yağışa, ulduzlara hürməklə deyil. Onsuz da qar yağacaq, ulduzlar parlayacaq.
Bir həftə qabaq marketə gedəndə gördüm ki, Topuş yerdə uzanıb can verir. Qarnından yaralanıb. İz bıçaq izinə oxşayır. Bəlkə də silahla vurublar. Bizim məhəllədə ovçular çoxdu. Yəqin kimsə maraq xatirinə vurub. Bəlkə də özünün günahıdı, yemək üçün harasa soxulanda olub. Qarnına da üç küçük soxulub döşlərindən süd əmir.
Hava toranlaşırdı və bir saata yaxın can verən Topuşu və küçükləri seyr edirdim. Topuş öldü, küçüklər də analarının döşlərindən süd yox qan gəldiyini görəndə əmməyi dayandırdılar. Analarının ağzının qıraqlarını və çürümüş dişlərini yalamağa başladılar. Yağış yağırdı. Küçüklərdən ən çox xoşuma gələni qucağıma götürdüm, erkək idi. Sonra onu yerə qoyub ən çirkinlərini götürdüm. Küçük də olsa istəmədim ona qarşı görünüşünə görə ayrıseçkilik olunsun. Talelərimiz də demək olar ki, çox bənzəyirdi. Adını Zevs qoydum. Evə apardım. Düşündüm ki, mənlə dostluq edər, həyatıma rəng qatar...
Sabahı gün kitabxanadan qayıdanda gördüm ki, anam qəhqəhə çəkib gülür və üzündə it nəcisi var. Ev də alt-üst olub. Anam güldükcə də nəcis tərpənir və dodaqlarına dəyir. Kitabları yerə atıb dəli kimi küçüyü axtarmağa başladım, çarpayının altından tapdım və çölə çıxıb var gücümlə divara çırpdım. İtdən tükürpədici səs çıxdı və öldü. Evə qayıdanda gördüm ki, anam nəcisi saçlarına yaxıb. Əvvəl anamı sonra özümü öldürmək istədim. Amma fikrimdən daşındım, oturub axşama kimi anamın gülüş sədaları altında hönkür-hönkür ağladım. Sabah isə hər şey qaldığı yerdən davam etməyə başladı.
Yaşamağım Topuşun ulduzlara hürməyinə bənzəyir. Nə olacaq, necə olacaq bilmirəm. Bəlkə də, gün gələcək bezib anamı da, özümü də öldürəcəm. Hər şeyin günahkarı şərəfsiz atamdı...