Ağzı köpüklü kişilər və rus qadınları

Ağzı köpüklü kişilər və rus qadınları
7 aprel 2015
# 13:15

Bir müddət bundan əvvəl “Facebook”da dostluğumda olan oğlanlardan biri rus qızlarının ünvanına tərif dolu bir status yazmışdı.

Status belə idi: “Rus qızları bizim qızlardan daha üstündür: sarışın, intellektual, mehriban, səxavətli və anlayışlı”.

Digər insanların da bu statusa münasibəti mənə maraqlı olduğu üçün şərhlərə nəzər saldım; kişilər statusun müəllifi ilə həmrəy idilər, qadınlar isə əksinə.

Hətta bir xanım daha da irəli gedib “ana-bacı” söhbəti edərək statusun müəllifinə onun anasının hansı millətdən olduğunu xatırlatdı və bu halda da şərh yazan digər kişilər xanıma irad bildirdilər.

Rus qadınları hər zaman və hər yerdə diqqət mərkəzində olublar. Tarixdə, ədəbiyyatda bunun nümunələri çoxdur.

Azərbaycanda rus qadını və azərbaycanlı qadın hər zaman əzəli rəqiblərdir.

Hətta nəinki Azərbaycanda, eləcə də bütün dünyada rus qadınına bir çox kişilər rəğbət duyur, qadınlar isə səmimi qəlbdən nifrət edir.

Dünyanı qoyaq bir kənara, gələk Azərbaycana. Bizim qadınların böyük hissəsinin rus qadınlarına nifrətinin əsas səbəbi kişilərinin əllərindən alınma qorxusundan irəli gəlir. Bu lap çoxdan belədir.

Yəqin ki, bu praktika hər birimizin evində, qohumunda və ya qonşulunda yaşanıb;

Kişilər cavan yaşlarında daha yaxşı həyata görə yollanırlar Rusiya torpaqlarına, işləyirlər, zəhmət çəkirlər, evə pul yollayırlar, ya da evlənmək üçün pul yığırlar.

Qürbətin soyuq gecələrində isə onları rus qadını isidir. Bir çoxu ilk seksual təcrübələrini də orda yaşayır.

Hə, qayıdaq yuxarıda bəhs etdiyim statusa. Nə gizlədim, bir Azərbaycan qadını mənə kimi bir az pis gəldi. Bu barədə kiçik bir sorğu keçirmək qərarına gəldim.

“Facebook” profilimdəki dostlarımızdan rus qadınıyla Azərbaycan qadını arasındakı fərqi və kişilərimizin rus qadınlarına simpatiyasının səbəbini soruşdum.

Cavablardan belə məlum oldu ki, rus qadınları sərbəst, rahat və cazibəlidirlər. Kişilərə anlayışa yanaşırlar, seksual cəhətdən təcrübəlidirlər.

Rus qadını ilə məclisə də gedirsən, teatra da. Rus qadını qonaqlıqlarda ərinin yanında oturur, bizim xanımlar kimi mətbəxdə gizlənmir.

Rus qadını özünə hörmət edir.

Rus qadını kişiyə bankomat kimi baxmır.

Rus qadını ehtiraslıdır...

Rus qadının ünvanına gələn tərifləri saymaqla bitirmək olmur. Hətta acınacaqlı hal odur ki, rus qadınlarının üstünlüyünü bizim qadınlar da etiraf edirdilər. Bir dostuma sual verdim ki, həyatında rus qadını olubmu? Dedi ki, olub. Bizim qadınlardan fərqini soruşduqda o belə dedi: “Deyirdi-gülürdü, sual vermirdi, eləcə anı yaşayırdı. Adı Natali idi”.

Kişilərimizin Azərbaycan qadınları haqqında da fikirləri üst-üstə düşür: kobuddurlar, səmimi deyillər, fikirləri ərə getməkdi, bir uşaq doğandan sonra özlərinə diqqət yetirmirlər, seksual təcrübələri sıfırdı, və s. və i.a.

Düşünürsünüz kli, Azərbaycan qadını rus qadını kimi sərbəst, rahat ola bilməz?

Ola bilər.

Azərbaycan qadınının ehtirası azdırmı?

Xeyr.

Azərbaycan qadınını sərbəst, rahat, intellektual, seksual cəhətdən təcrübəli olmağa qoymayan kimdi?

Kişisi.

Deməli nəticə olaraq belə qərara gəlmək olar ki, rus qadınına yenilməyimizdə əsas səbəbkar kişilərdi.

Azərbaycan qadını sərbəst, rahat ola bilmir, özünü inkişaf etdirə bilmir, çünki kişilərimizin əksəriyyətinə belə qadın lazım deyil.

Bizimkilərə itaətkar və dözümlü qadın lazımdır.

Azərbaycan qadını baxımlı və gözəl olmaqdan qorxur, çünki baxımlı və gözəl olmaq qadın üçün əlavə narahatlıqdı.

Ona görə ki, azmış 4 gədə o qadını qaçırdıb zorlayanda “gunah zorlanandadı” deyirlər.

Bizim qadınları çox az şeylərə görə günahlandırmaq olar. Amma ən azından özlərinə diqqət etməli və kişidən asılı olmamalıdırlar ki, sabah onu döyən, alçaldan və başqa məşuqəylə əzən kişini rahatlıqla tərk edib öz ayaqları üstə dura bilsinlər.

Bu gün ağzı köpüklənərək rus qadınına tərif yağdıran, əylənməyə rus qadını axtaran kişilər evlənməyə gələndə orta məktəbi təzə bitirmiş bakirə azərbaycanlı qızı axtaracaqlar.

Çünki Azərbaycan qadını dözümlü və fədakardır.

# 7464 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #