İntihar edənlərin qatili kimdir?  

İntihar edənlərin qatili kimdir?  
1 mart 2016
# 11:40

Aydın Xan

Amid Əlioğlu bədii söz sənətimizdə ən yeni ədəbi nəslin maraqlı nümayəndəsi olaraq klassik ədəbi-estetik texnologiyalar ilə çağdaş virtual – İnternet, yaxud şəbəkə ədəbiyyatının sərhədində özünə prozaik cığır açan gənc yazarımızdandır. Bir kulturoloji yazımda da göstərdiyim kimi, XX əsr və XXI əsrin ilk əvəli Azərbaycan ədəbiyyatının tanınmış imza sahiblərinin yaratdıqlarına geniş mənada nəzər salıb təsnifatlandırsaq, bu ədəbi nəslin üzvlərini “virtualist”lər adlandırmaq mümkündür.

“Ədəbiyyatımızın inkişafında “klassiklər-mühafizəkarlar” (M.Hadi, H.Cavid ...) “mollanəsrəddinçilər” (Mirzə Cəlil, M.Ə.Sabir...), “romantiklər” (A.Şaiq, Ə.Cavad, M.Müşfiq...), “yenilikçilər” (S.Rüstəm, M.Cəlal, S.Rəhimov...), “ənənəçilər” (Ə.Vahid kimi Şərq poetik-estetik texnologiyalarına üstünlük verən əruz-qəzəlçilər...), “sosrealistlər” (M.İbrahimov, S.Vurğun, M.Rahim...), “əllincilər” (İ.Hüseynov- Muğanna, İ.Əfəndiyev...), “modernistlər” (R.Rza, Ə.Kərim...), “altmışıncılar” (Anar, Elçin, V.Səmədoğlu, Fikrət Qoca...), yetmişincilər (R.Rövşən, M.İsmayıl, Z.Yaqub, M.Süleymanlı...), “səksənincilər” (S.Rüstəmxanlı, Z.Yaqub, V.B.Odər, R.Behrudi, A.Həsənli, A.Cəmil...), “doxsanıncılar” (O.Fikrətoğlu, M.Cəfərli, M.Köhnəqala, R.Tağı, Kəramət, E.Hüseynbəyli...), “postmodernistlər” (R.Qaraca, H.Herisçi, A.Yaşar...), “ikiminincilər” (özüm də daxil olmaqla, S.Babullaoğlu, G.Anarqızı, Ə.Qoşalı, Q.Ağsəs, İ.Fəhmi, Z.Əzəmət, Aqşin...), “ən yeni – virtualistlər” (Ə.Əlioğlu, Qismət, Fərid...) kimi ədəbi nəslin nümayəndələri yaradıcılıq uğurlarıyla fəal iştirak ediblər...”

Baxın, bu mənada Amid Əlioğlunun da daxil olduğu “virtualist”lər estetik qrupu – gənc kreativ nəsilin nümayədələri özlərinin rəngarəng, sintetik yaradıcılıq axtarışlarıyla bədii söz sənətimizə tamam fərqli bir estetik-realistik hava gətirməkdədirlər. Öz fərdi yaradıcılıqlarında real həyatın virtual formasının sürətli gəlişmələrini – zəmanənin diktəsindən irəli gələn konkretlik, eyni zamanda, əhatəli informativ məlumatlılıq, kəskin kreativ-ədəbi trendlər yaratmaq kimi cəhətləri ilə seçilən “virtualist”lərin, eləcə də A.Əlioğlunun İnternetdən – şəbəkə ədəbiyyatından klassik bədii söz sənətinin həzin romantizminə, estetik gözəlliyinə, yaradıcılıq əlvanlığına, düşüncə obrazlılığına, bənzərsiz müəllif dəst-xəttinə, bir sözlə, keçmiş bədii texnikaya qayıdandan sonra “oralarda” yubanmadan, tez onu adlamaqla geri dönmək bacarığına heyran qalmamaq, sadəcə, mümkün deyil...

Amid Əlioğlunu da sadaladığım cəhətlərinə görə oxucularını heyrətləndirməklə ədəbi prosesə yeni rəng qatmaq istəyən bu fərqli ədəbi nəslin çılğın kreativlərindən saymaq mümkündür. Bu istedadlı gənc qələm sahibi şeirləri, hekayələri, miniatürləri, fəlsəfi pritçaları, sosial şəbəkələrdəki fikirləri, status və publistik yazılarıyla imzasını təsdiqləməyə çalışdığı bir vaxtda qəfildən maraqlı bir irihəcmli bədii nəsr əsərini ədəbi gündəmə gətirir: nə qədər sakit görünsə də, bir o qədər də iddialı, söz sənətində, ədəbi-mədəni prosesdə “mən də varam” əzmiylə.

Boynuma alıram ki, uzun müddət bədii yaradıcılıqla məşğul olanbir şəxs kimi, şəxsən mən belə “ədəbi risk”ə getməzdim. Axı ən yeni ədəbiyyatda da sənət “bəxti” hər kəsin üzünə asanca “gülmür”, ədəbi mühitimizdəki mürəkkəb proseslər, söz sənəti camiyəmizdəki qruplaşmalar, dəstəbazlıq, “xəttə düşmək” kimi incə tərəflər ən istedadlı yazıçının belə əksər hallarda kölgədə qoya, arxaya ata bilər. Zatən tarix boyu, elə indinin özündə də böyük ədəbiyyatda, dünya ədəbi-kulturoloji proseslərində sadalanan cəhətlər hökmranlıq edib...

Gənc nasirin oxuculara təqdim olunan “İntihar edənlərin qatili...” ilk ənənəvi – kağız kitabındakı (bayaq da qeyd etdiyim kimi, ən yeni nəslin nümayəndələri öz əsərlərini əksər hallarda heç “mürəkkəbi qurumamış”, yaxud indiki dövrlə ifadə etsək, kompyüterə yığılandan sonra müəllif tərəfindən ikinici dəfə oxunub redaktə - korrektə etməmiş İnternet saytlarına, sosial şəbəkələrə, bloqlarında yerləşdirirlər...) eyniadlı modern-virtual əsərini romaniçi hekayələr də saymaq mümkündür, eyni zamanda, bir qəhrəman ətrafında baş verən hadisələrin magik proza formasında, vahid şüur axınına tabe edilmiş ziqzaqvari süjet xəttinə malik roman da. Maraqlıdır ki, həmyaşıd yazarlara rəğmən, A.Əlioğlu bu əsəri araya-ərsəyə çıxarana qədər qəribə bir “art-PR” aksiyası keçirdi: romanını gizli şəkildə qələmə aldı, haqqında nə ənənəvi mətbuatda, nə ədəbi mühitdə, nə İnternetdə, nə də sosial şəbəkələrdə bu barədə səs-küylü açıqlamalar yaydı. Feysbukprofilində romandan bəzi qısa fikirlər və balaca parçalarla elektron dostlarını, virtual oxucularını və izləyicilərini, bir də mənim kimi yaxın tanışlarını intizarda saxlamağı bacarmaqla, əslində Qərb ölkələrindəki iri nəşriyyat-satış şəbəkələrinin “reklam” texnologiyalarının bir sıra cəhətlərini ədəbi prosesimizə gətirmiş oldu...

“İntihar edənlərin qatili...” əsərində gənc nasir oxucunun marağı, bir az da irəli gedib belə demək mümkünsə, psixo-art əhvalıyla qəribə - magik üslubu, axıcı - rəvan dili, mətndaxili gedişatla, real həyatın dibindən gələn mistik hadisələrlə heyrətləndirməyi bacarıb. Ayrı-ayrı fəsillərə bölünən, eyni qəhrəmanın müxtəlif situasiyalarda başına gələnlər fonunda oxucularına son illərin real və bir qədər də i-real görünən hadisələrini nəql edən müəllif daha çox cəmiyyət ilə fərd arasındakı əzəli münaqişələrə diqqəti yönəltməyə çalışır. Bu isə öz növbəsində, əsərin daha canlı edir, təsvir olunanların real həyata bağlayan tərəfləri ilə oxucunu düşünməyə vadar edir...

Əsər səkkiz intihar hadisəsinin dolaşıq, mistik ensiklopediyası kimi də oxuna bilər, eyni zamanda bir şəxsin həyatla bağlı çarpışmalarının, düşüncələrinin toplusu kimi də. Öz içində əsl sivil, mədəni insan ruhu yetişdrən zəmanəmizin insanına hər cür əclaflıqlar, yalanlar, saxtakarlıqlarla dolu həyatda yaşamaq asan başa gəlmir. Baş qəhrəmanın – Azərin öz daxilindəki romantika, saflıq, insanlara sevgi ilə ətrafdakı reallıqların acı həqiqətləri toqquşanda intiharlar baş verir: insanların, zamanın, dünyanın və şəxsiyyətin intiharı. Həyata möcüzə, sirr kimi baxmaq ayrı bir məsələdir, ətraf mühitin, cəmiyyətin sıxışdırdığı, anlamaq iqtidarında olmadığı fərdin son mübarizə vasitəsi intihardır, elə bir həyati silah ki, ondan yalnız bircə dəfə yararlanmaqla ömrünə də son qoymaq olar, cəmiyyətdən də intiqam almaq mümkündür...

Müəllifin təbirincə ifadə etsəm, “...özünü onların yerinə qoymaqla, səkkiz dəfə qəlbən, doqquzuncu dəfə isə az qala, cismən öləcəkdi...” Eyni zamanda yazıçı u əsəri ilə cəmiyyətimizə, ətrafdakılara sərt ismarıclarını da ünvanlayır: fərdi hərtərəfli sıxmaqla, hansısa sahədə fitri istedadı olan şəxsi hamıya – kütləyə qatmaqla dünyanın sonunu yaxınlaşdırmaq nəyə lazımdır?!.

...XX əsr dünya ədəbiyyatında, xüsusən də nəsrində genişlənən, M.Bulqakovdan başlayan, L.X.Borxesdə öz zirvəsinə çatan “mətnlə - ədəbiyyatla oyun qurmaq” formatının incə təsirindən tutmuş, ta P.Koelo “yaradıcılıq gəlişmələrinə” qədər, müxtəlif estetik-stilistik havaların sezildiyi “İntihar edənlərin qatili...” əsəri, əslində, gənc müəllif olaraq Amid Əlioğlunun ilk irihəcimli bədii nəsr nümunəsi olmamalıydı. Müəllif hekayələr, povestlər, pyeslər qələmə alandan – yaradıcılıq potensialını, estetik imkanlarını, peşəkarlıq xüsusiyyətlərini formalaşdırandan, daha dəqiq ifadə etsəm, özünün estetik-bədii, intellektual-kulturoloji sistemini yaradandan sonra bu yöndə böyük romanı, bəlkə də şah əsərini işləməliydi. İstənilən halda, inanmaq istərdim ki, oxucuların diqqətinə buraxılan bu maraqlı əsər elə indiki variantında da ədəbiyyatımızda uğurlu nümunə sayıla bilər: bir sıra çatışmayan cəhətlərinə rəğmən, həm müəllif yaradıcılığında uğurlu nümunə kimi yadda qalır, həm də çağdaş söz sənətimizdə isti bir kreativ nəfəs olaraq hiss olunacaq dərəcədə ədəbi prosesə təsir edir. Haçansa müəllif indilərdə tələskənlik hiss olunan bu romanına mütləq təkrarən qayıdacaq, daha mükəmməl səviyyədə onu işləyəcək.

Amid Əlioğlunun bu maraqlı kitabını əlinə alıb oxumağa başlayan, əsas qəhrəmanla səkkiz ömür yaşayan oxucu, əsərin adındakı müəmadan başlayaraq, ta sonuna qədər, həvəslə, bir qədər də mistik aurada mütaliə zövqü alacaq. Gənc müəllifə və dostum Amidə isə yeni-yeni yaradıcılıq uğurları arzulamaqla, oxucunu kitabla baş-başa buraxır, yazımı əsərdən bir kiçik parçayla yekunlaşdırıram: “...yaxşı olacaq. Pis günün ömrü az olur, Bəşirov, eşitməmisən? Ən sonuncu an yaşansa da, yaxşı saniyə pis illəri unutdurur...”

# 2294 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
#
#
# # #