Məmməd Araz dostlarına yazdığı şerində “Mən öz varlığımı, öz ünvanımı Tapıram hər yeni gəlişinizlə” deyirdi. Budur, “Məmməd Araz Poeziya Günü” onu sevənlərin GƏLİŞİ ilə ünvan tapdı.
...Xoş bir qismət–bu günü görmək, qarşılamaq, başlamaq, yaşamaq qisməti. “Zirvə həm yüksəkdə, həm dərindədir...” Bu gün təkcə çıxışlar yox, həm də baxışlar söz deyir.
“İndi (də) vaxtın o vaxtıdır”; hər il şairin məzarı üstə yığışdığımız eyni vaxt, amma bu dəfə ayrı görkəm, yeni biçimdə– “M.Araz Poeziya Günü” statusunda.
Bir inanca görə, hər on iki ildən bir insan həyatında yüksəliş olur. “Haqqın var yaşamağa... Məmməd Araz ” deyən şairin sözünə bu gün Şahid Zamanla birgə şərikiksə, demək, bu hal ona da aiddir; onun cismən yoxluğu ilə bizim varlığımızın arasından ömrün bir mərhələsi keçib və olsun ki, poeziyanın bu Məmməd Araz Günü həyatının davamı olan yaradıcılığında yeni bir dövrün başlanğıcıdır.
Niyə “Məmməd Araz Poeziya Günü?!” Başqa sözlə, bunun nədəni nə? Çünki, Məmməd Araz yaradıcılığı mərkəzçidir, birləşdiricidir.
Məmməd Arazla söhbətlərimizin birində Məmmədhüseyn Şəhriyar poeziyasının özəlliyindən danışırdıq. Belə nəticəyə gəldik ki, insanda olduğu tək yaradıcılıqda da əsas ruhdur, digər bütün poetik məziyyətlər ondan sonrakı məsələdir.
Məşhur fransız düşünəri G.le Bonun fikri də belədir: “Xalq çox şeyi itirə bilər, bütün mümkün faciələrə məruz qala bilər, amma yenə ayaq üstə qalxmağı bacarar. Əgər o öz ruhunu itirsə, demək hər şeyini itirib və o bir də heç vaxt ayaq üstə dura bilməz”.
Məmməd Araz xalqın ruhunu itməyə qoymayan sənətkardır.
Məmməd Araz adına ilk dəfə keçirilən Poeziya Günü şairin bu daş altda yaşadığı məzarı üstdən başlayıb, Cavid, Müşfiq... Vurğun xatirəli Natəvan klubunda davam etdi, əlbəttə, burada bir rəmz var... Sonrakı illərdə Poeziya Gününün keçirilmə yerini şairin öz misraları könlümüzün qulağına pıçıldaya bilər; ...bulaq başı; bir balaca vətən daşı; uşaqlığı keçən yerlər; bir zəmiyə su aparan rəncbər yolu; Araz şırımı; qayalarda bitən bir çiçək... amma Poeziya Günü harada keçirilirsə-keçirilsin, şəksiz, əsas sözçü Məmməd Araz karandaşı olacaq.
...M.Araz ictimai hadisələri mədh etməyən, xalqın mövqeyindən çıxış edən bir yurddaş şair kimi yaddaşlarda yaşayır. O, xalqın arzu və istəklərinin carçısı, ruhunun, mənəviyyatının ifadəçisi, keşikçisi tək ad qazanıb.
M.Arazın bir neçə nəslin yetişməsində rol oynamış (və hələ çox rol oynayacaq) məşhur “Məndən ötdü, qardaşıma dəydi”, “İlhamım”, “Ya rəbbim, bu dünya sən quran deyil” kimi şeirləri bütün kəskinliyi ilə fikrin daha dərin qatlarını şumlayır və oxucu düşüncəsinin altını üstünə çevirir: “Səndən qeyri biz hər şeyi bölə billik”, “Bir ocaq başında bir isinməsək, Sən kimə gərəksən, Mən kimə gərək?!”, “Ələyib sovur da ələnənləri.., Dağlıya, düzlüyə bölünənləri...”.
Məmməd Araz bu torpağın daşını, qayasını, filoloji terminlə desək, arxetipləşdirib, “Bu torpağın daşı olub qalaydım”, “...Mamır olub qayasında bitərdim” deyə vətənləşdirib.
Azərbaycan poeziyasında “Araz dili”ndə ən çox və daha obrazlı danışan M.Araz olub. M.Araz öz şerində Arazın lüğəvi mənasını dəyişib, ona ictimai məzmun verməklə poetik bir “qövsi-qüzeh” yaradıb: “Araz, dilin olsa sözün, söhbətin Min il yazalası bir dastan olar”, “Sudan çıxan balıq tək ölərəm mən Arazsız”, “Gözümə bir Araz şırımı dəydi, Yüz Araz töküldü gözümdən mənim...”
Əgər “Azərbaycan deyiləndə ayağa dur ki, Ana yurdun ürəyinə toxuna bilər!”, “Nə yatmısan, qoca vulkan, səninləyəm, Ayağa dur, Azərbaycan, səninləyəm!” poetik çağırışları ilə Vətənə “Taleyin hökmünü özün imzala,”- deyən M.Araz yaradıcılığının məna və mahiyyətini, onun fəlsəfəsini ümumiləşdirmək istəsək, fikrimizin ən səlis ifadəsi şairin “Xətainin qılıncını suvardım, Məmməd Araz karandaşı göyərdi” özünütəqdimi olardı.
“Vətən yolunda birinci ölmək”(M.Araz) düşüncəsinin, yurdun dar günündə milləti ayağa qaldırmaq missiyasının aliliyini Məmməd Araz ön plana çəkdi. Bu mənada Məmməd Araz yaradıcılığı, həm də bir Qarabağ simfoniyasıdır.
Qardaşxan ƏZİZXANLI