Böyüklərə yer verməmək

Böyüklərə yer verməmək
24 aprel 2015
# 15:00

Bizdə özündən yaşca böyüklərə hörmətdən söhbət düşəndə nədənsə bunun Azərbaycanlılara və ya Şərq mədəniyyətinə xas olduğu deyilir, hətta nümunələr də gətirirlər, sanki avropalılar və ya digər millətlər öz yaşlılarına hörmət qoymur.

Hətta irəli gedib, SSRİ zamanında ictimai nəqliyyatda özündən böyüyə yer vermək adətinin Moskvada yayılmasının səbəbkarı kimi o zamankı Azərbaycan gəncləri göstərilir, guya ruslarda belə adət yerli-dibli olmayıb.

İndiki zamanda ictimai nəqliyyatda yaşlı və cavan nəslin arasında yer üstə davaların aktual olduğu bir vaxtda o vaxtın gənclərini nümunə göstərərək deyirlər ki, bizim vaxtımızda belə şeylər olmurdu.

Hələ o vaxt bu problemə “Mozalan” yumoristik kino-jurnalında da toxunulmuşdu.

Yəqin ki, bütün köhnə Bakı boyu gəzib-dolaşıb, bir şagirdi axtaran Nəsibə Zeynalova yadınızdadır. Tapanda isə məlum olur ki o, “pioneri” ictimai nəqliyyatda ona yer verdiyinə görə təşəkkür etmək üçün axtarırmış.

Demək bu problem o zaman da var imiş.

Son zamanlar sosial şəbəkələrdə yayılan, ictimai nəqliyyatda baş verən insidentlərdən bəhs edən videolara baxanda bir-birini qarşılıqlı təhqir edən iki nəsil görürük. Yaşlılar da oturmaq istəyir, cavanlar da işdə yorulur və onlar da rahat yol getmək, oturmaq istəyirlər.

Gəlin səhər saat 09-dan axşam saat 20-dək brend geyim mağazasında işləyən bir cavan qızı və ya oğlanı təsəvvür edək. Təsəvvür etməzdən öncə nəzərinizə çatdırım ki, belə mağazalarda satıcıya içəridə müştərinin olub-olmamasından asılı olmayaraq oturmağa icazə vermirlər. Ən yaxşı halda 2 saatdan bir 15 dəqiqəlik istirahət verirlər. Və bu gənc xanım və ya bəy işdən çıxır, avtobusa oturur, yaşlı qadınlara yer vermir. Buna görə onu qınamaq olarmı? Olmaz.

Əlbəttə yaşlı nəslə hörmət və ehtiram göstərməliyik, ən azından yaşlarına görə. Amma yaşlılar da gənc nəslə hörmətlə yanaşmalıdırlar axı. Yaşlı olduğundan sui-istifadə edən, hər kəs ona borcluymuş kimi davranan, ağzının danışığını bilməyən yaşlılar heç də az deyil.

Bir dəfə avtobusda hamilə qadının yerinə oturan yaşlı qadının ona edilən iradlara cavab olaraq “Nə olsun e? Mən də yeddi qarın doğmuşam” - deməsinin şahidi olmuşam.

Mövzunun ardını yazmamış sizə bir neçə il öncə qonşu Gürcüstanda baş verən bir hadisədən danışmaq istəyirəm.

Orada da qərbdəki kimi orta məktəb imtahanları test üsuluyla keçirilir. İmtahanda gürcü məktəblilərə belə bir sual verilmişdi: “Avtobusda oturmusunuz, yaşlı insan daxil olur, sizin davranışınız necə olacaq?” Əlbəttə, hamı bir nəfər kimi "Yerimi ona verərəm" variantını seçir. Axı gənc gürcülər başqa necə cavab verə bilər ki? Cavab səhv idi. Tamamilə başqa variantı seçmək lazımmış: “Mən bileti almışam, bu yer konstitusiyayla mənə verilmişdir, deməli, onu heç kimə verməyə məcbur deyiləm”.

İctimai nəqliyyatdan istifadəyə görə hamımız eyni pulu ödəyiriksə burada “yer verməyə borcludurlar” sözü keçmir, ən yaxşı halda könüllülük prinsipindən yola çıxmaq olar.

Gənclər də işləyir, onlar da yorulur.

Oturmuş gəncə baxanda onun xəstə olduğunu anlamaya bilərik.

Ayağa qalxmayan gənc qadın hamilə də ola bilər.

Gənc oğlanın ayağında problem də ola bilər…

Bu misalları çox uzatmaq olar.

Ancaq, məsələn, oturmaq istəyən yaşlı birisi oturub başı telefonuna qarışan gəncə yaxınlaşıb sakit və nəzakətli tərzdə oturmaq istədiyini desə inanmıram ki, kimsə ona “Sənə yer verməyə borclu deyiləm” desin.

Balacalar böyüklərdən nümunə alır və gənc nəsli söyməzdən oncə yada salın ki onların nümunələri də yaşlı nəsildir.

Bir-birimizə qarşı səbirli və nəzakətli olaq, empatiya quraq. Nəqliyyat sistemindəki problemlərə görə bir birimizə düşmən kəsilməyək.

Bir birimizə qarşı diqqətli olsaq fiziki məhdudiyyətli vətəndaşlarımız avtobuslara qalxmaqda acizlik çəkməz və ya azğın ərlər sərnişin dolu avtobuslarda həyat yoldaşlarını qətlə yetirə bilməz.

# 1273 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
#
#
# # #