Kulis.Az şair Vaqif Bəhmənlinin “Mən burdayam, İlahi” məqaləsini təqdim edir.
5 iyun 2014-cü il, axşam saat 19:00
“Azdrama” ağzına kimi dolu...
Xalq Vaqif Səmədoğlunun 75 illik yubiley təntənəsinə yığışıb.
O isə şairdən daha çox kaftar ölümlə hamının əvəzinə çarpışan cəngavərə bənzəyir. Sanki hamını bir kənara itələyib, Siz bu işə qarışmayın, ədasıyla yeddibaşlı xərçəngin üzərinə təkbaşına yeriyir...
O axşam şair bu qeyri-bərabər döyüşdə qalıb gələcəyinə bütün salonu inandırdı.
Hamı Azdramadan arın-arxayın ayrılıb evinə döndü.
Mən də...
Bununla belə o gecənin sehri dörd ay dörd gün içimi tərk etmədi.
10 sentyabr 1914-cü il...
Hansı qələm idi o? Hansı yazı masasına çökmüşdüm? Hər sətrimi bir yazıb - yüz pozduğum o vərəqlər hanı? Xatırlamıram... Bəlli olan budur ki, böyük şairin taleyi kimi dağınıq və qeybdən agah olan bir ağı gözümün önündə qanad çalıb uçur.
O ağının adı da var.
Adaşıma
Adın altında daha bir kəlmə görünür Vaqif Səmədoğlunun 75 illik yubiley gecəsindən sonrakı ovqat.
“Beşmərtəbə”ylə üzbəüz,
“Füzuli meydanı”nın tuşunda,
2014-cü il,
iyun ayının beşində,
“Azdrama”da,
Vaqif Səmədoğlunun
təntənəli yubiley axşamında
iki başı da düyünlü can qantelini
dünyanın ən yüngül
daşı kimi apardı Vaqif Səmədoğlu;
halbuki, mən
bundan nigaran idim...
Vurğun yadigarı adaşım
o möhtəşəm gecədə
çox əlamətlərə əl sürtdü,
toxundu çox nişanlara.
Bir az ağı,
bir az bayatı,
bir az da
həyat anlatdı
salona toplaşanlara...
Yəni ki, özünü
kişi kimi apardı Vaqif Səmədoğlu -
Halbuki, mən
bundan nigaran idim.
Prezident sərəncamını,
yetmiş beş illik
yubiley təntənəsini hökumətin,
Mədəniyyət və Turizm Nazirliyinin
işi kimi apardı Vaqif Səmədoğlu -
Halbuki, mən
bundan nigaran idim.
Azarı boğazladı,
nitqini tarazladı,
fikir verdi sözlərinə,
Salon qorxmasın deyə
eynəkli gözlərini
gürzə kimi zillədi
yeddi başlı xərçəngin
qan çəkmiş gözlərinə -
Halbuki, mən
bundan nigaran idim.
Yeriyirsə ürək -
yerimək asandı, dedi,
Xalq artisti Fəxrəddin Manafova
əsamdı, dedi!
Yeridi ehmal-ehmal;
nə tez, nə gec -
əsaya ehtiyacı olmadı heç!
Vaqifin yox, Manafovun
yıxılacağından
qorxdu salon...
uğurla bitdi son;
Diki endi,
düzü qalxdı
Səmədoğlu,
Həmişə olduğu kimi
səhnə pilləkənini
özü qalxdı Səmədoğlu -
Halbuki, mən
bundan nigaran idim.
Yetmiş beş yaşında Səmədoğlu,
İsraildə,
dünyanın o başında Səmədoğlu
yuxudan halsız ayılarkən
gözünü üzünə zilləyən
Nüşabə xanıma baxıb -
“Sevginin
nə
demək
olduğunu
anladım,” -
dedi,
“Atamın
Azərbaycanı da
Nüşabə xanımın yanındaydı,
tək deyildi
o qadın” -
dedi.
Halbuki, mən
bundan nigaran idim.
Nə bənzətmə, nə qafiyə...
Salonda
ayrı bir Vaqif də vardı;
Vaqif
Vaqifdi Vaqifə...
Adaşlar adaşlara,
qardaşlar qardaşlara
qapılar olmasa, nə olsun?
Təbibə yoxlatsam məndə
xərçəng tapılar olmasa nə olsun? -
Halbuki mən
bundan nigaran idim.
“Beşmərtəbə”ylə üzbəüz
“Füzuli meydanı”nın tuşunda
“Azdrama”nın ağuşunda
altı yüz qadın-kişini
Səmədoğlu azarına
yoluxmuş gördüm,
Dünyada xərçəng adında
cəfəngiyat yoxmuş, gördüm...
Halbuki, bu,
yatsam yuxuma da girməzdi!..
27 yanvar 2015-ci il
Günün ikinci yarısı. İş telefonu çağırır. Nüşabə xanımın səsi... Vaqifin “Dramaturgiya” iki cildliyi çıxıb, icazə verin götürək, görsə yaxşıdı...
Soruşuram:
- Ustad necədir?
Nüşabə xanımın səsi:
-Yaxşı deyil...
Dilağız eləyib susuram. Danışıq bitir.
28 yanvar 2015-ci il, səhər saat 09:15
Nəşriyyatdan məlumat verirlər ki, Vaqif Səmədoğlunun ailəsindən gəlib kitabı apardılar. Ay Allah, heç olmasa, o gözəl kitablara əli dəysin!
28 yanvar 2015-ci il, saat 12:00
Akademiyanın iclasından çıxıb işə tələsirəm. Hansısa bir xəbər saytından zəng gəlir. Tanıdığım jurnalist:
- Vaqif müəllim, Vaqif müəllimin dəfni harada olacaq? – soruşur.
- Hansı Vaqif müəllimin?
- Eşitməmisiniz, Vaqif Səmədoğlu rəhmətə gedib.
... Telefon əlimdən düşür.
... Yerin üzü daşdır.
... Telefon sınmır, eləbil yerin təkindən səs gəlir.
... Sayt müxbiri hələ də nəsə soruşur.
29 yanvar 2015-ci il saat....
Azdramanın qapısı ağzına çatdım.
Həmişə o bura özü gələrdi.
Bu dəfə onu bura gətiriblər.
Kimsə çağırır: - Mən burdayam, İlahi
Mən hay verirəm:
-Qorxma, qardaş, biz də burdayıq...