Əgər qadınsansa…

Əgər qadınsansa…
20 iyun 2016
# 16:09

Elnurə Nağıyeva

Qadın doğulmusansa, arzu olunmasan belə seviləcəksən. Çünki, sən özünü sevdirməyin yolunu körpəlikdən bilirsən. Sən bunun əskikliyini hiss edəcəyin gün bu boşluğu doldurmaq üçün balaca ürəyin, sual qarışıq nəvaziş dolu məsum baxışlarınla «Məgər mən sevilməz biriyəm?» deyərək bütün buzları, stereotipləri əridəcəksən.

Kişilərin elə körpəlikdən özünü sevdirmək kimi bir dərdi yoxdur. Xüsusilə, müsəlman toplumunda… Amma bu daha çox onların instiktiv xüsusiyyətdir. Tezbazar sevgini, onu sevməyəni əvəz edəcək birini və ya bir məşğuliyyəti tapıb başlarını qatarlar. Balaca qızcığaz isə bu məsələdə ilişib qalacaq, ta ki, səbəbini anlayana, özünü sənə sevdirənə qədər. Məsələn, 4 yaşlı qızım elə vaxt olmur ki, mənim unutduğum və həmin an önəmsəmədiyim cümlələri mənim yadıma salmasın.

- Ana, mən asqırdım, bəs sən niyə «sağlam ol» demədin? Mən «çox sağ ol» dedim, sən niyə «dəyməz» demədin?

Xüsusilə, səndən küsdüyü halda yenə gəlib sənin dizinin dibində duraraq, sənə onunla barışmaq üçün şans verəcək. Fikir verməsən, əliylə səni çağırıb, sonra üzünü səndən döndərəcək. Bu hərəkəti biz qadınlar başqa formalarda 20 yaşımızda da, 30 yaşımızda da təkrar etmirikmi?

Oğlan anaları daha yaxşı bilər, amma mən müşahidələrimə əsasən deyə bilərəm ki, oğlan uşaqları incikliyi tez unudurlar, daha doğrusu dəqiqəni, anı yaşayırlar, özlərini bir şeylə məşğul edirlər.

Oğlan uşağı bütün kaprizlərini qışqıraraq, özünü yerə çırparaq qəbul elətdirir. Sənə güzəşt yeri qoymur.

Qız uşaqları isə aldadıldıqlarını bildikləri halda şirin yalanları, vədləri asanlıqla qəbul edirlər. Diqqət edin! Onlar sizin yalan danışdığınızın çox gözəl fərqindədirlər, amma ürəklərində ümid var, indi olmasa da sizin sonra fikrinizi dəyişməyinizə vaxt verirlər.

Məktəbli qızsansa, ən yaxşı, seçilən olmaq üçün çabalayırsan. Ya əlaçı olacaqsan, ya sinfin ən gözəl qızı, ya ən yaxşı geyinən qızı, ya ən yaxşı sirr saxlayan etibarlı rəfiqə, ya ən zarafatcıl və şən… Öz sahəndə daha az rəqib və ya tək olmaq istəyirsən. Məqsəd tərif eşitməkdir, diqqət çəkməkdir, əvəzolunmaz olmaqdır. Diqqət bizi yaşadan nemətlərdən biridir. Onsuz mənən yox oluruq.

Yenə kişilərlə paralel aparaq. Məktəbli oğlanların məqsədi loru dildə desək «kruqa düşmək»dir. Yəni onlar qızlardan fərqli olaraq kollektiv yaşamağı, əylənməyi, davaya getməyi üstün tuturlar. Biz hamıdan fərqlənməklə qarşı cinsə özümü göstərdiyimiz halda, onlar bir-birilərinin gözündə qalxmağa daha çox önəm verirlər. Və bu xüsusiyyət bütün həyatları boyu onları izləyir, onlar özlərinin deyil, başqalarının arzularına meyl edirlər. Kollektiv şəkildə maşın alacaqlar, hamısı eyni qızı sevecəklər, hamısı bir dəb kimi eyni ölkələrə gedəcəklər (ya Ukrayna, ya da Amsterdam). El arasında buna «tırkaya getmək» deyilir ki, bu xüsusiyyət daha çox kişilərə xasdır.

Tələbə qızsansa, 2-3 il sonrası üçün planların hazırdır. Vaxt itirmirsən, ərə getmək istəyirsənsə, bütün tələbə və el şənliklərində varsan, hətta, tələbə yoldaşlarından birini nəzərində tutmusan. Bir sözlə, hər halından sənin diplomu cehiz kimi alacağını bəlli edib, qarşı tərəfi daha ciddi addımlara təşviq edirsən. Yox əgər, karyera arzusundasansa, elə birinci kursdan iş axtarışındasan, ya da müəllimlərinin ən sevimli tələbəsisən, çünki, magistratura, aspirantura bitirmək xəyalların var. Hətta, təhsilini xaricdə davam etdirmək üçün sənədlərini hazırlayırsan. Bu arada, daha bir nüans var. Cəmiyyətimizdə qadınların təzyiq altında olmasına baxmayaraq, qadın istəyərsə, öz məqsədləri uğrunda ən konservativ ailəsini belə yola gətirər. Bu qadın iradəsinin gücüdür, nə istədiyini yaxşı bildiyindən bütün xüsusiyyətlərindən bir ordu yaradıb maneələri özünə tabe edə bilmək bacarığıdır.

Kişilərlə paralel aparaq. Tələbə oğlan sonuncu kursda hələ əsgərliyəmi gedəcək, yoxsa, təhsilini davam etdirəcək, qərar verməyib. Çünki, ikisini də istəmir. Bəs niyə təhsil alıb? Onu artıq unudub, çünki, bu həmin anın tələbi və ya istəyi idi. Kişilər qadınlar kimi 3-4 il sonranı görmürlər, düşünmürlər. Onlara bu gün maraqlıdır. Çox vaxt təhsillərini də yarımçıq qoyub, başqa bir arzunun arxasınca gedirlər. Məsələn, universiteti atıb, cinayətkar dəstəyə qoşulmaq, meyxanaçı olmaq , ən yaxşı halda musiqinin arxasınca getmək.(daha bir DJ, daha bir gitara çalan popçu və ya rokçu, reper olmaq) Yenə fərd olmaq istəyindən çox, çoxluğun seçdiyi yolda daha bir yolçu olmaq xüsusiyyəti ilə qarşılaşırıq. Deyə bilərsiniz ki, müğənni olmaq istəyən qadınlar da çoxdur. Bəli, amma fərq bilirsiniz nədədir? Qadın bu arzuya doğru çoxdan gəlirdi, lap uşaqlıqdan, güzgünün qabağından, sonra ailə məclislərindən, sonra özfəaliyyət dərnəklərindən və ya ali təhsilli musiqiçilikdən. Və ya qadın bu sahədə ona yaradılmış çox gözəl şəraitdən, arxasında olan maddi dəstəkdən ürəklənib müğənnilik və ya sonradan ortaya çıxan bir sənət örnəyi seçir. Yəni eksperiment aparmır, itirməyəcəyinə əmindir, nə etdiyini bilir. Kişilər isə sənətlərini də ani qərar və istəklər əsasında seçirlər. Həmin sənətə qoyulacaq heç bir mayası və ya bilikləri olmadan, bəxtə-bəxt. Bu an, onların qumar oyunlarına olan maraqlarını da yadınıza salım. Qısacası, həyatları ilə oynamağı sevirlər (Hələ müasir dövrdə kişilərin cinsiyyət dəyişmə istəklərinin də qadınlardan qat-qat əvvəl və çox olduğunu nəzərə alsaq, doğrudan da həyat onlar üçün oyundan, tez-tez rolları, səhnə mizanını dəyişməkdən ibarətdir).

Nəhayət, ən maraqlı və ağrılı sevgi mövzusu… Qadınsansa, beynindəki kişi obrazını qarşındakına geyindirib sevəcəksən. Yəni, əslində qarşındakı başqa adamdır, amma sənə beynindəkini canlandırmaq üçün bir ruh, bir bədən lazımdır. Və sən onu hər halı ilə qəbul edib, kifayətlənirsən, sevirsən. İnanırsan ki, sənin bütün planların kimi illərlə xəyalını qurduğun obrazın qiyafəsi onun əyninə olacaq. Sən onun özünü deyil, sənə verdiyi sözü sevirsən və ya hansısa jestini, mimik cizgilərini. İnanırsan ki, bu cizgilər, jestlər, sözlər sənə olan sevginin şifrəsidir. Ona görə qadın surətpərəst deyil. Çünki, o kişini reallıqda olduğu kimi yox, təsəvvürlərində, xəyallarında olduğu kimi görür.

Kişi necə və kimi sevir? Əlbəttə ki, hamının təriflədiyi qadınları. Fərqi yoxdu tərif edilən hansı özəllikdir. Əsas odur ki, bütün kişilər bu qadının ya gözəl, ya seksual, ya ağıllı, ya yaxşı (tərbiyəli), ya filankəsin qızı olması fikri ilə həmfikirdir. Mən sevgidən danışarkən ilk baxışdan sevgidən danışmıram. Çünki, bunun ani bir hiss olduğuna inananlardanam. Kişi başqaları tərəfindən reputasiyası təsdiqlənmiş qadınlara qarşı fədakardır. Ona görə çox vaxt həqiqətən sevdiyi qadından yeni marağının yarandığı qadına və ya əksinə «get-gəl»lər yaşayır. «Evləniləcək qadın, əyləniləcək qadın» kimi təsnifatlar da yalnız kişilərə aiddir. Biz qadınlar üçün yanında olduğumuz bütün kişilər «evləniləcək» potensialdadırlar. Əks halda onun yanında bir dəqiqə belə vaxt itirmərik.

Məhz bu səbəbdən iki yad planetin qarşıdurmasında əziyyət çəkən, faciə yaşayan, dərdi iliklərinə qədər mənimsəyən qadındır. Uşaqlıqdan bu yana sevilmək üçün çabalayan, məhz beynindəki bu kişi üçün uzun yol gələn, öz üzərində çalışan, iradəli və nə istədiyini bilən qadını (yəni özünüzü) bir daha yadınıza salın. Əlbəttə ki, əziyyətinin yerə vurulması onu yaralayacaq. Bir də unutqan, nə istədiyini bilməyən, kütlə psixologiyasına asan uyğunlaşan, ani qərarlar verən, iki qadın təsnifatı arasında qalan, sevilməyi yalnız buna vaxtı olanda istəyən kişini də yadınıza salın. O sevilmək və sevgi yaşamaq üçün nə edib ki?

Bəs ayrılıqlar? Qadın xırda söz-söhbəti göz yaşları ilə qarşılayır. Göz yaşı çox şey deməkdir… Çünki, qarşı tərəf, bəlkə də bütün dünya üçün xırda sayılan bu məsələ, onun illərlə böyütdüyü sevgisidir. Kişiisə bu problemi uşaqlıqdakı kimi bir başqa oyunla özünə unutduracaq, ya dostlarıyla, ya «əyləniləcək qadın»la, ya pis vərdişləri ilə… Elə unutduracaq ki, heç yadına da düşməyəcək. Ya da bu problemə bir daha qayıtmaq istəməyəcək. Çünki, onun problemi tərk edəcək çox yeri var. Amma qadınsansa, sənin ürəyindəkindən başqa gedəcək yerin yoxdur.

Belə olmaqda düzük və ya səhvik, belə olmaqda düzdürlər və ya səhvdirlər, bunun mübahisəsini etmək mənasızdır. Bildiyim, müşahidə etdiyim yalnız bir gerçək var.

Qadınsansa, göz yaşların boynuna mirvari kimi düzüləcək, buna hazır ol. Qadının kişiyə daha çox uduzduğu yeganə mövzu sevildiyi halda yenə də sevgidir! (qalan hər mövzuda bərabərik)

Amma yaşadığın ən acı təcrübənin, məğlubiyyətin belə arxasında dura biləcək varlıqsan, qadınsansa….

# 1913 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #