Yoldaşım əynimi geyinən kimi:
- Qulaq as, - deyir. – Bir şeir deyim sənə. Məncə, maraqlı şeirdi. Sənin fikrini öyrənmək istəyirəm.
- İşə tələsirəm.
- Balaca şeirdi, narahat olma.
- Mən şair deyiləm.
- Niyə bu qədər kədərlisən? Axı sən bəşəri şeirlər yazmısan. İnsanlara günəş, sevgi diləyirsən. Təvazökarlıq eləmə.
- Mən şair deyiləm!
- Yaxşı, yaxşı. Oxucu kimi de fikrini.
- Mən oxucu da deyiləm.
Eyvana çıxıb siqaret alışdırıram. Pəncərəmizdə yağış mövsümüdür. Göy rəngli kurtkamı geyinib çıxıram küçəyə. Yağış üz-gözümü, eynəyimi damcılarla atəşə tutur. Nimdaş geyimli, qəhvəyi paltolu qoca yolu keçmək istəyir. Qolundan tutub kömək edirəm. Gölməçələrdən sıyırılıb yolu keçirik.
- Sağ ol, ay bala. Allah köməyin olsun, tələbəsən?
- Mən tələbə deyiləm.
Yoluma davam edirəm. Eynəyim gözümə yapışıb, ətrafı yaxşı görə bilmirəm. Ağaclar, boş küçələr, skamyalar bulanıq görünür gözlərimdə. Metroya tələsmək üçün qaçmağa başlayıram. Gölməçələri şapıldada-şapıldada...
Vaqon ağzına kimi doludur. Basabasın içinə girib, qızınıram. Yorğun qoxular, qadınların üzlərindən, saçlarından gələn ətirlər bir-birinə qarışıb.
- Bir az yer eləyin da...
- Yer var, ay xala?
- Yoxdu, yoxdu da. Nə çığırırsan?
Bir nəfər ona qahmar durur:
- İndiki cavanlarda tərbiyə deyən şey qalmayıb.
- Mən cavan deyiləm!
Basabas azalır. Adamlar seyrəkləşir. Vaqonun o başından saçları pırtlaşıq, əlində bir neçə kitab-dəftər olan gənc yaxınlaşır mənə. Üzündə mənasız bir təbəssüm var.
- Siz deyəsən yazarsız? Poemalarınız tamaşaya da qoyulub?
- Yox, səhv salırsınız, mən yazar deyiləm
- Necə ola bilər, adınız Oğuz deyil?
- Adım yoxdu.
- Oğuz Ayvaz deyilsiz?
- Yox, mən Oğuz Ayvaz deyiləm...
Pırtlaşıq saçlı oğlan üzündə narazı bir ifadəylə vaqondan çıxıb gedir. Mənə elə gəlir ki, o qaranlıq tuneldə düşüb. Metrodan çıxıram. Yağış bir az da gücünü artırıb. Küçənin tinində ağ saçlı, üzündə çapıq olan bir dilənçi adamlardan pul dilənir...
- Allah köməyiniz olsun, Allah işinizi avand eləsin.
Yanından keçirəm. Bulanıq eynəyimdən dilənçi sulu boyayla çəkilmiş portretə bənzəyir. Dayanıb gözlərinin içinə baxıram.
- Cavan oğlan, Allah köməyin olsun, mənə kömək elə...
- Mən Allah deyiləm.
- Elə demə ay bala, Allaha acıq gedər.
- Mən bala deyiləm.
Səkinin üzərinə qalxıb yoluma davam edirəm. Saatım işə gecikdiyimi bağırır. Qulaqlarım bağırtıdan partlayırmış kimi olur. Yağışın səsi krantdan gələn su damcıları kimi eşidilir. İşə çatıram.
- Harda qaldın? Sən müxbirsən, yazı çatdırmalısan. Qəzet boş qalmalıdır? İşə vaxtında gəl.
- Mən müxbir deyiləm...
Redaktor gülümsünür, kürəyimə vurub işinin dalınca gedir.
Telefonuma zəng gəlir:
- Salam.
- Salam.
- Ramiz deyil danışan?
- Yox.
- Kimdi bəs?
- Heç kim./adalet.az/