Varşavada “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabının təqdimatı oldu

Varşavada “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik”  kitabının təqdimatı oldu
23 noyabr 2023
# 10:20

Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi və Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının dəstəyi ilə Varşavada Milli Etnoqrafiya Muzeyində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə çap edilmiş “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabının təqdimatı keçirilib və “Qarabağ xanlığı: Azərbaycanın mədəni irsinin inciləri” adlı sərgi təşkil edilib.

Kulis.az xəbər verir ki, sərgidə Polşanın Xarici işlər Nazirliyinin nümayəndələri, müxtəlif dövlət qurumlarının təmsilçiləri, akademik, incəsənət, media və biznes dairələrinin nümayəndələri, bu ölkənin müftisi və dini icmalarının təmsilçiləri, Polşada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və əməkdaşları, o cümlədən Azərbaycan diasporunun nümayəndələri, Polşa vətəndaşı olan həmvətənlərimiz və azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbirdə Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Milli Etnoqrafiya Muzeyinin direktoru Maqdalena Vroblevska, Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının İdarə Heyətinin sədri Elçin Əsgərov, Roma Sapienza Universitetinin tədqiqatçısı, professor Daniel Pommier Vinçelli, Gürcüstan Milli Muzeyinin Baş kuratorunun müavini Tebrone Nadiradze, Polşanın Vitold Pilecki İnstitutunun nümayəndəsi, tarix üzrə fəlsəfə doktoru Yeji Roxojinski çıxış ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən səfir N.Qurbanova tədbirin təşkilində göstərdiyi dəstəyə görə Gürcüstan Milli Muzeyinə, Heydər Əliyev Fondu, eləcə də Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasına təşəkkürünü bildirib. Səfir Azərbaycan ərazisində suveren feodal dövlət qurumlarının - xanlıqların yaradılmasının xalqımızın çoxəsrlik tarixinin mühüm mərhələlərindən biri olduğunu diqqətə çatdırıb. O, belə xanlıqlardan birinin XVIII əsr Azərbaycanın ən görkəmli dövlət xadimlərindən biri olan Cavanşir tayfasının Sarıcalı oymağından Pənah Əli xan Cavanşir tərəfindən əsası qoyulan Qarabağ xanlığı olduğunu vurğulayıb. Səfir həmçinin Qarabağ xanlığının paytaxtı Şuşa şəhəri barədə məlumat verərək, onun əsasının 1752-ci ildə qoyulduğunu bildirmiş, ilk əvvəl Pənahabad adlanan şəhərin tez bir zamanda Qarabağın iqtisadi mərkəzi kimi Azərbaycanın əsas ticarət və sənətkarlıq şəhərlərindən birinə çevrildiyini söyləyib.

Səfir əlavə edib ki, 2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsi üzərində öz suverenliyini tam təmin edib. O, 30 ilə yaxın müddətdə işğal altında olan ərazilərimizin azad edilməsi ilə ölkəmizin zəngin mədəni irsinin bərpası, eləcə də regionun yenidən qurulması və iqtisadi dirçəliş prosesinə start verilməsi barədə qonaqlara məlumat verib.

Qeyd edilib ki, “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabında Qarabağın parlaq irsinin bir hissəsi olan 300-dən çox artefaktın təsviri olduğunu, onun 2022-ci ildə nəşrinin Qarabağın ürəyi olan Şuşa şəhərinin 270 illik yubileyinə təsadüf edir. Sözügedən kitabın nəşrinin Azərbaycan və Gürcüstanın akademik dairələri və vətəndaş cəmiyyəti nümayəndələri arasında səmərəli əməkdaşlığın gözəl nümunəsi olduğunu diqqətə çatdıran səfir ötən il kitabın Gürcüstanda keçirilən təqdimatında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Respublikasının Baş naziri İrakli Qaribaşvilinin iştirak etdiyini xüsusi vurğulayıb. N.Qurbanova kitabın Polşada tarixçiləri və sənətşünasları Qarabağın və bütövlükdə Azərbaycanın tarixini araşdırmağa həvəsləndirəcəyinə ümid etdiyini ifadə edib.

Milli Etnoqrafiya Muzeyinin direktoru M.Vroblevska rəhbərlik etdiyi Muzeyin belə bir tədbirə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib, eyni zamanda səfirlik ilə əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini bildirib. Daha sonra o, rəhbərlik etdiyi muzey barədə qonaqlara məlumat verib.

Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının İdarə Heyətinin sədri E.Əsgərov Azərbaycanın Cənubi Qafqazın digər ölkələri ilə birgə uzun illər Rusiya imperiyasının, daha sonra SSRİ-nin tərkibində olduğunu, ölkənin və regionun tarixi, arxeologiya və etnoqrafiyası haqda bütün əsas araşdırmaların məhz həmin illərə təsadüf etdiyini bildirib. E.Əsgərov Rusiya tərəfindən Tiflisdə yaradılan Qafqaz muzeyinin əməkdaşlarının müxtəlif illərdə Qafqazın müxtəlif regionlarına, o cümlədən Qarabağa ekspedisiyalar təşkil edib çox sayda artefaktlar toplayaraq muzeyə gətirməsi və bu materialların əksəriyyətinin açılmadan və tədqiq olunmadan muzeyin anbarlarında qalması barədə məlumat verib.

Daha sonra o, kitaba arxivlərdən tapılmış minlərlə yeni material və artefaktlardan təqribən 300-nün daxil edildiyini qeyd edərək bu materialların Qarabağ regionunun tarixi, mədəniyyəti, məişəti, inancı haqda məlumatları əks etdirdiyini və həmin artefaktlar vasitəsi ilə regionda aparıcı mədəni kimliyin məhz Azərbaycan kimliyi olmasını müəyyən etdiyini əlavə edib.

Tədbirdə təqdimatla çıxış edən digər natiqlər - Roma Sapienza Universitetinin tədqiqatçısı, professor D.P.Vinçelli, Gürcüstan Milli Muzeyinin Baş kuratorunun müavini T.Nadiradze, Polşanın Vitold Pilecki İnstitutunun nümayəndəsi, tarix üzrə fəlsəfə doktoru Y.Roxojinski Qarabağın tarixi, mədəniyyəti, etnik tərkibi, burada mövcud olan Qafqaz Albaniyasının xristian irsi, regiona müxtəlif illərdə təşkil edilmiş ekspedisiyalar, bu ekspedisiyaların nəticələri, əldə edilmiş artefaktlar barədə tədbir iştirakçılarına geniş məlumat veriblər.

Milli Etnoqrafiya Muzeyində baş tutmuş “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabının təqdimatı və “Qarabağ xanlığı: Azərbaycanın mədəni irsinin inciləri” adlı sərgi qonaqlar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Sərgi ziyafətlə davam edib.

Yuxarıda qeyd olunan kitabın ikinci təqdimatı və sərginin açılışı həmçinin Polşanın nüfuzlu özəl qalereyalarından birində təşkil edilib.

Qeyd edək ki, ictimaiyyət üçün açıq olan sərgi bir həftə ərzində davam edəcəkdir.

Azertac

# 425 dəfə oxunub

Oxşar xəbərlər

UNESCO-da Azərbaycan dilinin təqdimatı - SƏRGİ

UNESCO-da Azərbaycan dilinin təqdimatı - SƏRGİ

11:45 23 fevral 2024
Üzeyir bəyin evində iki bəstəkarın 100 illiyi qeyd olunub

Üzeyir bəyin evində iki bəstəkarın 100 illiyi qeyd olunub

11:16 23 fevral 2024
Qətərdə “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi

Qətərdə “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi

10:38 23 fevral 2024
Müşfiq Abbasovun oxucularla görüşü keçirilib

Müşfiq Abbasovun oxucularla görüşü keçirilib

10:32 23 fevral 2024
Vısotskinin mahnı və şeirlərindən ibarət konsert təşkil edilib

Vısotskinin mahnı və şeirlərindən ibarət konsert təşkil edilib

10:24 23 fevral 2024
Süleyman Ələsgərovun 100 illiyi qeyd olunacaq - SƏRƏNCAM

Süleyman Ələsgərovun 100 illiyi qeyd olunacaq - SƏRƏNCAM

09:00 23 fevral 2024
#
#
# # #