Bu gün görkəmli türkiyəli şair, yazıçı Ahmet Haşimin anım günüdür.
Kulis.az onun "Bizə görə" kitabından sitatları təqdim edir.
Səyahət, xüsusən də dəniz səyahəti, ruhun bütün dərdlərinin dərmanıdır.
***
Sağlamlığın həddindən artıq baha olduğu bir əsrdə, ucuz bir sevinci niyə özümüzə çox görməliyik?
***
Təəssüf ki, bədənin zəifləməsi ağlın yetkinləşdiyi dövrə təsadüf edir.
***
Zəka – nar, heyva və portağal kimi – gec rəng və qoxu qazanan bir payız məhsuludur. Ən azı qırx il günəşdə bişmədən bu əsilzadə meyvə ballanmır...
***
Gecə böyük və qara bir yarpaqdır.
***
Əsnəmək, əzablı bir ruh düyünü olan bütün gərgin vəziyyətlərin çözülüb açılmasıdır.
***
Bütün canlı məxluqlarla müqayisədə insanı üstün edən, qabiliyyətlərin rəngarəngliyidir.

Sevincimizə hakim deyildik, kədəri özümüzdən uzaqlaşdıracaq heç bir qüvvəmiz yox idi.
***
Açıq desək, çarxları su ilə dönən bu dünya, hələ də köhnə dəyirmanından fərqlənmir!
***
Dünya mətbuatına göz gəzdirəndə belə qənaətə gəlmək olur ki, mədə və bağırsaq, beyindən daha şərəfli üzv mərtəbəsinə yüksəlib...
***
Ruha gedən yolları havada cızan yalnız qoxulardır.
***
Təəssüf ki, iflic olan təkcə ədəbiyyatımız deyil. Bu bitkinlik rəngi, gizli bir xəstəliyin sarılığı kimi, ruhun və xəyalın bütün bağçalarına yayılmaqda və bütün yarpaqları yer-yer soldurub qurutmaqdadır.
***
Ay! Ay! Yalançı ay! Zəkadan yorulanlarıdincəldən xəyal kimi, günəşdən bezənlərə də təsəlli verən sənsən!"
***
Eyni şeyləri eyni şəkildə söyləmək üçün bu qədər nəsillərin bir-birinin ardınca gəlməsinə nə ehtiyac var idi?
***
Səhrada yolunu azanlar kimi, biz indi zamanın içində itkin düşmüş insanlarıq.
***
Böyük fikir yaradıcıları, tamamilə başa düşülmək üçün nə təşbehi, nə istiarəni , nə də şeirin digər bədii hüsnlərini xor görməyiblər.
***
Hərçənd həyat kitaba sığmayacaq qədər genişdir, lakin təkrarlarla doludur.

Heyvan öz məqsədinə çatıb dayanıb; insan isə hələ də öz məqsədini axtarmaqla məşğuldur.
***
Bir eşq dəqiqəsinin ləzzətinə əbədilik bəxş edəcək qüdrətə malik olmayanlar, bəzək-düzəkdən mədəd ummaqda bəlkə də çox haqlıdırlar. Lakin ipəklər və boyalar ruhun çatışmazlıqlarının yerini necə doldura bilər ki?
***
Dənizin yaşıl bir qaranlıq hökm sürən dibində bitən rəngli süngərlər və qıpqırmızı mərcanlar kimi, ruhun alt qatlarında da gözlə görünməyən bir məntiqin qəribə bitkiləri qol-budaq atır...