Səlim Babullaoğlu: «Yazdıqlarımı tonqala atıb Nizaminin "Xəmsə"sini götürərdim...» - Müsahibə

Səlim Babullaoğlu:  «Yazdıqlarımı tonqala atıb Nizaminin "Xəmsə"sini götürərdim...» - Müsahibə
31 avqust 2026
# 10:00

Kulis.az Sevinc Mürvətqızının “Kişiyana” layihəsində tanınmış şair, tərcüməçi, esseist, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu ilə müsahibəsini təqdim edir.

— İlk sualım layihənin konsepsiyasına uyğun olacaq: Sizə görə kişiyanalıq bio-sosial anlayışdır, yoxsa mənəvi imtiyaz?

— Şəksiz, kişiyanalıq, yaxud kişilik və eləcə də qadınlıq, bunlar ilk növbədə bio-sosial anlayışlardır, amma, fikrimcə, həm də daha çox mənəvi kodeksdir.

— O mənəvi kodeksdə sizin sıralamanızda üç əsas insani keyfiyyət hansıdır?

— Mərdlik, səxavət... Amma bütün gözəl, yaxşı keyfiyyətlərin əvvəlində — fərqi yoxdur kişiyə də aiddir, qadına da — Allaha inam, iman dayanır mənə görə. Bu olmasa, kritik məqamlarda çox ciddi problemlər yaranar. Mənə görə, inam və yaxud başqa adla iman — bütün yaxşı keyfiyyətlərin lokomotividir. Bütün keyfiyyətlər o lokomotivə birləşmiş vaqonlardır.

— Sizcə, bunlar olmasa, insan məğlub olur?

— İnsan qadağaların və öz prinsiplərinin əleyhinə gedəndə daxilində vərəvurd, sorğu-sual, haqq-hesab başlayır. Anlayır ki, düz etməyib, prinsiplərini pozub, vicdanının əleyhinə gedib, məğlub olub.

— Belə daxili haqq-hesab, vərəvurd məqamlarınız olubmu?

— Təəssüf ki, olub. İctimai mənada yox, şəxsi mənada olub.

— O daxili sorğu-sualdan qalib çıxa bilmisiniz?

—Belə hallarda qalib olmaq mümkün deyil. Sadəcə başa düşürsən ki, səhv etmisən, günah etmisən, amma eləməməliydin. Yenə də təskinedici bir məqam ola bilər. Yəni özünə və Allaha söz verirsən ki, bunu təkrar etməyəcəksən.

— Şeirlərinizdə qadın həm günahdan uzaq bir məsumluq, həm də həyatın sınağı kimi verilir. Sizcə, kişinin mənəvi dünyasının bütövləşməsində qadına olan sevgi və ehtiram nə dərəcədə həlledicidir?

— Mənim həyatımda dörd qadın olub və var: nənəm, anam — Allah onlara rəhmət eləsin — həyat yoldaşım və qızım. Onların dördünün də mənim həyatımda çox həlledici, təyinedici rolu var. Nənəm mənə Allahı, anam isə şəfqəti, sevgini öyrədib. Eyni zamanda anamdan mənə güclü fəhm, intuisiya miras qalıb. Həyat yoldaşım mənə səbirli olmağı, fədakarlığın necə bir şey olduğunu öyrədib. Mən pandemiyanı çox ağır keçirdim, 3 dəfə bərk xəstələndim. Bir il səkkiz ay ölümlə çarpışdım. Həmin dövrdə həyat yoldaşımın necə çırpındığını hiss edirdim. O, öz fədakarlığı ilə boynuma böyük haqq qoydu ki… Həmin vaxtı çox ağır yaşadım. Fikirləşirəm ki, yer üzündə kişinin həyatında ən əhəmiyyətli yeri qadın tutur. Peyğəmbərimizdən (Allahın salamı olsun) soruşurlar ki, valideynlərimizdən kimə birinci hörmət eləyək? Üç-dörd dəfə eyni sualı verirlər, hər dəfəsində "ananıza" deyəndən sonra "atanıza" deyir. Yəni qadına. Qadın isə ilk növbədə anadır. Fikrimcə, bu, sualınıza ən doğru cavabdır. Qadının müstəsna rolu var. Qızım isə uşaq vaxtı uşaqlığın nə qədər gözəl olduğunu öyrədib. Bu gün onda həm nənəmin, həm anamın, həm də həyat yoldaşımın bəzi keyfiyyətlərini görürəm, əlbəttə, sevinirəm. Və bir də qızım mənə ümidlə yaşamağı təlqin eləyib. Uşaqlar böyükləri daha çox öyrədir, tərbiyə edir, sevindirir, nəinki böyüklər uşaqları... Uşaqlar məsumdur, böyüklərdən fərqli olaraq onlar daha xeyirli şeyləri öyrədirlər.

— «Həmin qadına məktub» şeirinizin sonluğu belədir: «İndiysə getməliyəm, oğlum məktəbdən çıxır...» Sizcə, bir insanın cinsiyyətindən və hansı doğrulara sığınmasından asılı olmayaraq ən böyük həqiqəti valideynlikdir?

— Bu sualı mənə çox veriblər, yəni bu şeiri çox xatırladıblar. Həmişə hiss eləmişəm ki, şeirdə bəhs olunan mətləbin mənimlə, biroqrafiyamla bağlılığının olub-olmadığını da bilmək istəyirlər. Bilirsiniz, bəzən sadəlövhcəsinə hesab eləyirlər ki, şair ancaq öz bioqrafiyasını yazır. Şəksiz ki, o şeirdə və bir çox başqa şeirlərdə mənim şəxsi bioqrafiyamın elementləri var. Konkret o şeirdən danışırıqsa, o şeirdə ailə qurana qədər tanıdığım bir nəfərlə bağlı tarixçəni yazmışam. 15-16 il sonra salamsız-kəlamsız elektron poçtuma şəkillər göndərilmişdi. Daha doğrusu bir şəkil. Mən elə kompüterin qabağında fotoya baxdım, fikirləşdim ki, bu şəkil mənə nəyi demək istəyir, niyə göndərilib?

— Tanıdınız kim olduğunu?

— Əlbəttə. Şeir o göndərişin, o şəklin xeyli dərəcədə şərhidir. Amma ümumiləşmələr də var, yalnız mən deyiləm. Ailə - miniatürdə dünyadır. İnsan ailədə olmaqla dünyanı öyrənir. Sevgini, düzəni, qardaşlığı, bacılığı, şəfqəti, hətta iqtisadiyyatı, idarətetməni. Ailə bizim ilk cəmiyyətimizdir. Bəlkə ailədə olmaqla biz anlamalıyıq ki, elə bütün adamlar bizim ya atamız-anamız, ya bacımız-qardaşımızdır? Ailə ən vacib şeydir insanın həyatında. Məncə, ailə insana verilir ki, dünyada yaşamağı öyrənsin. Yəni insan sevgini anasında, atasında görür, sonra övladına ötürür. Allah bizə ailəni verməklə bəlkə də öyrətmək istəyir ki, deyir ki, bütün qadınlara bəzən ana kimi, bəzən qızınız kimi, bəzən həyat yoldaşınız kimi baxa biləsiniz. Yaradılış bizə bunu təqdim edir. Ona görə mənim həyatımda ailə kultu çox önəmli yer tutur. Vaxtilə ailə qurana qədər aid olduğum ailə — atam, anam, sonra da öz ailəm. Ailə əlbəttə, əsas məsələdir. Amma bu o demək deyil ki, yalnız sənin ailən var, sənin ailən əsas məsələdir, sənin övladın övladdır. Təəssüf ki, bizdə son dediyim ağır basır.

— Bir şeirinizdə yazırsınız ki, “Qohumluq əsasında yaranan insan birlikləri qəbilədir…” Sizcə, biz hələ də düşüncə olaraq qəbiləyik?

­— Gəlin, sizə bir nəzəri misal çəkim. Tutalım, deyək ki, siz bir müəssisənin rəhbərisiniz və rəhbərlik etdiyiniz müəssisəyə bir vakansiyaya iki adam öz CV-sini göndərib. Birini seçəcəksiniz. Əgər birdən məlum olsa ki, o adamlardan birisi qohumunuzdur, siz peşəkarlığı, hazırlıq dərəcəsini nəzərə almadan qohumunuzu seçsəniz, deməli, biz qəbiləyik. Yox, siz peşəkarlığı, hazırlığı nəzərə alıb qohumunuz olmayan adamı seçsəniz, onda biz yaxşı cəmiyyətik. Həmin şeir o kontekstdədir. Və başqa məsələdir ki, bizim hamımızın insani zəifliklərimiz var. Məsələn, ola bilər ki, müraciət edən iki adam eyni səviyyədə olsun və onların peşəkarlıq dərəcəsi eynidir. Amma siz tutaq ki, uşaqlıq dostunuzu seçirsiniz. Bunu anlamaq olar. Hətta bu işə müəyyən qədər bəlkə kömək də eləyər. Çünki adam peşəkardır, üstəgəl şəxsi münasibət, etibar işi daha irəli aparar. Əslində, mənim o şeirim sırf ictimai səciyyəli bir şeirdir. Ona görə düşünürəm ki, biz 50-nin 50-yə qəbiləyik… Yeri gəlmişkən, həmin şeirin sonuna doğru belə bir yer də vardı:

Hüququ boş verin, adətləri sevin

Ənənələr hüququn əsasıdır.

Əsas adamın balası, ata-anasıdır.

Qalanları ya adam, ya başqasıdır...

Mənə elə gəlir ki, biz hələ yaxşı cəmiyyət olmağa doğru gedirik. Bir az asta-asta. Hər halda Qarabağ savaşından sonra bizim cəmiyyətdə az da olsa katarsis baş verib. Ümid eləyək ki, bu, getdikcə sürətlənəcək. İnsanlarımız — fərqi yoxdur, məmurdur, yaradıcı adamdır, jurnalistdir — öz olduqları yerdə yaxşı cəmiyyət uğrunda bacardıqca xeyirli addımlar atacaqlar.

— Onda öz misranızla desək, “İslahata yox, islaha ehtiyac var”?

— Şəksiz. Tutaq ki, yenə də nəzəri deyirəm, sabah qanun çıxır ki, çirkli paltar geyinənlər 10 min manat cərimə olunacaq. Düzdür? Biz 10 min manatı ödəməmək üçün çalışacağıq ki, paltarımız təmiz olsun. Bu olacaq islahat. Amma biz islah olunmayacağıq. Ta ki, anlayaq: çirkli geyinmək olmaz, gigiyena vacibdir, başqasını öz görkəminlə və sair narahat eləmək olmaz və sair və ilaxır. Mən əlbəttə elementar misallar çəkirəm. İslah insanın özünün özüylə mübarizəsidir, təkamülüdür, içəridən başlanan bir məsələdir. Ümumiyyətlə, dünya tarixi göstərir ki, fərdlərinin özünü islah etmədiyi cəmiyyətlərdə islahatlar müəyyən dövrdə və müəyyən qədər effekt verir, amma sonra pis nəticələrə aparıb çıxarır. İnsan həmişə ilk növbədə qəlbini təmizləməlidir, düşüncəsini cilalamalıdır. Ona görə islahatlar yaxşıdır, amma islah olunan cəmiyyətlərdə o, effektlidir.

— Kütləvi mədəniyyətin, bayağılığın - kitabı, ədəbiyyatı, sənəti üstələdiyi bu vitrinçilik dövrünün şairi olmaq necə hiss etdirir? Sizcə, ədəbiyyat hələ də insan ruhunu xilas etmək gücünə malikdir, yoxsa artıq yalnız məhdud elitanın estetik təsəllisidir?

— Bu, çətin sualdır. Bilirsiniz, dünya xalqlarının tarixində də, dinlərin tarixində də var, səmavi kitablarda da yazılıb: cəmiyyətlərin qəflətə daldığı məqamlar olur. İnsanların elm və texnika nəticəsində əldə elədikləri birdən-birə məhv ola bilir, insan yenə qəfil ibtidai, instinktiv şeylərə qayıda bilir. Bundan heç kim sığortalanmayıb. Qaldı ki, poeziyanın, ədəbiyyatın, kitabın marginallaşması, getdikcə cəmiyyətdə rolunu itirməsi - bu, qlobal tendensiyadır. Bəzi cəmiyyətlərdə bu, daha kəskin, bəzi cəmiyyətlərdə az dalğalarla özünü büruzə verir. Əslində, bizim həyatımızda söz qədər əhəmiyyətli ikinci bir şey yoxdur. Söz olmayan heç nə yoxdur. Ona görə mən bunun tamamilə aradan çıxacağına, heç bir funksionallıq daşımayacağına inanmıram. Bir də ki, axı şair, yazıçı şeir, hekayə, roman yazanda konkret ünvana yazmır, məchul, abstrakt bir oxucu üçün yazır. Məsələn, bir şairin 300 tirajla kitabı çıxır, onu bir gənc oxuyur. Biz o gənci tanımırıq. O gənc böyüyəndə məhz o şeirdə verilən mesajlar əsasında öz millətinin, ölkəsinin liderinə, alimə, proqressiv insana çevrilir, yaxud belə deyək, sıradan yaxşı adam, yaxşı vətəndaş olur, üzvü olduğu cəmiyyətin, eyni zamanda dünyanın həyatında gözəl rol oynayır. Amma 299 nüsxə kitab oxunmur. Biz tələskənlik eləyib desək ki, 299 nəfər oxumur, onda həmin o bir nəfəri, əsas adamı unutmuş olacağıq, halbuki əsas işi həmin adam görəcək. Yəni ədəbiyyat tirajla həll olunmur, bu, ən vacib göstərici deyil… Ruhlu, arınmış qəlbdən gələn gözəl sözün təsiri ədəbiyyat vasitəsilə də, digər vasitələrlə də heç vaxt itməyəcək . Qaldı ki, ədəbiyyatın insanı xilas eləyəcəyinə, bu, çətin sualdır. Bir şairin sözü vardı, deyirdi: "Mən bəşəriyyətin xilasına inanmıram, amma insanın öz qəlbini xilas edə biləcəyinə inanıram". Ona görə mən birmənalı heç nə deyə bilmərəm. Amma başqa bir şey də deyim: mənə görə sözlərin ən yaxşısı dini kitablardadır. Dini kitabların çox çək-çevir edildiyi, yersiz müzakirə olunduğu və yaxud oxunmadığı bir dönəmdə "ədəbiyyat oxunmur" şikayəti bir qədər yersiz gəlir mənə… İstənilən səmavi kitab - Tövrat olsun, İncil olsun, Qurani-Kərim olsun — hər halda, bunlar ədəbiyyatdan yüksəkdir. Əgər hansısa ədəbiyyatçının buna şübhəsi varsa, ümumiyyətlə, Allaha inancı yoxdursa, mənim də o ədəbiyyatçıya şübhəm var. Ədəbiyyatın ən kamil mətnlərinin sonda gələcəyi nəticələr dini kitablarda var, yazıçı ondan artıq nəticəyə gələ bilməz.

— Onda yazılan hər şey boşunamı yazılır?

— Yox, boşuna yazılmır. Bu, nərdivandır. Bu gün bir şeyi anlayırsan, o biri gün başqa bir şeyi. Bizim yazdığımız kitablar böyük hikmətlərə, ruhi pərvərişə, inkişafa, islaha səbəb olan yolçuluqda sözlü pillələrdir. Yaxud olmalıdır. Bundan artığına heç iddia eləmək də lazım deyil. Məsələn, elə əsərlər olub ki, dini mətləbləri çox gözəl izah edib. Sören Kyerkeqorun "Qorxu və titrəmə" əsəri İbrahim peyğəmbərin əhvalatını, qurban hadisəsini danışır. O qədər gözəl izah eləyir ki, mən heç bir ruhaninin şərhində, dini mətndə, təfsirdə o qədər gözəl, insani, əlçatan, modern izahat görməmişəm. Bu, Avropa müəllifidir... Mən demirəm ədəbiyyat ancaq dini olmalıdır, xeyr. Ədəbiyyat dinin alətləri ilə danışmamalıdır. Danışsa, ikinci dərəcəli olacaq və moizəyə bənzəyəcək, heç kim də oxumayacaq. Və sual ortaya çıxır? Əgər Quran, hədis varsa, İncil varsa, bunlara nə ehtiyac var? Amma eyni zamanda bizim dünyəvi mətnlər o ilahi hikmətlərdən qırılanda da onun mənası olmayacaq, onda da yenə ikinci dərəcəli olacaq.

— Bayaq qeyd etdiniz ki, Allaha inancı olmayan ədəbiyyatçıya şübhəm var. Onda belə çıxır ki, ateist bir yazıçının necə bir ilham və istedadla nə yazmağından asılı olmayaraq, siz onun mətninə şübhə ilə yanaşırsınız?
— Yaxşı sualdır. Mən qısa cavab verim. Burda əsas olan inanclının inanclı olmayana münasibəti deyil, əksinə, ikincilərin birincilərə münasibətidir. Mən ədəbi müstəvidə təcrübəmdən çıxış edib danışıram. Bütün dinlər insana hörməti öyrədir. Dözümlü, səbrili, hörmətkar münasibəti aşılayır. Radikallardan – həm dini radikallardan, həm ateist radikallardan uzaq dayanmağa çalışıram. Hər iki zümrəni ziyanlı hesab edirəm. Qaldı ki, şübhə ilə yanaşıram, ya yox. Yox, şübhə ilə yanaşmıram. Hamıdan öyrənmək olar. O qədər şair var ki, ədəbiyyat tarixindən onları dini əqidəsini və ya əqidəsizliyini bölüşməmişəm, amma texnikasını öyrənmişəm. Sadəcə, mənə görə inancı olmayanlar hər nə qədər istedadlı yazsalar belə, cəmiyyət üçün, bəşər üçün uzunmüddətli təhlükə yaradırlar. Ola bilər ki,özləri də bunun fərqində olmurlar.

— Həmin öyrəndiyiniz müəlliflər kimlərdir?

— Gəlin, belə cavab verim, ayırmadan. Mən bütün mətnlərdən öyrənmişəm. Sevdiyim müəllifləri və əsərləri deyə bilərəm. Herman Hessenin yazılarını yüksək dəyərləndirirəm. Onun kiçik amma çox gözəl bir əsəri var: "Uşağın qəlbi". Yaxud "Narsis və Qoldmund", "Siddhartha", "Yalquzaq", "Muncuq oyunu". Eləcə də Knut Hamsunun "Misteriyalar", "Viktoriya", "Pan", "Aclıq" əsərləri… Məncə, bunlar böyük əsərlərdir. Üslubuna görə çox yüksək dəyərləndirdiyim yazıçılardan biri də Nabokovdur. Hamı kimi mən də Kafkanı oxumuşam, onun “Yanouxla söhbətlər” stolüstü kitabımdır. Bəyənmədiyim şeylər olsa belə, üslubu, təhkiyəsi mən heyran edən, esse ilə romanın sərhəddində yazılmış bir dili olan Milan Kunderanın "Varoluşun dözülməz yüngüllüyü" əsərini çox yüksək qiymətləndirirəm. Ruhaniyyatına görə, poeziyasına görə Tomas Eliotu, Boris Pasternakın "Doktor Jivaqo" silsiləsindən olan şeirləri, İosif Brodskinin texnikasını yüksək dəyərləndirirəm. Böyük ustalardı. Bu, əlbəttə kiçik siyahıdır. Amma bütün bu sadaladığım adamlarda bəyənmədiyim şeylər də var. İnsanları inancına görə qılınclamağı, linç eləməyi təqdir eləmirəm, sadəcə, öz seçimimdə bu şeyləri nəzərə alıram. Ümumiyyətlə, isə həmkarlarıma, yəni xüsusən şairlərə Qurandakı “Şairlər” surəsini, böyük polyak şairi Çeslav Miloşun “Şeir sənəti” şeirini düşünürək oxumağı dostyana tövsiyə edirəm.

— Madam ki, mütaliədən söz düşdü, yerli gənc yazarlardan kimləri oxuyursunuz?

— Bir az əvvəlki nəsildən Qismət Rüstəmovu, Fərid Hüseyni, Şəhriyarı yetkin, usta şairlər hesab edirəm. Rəbiqə Nazimqızı müstəqillik illəri poeziyamızın çox fərqli, özünəməxsus, görkəmli şairidir. Şəhriyar istedadlı şairdir, amma şəxsi qənaətim budur ki, onda eyni zamanda çox ciddi nasir potensialı var. Özünə də bu yaxınlarda bunu təkrar söylədim. Etiraf elədi ki, tənbəldi, yəqin ondandır.

Məsələn, mənim fikrimcə az yazmağına rəğmən, Alik Əlioğlunun zəif şeirləri yoxdur. Mən onu müstəqillik illəri ədəbi məkanında balaca, özünəməxsus bir ada kimi təsəvvür eləyirəm. Elşən Mehdinin şeirlərini çox xoşlayıram. Fərqli, bənzərsiz şairdir.

Ulucay Akifin həm şeirlərini, həm də bir neçə hekayəsini yüksək dəyərləndirirəm. Oxuyandan sonra bəzi hekayələri ilə bağlı özünə zəng edib demişəm. Orxan Cuvarlının iki hekayəsini oxumuşam, xüsusilə “Qardaşımın atası” hekayəsi çox səlis, ustaca yazılmış hekayə idi.

Orxan Saffarinin hekayələri sərt gerçəkçi realizm kimi olduqca maraqlıdır, istedadlıdır, ağrılıdır. Hərçənd publisistikasını və sosial şəbəkədə hamını qılınclamasını əsla bəyənmirəm, o metodu təqdir eləmirəm, yeri gəlmişkən bunu da onun özünə bir neçə dəfə, konkret adlar çəkərək demişəm.

Bu siyahını böyütmək olar. Təxminən 4-5 ay əvvəl o vaxtadək şeirlərini adda-budda oxuduğum Tural Balabəylinin şeirlərini küll halında oxudum. O, ədəbi mühitə sanki çox qarışmır, kənardadır. Bir az bu səbəbdən əskikləri var, bir az da redaktora ehtiyacı var. Amma o qədər dərin düşüncəsi, maraqlı, istedadlı şeirləri var ki…

Nadir Yalçının bir hekayəsini oxudum bu günlərdə, deyəsən “Xoşəgəlməz hadisə” adlanırdı, Nadirin daha əvvəl də bir kitabını oxumuşdum. İstedadlı nasirdir. Son hekayəsində də xoşuma gələn bir xeyli məqamlar vardı. Konkret bir detalla bağlı fikrimi də özünə dedim. Yadıma düşənləri sadaladım.

— Yeni nəsil yazarlarda hansı çatışmazlıqları görürsünüz?

—Çatışmazlıqları, tənqidləri zəng edib həmin adamların özlərinə deyirəm.

— Tənqiddən söz düşmüşkən, ümumiyyətlə, sizin özünüzün tənqidə münasibətiniz necədir — həm şəxsinizə və yaradıcılığınıza yönələn, həm də rəhbər vəzifələrindən birində təmsil olunduğunuz Azərbaycan Yazıçılar Birliyinə ünvanlanan tənqidlərə?

— Vallah, tənqidin yaxşısı xeyirlidir. Öz yazılarımla bağlı zövqünə, dünyagörüşünə inandığım adamlar var ki, onların təklifləri ilə yazılarımda xırda-para redaktələr eləmişəm. İndi təəssüflənirəm ki, əvvəllər haqsız tənqidlər olanda onlara lazım olandan daha artıq həssasiyyətlə reaksiya vermişəm. Düşünürəm ki, dəyməzdi. Bilirsiniz, məni daha çox şər, üstəgəl, o şərə münasibətdə ədəbi cameənin laqeydliyi daha çox sarsıdıb. Təfərrüatlara varmıram. Zaman-zaman kampaniya xarakterli haqlı-haqsız iradlar olub, bunlara əlbəttə, münasibətim pisdir. Amma bir ciddi ədəbiyyatşünas gəlib deyibsə ki, bəlkə bu belə olmalıydı, görmüşəm ki, ağlabatandır, həmin qeydi, tənqidi nəzərə almışam. Ona görə tənqidin yaxşısı, qərəzsizi xeyirlidir. Amma indi arxayınçılıq kimi çıxmasın, tənqid və tərif məni eyni qədər düşündürmür.

Mən o vaxt xoşbəxt oluram ki, yaxşı bir mətn oxuyuram. Mən yazmasam, dünyadan nə gedəcək? Heç nə. Görün, dünyada nə qədər maraqlı müəlliflər var! Ədəbiyyata ancaq "mən yazım" deyə yanaşmıram, mən ədəbiyyatı ilk növbədə oxucu kimi sevmişəm və sevirəm. Ədəbiyyata primitiv sahə kimi baxanlar unudurlar ki, ədəbiyyat tarixi məzmun tarixi deyil. Ədəbiyyat tarixi yalnız məzmun tarixi olsaydı, ona ehtiyac olmazdı, çünki dini kitablar var. Ədəbiyyat tarixi formalar tarixidir. Şair borcludur ki, milli ədəbiyyatında olan poetik formalara korreksiyalar eləsin, yenidən baxsın. Bunu bilməyənlər nə qədər istəsələr danışa bilərlər…

Qaldı AYB-yə tənqid... Bəli, AYB-yə üzv qəbul olunanların hamısı bir səviyyədə olan ədəbiyyatçılar deyil, aralarında həvəskarlar da var. Bir adam AYB-yə sənəd verir, mənfi rəy alır, gedib bir Xalq şairinin ətəyindən yapışır, 10 dəfə zəng elətdirir. Yaxşı, biz nə edək? Bir dəfə, iki dəfə "yox" deyirsən, amma insani tərəflərimiz, zəifliklərimiz var axı. Bir dəfə oxşar hadisə oldu: bir sayt rəhbəri mənə zəng edib xahiş elədi, ortabab yazırdı, həmin adam Birliyə qəbul olundu. Üstündən 3 ay keçəndən sonra həmin saytda AYB-yə qəbulla bağlı tənqidi məqalə çıxdı. Hətta orda bir məqam da vardı, məsələ təkcə yazıda deyildi, adam özü öz səhifəsində həmin yazıyla həmrəy olan bir post, rəy də paylaşmışdı. Zəng elədim ki, qulaq asın, niyə belə edirsiniz? Təxminən belə dedi ki, "Demokratiyadır". Dedim: "Anladım, siz bir nəfər üçün zəng eləmişdiniz, bəlkə 10 nəfər üçün başqa zənglər olub. İndi necə edək?” Dedi ki, yazını götürərəm saytdan. Dedim, ehtiyac yoxdur. Bu cür nümunələr çoxdur.

Bir qəbul elanından sonra 20 gün ərzində 360-dan çox adam sənəd verirsə, 2000 adam zəng edirsə, nə cür edək? Tənqid eləsinlər, amma düz başa düşsünlər. Mən hesab edirəm ki, AYB-nin ünvanına səslənən tənqidlərin ən azı yarısı haqsızdır, bir xeyli hissəsində səslənən problemləri isə elə o problemlər barədə danışanlar yaradıb.


— «Yazmaq da yazmamaq tək, dostum, elə taledir...» yazmısınız. Taleyinizdən razısınız?

— Yazmaq taleyimdən də, insan taleyimdən də, Allaha çox şükürlər olsun, razıyam. Şikayət elədiyim, incidiyim, sıxıntılı məqamlarım olub, amma xeyli xoşbəxt anlarım da olub. Yataq xəstəsi olanda bir il səkkiz ay idi evdən bazarlığa gedə bilmirdim. Ağır xəstəlikdən sonra qalxdım, dükana getdim. Taqətsiz idim, birdən binanın arxasından qürub edən günəşə gözüm sataşdı. Çantaları yerə qoyub Allaha belə bir dua elədim: "Çox şükür sənə ki, bir daha qürubu yaşatdın mənə". Bütün keşməkeşlərlə bərabər, hər mənada taleyimdən razıyam.

— Yazmaq sizi nədənsə xilas eləyib?

— Əlbəttə. Bir faktı deyim: 2002-2003-cü illərdə uzun əsərlər, şeirlər yazmışdım, bəzi versiyalarını itirmişdim. Atam 2023-cü ildə rəhmətə gedəndən sonra arxivini götürdüm. Qovluqların arasından mənim itirdiyim yazılar çıxdı. Onların bəziləri natamam idi, tamamladım. Bilirsiniz, yalnız müəyyən ruhi təcrübəni yazandan sonra sən anlayırsan ki, yaşadıqların nə üçün baş vermişdi. Yazmaq insana yaşadığı təcrübəni anlamağa, özünü bütövlükdə dərk etməyə icazə verir. Yazı prosesi müəllifi dəyişmirsə, oxucusuna heç nə verə bilməz. Yazı prosesində sən keçdiyin yolun mahiyyətini anlayırsan, özün böyüyürsən və yalnız ondan sonra onu bölüşürsən.

— Uzun illərdir peşəkar tərcümə ilə məşğul olursunuz. Şeir yazmaq asandır, yoxsa tərcümə eləmək?

— Yaxşı şeiri yaxşı tərcümə eləmək çətindir. Şeir yazmaq bir az spontan hadisədir, müəllifin özündən asılı olmayan məsələdir...

İlham məsələsi?

—Hər şeyi ilhama bağlamaq, vəhy səviyyəsinə qaldırmaq doğru deyil, mən bunu bölüşmürəm. Bir dəfə "ilham pərisi"ndən söhbət düşdü, dedim vallah, hər bir şeir üçün bir ilham pərisi gərək olsa, onda şairlərin hərəmxanası olmalıdır. Yazı prosesinə impuls verən ideya, mütaliə ola bilər. İstənilən halda yazmaq da, tərcümə eləmək də çətindir. İnsan dəyişir, mən məsələn, 10-15 il, hətta 3-4 ay əvvəl elədiyim tərcümələri oxuyanda fikirləşirəm ki, bəlkə bu sözü başqası ilə əvəzləmək olar. Borxesin dili ilə desək, yaradıcılıq həm də sonsuz redaktə prosesidir. Amma bir məsələni də deyim, oxumaq, düzgün mütaliə də çox çətindir.

— “Polkovnikə heç kim yazmır” şeirinizdə yazırsınız: “Çıxır istefaya bütün kitablar və əməllər o tərəfdə”. “O tərəf” – dini dünyagörüşündə həm də kitabların bağlanıb dəftərlərin açıldığı tərəfdir... Sizcə, həqiqətən o tərəfdə oxuduğumuz və yazdığımız kitablar “əməl dəftərləri”nin qarşısında mənasını, əhəmiyyətini itirir?

— Mənasını itirmir, istefaya çıxır və sonra başqa bir dəftər açılır ki, bax, sən bu sözü demisən, bu əməli eləmisən, niyə demisən, niyə eləmisən? İstefaya çıxmaq insanı məsuliyyətdən yayındırmır. Birinci, mən səmavi kitabların, konkret desəm - Quranın dediyi hər bir sözün nöqtəsinə və vergülünə inanıram. Vaqif Səmədoğlunun sözü ilə desək: "Əsas Allahın bizə inanmasıdır ". Əminəm, biz yazdığımız sözlərin, elədiyimiz bütün işlərin hesabını verəcəyik.

— O hesab günündən qorxursunuz?

— Əlbəttə, müəyyən qədər hə. Ümid eləyirəm ki, Allah lütf eləyib mənə elə əməl etməyi qismət edib ki, o bağışlanmağım üçün vəsilə ola bilər. Vətən, cəmiyyət adına mənim səhvim yoxdur, amma şəxsi mənada səhvlərim olub. Bəzən də insan özünə qarşı səhv edir, bunu gec başa düşür. Bir də özünü bağışlamaq məsələsi var — bu da onun mənəvi uzantısıdır. Yazıçılar üçün o hesab məsələsi daha çətindir. Çünki şəri yazırsa, ölüb gedəndən sonra da o şər “işləməyə” davam edir. Yazıçı sözün məsuliyyətini dərk eləməlidir. Bir adam ağac əkir, özü ölüb gedir, kölgəsində insanlar oturur, bəhrəsini kimsə dadmaqda davam edir. Kitablar da təxminən elədir. Sən tikanlı sahə yaradarsan, oraya girənlər qan içində çıxa bilər, ya da gözəl bir bağ sala bilərsən, kölgəsi insanlara xeyir verər…

— «Coratdakı balıqçı uşaqlarına ədəbiyyat dərsi» şeirinizdə deyirsiniz: «Hətta yerindəysə, sükut səmimidir...» Sizcə, harada susmaq səmimiyyətə daxildir? Nə vaxt susmağa üstünlük verirsiniz?

— Həqiqəti deyə bilmədiyin yerdə susmaq lazımdır. Bəzən bu elə səmimiyyət də ola bilir.

— Qorxudan, ya necə?..

— Bir məşhur ifadə var: "Əgər sənin söylədiyin həqiqət nifaq salacaqsa, onu demə". Sən həqiqəti deyəndə nifaq sala bilərsən. Nifaq salmağına görə qorxa bilərsən, şəxsi təhlükəsizlik nöqteyi-nəzərindən çəkinə bilərsən. Bəli, ola bilər.

— Bəs bu hansısa məqamda ədalətsizlik olmaz?

—İndi hamıdan ədalət gözləmək də ədalətsizlikdir. Mən şəxsi təcrübənin bütövlükdə və detallı bölüşülməsinin əleyhinəyəm. Ona görə bəzən susmağı da bacarmaq, eyhamlarla danışmağı bacarmaq lazımdır.



— Salam Sarvana ithaf etdiyiniz şeirdə «Hər kəs özünün bü(s)tü, qonub çiyinlərinə / Vaxt yıxar hər heykəli» yazmısınız. Siz çiyinlərinizin üstündəki bütdən və büstdən razısınız?

— 2002-ci ildən bu yana çiynimdəki bütü yıxmaqla məşğulam. Ümumiyyətlə, bir az da özünə zülm eləyən naturam var, özümü bağışlaya bilmirəm, yaxud çətinliklə…

— Bir şeirinizdə isə deyirsiniz: "Qırxı çıxdı bu ömrün, canım-sevgilim". Yaş ötdükcə ən çox nəyin itkisi sizi ağrıdır?

— Heç nəyin itkisi ağrıtmır. Hamımız deyirik ki, "kaş qayıdaydım keçmişə…" Belə imkan verilmir. Biz ağı, qaranı, pisi, yaxşını ancaq yan-yana olanda, palitrada görürük. Xalis qaranı harda görə bilərik ki?

— Ölüm və ötüb keçən zaman mövzusu yaradıcılığınızın ana xəttidir. Yaş üstünə yaş gəldikcə, bu mövzulara yanaşmanızda hansısa dəyişikliklər olub?

— Oğlumun üç yaşı var idi, bir gün gəldi qabağımda dayandı, dedi: "Dədə, bax, mən ölürəm". Mənə "dədə" deyirdi onda. Uşaq özünü yıxdı yerə, gözünü yumdu, sonra güldü, gözünü açdı, qalxdı, çıxdı getdi. Məni fikir apardı, bəlkə də üç-dörd saat bu səhnəni düşündüm. Sonra bu şeiri yazdım:

Heç uşaqları görmüsən?

Dava-dava oynayanda demirəm,

səbəbsiz -filansız

adamın qabağında durmaqlarını

və demələrini ki, ata, bax, mən ölürəm.

Uzanırlar, gülümsünüb gözlərini yumurlar.

Az sonra gülə-gülə açırlar gözlərini,

gülə-gülə qalxırlar…

Uşaq onda öz hərəkəti ilə göstərdi ki, çox rahatlıqla o biri dünyaya keçə bilər, çünki günahsızdır, təmizdir. İnsan təmiz olanda, yüksüz olanda doğrudan da ölüm rahat şeydir. Uşaqlar öz davranışları ilə bizə öyrədir ki, bu dünyada heç nə sizin deyil, hər şeyi qoyub gedəcəksiniz… Eynilə onların hansısa oyuncaqla oynayıb sonra buraxıb başqa oyuncağa keçdiyində olduğu kimi… Demək ki, bizim təməl şeylər haqqında bilgilərimiz əvvəldə -uşaqlıqda daha doğru olub, sonra biz onu itirə-itirə getmişik. Ölümə münasibətim dəyişməyib, mənə görə ölüm bir dünyadan başqa dünyaya keçid anlayışıdır. Zaman isə bizə verilmiş imkandır, zaman bizim əməllərimizdir eyni zamanda. Həyatımızın ən gözəl anları sürətlə keçir, sıxıntılı anlar uzun görünür. Dindarlar zamana məxluqat kimi, varlığın üzərinə atılmış pərdə kimi baxır. Məndə zaman daha çox bizə verilmiş imkan təsiri bağışlayır.

— Elə sual varmı ki, cavabından çəkinirsiz?

— Var, çoxdur. Allahla bağlı çoxlu suallar var ki, yəqin cavabı var, amma məndə yoxdur.

— Əgər sizə bütün mətnlərinizi silib yerinə bircə şeirinizi saxlamaq imkanı verilsəydi, o hansı şeir olardı?

— Təsəvvür eləyirsiniz ki, bədəninizin hər yerini kəsib bir dənə gözünüzü saxlayırsınız? Hamısında bu və ya digər dərəcədə mən varam. Amma seçim qarşısında qalsaydım, məmnuniyyətlə öz yazdıqlarımı tonqala atıb Nizami Gəncəvinin "Xəmsə"sini götürərdim. Amma öz şeirlərim arasında seçim çətindir.

— Yaradıcılığınızdan danışmışkən, hazırda nə üzərində işləyirsiniz?

— Az əvvəl dedim, uzun şeirlərimi itirmişdim, atamın arxivindən çıxdı. Onları bitirib bir kitab eləmək fikrindəyəm. Və bu kitabla da 1996-cı ildən başlayan, bəlkə də 97-ci ildən, 30 illik bir dövrə, üslubi mənada son vermək istəyirəm. “Seçmə şeirləri” hazırlayıram, qismət olsa, çap olunar. “Ədəbi yuxular”ın ikinci, genişləndirilmiş nəşri üzərində çalışıram.

Bilirsiniz ki, təxminən 1 il əvvəl qərar verdim ki, daha bədii tərcümə ilə məşğul olmayacam. Odur ki, “Seçmə tərcümələr”imin üzərində çalışıram. Onu da düşünürəm, inşallah, çap edərəm. Xeyli vaxtdır, ensiklopedik poetik lüğət üzərində çalışıram. O da cari, amma yorucu işlər sırasındadır. Və nəhayət, bir şeir silsiləsi, daha doğrusu, ideyası var. Bir neçə şeir də yazılıb. “Mirzə Səfilin nəğmələri”. Görək, necə olur…

— Sonda kişiyana mesajınız nə olardı?

— Təbii ki, kişilik cinsiyyət məsələsi deyil, bunu əvvəldə danışdıq. Bütün qadınlara və kişilərə mesajım budur: Çalışaq, həmişə kişi qalaq...

# 137 dəfə oxunub

Oxşar xəbərlər

Avropa muzeylərində növbəti qarət – Tarixi boyunbağı oğurlandı

Avropa muzeylərində növbəti qarət – Tarixi boyunbağı oğurlandı

10:40 31 avqust 2026
Türkiyədə 2400 illik məzar tapıldı

Türkiyədə 2400 illik məzar tapıldı

10:25 31 avqust 2026
"Kainat minnətdar insanları sevir... " - Amerikalı yazıçıdan motivasiya sitatları

"Kainat minnətdar insanları sevir... " - Amerikalı yazıçıdan motivasiya sitatları

13:30 30 avqust 2026
30 avqust Türkiyənin Zəfər Bayramı  günüdür.

30 avqust Türkiyənin Zəfər Bayramı günüdür.

10:30 30 avqust 2026
Cem Yılmaz xəstəxanaya yerləşdirildi

Cem Yılmaz xəstəxanaya yerləşdirildi

23:00 29 avqust 2026
Stiven Kinqin qorxu hekayəsinə mini serial çəkilir

Stiven Kinqin qorxu hekayəsinə mini serial çəkilir

14:35 29 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər