Azərbaycanın ilk Xalq artisti - "Tarın Qurbanı"nı kim Bakıya dəvət etmişdi?

Azərbaycanın ilk Xalq artisti - "Tarın Qurbanı"nı kim Bakıya dəvət etmişdi?
29 avqust 2026
# 13:30

Bu gün görkəmli tarzən, Azərbaycanın ilk Xalq artisti Qurban Pirimovun anım günüdür.

Kulis.az ustad sənətkarın həyatı, yaradıcılığı haqqında diqqətçəkən faktları və onun ifasında "Segah"ı təqdim edir.

Azərbaycan musiqi tarixində özünəməxsus yeri olan Qurban Pirimov 1880-ci ilin oktyabr ayında Ağdam rayonunun Abdal Gülablı kəndində dünyaya gəlib. O, məşhur aşıq Valehin nəvəsi idi.

Qurban on beş yaşına çatanda, müasir Azərbaycan tarının banisi sayılan müəllimi Sadıqcanın xeyir-duası ilə Qarabağ toylarında seçilən xanəndələrin müşayiətində iştirak etməyə başladı. Bu toyların birində xanəndə İslam Abdullayev onun tar çalma bacarığını bəyənərək, onu öz tarzəni kimi qəbul etdi.

1905-ci il Qurban üçün uğurlu bir il oldu. Gəncə toylarından birində Cabbar Qaryağdıoğlu onun ifasına heyran qaldı və İslam Abdullayevin razılığı ilə gənc tarzəni Bakıya dəvət etdi. Tanınmış xanəndələrin müşayiətində olan Qurban, xüsusilə Xan Şuşinskiyə yaxınlaşdı.

1905-ci ildən o, Cabbar Qaryağdıoğlu və Saşa Oqanezaşvili ilə birlikdə musiqi üçlüyü yaradır. Həmin muğam üçlüyü 20 ilə qədər öz fəaliyyətini davam etdirir. Qurban Pirimov həmin fəaliyyəti dövründə məşhurlaşıb, müxtəlif yerlərdə — Zaqafqaziya, Orta Asiya, Kiyev, Moskva və İranda qastrol səfərlərində olub. Onun ifa etdiyi muğamlar 1906–1916-cı illər ərzində Riqa, Varşava və Kiyev şəhərlərində "Potte", "Sport-Rekord", "Qrammafon" firmaları tərəfindən qrammofon valına yazılıb.

Şuşinski öz xatirələrində Qurbanı belə təsvir edirdi: “Mən Qurban Pirimovu son dəfə 1965-ci il avqustun 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında səhnədə görmüşəm. Həmin konsertdə gənc ifaçılarla yanaşı, 85 yaşlı hörmətli tarzən də iştirak edirdi. O, "Rahab" musiqisini ifa edirdi. Sənət yolunda təcrübə qazanmış bu tarzən, sədəfli tarını sinəsinə qoyub barmaqları ilə simlərə gənclik ruhu ilə toxunduqca, tellərdən çıxan gözəl və ürək oxşayan səda dinləyiciləri valeh edirdi. Qurban Pirimov "Rahab"ı 23 dəqiqə ərzində ifa etdi. Dinləyicilər onun ifasını böyük coşqu ilə alqışlayaraq, səhnəyə üç dəfə dəvət etdilər.”

Qurban Pirimovu tanıyanlar onu çox zarafatcıl biri kimi xatırlayırlar. O, tez-tez digər tarzənlərə deyərdi ki, “yolla gedərkən daş atıla bilər, əllərinizi gizlədin, ən çox qorumaq lazım olan əllərinizdir.”

O, 1931-ci ildə Azərbaycanda ilk dəfə olaraq Xalq artisti adına layiq görülən sənətkardır.

Üzeyir Hacıbəyovla, Müslüm Maqomayevlə yaxından dostluğu, həmçinin yaradıcılıq münasibətləri Qurban Pirimovun Azərbaycan professional musiqisinin inkişafında da müstəsna rolundan xəbər verir. Niyazi, Qara Qarayev, Tofiq Quliyev, Fikrət Əmirov kimi bəstəkarlar Pirimovun ifasından bir neçə muğam, xalq mahnı və təsniflərini nota yazıblar.

Qurban Pirimov həmçinin pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Belə ki, o, 1925-ci ildə Üzeyir Hacıbəylinin rəhbərliyi ilə muğam proqramının hazırlanmasında da yaxından iştirak edib. Azərbaycan tar ifaçılığı məktəbinin görkəmli nümayəndələri Hacı Məmmədov, Məmmədağa Muradov, Həbib Bayramov, Zərif Qayıbov, Əliağa Quliyev, Sərvər İbrahimov onun tələbələri olublar.

Ustad sənətkar 29 avqust 1965-ci ildə Bakı şəhərində vəfat edib və I Fəxri Xiyabanda torpağa tapşırılıb.

# 105 dəfə oxunub

Oxşar xəbərlər

"İnsanların əməlləri fikirlərinin ən yaxşı tərcüməçisidir..." - Con Lokkdan aforizmlər

"İnsanların əməlləri fikirlərinin ən yaxşı tərcüməçisidir..." - Con Lokkdan aforizmlər

13:00 29 avqust 2026
Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olundu

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olundu

11:20 29 avqust 2026
Selin Dion  Paris səhnəsinə qayıdır - 9 ildən sonra

Selin Dion Paris səhnəsinə qayıdır - 9 ildən sonra

10:50 29 avqust 2026
Bayö qobeleni Britaniya Muzeyində nümayiş etdiriləcək

Bayö qobeleni Britaniya Muzeyində nümayiş etdiriləcək

18:10 28 avqust 2026
Məşhur müğənni könüllü qismində iştirak edib - Xərçənglə mübarizədə

Məşhur müğənni könüllü qismində iştirak edib - Xərçənglə mübarizədə

17:50 28 avqust 2026
Qədim “Herakl qapısı"  tapıldı

Qədim “Herakl qapısı" tapıldı

16:30 28 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər