Reza Diqqəti: "Adam ölümünü görəndən sonra, qorxu itir" - Müsahibə

Reza Diqqəti, azərbaycanlı fotoqraf

Reza Diqqəti, azərbaycanlı fotoqraf

31 may 2023
# 10:44

Kulis.az dünya şöhrətli azərbaycanlı fotoqraf Reza Diqqəti ilə müsahibəni təqdim edir.

– Salam Reza bəy, xoş gördük sizi.

– Salam, xoş gördük. Təşəkkürlər.

– Fotoaparatınız həmişəki kimi yanınızdadır. Neçə ildir bu işlə məşğulsunuz?

– Hansı işlə? (gülür)

– Fotoqraflığı deyirəm.

– Mən bu işə 13 yaşımdan başlamışam. 58 ildir bu işdəyəm. O zaman Təbrizdə bu sənəti öyrədən kimsə yox idi. İki-üç fotostudio var idi, onlar fotoları vitrinlərinə qoyardılar, mən də ora gedib, dükanın qabağında durardım ki, bunlar çıxanda sual verib nəsə öyrənəm. İçəriyə də girə bilməzdim. O vaxtdan başlamışam, belə-belə çalışmışam. Bu 58 ilin 3 ilini İranda türmədə olmuşam, əlimdə aparat olmayıb, ondan sonra həmişə bu işlə məşğul olmuşam. Mən, əslində, memaram, birinci Təbrizin universitetində fizika oxudum, sonra keçdim memarlığı oxudum. Gördüm ki, fizika mənim üçün deyil, incəsənətdən uzaqdır. O zaman fotoaparat əlində olanda İranın təhlükəsizlik qüvvəsi (Savak) tuturdu. Amma memar öyrəncisi olanda, bu adla şəkil çəkmək mümkün olurdu. Başlamışdım bütün ölkəni gəzib, şəkil çəkməyə. İranda Masuləni, Abyanə kimi bölgələri mən tanıtdırmışam. İndi hamı gedib oraları gəzir. O zaman belə yerləri tanımırdılar. İran inqilabından sonra memarlıqdan uzaqlaşıb, peşəkar olaraq bu sahədə çalışmağa başladım.



– Müharibələrdə canınızı təhlükəyə atırsınız ki, hansısa bir kadr, an foto olaraq yaşasın. Bunun səbəbi haradandır?

– Bilirsinizmi, kiçik yaşlarımdan mənə elə gəlirdi ki, foto sənəti bəşəriyyətə önəmli bir mövzudur. İndi getdikcə görürük ki, bu, həqiqətə çevrilib. İndi foto olub bəşəriyyətin ən böyük silahı, ən böyük öyrədici materialı, hamısı foto ilədir. Bir şeyi araşdırmaq üçün mütləq fotoya istinad etməlisiniz. Mən də buna görə bu işlə belə eşqlə məşğul oluram.

– O dövrdə İran daxilində fotoqraflıq sənət kimi qəbul olunurdumu?

– Yox, ona görə də mən memarlıq fakültəsini oxuyurdum. Mən fotoqraflığı öyrənəndə, bunu özümə peşə hesab etməmişdim. Səbəbi budur ki, elə yeri görürsən ki, orada zülm var, orada sadəcə bir yol qalıb, o da fotodur. Foto onların ürəyinin sözünü dünyaya çatdırır. Elə bir yerdə minlərlə, milyonlarla insanın səsi olursan, o vaxt daha öz canın özünə mənasını itirir. Bəlkə, yüz dəfədən çox elə yerdə olmuşam ki, demişəm bu gün son günümdür. Birdən görürsən partlayış oldu, toz, torpaq aləmi bürüdü, deyirəm bəs qurtardı hər şey. Bir azdan sonra baxırsan ki, ölməmisən. Bir də ki, adam bir dəfə ölümünü görəndən sonra qorxu itir. Mən ölümdən qorxanlara sual verirəm ki, adam neçə dəfə ölür? Deyirlər, bir dəfə. Deyirəm, ölüm tarixinizi bilirsinizmi? Deyirlər, bilmirik. Deyirəm, bir şey ki axırda baş verəcək, onu gecikdirməyin mənası yoxdur, gecikdirməyə çalışmayın!

– Qaçırdığınız hansısa bir kadrınız üçün təəssüf etmisinizmi?

– Milyon dəfə. Mən fotoqraflıqdan başqa müəllim kimi də fəaliyyət edirəm, illərdir uşaqlara bu sənəti öyrədirəm. Özü də qaçqın olan uşaqlara, kasıb məhəllələrdə bu işi həyata keçirirəm. Onlara öyrədirəm, gedib çəkirlər, gətirirlər ki, bax, gör necədir? Baxıram, görürəm elə bir kadr tutub ki... deyirəm, ay köpeyoğlu, bunu mən niyə çəkə bilməmişəm? (Gülür). Yəni adam hər gün yeni bir şey öyrənir. Əsl sənətkar odur ki, hər gün öyrənsin.


– Bizdə fotoqrafların çoxu toylardan, toy bazarından pul qazanır. Bura kimi belə bir fəaliyyətiniz olubmu?

– Mən jurnalistikadan başqa ayrı yerdən maddi gəlir əldə edə bilməmişəm. Hətta bu uşaqlara yaratdığım fondu da öz hesabıma etmişəm. Amma lazım gəlsə, ehtiyacım olsa, mənə heç bir problem yoxdur, gedib çəkərəm. Burada fotojurnal yoxdur deyə, gedib toy çəkirlər. Başqa ölkələrdə fotoları print edib imza günü keçirirlər, işlərini satırlar. İndi Avropada, Amerikada foto rəsmin yerinə keçir. Amma burada görürsən ki, gəlib deyirlər, biz sayt açırıq, jurnal açırıq, bizə foto lazımdır, verin də bizə. Mən də utanıram deyəm ki, pul verin. Deyəndə ki, büdcə varınızdımı? Deyirlər, Rza bəy, havayı verin də. Deyirəm, yaxşı, götürün. Deyirəm, bura kimi olub ki, gedib restoranda yemək yeyib pulunu verməyəsiniz? Burada qiymət qoyan yoxdur, bu çox üzücüdür. Çünki indi əsl informasiya müaharibəsi fotodan keçir, və görürsən ki, Azərbaycan informasiya müharibəsini dünyada uduzur. Elə bunun bir səbəbi də fotoya və bu işlərə qiymət vermədiyimiz üçündür. Mənə görə, Azərbaycan ordusu dünyada birinci ordudur ki, qayıdıb öz torpağını azad etdi. 28 ildən sonra Azərbaycan dövləti bir yaxşı hərəkətdə var gücü ilə, torpaqlarını aldı. Amma dünyada iki müharibə var, biri belə real müharibə, bir də informasiya müharibəsi. Və təəssüf olsun ki, Azərbaycan hələ də informasiya müharibəsində uduzur. Necə müharibəyə əsgər lazımdı, general lazımdı, sursat lazımdır, plan lazımdır, bu informasiya müharibəsi üçün də plan lazımdır. Mən bu 43 ildə dünyanın ən tanınmış jurnalları ilə çalışmışam, bunların bir çoxu mənimlə məsləhət alır. Soruşurlar ki, hansısa informasiyanı necə çatdırmaq olar? Azərbaycan da bu mövzuda çox çalışmalıdır.



– Xocalı faciəsinə yaxından şahid olmusunuz, orada hansı səhnələri müşahidə etdiniz?

– Dünyada çox az adamlar var ki, Xocalı faciəsinin şahidi olublar. Orada iştirak edən fotoqraflar iki janrda fəalliyyət edir, biri cinayət yerindən foto çəkənlər, biri də vardır ki, elə bir foto çəkir ki, həm içində dram vardır, həm də insanlar ona baxa bilirlər. Başı kəsik adama kimsə baxmır. Mən yüzlərlə ölü olan yerdə iştirak etmişəm, mən orada elə bir foto çəkmişəm, ölən adamların gözü ilə çəkmişəm. Yəni o faciəni yaşamış insanların orada əhvalını, hisslərini göstərməyə çalışmışam. Əgər fotoqraf onların bütün emosiyalarını göstərə bilsə, dünya ona baxa bilər, amma adi bir ölüyə kimsə baxa bilmir. Xocalıda mən elə şəkillər çəkmişəm ki, illərdir yenə o fotolar faciəni hiss etdirir. Sizə deyim ki, Azərbaycanın əlində 28 ildir ki, belə sənədli, sübutlu faciə var, buna vaxt var idi, hələ də vaxt vardır ki, ermənilərin bu işini dünyaya göstərsinlər. Görürsünüz ki, hələ də, ermənilər deyirlər Xocalı soyqırımını biz etməmişik, yəni informasiya müharibəsində qalib gəlirlər.

– Bir neçə müsahibənizi izlədim, bir çox tarixi şəxsiyyətlərlə görüşmüsünüz, onlardan biri də Əhməd şah Məsuddur. Ona kiçik bir şahmat hədiyə edibsiniz və birlikdə bu oyunu oynamısınız. Həmin oyunda hansınız qalib çıxdınız?

– Mən onunla çox oynadım. Birinci başlayanda, yenicə görüşmüşdük. Mən onunla təzə görüşmüşdüm deyə, yanında silahdaşları var idi, mən də bilmirdim ki, bunlar necə adamdırlar və bilmirdim əgər bunların rəhbərini udsam, necə ola bilər. Ehtiyat edirdim, amma belə də çəkinmirdim. Siz bilirsiniz ki, adam şahmat oynayanda bir çox şeyi unudur, ətrafında olan heç bir şey diqqətini çəkmir. Sonra gördüm ki, bunu uda bilərəm, baxdım ki, üç gedişdən sonra bunu mat edə bilərəm. Öz-özümə dedim ki, Rza, gəl eləmə, sonra dedim olmaz, udacam. Sonra baxdım üzünə ki, görüm bu adam uduzmağına az qalmağını hiss edibdirmi. Gördüm, bilmir hələ. Dedim, qoy məğlub olduğunu bilsin, sonra mən məğlub olum. Çünki mən bu adamla münasibət quracaqdım, ona görə istədim məni yaxşı tanısın, bilsin ki, mən kiməm, necə bir adamam. İkinci daşı qoyanda baxdım üzünə, gördüm ki, bildi. Mənə baxdı, mən də ona baxdım. Sonra mən güldüm. Mat olacağı gedişi etmədim, özü bildi. Axırda mən məğlub oldum. Mənə əl verdi, əlimi möhkəm sıxdı. Elə o oyundan sonra bizim dostluğumuz başladı. Ona bir kiçik şahmat hədiyyə etmişdim, silahdaşlarından birini çağırdı, arxasında çantası var idi. Dedi, hamıdan çox bu Calala yaxşı olacaq. Dedim, niyə? Dedi, Calal çantanda olanı çıxar görsün. Bu da gətirdi, gördüm ağır bir şahmatdır, hara gedirsə bunu özü ilə daşıyır. Hər yerdə bu oyunu oynayır, strategiyasını bu oyunun üzərindən qurur. Amma oyunun başlanğıcında mənə baxdı, farsca dedi ki, inanmıram mənə rəqib ola biləsən. Gördüm bu adam siyasət adamıdı, hələ başlanğıcdan psixoloji təzyiq edir.

–Nelson Mandella ilə görüşmüsünüz, yoxsa yox?

– Yox, mən xanımı Vini Mandella ilə görüşdüm. O zaman Mandellanın azadlığını tələb edən bir təşkilat var idi, mən bu təşkilatın üzvü idim. O zaman mən üç ay gizli olaraq Cənubi Afrikaya getmişdim. Mandellanın azadlığı üçün küçələrdə mitinq olurdu, ancaq hamı gizli fəaliyyət edirdi. Mən onları çəkirdim, ancaq yoldaşını görə bildim, sonra özü azadlığa çıxdı, danışa bildim, yenə də yaxından görüşümüz olmadı.

– Əhməd Şamlı ilə də görüşünüz olub. onunla hansı mövzunu müzakirə edə bildiniz?

– Mən şeir çox oxuyaram, şeir mənim ürəyimi, ruhuma təzələyir. Nə zaman mən çətin bir yerə gedirəm, gərginlik görəndə, şeir oxuyuram. Şamlı da həmin şairlərdən idi. Bir gün xəbər gəldi ki, o, Almaniya gələcək, şeir gecəsi keçiriləcək. Dostlarıma dedim ki, Ağa Şamlıya deyin ki, istəyirəm onu görəm. Tez cavab gəldi ki, Şamlı da sizin işlərlə tanışdı, gəlin, görüşək. Bizdə Şərq dünyasında görüşə gedəndə hədiyyə apararlar, fikirləşdim ki, mən nə apara bilərəm axı? Sonra bir neçə çəkdiyim şəkilimi çərçivəyə salıb apardım. Konfransdan əvvəl keçdim zalın arxasına, gördüm oturub, əsası əlində, yeriyə bilmirdi. Salamlaşdıq, qucaqlaşdıq. Dedi, bu gecə yorğunam, sabah gələrsən, görüşərik. Şeir gecəsində bir neçə şəkil çəkdim ondan. Sabah səhər yeməyini birlikdə yedik. Sonra mən şəkilləri ona verdim, bu şəkillərə çox baxdı. Bilirsinizmi, mən Tehran universitetində incəsənət fakultəsini oxuyanda, oranın yanında bir futbol meydanı var idi. Sonra o meydanı cümə namazı qılmaq üçün ayırdılar, onun yuxarısından keçən yolu isə qadınlara ayırmışdılar. Mənim oradan bir çəkdiyim foto var, payız idi, hələ ağacların quru olan vaxtıdır və bir neçə qadın namaz qılır, sanki bunlar yürüş edirlər. Çox təsirli təsvirdir, bu şəklə baxanda farsca şeir ilə dedi,

Vinək zənan be suqvariye xiş mirəvənd.

”və indi qadınlar sanki öz yaslarına doğru gedirlər”.

40 il öncə bunu demişdi, indi görürük ki, düz deyirmiş. İnsanlıq məsələsinə baxanda, olmaz ki, qadınlar belə özlərini bağlasınlar. Və o biri şəkil isə Qulamhüseyn Saedinin dəfn günü məzarından çəkdiyim şəkil idi. Yağışlı gündə bir heykəldən şəkildir, sanki ağlayır. Bunu görüb Sədidən bir şeir dedi,

Kəz səng nale xizəd ruze vedae yaran

”Dostların vida günündə daşın ahu-naləsi qalxar”.



– Bildiyimə görə, Doğu Türküstanda da olmusunuz, uyğurlardan fotolarınız var. Onlar necə yaşayırlar?

– Mən 1995-ci ildə orada olmuşam. Ora getmək indi də qadağandı, amma o vaxta kimi Çin hökuməti uyğurları görməyə jurnalistləri buraxmırdı. Buraxanda da bir nəfərin yanına iki, üç nəfər nəzarətçisini qoyurdu. Amma bir mövzu oldu ki, biz üç il Çin hökuməti ilə müzakirə etdik, onlar altı ay icazə verdilər ki, gedib çəkəm. Bu uyğurlar haqqında birinci reportaj oldu. Dünyada birinci dəfə idi ki, o zaman 72 səhifədə “National Geographic” foto-reportajı yaydı. O vaxt mən gördüm ki, uyğurların vəziyyəti çox pisdir. Onlar deyirdi ki, 1949-cu il Çin hökumət bulararı işğal etdiyi zaman yüzlərlə insanımızı öldürüblər. Və hələ də bizim ziyalıları araşdırıb tapır və öldürürlər. Bir neçəsi də deyirdi ki, bizim ziyalıların çoxunu bir yerə aparmaq məqsədilə təyyarəyə mindiriblər, sonra təyyarəni yerə salıb, öldürüblər. O vaxt oranın həbsxanaları uyğurlarla dolu idi. İndi vəziyyətləri daha da pisdir, amma 1996-cı ildən mən uyğurların adlarını, sözlərini dünyaya çatdırmağa başladım. Ona görə də, Uyğur xalqı məni özlərinin sirdaşı kimi bilirlər. Onların bir neçə təşkilatı məni fəxri vətəndaş kimi qələmə verirlər, deyirlər, siz olmasaydınız, biz unudulacaqdıq.


– Təbrizin məşhur yazıçısı Qulamhüseyn Saedinin dəfn mərasimindən bir maraqlı fotonuzu gördüm, illər boyu sürgünlükdə yaşayan Saedi Parisdə nə çətinlikləri var idi? Siz onu yaxından görmüsünüz.

– Özü deyirdi ki, mən öz işimi görmüşəm, yazımı yazmışam. “Əlifba” adlı kitabı Parisdə çap olunmuşdu, onun dəfn mərasimində “Əlifba” kitabını özümlə aparmışdım, onu basdıranda, kitabını da yanına qoydum, basdırdılar. Ancaq son aylarda fikri qarışıq idi, narahat idi.

– Onu nə narahat edirdi, niyə sıxılırdı?

– İrandan çıxmaq, o vəziyyət... Qulam dəqiq və yaxşı deyirdi ki, bu mollalar millətin başına nə oyun gətirəcəkdir. Çünki inqilabın ilk günlərində elə adamlar var idi ki, bu mollalara inanırdılar. Amma eləsi də var idi ki, lap başdan müxalif idilər, deyirdilər, bunlar yaxşı adam deyilər, bunlar adam öldürəndirlər, bunlar cinayətkardılar, bunların əlinə hakimiyyət gəlsə, məhv edəcəklər. Axırda da gördük ki, belə də oldu.

– Dünyada elə bir şəxsiyyət var ki, fotosunu çəkmək istəmisiniz, amma bura kimi çəkməyə imkanınız olmayıb?

– Mən dünyaya belə baxmıram. Qarşına nə çıxdısa, o, mübarəkdir. Bundan əvvəl Fransada on yaşında şagirdlərə dərs verirdim. Onlara baxıb, dünyasını anlayanda görürsən ki, dünya başqa mövzudur. Hər insan özünə görə təsir qoya bilir. O insanlar ki bəşəriyyətə təsir buraxa bilirlər, onlara hörmətim sonsuzdur. Amma elə bir arzum olmayıb.



– Reza bəy, Azərbaycanda yaşayan fotoqraflardan tanıdığınız varmı?

– Azərbaycan fotoqraflarını mən sovetlər dönəmindən tanıyıram. Bilirsinizmi, indi kimin əlində fotoaparat varsa, ona fotoqraf deyirlər. Ancaq bu sahənin müxtəlif qolları var. Biri vardır ki, şəkillə şeir yazır, birisi isə gedib reklam üçün stulu çəkir, biri isə model çəkir. Bunların hamısının özünə uyğun adı olmalıdır. Elə fotoqraflar vardır ki, məndən min il uzaqdadırlar. İndi yavaş-yavaş deyirlər ki, fotomüxbir... Bilinir ki, bu adam jurnalistdir, yəni bu fotoqraf reklam çəkmir, heyvan çəkmir. Ola bilər də sabah bir jurnalist gedib toy çəksin, ancaq bu onun ixtisasında olan bir sahə olmayacaq.

– Müharibədə gördüyünüz ən təsirli səhnə nədir?

– Hər bir müharibə özünəməxsus bir ağrı və acı yaşada bilir. Hər müharibənin özünə görə, qurbanları vardır, biz əsgərləri qurban kimi görürük. Amma mənim gördüyümə görə, müharibə ən çox uşaqlara zülm edib. Onlara həm travma olur, həm evlərini itirirlər. Bundan sonra qadınlardırlar, ondan sonra digər dinc adamlardır. Beşinci mərhələdə hərbçilər və ən sonda siyasətçilərdir. Və müharibənin ən həssas yeri olan uşaqlar mənə çox təsir edir.

– Məşhur bir foto var, quzğun uşağın başının üstündə dayanıb. Mükafat aldı həmin foto. Sonra fotoqraf o şəkli çəkdiyi üçün intihar edir. Siz o fotoqrafın yerinə olsaydınız, nə edərdiniz?

– Bilirsinizmi, biz gərək görək bu şəkil və ya başqa şəkillər necə çəkilib. Birinci yadınızda olsun ki, foto bir çərçivədir, dörd künc bir çərçivədir. Bu çərçivənin içini fotoqraf seçir, ancaq bu çərçivənin ətrafında başqa bir dünya da var, onu fotoqraf seçib, çəkmir. Mən eyni şəraitdə də olmuşam, başqa fotoqraflar da olublar. O fotonu insanlar yanlış anlayıb, ona görə də bu fotoqraf intihar etdi. Mən sonra bu fotoqrafın başqa fotolarına da baxdım, orada həm də film çəkilmişdi, həmin fotoqraf bu şəkilin “wide angle” ilə də çəkmişdi. “Wide angle” ilə baxanda görürsünüz ki, bir az o tərəfdə həmin uşağın anası oturub, bir az o tərəf də tibb bacısıdır, sonra yaşadıqları çadır var. Və o quzğunlar Afrikanın bir çox yerində yaşayırlar, bizim şəhərdə göyərçinlər çoxdur, orada quzğun. Elə vaxt olur ki, siz restorana oturanda görürsünüz ki, dörd-beşi gəlib oturdu. Siz bunların hamısını hesab edəndə, görürsünüz insanlar səhv yozublar. O şəklin arxa səhnəsinə baxanda, görürsən ki, quzğun heç bu uşaq üçün gəlməyib, orda başqa quzğunlar da var, uşağın anası yanındadır, həkim var, bir neçə çadır var. Bundan öncə də dedim, müharibədə və ya başqa yerdə fotoqraf elə bir səhnəni çəkməlidir ki, insanlar ona baxa bilsin. Bəlkə, mən də elə həmin kadrı çəkərdim, bəlkə də, anası ilə birlikdə çəkərdim, bilmirəm hansı kadrı tutardım. Mən elə-belə gedəndə “frame” kadr gözümün içindədir. Hər yerə kadr gözü ilə baxıram.


– Və son sualım, kameranızın çəkmək üçün son kadrı, son fotosu olsa, nəyi çəkərsiniz?

– Çəkmərəm onu. Çünki mənim üçün həmişə “Next picture” (red. növbəti kadr) önəmlidir. Boş qoyaram bu şəkli, boş və ağ olan min cür şəkil vardır.



Foto: Orxan Kərimov


# 2338 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #