Qovuşmaq dünyasına xoş gəlmisiz - Vasif Əlihüseynin şeirləri

Vasif Əlihüseyn, şair

Vasif Əlihüseyn, şair

26 mart 2022
# 11:23

Kulis.az Vasif Əlihüseynin şeirlərini təqdim edir.

Kəsilmiş şalvar ayaqları

Qürur hissi keçirir
ərinin tək ayaqlı
şalvarını yuyan qadın
amma həmişə
ərinin ayağını axtarır
şalvarın bir qıçında
bir də gözləri dolar
kəsilmiş şalvar ayaqlarına
qum doldurub yumruq vuran
kənd uşaqlarını görəndə


Yaralı əsgərin ilk addımları

yenicə yeriyən uşağa bənzəyir
yaralı əsgərin ilk addımları
dil açıb, Vətən sözü deməsinə
sevinir anası:
“ay Allah, sənə şükür
balam danışdı”

oğlunu şəhid verən ananın
əlləri asılı qalıb
ədalətin yaxasından

oğlunun qanlı pulunu
yadigar saxlayan şəhid anası
qıymaz o pula
dükandan çörək almağa

Şəhid Tural

Vətən müharibəsində şəhid olan
kəndlim Turalın xatirəsinə...

İndi gəl öz adınla,
göylərə ucal şəhid.
Torpağa sevgisiylə,
tanınan Tural şəhid.

Sən idin o düşməni,
sındırıb, diz çökdürən.
Özünü əsgər bilib,
rütbəsini sökdürən.

Vətən səni çağırdı,
dar gündə köməyinə.
Oğlu olmasaydın,
nəyinə lazımdın nəyinə.

Gedirdin sən irəli,
atasısan Yağmurun.
arxada ləngiməyə,
yol verməzdi qürurun.

Getdin ucaltdın bizi,
oğul, üzün ağ olsun.
Yenə atan sınmadı,
dedi vətən sağ olsun.


Qızım Şuşa

Şəhid kapitan Elçinin yeni doğulan qızına
Şuşa adı verilib.

Mən Şuşanı çox sevirdim, qızım
Şuşaya gedib çıxa bilmədim
yolda şəhid oldum
amma ölmədim.
Məndən sonra adını
Şuşa qoydular, qızım
Mən sənə gələ bilmədim

sən gəl qəbrim üstünə
quca, qızım
uca qızım
Şuşa qızım.
Bu şəhərin qəhrəmanı olmağı düşünürdüm
amma atası oldum
uzanıb torpağında
yatası oldum, qızım
uca qızım
Şuşa qızım
yanaqların Cıdır düzüdü
bulaqları gözündü
küləyi nəfəsindi
elə hər şey özündü
uca qızım
Şuşa qızım

Qulu Ağsəsə...

gözünün qarası da
ağı da aydın
Ağdama qayıdın,
qayıdın, sizə qayıdan Ağdama
altı yaşımda işğal olunan o rayonu
ayağıyalın qadının gəlişiylə xatırlayıram
ürəyinizə otuz illik nisgilin
sevinci dama-dama
qayıdın, sizə qayıdan Ağdama
şəhərin girişində
şeh tutmuş eynəyini çıxar gözündən
köynəyinin ətəyinə sil
oba-oba, nəsil-nəsil
qayıdın, sizə qayıdan Ağdama
gözlərini ver şəhərin havasına
qol qaldır, oyna
uçmuş evlərin, qəbirlərin yasına
bu qalibiyyət, bu qovuşmaq dünyasına
xoş gəlmisiz!
qayıdın, sizə qayıdan Ağdama...

# 2770 dəfə oxunub

Oxşar xəbərlər

Diddinin həbs müddəti yenidən azaldıldı - Azadlığa çıxacağı tarix məlum oldu

Diddinin həbs müddəti yenidən azaldıldı - Azadlığa çıxacağı tarix məlum oldu

15:33 6 iyul 2026
Ana olmaq həsrəti və rənglərin etirafı - Ən məşhur avtoportretlərin arxasındakı faciə

Ana olmaq həsrəti və rənglərin etirafı - Ən məşhur avtoportretlərin arxasındakı faciə

15:15 6 iyul 2026
Birgə Bəyannamə: "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar"

Birgə Bəyannamə: "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar"

14:06 6 iyul 2026
"O hamının sevdiyi, ancaq heç kimin ciddi qəbul etmədiyi it kimidi” - Ulyam Folkner kimdir?

"O hamının sevdiyi, ancaq heç kimin ciddi qəbul etmədiyi it kimidi” - Ulyam Folkner kimdir?

12:30 6 iyul 2026
Şuşada çərkəz musiqiləri ifa edildi

Şuşada çərkəz musiqiləri ifa edildi

12:26 6 iyul 2026
Şuşada "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar"  adlı beynəlxalq konfransın açılışı oldu

Şuşada "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" adlı beynəlxalq konfransın açılışı oldu

11:21 6 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər