Qəbahəti böyük qadınlar, havayı evlər və bahalı telefonlar

Qəbahəti böyük qadınlar, havayı evlər və bahalı telefonlar
20 avqust 2024
# 12:00

Kulis.az Eminquey Akifin "Ah, kasıblar..." adlı yeni köşəsini təqdim edir.



Qəbahətim böyükdür...

Ay ellər, ay ellər, dünən axşam...

Zənnimcə, hamınız misraları zümzümə ilə oxudunuz və zənnimcə, oğuz elində “qəbahət” əhvalatını bilməyən bircə nəfər də olsun başıpapaqlı, üzüörpəkli yoxdur.

"Şövkət Ələkbərova", "Özbəkistanda konsert", "özbəklərin qəbahət sözünü başqa cür anlayıb gülüşməsi"...

Ki, əslində, belə bir söhbət olmayıb, çünki özbəklərdə "qəbahət" sözü elə bu sözə yaxın olan "kabahat"dır. Yəni illərdir bizi bu qondarma əhvalatla güldürməyə çalışıblar.

Əgər özbəklərdə bu söz mədəni dildə desək, "arxa" mənasına gəlməyibsə və indi də gəlmirsə, təbrik edirəm, həzərat, dəxi bizdə "arxa" sözü "qəbahət" mənasına gəlir.

İndi hamının "qəbahət"i və qəbahəti böyükdür, Şövkətin səsinə and olsun!

O ki arxası yekə televizorlar getdi, əvəzinə arxası yekə qadınlar gəldi, bax, həmin gündən hamının qəbahəti böyüdü.

Biri dolanışıq dərdindən, o biri elə-belə məzə üçün...

Kimin ki arxası yoxdur, başladı arxasını böyütməyə.

O ki arxalı köpəyi qurd basardı, dəxi qurd basmır. Dəxi qurd basmır. Qurd basmır.

Bir də, əcaib modalar gəldi Badi Kubəyə. Köhnə çağlarda ayıb sayılan şey qısa yubkalar idi, abırlı sayılan zad isə topuğa çatan donlar. Hər hansı zənən xeylağı qısa yubkada əndam yellədərdi, onun ad-sanı əxlaqsızlığa tən olardı. Neo-əxlaqsızlıq dövründə isə, yəni köhnə yox, təzə hamam içində topuğa çatan donların çəmi dəyişdi. Topuğa çatan donların da əxlaqını pozdular. İndi bu donların taleyindən uzun-uzun “razrez”lər keçir, ilahi! Araz necə ayırırsa bizi bizdən, bu “razrez”lər də kişiləri arvadlarından elə ayırır.

Otuz illik ömrümdə nə qədər ki geyim dəb olub, həmişə bu dəblərin haradan əmələ gəldiyini, hansı zərurətdən doğulduğunu düşünmüşəm. Keçən ilə qədər qadın cinsindən olanlar qarnı çöldə gəzirdi, bu il isə baldırı, budu çöldə. Kiminki nə qədər böyükdürsə, o həmin qədər baxımlı imiş. Sanki hansısa görünməz bir əl hər il qadınlarımızın bir yerini açır, nələrisə analiz edir, sonra qapayır.

Hamısı bir-birinə baxıb bir-birinin “razrez”ini təkrarlayır. Hamısı bir-birinin surətidir. Çoxusunun ağzını açdırsan, dişə dəyəsi, ələ gələsi, salamat bir cümlə, sağlam bir fikir tapa bilməzsən. Keçən ilə qarınlarından, bu il budlarından uçub gedib ağılları. Ciddi sözümdür, onlar dünyaya qarınlardan, budlardan baxırlar.

Və o böyük qəbahətlər ki var, bu “razrez”li donları şərafətə gətirir. Kimin ki qəbahəti böyükdür, don onun əynində daha sərməstedici bir gözəllik alır. Ən azından, onlar belə düşünür. Açığı, sözümün canı nə bu donlar, nə də bu qəbahətlərdir. Deyəcəyim söz daha kədərli, daha hüznlüdür deyə sizi buna hazırlamalı idim. Kameramı bu adamların topuğundan yuxarı tutmağım qəbahət sayılmaz, yəqin ki. İki min iyirmi dördüncü ildə insana baxış budur, neyləyim?! Bizə balığın başı ən sonda lazımdır.

Bir-birini yamsılayan, bir-birilə soyunmaq yarışına girən adamların diyarında daha dəhşətli əhvalatlar da vaqe olurmuş. Misalən, tez-tez elə bu bir-birini yamsılayan adamların yaratdıqları qəhrəmanlar onların sevgisini itirməmək üçün ucuzvari yarışlar keçirirlər. Biri 100 manat mükafatı sualına cavab tapana verir, o biri ən yaxşı rəy yazana və sairə.

Hüseyn Qasanovun 10 ayfon əhvalatından bixəbər deyilsiniz. Orada baş verənlər sayəsində adamların içi çölünə çıxmışdı. Ara qarışıb məzhəb itmişdi və nəticədə, yanılmıramsa, ayfon-mayfon da verilməmişdi.

İndi isə bundan daha böyük bir sınaqla üz-üzə qalıb bu adamlar. Xəbər ta Səddam Hüseynə qədər yayılıb. Ki, müğənni Emin izləyicilərə “Seabreaz”də ev ənam edəcəkdir. Bunun üçün onun izləyiciləri nə etməli? Aksiya ilə bağlı məlumatın altına şərh yazmalı, bəyənməli, üstəlik, paylaşmalı, Eminin və eləcə də şirkətin səhifələrinə abonə olmalıdır. Vəssalam, şüt-tamam. Fikir versək, hər şey müğənninin və evi verən şirkətin, yəni yenə də Eminin sosial hesablarının böyüməsinə xidmət edir. Və bütün bunları edənlər oturub dua etməlidirlər:

“Xudaya, bizi ipotekalardan xilas elə!”.

“Ay Allah, sən məni Eminin ev yarışmasında təsadüfi seçim əsasında ev udanlardan bərqərar eylə!”.

“İlahi, sən kirayələrdə keçən ömrümü işıqlığa çıxart!”.

“Ya Rəbbim, mənim təzəcə ailə qurmuş qızıma qismət elə o evi. İki göz evdə qaynanası, qaynatası ilə yaşamaq onun üçün çox ağırdır”.

“Pərvərdigara, o evi mənə qismət elə, kirayə verib beş-üç manat qazana bilim”.

Oktyabrın 10-a qədər, yəni yarışmanın nəticəsi açıqlanana kimi Allahın dərgahında ən çox səsi gələn azərbaycanlı bəndələr olacaq. Göydə Allah seçim edəcək, yerdə Emin Ağalarov. Biri ilahidəndir, digəri təsadüfi.

Bu soxasoxda dələduzlar müsabiqədə iştirak edənlərə “Təbrik edirik, siz “Sea Breeze”də ev qazandınız” mesajı göndərir, daha sonra tələb edirlər ki, naməlum linkə daxil olub qeydiyyatdan keçsinlər. Kim ki linkə girdi, səhərsi hamamda çəkdiyi şəkli faş olsa, inciməsin.

Amma bu hay-həşirin içində bir evə-zada ehtiyacı olmayanların fəryadı məni daha çox yandırır. Bu, o insanlardır ki, ehtiyacı olmaya-olmaya hər yardımdan, hər müftə şeydən bəhrələnmək kimi azarları var. Ehtiyaclarından artıq qidalanarlar, ehtiyaclarından artıq pul xərcləyərlər, ehtiyaclarından artıq bambılılıq edərlər və ilaxır. Onların bu ehtiyacdan ziyadəlikləri, bəlkə də, bu təsadüfi seçimdə kimlərinsə ev arzusunu ürəyində qoyacaq. Amma onlar həm də ehtiyaclarından artıq bivecdirlər. Və onlar ehtiyaclarından artıq qəbahətlidirlər.

İndi siz deyin, ehtiyacından artıq arxaya sahib olmaq istəyənlərlə ehtiyacından artıq evə sahib olmaq istəyənlər arasında nə təvafüt var? Heç bir təvafüt yoxdur! Biri ehtiyacından artıq arxası ilə qürur duyur, lazım gəlsə, pul xərclədiyi arxasını bazara təqdim edir, xərc-borcunu ödəyir, üstəgəl, digər yerlərini böyütmək üçün də sərmayə qazanır, o biri isə ehtiyacından artıq ev udmaqla gəlir yerlərinin üstünə birini də gəlmək istəyir. Çoxusu isə elə-belə mırta qatılıb. Yamsılayır başqalarını. “Mən də elədim” ədası ilə.

Kasıb isə...

Açır Tiktoku, qarşısına bir milyonerin necə varlanmağı ilə bağlı danışdığı hekayə çıxır:

“Mən 8 yaşımda dərsdən sonra gedirdim göyərti satmağa. Nənəm rayondan pay göndərirdi. Mən isə özüm yemirdim, satıb pul eləyirdim. Çünki bilirdim ki, atam öləndən sonra kimsə gətirib cibimə pul qoymayacaq. Özüm öz cib xərcliyimi çıxarırdım. Hə, belə oldu. Çox əziyyət çəkdim və bu gün 12 şirkətin sahibiyəm”.

Kasıbın təsəllisi ancaq və ancaq bu ola bilər. Kasıb, həqiqətən də, inanır ki, milyonları qazanmağın sirri o göyərtilərdədir. Ona görə də ümid edir, göyərti satmasa da, paylaşımı bəyənir, rəy yazır, paylaşır, abonə olur. “Bəlkə, bu dəfə alındı?!” – deyib, addım atır.

Kasıbın ümidi o qədər böyük olur ki, azı 7-8 profil açır, Eminin qoyduğu şərtləri o profillərlə də yerinə yetirir. Bəs işdir, öz profili ilə alınmasa, əlavə 7-8 şansı da olsun. Adam var, sevdiyi qızı gözlədir ki, qoy, oktyabrın 10-u olsun, sonra baxarıq elçilik məsələsinə.

Və mən isə bu yarışda iştirak edən, hay-həşirə düşən insanları ciddi qəbul edə bilmirəm. İnsan nə qədər kor ola ki belə bir şeyə inana.

Zaman isə öz işindədir:

- Çak, çak, çak...

Qəbahəti böyükdür...

Zamanın!

Sistemlərin!

Və insanların!

Mənim də bir qəbahətim var, ay həzərat!

Şəhərin çölə pəncərəsi olmayan gecəqondularından birində yaşasam da, müğənni Emin Ağalarovun keçirdiyi bu yarışda iştirak etməmək kimi. İndiyə kimi bir dənə də olsun bu tip yarışlarda iştirak etməmişəm.

Ümidlərimin puç olmağını görməkdən utanıram.

Axı mənim də bir ev arzum var?!

Və bu arzunu belə təsadüfi yarışlarda söndürmək istəmirəm.

# 7940 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
#
#
# # #