İnsanınmı xarakteri, xarakterinmi insanı formalaşdırması haqda əlimizdə dəlil olmasa da, fərdlərin müxtəlifliyi həyatımıza ən çox təsir edən səbəblərdən biridir. İnsanların daxili aləmi elə onların sayı qədər rəngarəngdir. Bütün şəxsiyyət növlərini, ruh hallarını, davranış qaydalarını, onların səbəb və nəticələrini anlamaq imkanımız xaricindədir. Baxmayaraq ki, biz çoxlu xarakter növləri “kəşf etmişik” və leksikonumuz “paxıl”, “qısqanc”, “fədakar”, “mərdimazar”, “sadəlövh” və s. sözləriylə doludur. Hələ onlarla həyatda rastlaşmadan öncə romanlar, filmlər, nağıllar bizi bu “qəhrəmanlar”la qorxudur. Çıxdığımız yolda “dilini bilmədiyimiz” çoxlu tiplər mövcuddur və onlarla çarpışmadan yola davam etmək hardasa mümkünsüz görünür. Bəli, sənət də, həyat da bizə heç bir səbəb və ya çıxış yolu göstərmir, sadəcə nəticəni təqdim edir. Psixologiya isə daha çox səbəblər və çıxış yoluyla məşğuldur. Məhz orda bizim müxtəlif cür adlandırdığımız, ədəbiyyatın cild-cild kitablarda təhlil etdiyi tiplərin birbaşa diaqnozu qoyulur. Müxtəlif şəxsiyyət pozğunluqları, affekt halları, klinik durumlar, münasibətlərarası dözülməzlik, onların səbəbləri və əlamətləri haqda bizi maraqlandıran bütün sualların cavabı məhz ordadır. Bizim “xarakter” adlandırdığımız bu müxtəlifliyin yaranmasına uşaqlıq travmaları, valideyn proqramlaşmaları, sosial amillər, yeniyetməlik dövrü və s. necə təsir edir? Bu və başqa suallara sizə təqdim edəcəyimiz “Biz niyə beləyik?” silsiləsindən klinik psixoloq Gülşən Rüstəmova ilə birlikdə cavab axtaracağıq.
Sevgi, yoxsa asılılıq
- Gülşən xanım, güman edirəm ki, bugünkü mövzumuz oxucularımız, xüsusən də gənclərimiz üçün çox maraqlı olacaq. Bir çox ayrılıqlara, yanlış qərarlara səbəb olan “itirmək qorxusu”, “tərk edilmək qorxusu” və ya “asılılıq” nədir? Türkiyəli psixoloqlar bunu “eşbağımlılığı” adlandırır. Bunlar hamısı eyni anlayışdırmı?
- Öncə onu deyim ki, çox gözəl mövzuya toxunmusunuz. Bu anlayışlar yaxın olsa da, yaranma səbəblərinə görə fərqlənirlər. İtirmək qorxusu daha çox uşaqkən valideynlərinin birini və ya hər ikisini itirən insanlarda olur. Tərk edilmək qorxusuna isə daha çox valideynləri boşanmış insanlarda rast gəlinir. “Eş bağımlılığı” dediyimiz isə asılılıqdır. Bu hala avtoritar valideyn tərəfindən böyüdülmüş insanlarda rast gəlirik. Daha doğrusu, hegemon ata tərəfindən tərbiyə almış qız, və ya dominant anadan tərbiyə almış oğlan. Təbii ki istisnalar da mümkündür.
- Bəs bunların təzahür formalarında hansı fərqlər var?
- Təzahür formalarına gəlincə tərk edilmək qorxusu oyunda uduzmağa bənzəyir. Adı tərk edilmək olsa da, bu qorxunun əsasında məğlub olmaq təhlükəsi dayanır. Tərk edilmə duyğusuna malik olan insanlar qumar tipli oyunlara aludə olurlar və udmaq ehtirası onları çox vaxt tərk etmir. Bu şəxslər üçün tərk edilmək məğlubiyyət deməkdir və buna heç cür hazır deyillər. İtirmək qorxusu isə şəxsin “komfort zonası”nın əldən çıxması ilə əlaqəlidir, o zona ki ona xoşbəxtlik, zövq, həzz hisslərini doya-doya yaşadır. İtirmək qorxusu dadına alışdığımız həmin hisslərin əldən çıxması deməkdir. Yəni bu birbaşa insanın özüylə bağlıdır, qarşı tərəflə deyil. Tərk edilmə qorxusunda insan özünü uduzmuş hiss edib qarşı tərəfə aqressiv davranırsa, itirmək qorxusunda daha çox yazıq durumunda olur. Çünki o öz “komfort zona”sını itirib, əzab çəkir və özünə acıyır. “Eş bağımlılığı” dediyimiz asılılıqda da vəziyyət tamam başqadır. Bu insanlar uşaqlıqda öyrəşdiyi situasiyaya uyğun olaraq özlərini idarə edən və bütün məsuliyyəti çiynində daşıyan, bir sözlə, sükan arxasında olan dominant bir əks cins axtarışında olurlar. Və bu partnyordan asılı vəziyyətə düşürlər. Qarşı tərəfin yoxluğu bu şəxslər üçün həyatın sükanının boş qalması deməkdir.
- Maraqlıdır, əgər bu hallar uşaqlıq travmaları ilə bağlıdırsa, niyə bizə bunu sevginin gücü kimi, fədakarlıq kimi təqdim edirlər?
- Ona görə ki bu hallar daha çox sevgi münasibətlərində, iki əks cins arasında meydana çıxır.
Sevgi emosiyalar toplusudur. Amma bu emosiyaların hamısı pozitiv deyil. İlkin mərhələ olan vurulma mərhələsində biz ancaq yaxşı tərəfləri görürük.
Çünki özümüzdən xəbəri olmadan ruhumuz vurulur həmin şəxsə. Və ruhumuz bədənimizi buna alışdırmaq üçün əlindən gələni edir.
Bədənimiz daha tez şirnikir. Çünki orqanizm ruha nisbətən maddi aləmə daha tez satılır, daha doğrusu, aldanır.
Bu mərhələ öyrəşmək mərhələsi adlanır. Bədən səfərbər olur, özünü xoşbəxtliyə hazırlayır və gözləntiləri yaranır. Yəni təkcə ruhi yox, fiziki gözləntisi də meydana çıxır. Molekulyar orqanizm fiziki təmasa ac olduğundan həm fiziki, həm duyğusal gözləntilər meydana gəlir. Amma təəssüf ki, biz önmühakiməli, yəni önyarğılıyıq. Sosial mühitin təlqininə adət etdiyimiz üçün istəklərimizi pərdələmək yolunu seçirik. Bu mərhələ öyrəşmək mərhələsi adlanır. Özümüzü partnyorumuzun frenkasına salırıq. Məsələ burasındadır ki, xəbərimiz yoxdur ki, əslində partnyorumuz da özünü bizim frekansımıza salıb. Və hər iki tərəf gözləntilərini arxa plana atmaqla məşğuldur.
- Deməli, hər iki tərəf öz təbii halından çıxır?
- Bəli, qarşılıqlı şəkildə bir-birini aldatma mərhələsi başlayır. Hər iki tərəf özü kimi yox, qarşıdakının istədiyi kimi davranır. Və bunu qarşı tərəf üçün etdiyini sanır, hər iki tərəfdə gözlənti var, ancaq çox təəssüf ki, tərəflər bunu ifadə etmir, əksinə, gizlədir. Utanır, yanlış anlaşılmaqdan qorxur, nə bilim, yaxşı çıxmaz deyə qorxur. Bunun da səbəbi uşaqlıqdakı proqlaşmaya gedib çıxır. Bizim öz hisslərimizi sona qədər anlatmaq qadağamız var. Bu bir tabudur.
- Bütün münasibətlərdə eyni hallar baş verir, deyirsiz?
- Əksəriyyətində. Hər iki tərəf öz qabında olmadığı üçün mübahisələr qaçılmazdır. Qarşılıqlı günahlandırma labüddür. Bunun çarəsi ondan ibarətdir ki, hərə öz emosiyasını olduğu kimi anlatsın və anlaşılmazlıq yaranmasın. Bu zaman gözləntilərimiz adekvat olacaq və real əsaslara söykənəcək.
- Yəni cütlüklər daha uyumlumu olacaq?
- Yox, əksinə, bu zaman süni uyum yaratmaq təşəbbüsü olmayacaq və əsl uyğun cütlüklər meydana gələcək, uyğunsuz cütlüklər isə boş yerə vaxt itirməyəcək. Ayrılıq qaçılmaz olan cütlüklər aldanmayacaq, birlikdəlik vərdişə çevrilməyəcək və xoşagəlməz hallar da baş verməyəcək.
- Gülşən xanım, bəzən ayrılıqdan ən çox qorxan tərəf bu sonluğa daha çox meyl edir və sonda daha çox da əzab çəkir. Məsələn, zəlzələnin ilk təkanını hiss edən kimi özünü pəncərədən atıb zərər görən adamlar var. Bu, təxminən eyni şeydirmi?
- Düzdür, bu da qorxularla bağlıdır. Bəzən ayrılıq, tərk edilmək və ya itirmək qorxusu elə bir dözülməz həddə gəlib çatır ki, beyin artıq insana həmin qorxuyla üzləşmək əmrini verir.
- Yəni “Ən pis qərar qeyri-müəyyənlikdən yaxşıdır?”
- Bəli, qeyri-müəyyənlik insanı daimi narahat saxlayır, narahatlıq içərisində olan orqanizm qurtulmaq üçün yollar axtarır və həmin qorxduğu hadisə baş verəndən sonra rahatlayacaq deyə, beyni ona qorxusunu reallaşdırmaq göstərişi verir. Yəni beyin icazə verir ki, insan son həddi yaşayıb rahatlasın. Çünki o qədər təşviş, həyəcan içində olur ki, bu qorxunun düşüncəsi belə dözülməz həddə gəlib çatır. Bəzən beynimiz bizə bu qorxunu yaşamağa icazə verir, bəzən isə bu düşüncəni bizim arzumuz, istəyimiz kimi qəbul edir. Hər iki halda da bizi öz düşüncəmizi yerinə yetirməyə imkan verir.
- Bu qorxuların nəticəsi bəzən təkcə ayrılıqla, əzabla bitmir. Bəzən insanlar ya özünə, ya qarşı tərəfə ziyan vurmağa başlayırlar. Necə olur ki məsələ intihara və ya qətlə qədər gedib çıxır?
- Ümumilikdə bu halları bu tiplərə görə dəqiq təsnifatlandırmaq olmaz. İntihar və yaxud cinayətə meyl bu kimi hallarda partnyoru geri qaytarmaq üçün diqqət çəkmək məqsədi güdür. Yəni daha çox akta cəhd edilir. Burda məqsəd qarşı tərəfin diqqətini çəkməkdir. Təəssüf ki, bəzi durumlarda affekt halında sevgi zəminində intihar və yaxud cinayət halları da baş verir. Məqsədli intihar və ya qətlin psixoloji səbəbləri isə tamamilə başqadır.
- Bəs əgər diqqət çəkmək üçün obyekt yoxdursa, yəni artıq sağ deyilsə, asılı tərəf intihar edirsə necə? Bu tipli hallar az deyil.
- Bu “simbioz” tipli yaşam tərzi olan şəxslərin seçimidir. Sanki bir canlı digər canlı ilə birlikdə mövcuddur və bir tərəf həyatdan gedəndə o biri tərəf boşluğa düşür, həyata tutunmağa heç bir stimulu qalmır və özünə ölümdən başqa yol görmür. Öz məhv olmuş parçasının arxasınca getməkdən başqa çarəsi qalmır. Necə ki bəzən bədəninin bir hissəsini itirmiş adamlar ölümü seçirlər. Nəzərə alaq ki, bu tipli münasibətlər sağlam deyil və xoşbəxtlikdən nadir rast gəlinir.
Yenə qeyd edirəm ki, məqsədli intihar və ya qətlin psixoloji səbəbləri tamamilə başqadır və bu mövzuda ayrıca söhbətimiz olsa, daha uyğundur.
Ardı var...
Söhbətləşdi: Səhər Əhməd