Öpüşmək sözünə görə kitab oxuyan adamlar

Öpüşmək sözünə görə kitab oxuyan adamlar
8 yanvar 2018
# 15:39

İlhamə Nasir

Bu yaxınlarda oğlumla xalamgilə gedirdim. Xalamgilin evinə çatmamış yolun qırağındakı zibil qutusunun yanına tökülmüş kitablar diqqətimi çəkdi.

Külək açılmış kitabların vərəqlərini təkrar-təkrar geriyə-irəli vərəqlədikcə elə bil məni vərəqləyir kimi, keçmiş və bu gün gözümün önünə gəlib çəkilirdi. Baxdım, hamısı sovet ədəbiyyatına aid kitablar idi. Deyərdim ki, bütün kitabların üzərindəki müəlliflərin şəkli tanış simalarıydı. Yazıqlar elə məzlum, elə küskün görünürdülər ki. Bəlkə də evdə son oxucularını, son qoruyucularını itirmişdilər deyəydi bu. Yaxınlaşıb bir neçəsini əlimə götürdüm. Vərəqləri saralsa da səliqəli qalmışdılar. Birinin 231-ci səhifəsində vərəqin küncü qatlanmışdı. Yarımçıq...

Kövrəlmişdim, əlimə aldığım kitab kimi... ayıbıma gəlməsəydi, hönkürüb ağlayardım. Oğlum tez “ana ayıbdır, at yerə, camaat baxır, deyəcəklər ki, zibillikdən kitab yığır” deyib əlimdəki kitabları yerə ataraq qolumdan çəkdi. Heç nə demədim. Çünki dediklərim ona onsuz da çatmayacaqdı. Çünki o, dərsliklərdən başqa kitabın nə olduğunu mənim kimi anlamırdı, mənim kimi kitablarla böyümədi, əvvəl nağıl qəhrəmanları olub, sonra özünü və həyatı kitablarda dərk etmədi. Cırtdan olub divi aldatmadı, Məlikməmməd olub divi öldürmədi. Telefonla, planşetlə, komputerlə böyüdü o. “Betmen” oldu, “Supermen” oldu. Sevməyi, sevilməyi kitabdan yox, internetdən öyrəndi. Kitabdan kənar böyüyən bir gəncə kitab haqda nəysə demək əbəs idi. Onu da qınamağa haqqım yoxuydu. Çünki kitab onun üçün ancaq oxucudan çox olan yazarların təqdimat keçirmək üçün bir vasitəsi kimi idi, kitab onun üçün metroların çıxışında, yolların kənarlarında dəyər-dəyməzinə satılıb müəllifinə pul qazandıran əşya kimi idi. Əllərdən düşüb gözlərə girən kitablar başqaları kimi onun üçün də maraqsız idi. Bir də axı ona kim demişdi ki, kitab müqəddəsdir? Kim demişdi, kitab bir vitrindir və sən o vitrindən mənəviyyatına lazım olan hər şeyi tapıb götürə bilərsən? Müəllimləri kimi mən də bunu ona deməmişdim. Heç onun evdə kitab rəfi də yox idi.

Mən kitabın müqəddəsliyini ilk dəfə ailəmdən öyrənmişdim, sonra müəllimlərimdən. Biz balaca olanda evdə nəyi qırsaq da, sındırsaq da, kitaba toxunmurduq. Hətta balaca qardaşım o qədər dəcəl idi ki, evdə aboyları belə divardan cırıb qoparmışdı, amma yenə də kitab rəfinə yaxın getmirdi. Sanki kitabın müqəddəsliyi bizə ana bətnindən aşılanmışdı. Və beynimizə necə həkk olmuşdusa, hələ də silinə bilməyib.

Bəlkə, bu bir sovet idealogiyası idi, Lenin babanın “oxumaq, oxumaq, yenə də oxumaq” tövsiyyəsinin təsiri idi, ya da bəlkə o dövrdə həqiqətən bilik mənbəyi ancaq kitab olduğundan idi.

Desəm bəlkə də inanmarsınız ki, o vaxt kitab bizim and yerimizə də çevrilmişdi. Yadımdadır məktəbdə mənimlə Araz adında bir oğlan oxuyurdu. O, iki gün dərsə gəlmədi. Ədəbiyyat müəllimimiz bunun səbəbini ondan soruşanda, Araz and-aman elədi, hətta allaha belə and içdi ki, xəstələnmişdim. Müəllim masanın üstündəki kitabı götürüb Araza göstərərək təmkinlə “de ki, bu kitab haqqı xəstələnmişdin?” Təbii ki, o kitab Quran kitabı deyildi. Araz bir qədər susduqdan sonra başını aşağı salıb astadan “toya getmişdim” dedi. Yox, burada ateizmdən söhbət getmir, burada kitabın müqəddəsliyinin aşılanmasından və dərk edilməsindən söhbət gedir.

Bir də yadımdadır ki, Sovet dövrü devrilən vaxt kimdə partiya biletləri vardısa, ya yandırırdı, ya da cırırdı. Rejimin heyfini biletlərdən çıxırdılar elə bil. Kəndimizin kitabxanasında işləyən Sona xala da etiraz olaraq kitabxanadakı partiyaya aid kitabları çıxarıb həyətə tökmüşdü. O kitablara elə yazığım gəlmişdi ki, o vaxt. Axı onlar da kitab idi... ən azından üz qabıqları vardı, vərəqləri vardı, nə olsun ki, partiyaya aid idi.... Çəlimsiz canımla o ağır kitablardan gücüm çatdığı qədər qucağıma yığıb evə gətirmişdim. Amma hara qoyacağımı bilmirdim. Qorxurdum ki, hamının sovetə etiraz etdiyi bir vaxtda o kitabları evə gətirdiyimə evdəkilərin acığı tutar.

Qonşumuz Ötərxan dayı vardı, gözləri görmürdü. Həmişə ona evdə olan oxunmuş qəzetləri aparıb verirdim. Çünki o, qəzetləri kəsib arasına tütün dolduraraq bükmə düzəldib çəkərdi. Həmin o ağır partiya kitablarını yenidən qucağıma yığıb onlara getdim. Ötərxan dayı hər mən onlara gedəndə, “keçi, mənə qəzet gətirməmisən?” deyə soruşurdu. Bu dəfə kitabları ona verəndə, o əli ilə yoxlayıb “yox bala, bu kitabdır, heyfdi, mənə qəzet gətir” dedi.

Düzü, bu sözə mən də pis oldum, hətta utandım da. Nə onları tullaya bilmirdim, nə də saxlaya. Axır aparıb rəfiqəm Lətifənin kitab rəfinə yığmışdım. Hər kəsin evində mütləq ki, bir kitab rəfi olmalı idi. Tətillərdə hansı kitabları oxuduğumuzu gəlib məktəbdə müzakirə edərdik. Biz əvvəl nağıl qəhrəmanları olduq sonra gerçək həyat qəhrəmanları. Yaşımız 15-i keçəndən sonra hərəmiz bir əsərdə tapırdıq özümüzü. Ən sevdiyimiz kitabı hər gecə təkrar-təkrar oxuyub yastığımızın altına qoyurduq. Çünki orda öz “mən”imizi tapmışdıq. Bəzən sevgi məktubumuzu o kitabın arasında gizlədərdik. Kimdənsə aldığımız çiçəyi o vərəqlər arasında qurudardıq. Və o kitabı daha da müqəddəsləşdirərdik. Bunu ən çox qızlar edərdi. Oğlanlar isə ..... yadımdadır, oğlanlar kitabxanada Sona xalanın başına fırfıra kimi fırlanırdılar ki, başını qatıb gizlicə rəfdəki “Min bir gecə” kitabını götürüb oxusunlar. Nədi-nədi orda öpüşmək sözü vardı, mazaqlaşmaq sözü vardı. Elə bil o sözlər onların kişi olmaqlarına stimul verirdi. Bəs indiki gəncləri necə, eyni mövzu, eyni kitab həyəcanlandıra, stimul verə bilirmi? Çətin ki... Məsələn biri mənim oğlum!

İndi mənim oğluma və ya başqa gənclərə kitab niyə lazım olsun ki, oxumaqları qalsın bir qıraqda, indi onlar kitab arasında nə məktub gizlədirlər, nə də ki, çiçək. Lazım gəlsə Votsaapda birbaşa sözünü deyir, hətta səsli mesaj da göndərir ki, ətrafdakılar da eşitsin, buket-buket rəngbərəng çiçəklərdə ki öz yerində... Hətta kopyalayıb bir neçəsinə göndərirlər. Qaldı ki, “Min bir gecə” kitabına, ona da ki heç ehtiyac yoxdu, min bir oyun varkən.

# 2359 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #