O tayla bu tayı birləşdirən “könül körpüsü”nun “Ayrılığı”

O tayla bu tayı birləşdirən “könül körpüsü”nun “Ayrılığı”
9 fevral 2024
# 16:00

Bu gün "Ayrılıq" mahnısının sözlərinin müəllifi Fərhad İbrahiminin anım günüdür.

Kulis.az Təranə Məhərrəmovanın "O tayla bu tayı birləşdirən “könül körpüsü”nun “Ayrılığı”" yazısını təqdim edir.

Fərhad İbrahimi təkcə bir mahnının sözləri ilə xalqın yaddaşında əbədi yaşayacaq

"Ayrılıq” mahnısının sözlərinin müəllifi dünyadan köçdü...” Mediada, sosial şəbəkələrdə mahnının mətninin müəllifini tanımayanlar, adını bircə dəfə eşidənlər belə, bu paylaşıma qoşuldular. Bu kədəri bölüşmək üçün onlara "Ayrılıq” mahnısı bəs edirdi. Bir millətin parçalanmasına üsyan edən mahnı, insanları bir araya gətirdi. Hamının bölüşdüyü xəbərə Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı ilk reaksiya verənlərdən oldu: "Ayrılıq” müəllifi dünyadan köçdü” - deyə Xalq şairi öz təəssüfünü paylaşdı: "Dünyaya səpələnmiş azərbaycanlıların Vətən həsrətini, bölünmüş millətimizin milli birlik arzusunu yüksək sənət dili ilə ifadə edən məşhur "Ayriliq” mahnısının mətninin müəllifi, əslən Ərdəbilin Korabas kəndindən olan şair Fərhad İbrahimi dünən Tehranda vəfat etmışdir. "Ayrılıq” şerinə musiqini Güney Azərbaycanın məşhur tarzəni və bəstəkarı Əli Səlimi yazmışdır. Mahnını ən gözəl ifa edən və dünyaya yayan Yaqub Zurufçudur. "Ayrılıq” milyonlarla soydaşımızı birləşdirən bir "könül körpüsü”dür və öz müəlliflərini həmişə diri saxlayacaqdır.

Azərbaycanın istiqlalını tapmaqda

"Ayrılıq” mahnısı şair Rəcəb İbrahimi Korabazlının bəstəkar və tarzən Əli Səlimi ilə işbirliyindən yaranıb. "Fərhad” təxəllüsü ilə yazan şair Rəcəb İbrahimi ilə bəstəkarın tandemi ürəklərə toxunan, insanları birliyə çağıran və həmişə sevilən bir mahnının yaranmasına səbəb olub.

Fərhad İbrahimi "Ayrılıq” mahnısının Azərbaycanda səslənməsini həyatında böyük hadisə adlandırıb:

Məni ağladandan gülüş istərəm,

Uzaq düşənimlə görüş istərəm,

Hasarı yıxmağa yürüş istərəm,

Ayrılıq, ayrılıq, aman ayrılıq

Hər bir dərddən olar yaman ayrılıq...

Şeirimin bu misralarının Azərbaycanın mənliyini həyata keçirməkdə, istiqlalını tapmaqda böyük təsiri olub. Bu mahnı ayrılıqlara son qoymaqda böyük rol oynayıb. Azərbaycan xalqı və bütün türkdilli xalqlara təsir edib”.

Sonradan Fərhad İbrahimi ilə bəstəkar Əli Səliminin işbirliyi "Ağlama”, "Açıl səhər” mahnılarının da yaranmasına səbəb olub.

Bir mahnının tarixi

"Ayrılıq” mahnısının bəstəkarı əslən Bakıdan olan Əli Səlimidir. Onun valideynləri Ərdəbil şəhərindən Bakıya köçmüşdülər. 30-cu illərdə - siyasi repressiyalar vaxtında Əli Səliminin ailəsi İrana qayıdır. Ailə əvvəlcə Mazandarana, sonra Ərdəbilə, oradan da Tehrana köçür. Əli şəhərdəki tanınmış sənət adamları ilə əlaqələr qurur və istedadlı tarzən kimi tanınır və sevilir. Əli Səlimi müsahibəsində "Ayrılıq mahnısının necə yaranması ilə bağlı belə deyib: "Mən uzun zaman idi bir çox azərbaycanlının həyatına ağrı və kədər gətirən ayrılıq mövzusunda bir mahnı bəstələmək üçün uyğun sözlər axtarırdım. Çoxlarımız üçün bu, ailə üzvləri, sevdiklərimiz, qohumlar və Arazın o tayındakı doğma kəndlər və şəhərlərimizdən ayrı olmaq demək idi. O dövrdə nə sovet, nə də Şah rejimi bizlərə o taydakılarla görüşmək üçün icazə vermirdilər. Bir gün Fərhad adında gənc bir şair mənə bir şeir gətirdi. Öncə çox maraqlanmasam da, şeiri oxuduqdan sonra "budur mənim axtardığım” dedim”.

"Ayrılıq” mahnısını ilk dəfə bəstəkarın həyat yoldaşı Fatma Qənnadi oxuyur. Lakin mahnıda siyasi motivlər olduğundan və senzura nəzarətindən keçmədiyindən onun efirdə səsləndirilməsinə icazə verilmir. Dostlarının təkidi və xahişi ilə Əli Səlimi Fərhad İbrahimiyə həmin musiqi üçün yeni mətn yazdırır. Yeni mətndə xalqın parçalanmasından deyil, sevgililərin ayrılığından söz açılır. Lakin musiqi əvvəlki ahəngdə qaldığından özünün yanıqlı, naləli və kövrəkliyini saxlayır. Beləliklə, yeni mətnli "Ayrılıq” mahnısı 1958-ci ildə ilk dəfə Tehran radiosu ilə səsləndirilir. Ancaq o zaman bu mahnının sərhədləri aşacağını, milyonlarla könüllərdə yuva quracağını, dillər əzbəri olacağını nə bəstəkarı, nə də sözlərini yazan şairi bilirdi. Mahnının dillər əzbərinə çevrilməsində onu ifa edən müğənnilərin böyük əməyi oldu. "Ayrılıq” mahnısı öncə görkəmli müğənni Rəşid Behbudovun ifası ilə sərhədləri adladı. Bu mahnının Rəşid Behbudovun ifasında səslənməsinin də maraqlı tarixi var.

Müğənninin İranda böyük müvəffəqiyyətlə keçən konsertlərinin birindən sonra bəstəkar Əli Səlimi çox sevdiyi Rəşid Behbudovu evinə dəvət edir. Dəvəti qəbul edən Rəşid Behbudov bəstəkarın qonağı olur. Maraqlı söhbətlər zamanı Əli Səlimi yenicə bəstələdiyi "Sizə salam gətirmişəm” mahnısını müğənniyə göstərir. Rəşid mahnını çox bəyənir və tezliklə ifa edəcəyinə söz verir. Bəstəkarın həyat yoldaşı Əli Səlimiyə işarə edərək onu yan otağa çağırır. Bir qədər sonra həmin otaqdan xanımın həzin səslə, tarın müşayiəti ilə oxuduğu başqa bir mahnının səsi gəlir. Rəşid elə ilk notlardan bu mahnıya heyran kəsilir və onlara qoşulub zümzümə etməyə başlayır. Mahnı bitdikdən sonra müğənni mahnı ilə maraqlanır.

Əli Səlimi həmin görüşü belə xatırlayırdı: "Rəcəb İbrahimi "Ayrılıq” adlı gözəl bir şeir yazmışdı. Mən də həmin şerə mahnı bəstələdim. Rəşid mahnını eşitdikdə bəs nəyə görə "Ayrılıq" mahnısını mənə təklif etmirsən?” deyə soruşdu. "Qorxuram "Ayrılığ”ı oxumağa icazə verməsinlər. Sənə də başağrısı olmasın. "Sizə salam gətirmişəm”i oxusan mənə dünyanı vermiş olarsan” dedim”.

Rəşid bəstəkarın da, onun xanımının da kövrəldiyini görüb əminliklə: "Tezliklə hər iki mahnını mənim ifamda eşidəcəksiniz” deyir. Bakıya dönəndən sonra görkəmli sənətkar həqiqətən də hər iki mahnını - "Sizə salam gətirmişəm” və "Ayrılıq” mahnılarını ifa edərək lentə yazdırır.

R.Behbudovun ifasından sonra "Ayrılığ”ın şöhrəti İran, Cənubi və Şimali Azərbaycan sərhədlərini aşmağa başlayır və ümumtürk dünyasının ən məşhur mahnılarından biri kimi sevilir.

Birlik rəmzi

Ötən əsrin 80-ci illərində mahnı Yaqub Zurufçunun ifasında yenidən eşidilir. "Buna görə Yaqub Zurufçuya minnətdaram. Allaha şükür etmişəm ki, mənim arzularımı o şeirdə həyata keçirib!”- deyə Fərhad İbrahimi bildirirdi. Bu mahnı təkcə Yaqub Zurufçunu çoxdan həsrətində olduğu Azərbaycana qovuşdurmadı, həmçinin az qala bir xalqın birlik himninə çevrildi.

1989-cu ildə məşhur müğənni Gülağa Məmmədov Almaniyada olarkən orada əslən Cənubi Azərbaycandan olan vokalist və müğənni Yaqub Zurufçu ilə görüşür. Gülağa Məmmədov onun "Ayrılıq” mahnısına çəkdiyi klipi görüb heyrətə gəlir. Azərbaycanın Cənubi və Şimali Azərbaycana bölünməsinə həsr edilən klip Gülağa Məmmədovun səyi ilə Azərbaycanda yayımlanır.

Azərbaycan Milli Azadlıq Hərəkatı zamanında "Ayrılıq” mahnısı milli-mənəvi dirçəlişə təkan verir. Gülağa Məmmədovun dəvəti ilə Yaqub Zurufçu çoxdan həsrətində olduğu Azərbaycana gəlir. "Ayrılıq” mahnısına ikinci ömür bəxş edən və siyasi məna verən Yaqub Zurufçu, onu Azərbaycanda tanıdan və sevdirən mahnı haqqında belə danışır: "Bu əsər mənim yaradıcılığımın ən üst pilləsində durmaqla yanaşı, həyatımın da yaxşıya doğru dönüşünə səbəb olub. Odur ki, müəlliflərini - Fərhad İbrahimini və Əli Səlimini özümə daha yaxın, daha doğma bilmişəm... Bu mahnı birlik rəmzi idi. Azərbaycanın istiqlalında nə qədər ki, mənim rolum var, o qədər də Əli Səlimi ilə Fərhadın rolu var. Üçümüz birlikdə o mahnını orada səsləndirmişik. Xalq bu mahnını sevib. Xalq bu mahnı ilə birləşib və öz istiqlalını əldə edib. Həmin illərdə "Azadlıq" meydanı xalqın bir araya yığışdığı məkan idi. Üzeyir Hacıbəyovun "Koroğlu uvertürası” kimi "Ayrılıq" mahnısı da o vaxtdan Azərbaycanın iki parçasını - Cənubu və Şimalı mənən birləşdirmişdi”.

Müğənni, Fərhad İbrahiminin ölümündən kədərlənərək "Facebook” səhifəsində "İtkimiz var” yazaraq kədərini paylaşıb. Arxivindən paylaşdığı xatirələr isə ölməz mahnının müəllifi ilə insanların yaxından tanış olması üçün bir fürsətdir. "Fərhad haqqında fikirləşəndə istər-istəməz düşünürəm: insan yaşayır və dünyanı bir gün tərk edib gedir. Ancaq ona yaşayışdan quru ad qalır. Fərhad İbrahimi təkcə "Ayrılıq”la dünyaya hakimlik edir. Ö, öz sözünü bu mahnıda deyib. Ondan yadigar "Ayrılıq” şeiri qaldı. Hamımız Fərhad kimi olaq. Bir xoş əməllə dünyanı, xalqları sevindirək”- deyə insanları xoş əməllər etməyə səsləyir.

Fərhad İbrahiminin "Hər bir dərddən olar yaman ayrılıq” deyə yazdığı mahnı sonradan da çox müğənnilərin repertuarının bəzəyinə çevrildi. Flora Kərimova, Cavid Təbrizi kimi azərbaycanlı müğənnilərlə yanaşı, əsasən fars mahnıları oxuyan Daryus İqbali, Ququş, Mənsur Mamağani, Türkiyənin tanınmış müğənnilərindən Barış Manço, Selda Bağcan, Zəki Mürən, Emel Sayın, Fatih Kısaparmak, Müslüm Gursəs və b. "Ayrılıq” mahnısını ifa ediblər. Əslən İran Azərbaycanından olan dünya şöhrətli ingilis musiqiçi və muğənni Sami Yusif "Ayrılıq” mahnısını həm orijinal türkcə, həm də ingilis dilində "My Love Azerbaijan” (Mənim eşqim Azərbaycan‎) adı ilə ifa edib.

"Ayrılıq” mahnısı bu gün də oxunur. O taylı-bu taylı azərbaycanlılar, bütün türk dünyasının dilində səslənir. Fərhad İbrahimi 83 yaşında dünyadan köçsə də, özündən sonra insanları birləşdirən bir körpü yadigar qoydu. Dünyaya səpələnən 50 milyondan çox azərbaycanlını, Güneylə Quzeyi birləşdirən körpü...

# 670 dəfə oxunub

Oxşar xəbərlər

Dərdlərini özü ilə aparan azərbaycanlı aktrisa

Dərdlərini özü ilə aparan azərbaycanlı aktrisa

18:39 28 noyabr 2024
Xalq artisti kommunal borclara görə məhkəməyə verildi

Xalq artisti kommunal borclara görə məhkəməyə verildi

18:06 28 noyabr 2024
Axundov onu sui-qəsddən xilas etmişdi... – Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

Axundov onu sui-qəsddən xilas etmişdi... – Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

17:42 28 noyabr 2024
"Gənclərin roman müsabiqəsi - 2"nin qısa siyahısı açıqlandı

"Gənclərin roman müsabiqəsi - 2"nin qısa siyahısı açıqlandı

17:39 28 noyabr 2024
“Uzaq sahillərdə” bədii filmi Sloveniyada nümayiş edildi

“Uzaq sahillərdə” bədii filmi Sloveniyada nümayiş edildi

16:54 28 noyabr 2024
Ağadadaş Ağayev özünü təqsirli bilmədi - Məhkəmə

Ağadadaş Ağayev özünü təqsirli bilmədi - Məhkəmə

15:45 28 noyabr 2024
#
#
# # #