Nevai Metin: “Rəssamlar İttifaqında təriflənəcək heç nə yoxdur” – Reportaj

Nevai Metin:  “Rəssamlar İttifaqında təriflənəcək heç nə yoxdur” – Reportaj
19 yanvar 2023
# 09:00

Kulis.az rəssam Nəvai Metinin emalatxanasından olan reportajı təqdim edir.

Fotoqraf Orxanla Nəvai Metinin emalatxanasına yol aldıq. 20 dəqiqə sonra taksi qeyd etdiyimiz məkana çatdıq. Emalatxananı görə bilmədiyimiz üçün rəssamın özünə zəng etməli oldum.


– Nəvai bəy, salam. Qeyd etdiyiniz ünvana çatmışıq. Sizin emalatxana burada gözə dəymir.

– Salam. Heykəlin arxa tərəfindədir.

– Kimin heykəlinin?

– Qazaxlıyam. Səncə, kimin heykəlinin olar?

Bir az iş yorğunluğu, bir az da ətrafdakı səs-küydən nə demək istədiyini elə də yaxşı başa düşə bilmədim. Orxandan soruşdum:

– Sən eşitdin nə dedi?


– Deyir, Qazaxdayam.

Görünür, Orxanın vəziyyəti mənimkindən daha ciddi imiş.

– Necə yəni? Bakıda olduğunu demişdi.


Təkrar Nəvai bəydən soruşdum.


– Üzr istəyirəm, siqnal getdi. Nə dediniz?


– Deyirəm, Qazaxlıyam.


– Nəvai bəy, şad oldum mən də Biləsuvarlıyam. Sizin emalatxana hansı tərəfdədir axı?

– Ehhhh, qızım, olmadı ki. Səməd Vurğunun heykəlinin arxa tərəfinə keçin.

– Yaxşı.

Bu təbii olaraq həmin anda Orxanla ikimiz də ağlına gəlməmişdi. Axı bütün Qazaxlılar Səməd Vurğunun heykəlinin ətrafında cəmləşməyib. Nə başınızı ağrıdım, axır ki, emalatxananı tapdıq.

Qapıdan içəri girdikdə Nəvai bəy əlində fırça ilə malbertin qarşısında əyləşib Məhəmməd Hüseyn Şəhriyarın portreti üzərinə işləyirdi. İşinə o qədər fokuslanmışdı ki, dünya dağılsa belə xəbəri olmazdı. İşlədiyi portretdən bəlli olurdu ki, son aylarda İranda baş verən hadisələr onun da yaradıcılığına yansıyıb. O da bir çox insan kimi Cənubdakı soydaşlarımızın taleyindən nigarandır. Mane olmamaq üçün sakit səslə salam verib kənara keçdik. Orxan vaxt itirmədən kamerasını hazırlamağa başladı. Ətrafa göz gəzdirdim. Rənglərin bir-birinə qarışdığı bu yer əksər rəssamların iş otağı kimi dağınıq idi. Elə bu vaxt Nəvai bəy əlindəki fırçanı yerinə qoyub bizə yaxınlaşdı.


– Xoş gəlmisiniz. Özünüzü evinizdəki kimi hiss edin.

– Xoş gördük. Nəvai bəy. Rəssamların çalışdığı yer həmişə belə dağınıq olur.


– Bu, vaxt məsələsidir. Ortalığı yığışdırmağa başlasam, işlərimi çatdıra bilmərəm. Gələn kimi rəsmlər üzərində işləməyə başlayıram.


– Bayaq üzərində işlədiyiniz rəsmin neçə günə hazır olacaq?


– Normalda 3-4 günə hazır olur. Bunu bir az sürətli işlədiyim üçün daha tez hazır olacaq.

– Neçənci ildən burada çalışırsınız?


– 2016-cı ildən. Bundan öncə Türkiyədə belə bir yerim var idi.


– Burada həm də tələbələr yetişdirirsiz?


– Bəli. Düzü sayları o qədər çox deyil.


– Oğlan, yoxsa qız tələbələriniz daha istedadlı olur?


– İstedadlı qızlar çoxdur. Amma evləndikdən sonra onlara rəssamlıqla məşğul olmağa icazə vermirlər. Bir ay olar ki, Pakistandan gəlmişəm. Orada, demək olar, qadın rəssam yoxdur. Bu bir az da dinə bağlı məsələdir.


– İşinizlə bağlı getmişdiniz?

– Pakistanlı rəssam dostum var. O dəvət etmişdi. Onunla birgə burada sərgimiz də olmuşdu. Çox maraqlı alınmışdı. Sərgiyə ümumilikdə Pakistandan 5 rəssam və Pakistanın ölkəmizdəki səfiri gəlmişdi. Orada elə şeylər baş verdi ki, deməyə utanıram...

– Nə baş verdi?

– Gözlədiyimdən çox yüksək səviyyədə qarşılandım. Orada universitetlərə, kolleclərə, mədəniyyət mərkəzlərinə çoxlu dəvətlər aldım.


Divarın küncünə qoyulmuş rəsm diqqətimi çəkdi. Burada üzlərində gülüş olan müxtəlif sənət adamları bir arada cəmlənmişdi. Bunun xüsusi bir anlamı var? – deyə soruşdum.


– Var. Bu adamlar mənim dostlarım olub. Arif Quliyev, Namiq Kamal və s. Onları həmişə xoşbəxt görmək istədiyim üçün belə təsvir etmişəm. Hər dəfə baxanda da könlüm xoş olur.

– Öz rəsminizi çəkmisiniz?


– Hə. Rəssam özünü çəkəndə daha detallı işləyir.


– Son sərginiz nə vaxt olub?


– Fərdi sərgim 2010-cu ildə Bakıda, 2012-ci ildə isə Türkiyədə olub. Ondan sonra demək olar ki, hər il Türkiyənin müxtəlif şəhərlərində sərgim olub.


– Yaxın illərdə planınızda yeni sərgi keçirmək var?


– Yox, hələ düşünmürəm.


– Rəssamlar İttifaqının fəaliyyəti ilə bağlı nə deyə bilərisiniz?


– Şikayətim...

Elə bu vaxt emalatxanada işıqlar söndü. Orxan bildirdi ki, onun üçün problem yoxdur. Kameranın işığı ilə işini davam etdirəcək. Nəvai bəy də dedi ki, dəfələrlə qaranlıqda portret çəkib. Qaranlıq ona maneə olmur. Bircə mən qaldım. Mən də məcbur onları yubatmamaq üçün qaranlıq qorxumu içimdə basdırıb söhbətə davam etdim.


– Hə Nəvai bəy, Rəssamlar İttifaqı ilə bağlı danışırdıq...


– Onlarla işim yoxdur. Düzü ortada təriflənəcək bir iş də yoxdur... 2005-ci ildən oranın üzvüyəm.


– Rənglərlə dil tapa bilirsiniz?


– Əlbəttə. Əsas iş elə budur. Bəzən iş zamanı paltarlarıma rənglər sıçrayır. Mən onları ləkə kimi qəbul edə bilmirəm. Xoşuma gəlir.


Bu vaxt gözüm köhnə, çərçivəyə alınıb masanın üstünə qoyulmuş şəklə sataşdı. Fotodakı şəxslərin kim olduğunu soruşdum.

– Akif Səmədlə mənəm. Foto 1992-ci ildə çəkilib. Biz beynəlxalq birlik olaraq Akif Səmədin bütün yubileylərini keçirmişik. Hətta Bakıda onun adına küçə almağa da nail olmuşam. Hər beş ildən bir də portretini çəkirəm. Münasibətimiz çox yaxşı olub.


– Akif Səmədin rəsmə marağı necə idi?


– Fırçanı belə tuta bilmirdi. Eyni zamanda, çox böyük saz həvəskarı olsa da, sazı saxlaya bilmirdi. Hərtərəfli adam idi. Təsvirləri çox güclü idi. Bir rəssam haqqında elə yazı yazardı ki, elə bilərdin özü də rəssam olub.


– Ustadınız kim olub?

– Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə olub. Universitetdə oxuduğum vaxtlardan onun emalatxanasında şagird olmuşam. İndi də yeni bir iş görmək istədikdə zəng edib onunla məsləhətləşirəm. Ümumiyyətlə, sənət və şəxsiyyət birləşəndə tamam başqa aləm olur. Rais bəy buna ən yaxşı nümunədir.


– Rəssamlıq təhsili almısınız. Sizcə, yaxşı rəssam olmaq üçün bu önəmlidir?


– O vaxt məni Texniki Universitetə qoymaq istəyirdilər. Buna görə evdən qaçdım. Gəlib Pedoqoji Universitetin bədii qrafika fakültəsinə qəbul oldum. Qazaxa qayıdanda bunu evdəkilərə bildirdim. Qərarlı olduğumu görüb heç nə demədilər. Rəssamlıq təhsilinin önəmli olduğunu düşünmürəm. Bacarıqlı biri hətta hansısa rəssama şagirdlik etməklə də rəssam ola bilər. O vaxt aldığım diplomun indi harada olduğunu belə bilmirəm. İşlətmirəm.

Bu vaxt ayağa qalxıb əyləşməyimiz üçün stol gətirdi. Hər iki stolun üzərinə rəng tökülmüşdü. Buna görə oturmaqda tərəddüd etdim. Amma Nəvai bəyin bayaq rəngləri ləkə kimi görmədiyini deməyi yadıma düşdü. Belə bir yerə gələn adamın da məhz bu cür qəbul etməli olduğunu – düşünüb əyləşdim.

– Nəvai bəy, ölkəmizdə yaradıcı insanlara göstərilən münasibətdən razısınız?


– 2013-2014-cü illərdə Türkiyədə bir müsabiqə var idi. 32 ölkədən rəssamlar qatılmışdı. Onlar arasında bircə mən “qızıl fırça” mükafatını qazandım. Oradan ölkəmizə qayıdanda eyni təyyarədə idmançılarımız da var idi. Onlar Avropada təşkil olunan hansısa yarışda 17 dövlət arasında 13-cü yerə çıxmışdılar. Mən isə 146 rəssam arasından birinci çıxmışdım.

Hava limanında onları rəsmi nümayəndələr bayraqlarla qarşıladılar. Mən isə oğlum qarşıladı. Baxın budur yaradıcı insanlara münasibət. Türkiyəyə sərgi açmağa gedən rəssamın əsərləri Dövlət Mədəniyyət İncəsənət Muzeyindən qeydiyyatdan keçməlidir. Bir əsərə görə dövlətə 15 manat ödəməlidir. Hələ bu rəsmlərin çərçivələtdirilməsi var. Rəssamların maddi durumu buna əl vermir. Elə rəssam var ki, boya belə ala bilmir.


Növbəti sualımı vermək istəsəm də, Nəvai bəyin bir qədər duruxduğunu gördüm. Görünür, onun üçün həssas olan bir məqama toxunmuşdum. Əksər yaradıcı insanlarda olduğu kimi onun da incidildiyi məqamlar olmuşdu. Çayından bir qurtum alıb sözünə davam etmək istəsə də, otaqdakı ağır ab-havanı aradan qaldırmaq üçün mövzunu dəyişmək istədim. Ayağa qalxıb emalatxananı gəzməyə başladım. Elə bu vaxt rəsmlərin arasına atılmış nərd taxtasını gördüm. Nərdlə aranız necədir? – deyə soruşdum.

– Çox yaxşıdır. Özü də uduzmağı qətiyyən sevmirəm. İddialıyam.


Nərd taxtasının yanındakı Pakistanda nəşr olunan qəzetdəki şəkilinə baxıb nə ilə bağlı olduğunu xəbər aldım.


– Pakistandakı səfərimdən yazıblar. Bir qəzet səhifəsini mənə ayırıblar. Səfərdən bura gəldikdə isə heç bir media gəlib maraqlanmadı.


– Orada rəssamlığa maraq necədir?

– Demək olar ki, rəssamlıq yoxdur. Daha çox nəqqaşlıq inkişaf edib.


Yan otağa keçdim burada rəsm əsərləri yox, taxtadan düzəldilmiş müxtəlif növ suvenirlər, şərab qutuları var idi. Nəvai bəyin belə əl işlərinin olduğunu bilmirdim.


– Nə vaxtdan bu işlə məşğulsunuz? – soruşdum.


– Bir neçə il olar. Məlum məsələdir ki, təkcə rəssamlıqla dolanmaq olmur. Rəssamlıqla dolanmaq istəyən, gərək yaltaqlıq etsin. Mən də bunu bacarmıram.


– Rəssamlıqla bağlı nə arzunuz var?


– İstərdim ki, ölkəmizdə bu işə münasibət dəyişsin. İnsanlar dəyər versinlər.


Söhbətimizə bir qədər ara verib yenidən emalatxanadakı rəsmlərə göz gəzdirməyə başladım. Tabloların əksəriyyətində təbiət mənzərələri əks olunmuşdu. Müxtəlif tarixi şəxsiyyətlərin portretləri isə cərgə ilə stulun üzərinə düzülmüşdü. Qapının girişində divara asılmış çəpiş rəsmi otağa xüsusi bir rəng qatırdı. Gözü ondan ala bilmədiyi görən Nəvai bəy yaxınlaşıb bildirdi ki, bu rəsmə 1000 manat təklif etsələr də, verməyib. Ona cavanlığından yadigar qaldığı üçün xüsusi önəmi var.


– Çox vaxt rəssamların emalatxanalarında pişik olur. Sizdə nə əcəb yoxdur? – soruşdum.


– Yox. Pişikləri sevmirəm. İtlər daha gözəldir. Mənə baxın, sizi əliboş yola salmaq istəmirəm. Bəyəndiyiniz fotonu götürə bilərsiniz...


– Çox sağ olun – deyib ayrılmaq istəsək də, israrla çəkdiyi rəsmlərdən hərəmizə birini hədiyyə etdi.

– Sizdən bir şey xahiş edəcəm. Adımı Nevai Metin olaraq qeyd edərsiniz. Çox adam Mətin yazır. Hətta nəvəmin adını Metin qoydum ki, bunların fərqli olduğunu bilsinlər. Amma ona da Mətin deyirlər.


– Baş üstə.


Biz söhbət etdikcə Orxan şəkillərimizi çəkirdi. Hər foto çəkiləndə Nəvai bəyin maraqla kameraya baxdığını görürdüm. Axır bu barədə sual vermək istəsəm də, özü məni qabaqladı.


– Mən özüm də yaxşı fotoqrafam. Hələ şəkilimi yaxşı çəkən bir nəfərə belə rast gəlməmişəm. Bəlkə də, rənglərə yaxşı bələd olduğum üçün belədir.


Bu vaxt Orxan həvəslənib onun bir neçə fotosunu çəkdi. Uzun sürən cəhdlərdən sonra axır ki, onların arasından birini bəyəndi. Rəssamların ədalı olduğunu öncələr də eşitmişdim. Nəvai bəy bunu bir daha sübut etdi.

– Sənətlə bağlı bir veriliş də hazırlamışdım – deyə Nəvai bəy bildirdi. Pandemiya vaxtına düşdüyü üçün yarım qaldı.


Orxan söhbətə qoşuldu.


– Məncə, davam edin. Belə işlərə ehtiyac var.


– Bir neçə TV ilə də danışmışam.


– Bizimlə də işləyə bilərsiniz.


Orxanın Nəvai bəylə yeni əməkdaşlıqlara yelkən açmağa başladığını görüb söhbətin uzun çəkəcəyini təxmin etdim. Telefonuma zəng gəldiyini və təcili işə çağırıldığımı bəhanə edib beləcə Nəvai bəyin rəng dünyası ilə Orxanın foto dünyasının harmoniyasından ayrıldım.

# 2854 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #