“Nəsimi”nin ikinci rejissoru: "Adil İsgəndərov dedi ki, filmdə iştirakdan imtina etsən, ərizəni yaz, çıx" - Müsahibə

Əməkdar mədəniyyət işçisi Akif Rüstəmov

Əməkdar mədəniyyət işçisi Akif Rüstəmov

19 dekabr 2023
# 17:00

Ona “Bir nömrəli ikinci” deyirlər. Onunla işləmək, az qala, bütün quruluşçu rejissorların arzusu olub. İşləyənlər isə onun tərifini yerə-göyə sığdırmır. “Ayaq dırnağından saçına qədər kino olan adam var bu dünyada, o həmin adamdır”, – onunla işləyən rejissorlardan biri deyir. Bəzən işin çoxluğundan və sıxlığından bezdiyi vaxtlar da olub. Amma metronun “20 yanvar” stansiyasından çıxandan sonra, kinostudiyanın binasını gördükdən sonra bütün ağırlığı unutduğunu deyir.

Biz müsahibə üçün çox yer düşündük, çox məkan üzərində dayandıq. Amma qismətdən qaçış yoxdur. Adətən, mən müsahiblərimə qonaq getsəm də, “Bir nömrəli ikinci” bu tendensiyanı pozdu: özü bizə qonaq gəldi.

APA-nın həyətində başladıq söhbətə. İlk cümləsi bu oldu:

– Mənim balaca nəvəmin də adı Nihatdır.

Bilmirəm, niyəsə xoşbəxt oldum. O “niyə”ni müsahibənin sonuna qədər düşündüm. İlk variantım, bəlkə də, belə bir canlı klassiklə həmsöhbət olmağım idi. Nə bilim?!

Kulis.az 50-yə yaxın filmin ikinci rejissoru Əməkdar mədəniyyət işçisi Akif Rüstəmovun APA-ya müsahibəsini təqdim edir.

– Mən gec evlənmişəm, Nihatcan, düz 36 yaşında.

– Məndə də 28-dir, xeyli vaxtım var, məncə.

– Sənin 2 ilin var hələ. 30-dan sonra bir az başqadır. Çalış keçirmə, 30 yaşda fikirləşmək lazımdır. İndi, düzdür, evsiz-filansız çətindir, başa düşürəm, amma gecikdirmək də bir şey deyil. Mən evin tək uşağı idim, atamın evi var idi, yəni mənim üçün ev məsələsi həll olmuşdu. Atam neftçi olub. Elə anam da. İkisi də AZİ-nin tələbəsi olub, amma anam evdar qadın oldu, atam isə qabaqcıl neftçilərdən... Bakıxanovda ona ev verdilər. Bax indiyə qədər mən hələ də o evdə yaşayıram. Mən və ailəm.

– Valideynlərdən söz düşmüşkən, belə görünür, ailənizdə incəsənət adamı olmayıb. Bəs sizdə kinoya maraq haradan yarandı?

– Məktəbdə özfəaliyyətlə məşğul idim, Bakıxanovda mədəniyyət sarayı var idi, hətta orada uşaqlarla tamaşa hazırlayıb qoymuşdum. Belə-belə xırda maraq və özfəaliyyət incəsənətə, kinoya maraq yaratdı məndə. Buna qədər fortepianoya da getmişəm. Amma son olaraq kino. Evdə dedilər ki, özün qərar ver, yəni məni sıxmadılar. O vaxt incəsənət üçün imtahanlar bir az tez başlayırdı, yəni digərlərindən tez. Dedim, özümü yoxlayım, olar, davam edərəm, olmaz, başqa sahəyə yönələrəm. İş elə gətirdi ki, qəbul oldum. Oranı bitirdikdən sonra tələbə yoldaşlarım hərəsi ora-bura baş rejissor kimi getdi. Məndən soruşdular, dedim, mənim təyinatımı kinostudiyaya verin. Sağ olsunlar, verdilər. Adil İsgəndərovun qəbulunda oldum. Elə gətirdi ki, birinci filmim Arif Babayevlə (Arif Babayev, – kinorejissor, Azərbaycan SSR əməkdar incəsənət xadimi, “müəllif” kinosunun nümayəndələrindən biri, – N.P.) oldu. 1967-ci ildə “Uşaqlığın son gecəsi”.

– Bu filmdə ikinci rejissor kimi idiniz?

– Yox, yox, hələ tez idi. Hələ ki assistent idim. Elə o adla da kinostudiyanın “ştat”ına düşmüşdüm. “Uşaqlığın son gecəsi”, “Sevil”, “Gün keçdi” - ilk filmlərim bunlar olub. “Gün keçdi”nin ikinci rejissoru başqa filmdə aktyor kimi çəkilirdi, ona görə işin çoxunu mən gördüm. “Sevil”də isə, ümumiyyətlə, ikinci rejissor yox idi. Yəni bunlar mənim üçün böyük və ciddi təcrübə oldu. Bunlardan sonra Tofiq Tağızadə mənimlə işləməyi təklif etdi. Ona isə məni Arif Babayev məsləhət görmüşdü. Onda Tofiq Tağızadə “İkinci qaz” filmi üzərində işləyirdi, ona ikinci rejissor lazımı idi. O zaman elə idi ki, rejissorlar boş vaxtlarında “Mozalan” da çəkirdilər. Dedi, “Mozalan” çəkirəm, gəlsin, bir yoxlayaq. Getdim. İşlədik. Çox bəyəndi, dedi ki, oğlum, gəl, işləyək, davam edək. Sonralar onunla lap yaxın münasibətimiz yarandı, haradasa, 6-7 film işlədik: “Dədə Qorqud”, “Bağ mövsümü”, “Ölülər”. Hətta elə olmuşdu ki, az qala, mənsiz işləmirdi.

– Yəni artıq əməlli-başlı məşhurlaşmışdınız.

– Hə, Allahın köməyi ilə məşhur olmuşduq. Təkliflər gəlirdi. Eldar Quliyev, Həsən Seyidbəyli, Şamil Mahmudbəyov... Belə-belə artıq davamlı şəkildə müxtəlif rejissorlarla işləməyə başladım.

– Həsən Seyidbəylinin adını çəkdiniz. Onunla “Nəsimi” filmini işləmisiniz və bildiyim qədərilə o filmə getmək istəməmisiniz. Sizi Adil İsgəndərov, bir növ, məcbur edib.

– Bilirsən söhbət necə oldu? Həsən müəllim evimə zəng vurdu. Mən məzuniyyətdə idim. Düzü, çox təəccübləndim. Ona qədər mən Həsən müəllimlə işləməmişdim. Dedi ki, gəlməlisən. Dedim ki, təcrübəm yoxdur, üstəlik, tarixi filmdir, özüm rusdilli məktəbi qurtarmışam-filan. Qulaq asdı-asdı, axırda dedi ki, oğul, sən gəlməlisən, vəssalam. Bir az keçdi, Adil İsgəndərovdan evimizə teleqram gəldi ki, təcili olaraq, kinostudiyaya gəlməlisən. Mən də getdim. Adil müəllimin qəbuluna girdim. Adil müəllim də ki...

Əllərini havada saxlayıb bir qədər düşünür, sanki Adil İsgəndərovu ifadə edəcək nəsə axtarır...

– Dağ! – ilk ağlıma gələn versiyanı səsləndirirəm.

– Vallah, hə, – üzərindən yük götürülübmüş kimi dərin nəfəs alır... – Dağ kimi adam idi o... Dedim, Adil müəllim, hələ təcrübəm azdır, tarixi filmdir, heç işləməmişəm. Axıra qədər təmkinlə qulaq asıb dedi ki, Akif, qadam, ya “Nəsimi”ni işləyirsən, ya da ki ərizəni yaz, get. Yəni mənə başqa seçim qoymadı. Mən də işlədim. “Nəsimi” filmi ilk tarixi filmim oldu, çox ağır və təcrübə dolu bir proses oldu mənim üçün. Uğurlu da oldu, çox uğurlu oldu. Bu filmdə olmağım həm Adil müəllimin, həm də Həsən müəllim təkidi əsasında baş tutdu. Yəni onların axıra qədər mənim üzərimdə dayanmaları yaradıcılığım üçün istiqamətverici oldu. Ondan sonra 8 tarixi film işlədim, “Hökmdarın taleyi”, “Babək, “Nizami”, “Dədə Qorqud”... Tarixi film olan kimi dərhal məni göndərirdilər.

– Bu qədər davamlı iş prosesi sizi yormurdu?

– Bilirsən, Nihatcan, əlbəttə, çətin idi, yorulurdum. “Babək”in çəkilişləri gedən zaman 3 ay kinostudiyada qalmışam. Gecə evə getmirdim. Qalırdıq, məşqlər edirdik, qılınc döyüşləri, güləşmək... Ondan sonra evə qayıtmaq, səhər işə gəlmək olsaydı, ruhdan düşərdim. Ona görə kinostudiyada mənim üçün yer hazırladılar, həftənin 5 günü orada qaldım. Düz 3 ay.

– Kinostudiyanın indiki halını görmüsünüz?

– Haradasa, üç aya yaxındır, getmirəm, düzü, amma bilirəm, nəyi deyirsən. (gülür)

– İndi qalmaq olar orada? (gülürəm)

– Mən inanıram ki, yaxşı olacaq. Bu yaxınlarda yeni mədəniyyət naziri Adil müəllim məni evimdə ziyarət elədi. Onunla bir xeyli söhbət elədik. Bilirsən, məndə çox böyük inam yarandı. Mən inanıram. Bu görüş mənim üçün həm gözlənilməz idi, həm də mən çox ruhlandım.

– Şəkillərdə gözləriniz parıldayırdı, Akif müəllim.

– Əlbəttə, parıldayar. İnam. Vallah, deyim ki, indi də tarixi film olarsa, gedib dərhal işləyərəm. Buna hazıram. Yəni mən bu qədər inanıram, bu qədər məndə inam yaranıb. Mənim evimdə çox adam olub: aktyor, tələbə, rejissor. Amma heç vaxt bir nazir olmayıb.

– Nədən söhbət elədiniz?

– Həyatdan, kinodan, kinonun keçmiş vəziyyətindən, indidən, gələcəyindən. Bilirsən, bu söhbətlər məndə ümid yaradıb, inam yaradıb. Mən qocaman rejissor kimi sənə də məsləhət görürəm ki, sən də inanasan. Kinomuz qalxacaq. Kinomuzda dirçəliş olacaq. Bir şeyi deyim, Nihat, elə bir ölkə yoxdur ki, orada kino həmişə yüksək səviyyədə olsun. Sən cavansan, ola bilər, eşitməmisən, İtaliya kinosu var idi, Fransa kinosu var idi. İndi nə İtaliya, nə Fransa kinosu həminki deyil. Var, amma əvvəlki deyil. Məsələn, bütün dünyada o vaxt üçün gürcü kinosu termini yaranmışdı. Bu gün var elə bir termin? Yoxdur. Yəni o səviyyədə deyil. Səviyyənin düşüb qalxmasına faciəvi yanaşmaq lazımı deyil. Ümidli olmaq lazımdır, bundan başqa, həm də iş görmək lazımdır. Kinosuz xalq ola bilməz. Kinosuz millət ola bilməz. Bu birmənalıdır. Mən inanıram, nazirlik məndə inam yaradıb ki, yaxşı olacaq.

– Akif müəllim, “Nəsimi” haqqında danışdıq. Bir sualım var, güman ki, bunu elə sizdən soruşmalıyam. Teymurləng obrazı üçün o vaxt həm Yusif Vəliyevin, həm də Adil İsgəndərovun çəkilməsi məsələsi olub. Və siqnal çəkilişlərinə baxandan sonra Adil İsgəndərov özü roldan imtina edib. Bu doğrudur?

– Tamamilə. Siqnal çəkilişə baxandan sonra Adil İsgəndərov deyib ki, mən də yaxşıyam, Yusif də. Amma Yusif məndən daha yaxşıdır. Adil İsgəndərov nəhəng adam olub, Nihat.

– Aydındır. 40-dan çox filmdə imzanız var. Filmlərin bir neçəsi iki hissəli olub deyə, hətta 50 də deyə bilərik. Bu qədər film təcrübəsi varkən nə əcəb quruluşçu rejissor olmaq istəmədiniz?

– Düzünu deyim, təbii ki, mən də istəyirdim, bu yöndə hətta özüm üçün planlar da qurmuşdum. Amma o vaxt filmi quruluşçu rejissor kimi Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirənlərə verirdilər. Düz də edirdilər. Bizim ustadların hamısı oradan çıxıblar. Hamısı. Ora, sözün əsl mənasında, məktəb idi. İndi, düzdür, o səviyyədə deyil, amma keçmişdə konkret məktəb idi. Oranı bitirən dərhal böyük filmə başlamırdı. Əvvəlcə qısa filmdə, sonra böyük filmdə.

– Siz də gedib oxuyardınız da. Olmazdı?

– Əlbəttə, olardı. Hətta mənə deyirdilər də ki, get, sən də oxu. Fikirləşirdim ki, gedəcəyəm, bu filmi də işləyim, sonra... bunu da bitirim, sonra... sonra... sonra... belə-belə gördüm ki, day 30-u keçmişəm. Qaldı.

– Dəhşət. Mənim deyəcək sözüm yoxdur (Gülürəm). Elə gec evlənməyinizin səbəbi, məncə, işiniz olub, qalan hər şey bəhanədir.

– Bəli, elədir. Mən bəhanə demirəm ki... Sonralar isə artıq düşünməyə başladım, tutaq ki, gedib oxuyub gəldim, hə, sonra?

– Necə yəni sonra?

– Ay Nihat, bu boyda ustadların, bu boyda rejissorların yanında mən nə edəcəkdim? Ondansa öz işimdə peşəkar olsam, bundan yaxşıdır. Yaxşısı elə ən yaxşı ikinci rejissor olmaq idi.

– Akif müəllim, məncə, özünüzə qarşı həddindən artıq məsuliyyətsizlik eləmisiniz. İndi isə təvazökarlıq edirsiniz. Mənim adım bu qədər filmdə olsa, yerə-göyə sığmazdım.

– Kino adamlarının hamısı təvazökardır, Nihatcan (gülür).

– Hamısı yox.

– Məncə, hamısı elədir. İndi də çox keyfiyyətli, işini bilən, talantlı nəsil var, həm orta nəsil, həm gənc nəsil.

– Amma, buna baxmayaraq, film çox az çəkilir. Yox dərəcəsində.

– Nihat, film çəkmək üçün birinci növbədə yaxşı ssenari lazımdır. Sonra yaxşı rejissor, yaxşı aktyorlar və təbii ki, maliyyə.

– Hansı çatışmır?

- Film üçün bu dördlük birə-bir tamamlanmalıdır. Bu dördlük varsa, film də var. Bütün bu prosesə nəzarət edəcək bir komanda lazımdır. Rəhbərlik səviyyəsində. Hansı ki mən indiki nazirliyin komandasından bunu gözləyirəm. Allah haqqı, gözləyirəm. İnanıram ki, olacaq. Yaxşı, təcrübəli prodüserlərimiz var indi. Onlardan da çox şey asılıdır.

Sovet vaxtı hələ ən zəif filmlər belə öz xərclərinin 4-5 dəfəsini çıxarırdılar. Çünki “prokat” sistemi var idi, bütün SSRİ-də o filmlər nümayiş olunurdu, nəticədə özü öz xərclərini ödəyirdi, ondan sonra qalan o pula növbəti filmlər çəkilirdi. Hər şey zəncirvarı idi, Nihat. İndi o zəncirdə nəsə boşluq ola bilər, amma bərpa olacaq. Mütləq olacaq. Dünyada kino bazarı anlayışı var. Biz o bazara çıxmalıyıq, Azərbaycan kinosunu satmalıyıq. Hamı belə edir də. Hamı. Və ora çıxmaq üçün yaxşı film olmalıdır. Yaxşı film üçün isə indicə saydıqlarım.

– Akif müəllim, son dövrlərdə çəkilən yerli filmlərə baxmısınız?

– Düzü, hamısına yox. Mən belə xatırlaya bilməyəcəyəm.

– “Aktrisa” filmini siz işləmisiniz, hə? O da müasir film sayılır.

– Hə. Belə Vaqif Mustafayevin, Asif Rüstəmovun, Elçin Musaoğlunun filmlərinə, sözün açığı, baxa bilməmişəm. Bilirsən, iki ilə yaxındır, mən evdən çölə çıxmıram. Bura gəlmişəm e, Nihat, sənə söz verdim deyə gəlmişəm, yoxsa mən evdən bayıra çıxmıram. Ona görə bu saydığım rejissorların son filmlərinə baxa bilməmişəm. Amma soraqlarını eşidirəm, zövqünə inandığım adamların tərifini eşidirəm. Və çox sevinirəm. Söz vermişəm ki, mütləq baxacağam.

– Ən sonuncu işlədiyiniz film hansıdır?

– Ramiz Həsənoğlu ilə “Sübhün səfiri” olmalıdır. Səhv eləmirəmsə.

Bir qədər düşünür.

Fikrət Əliyevlə də iki film işlədim. Belə konkret sonuncu hansıdır, xatırlaya bilmirəm. Amma son işlədiyim filmlər bunlardır.

– Akif müəllim, 55 illik kino həyatınız var. Nə qədər rejissorla çalışmısınız. Bayaqdan elə adlarını çəkə-çəkə qurtara bilmirik. Hamısı da sizdən ağızdolusu danışıb, danışır. İstəyirəm, həmin rejissorlarla film çəkilişinin kulisindən danışaq. Kimlərlə işləmək sizə asan idi, kimlərlə çətin? Kimin nə kimi kaprizləri var idi və sair.

– Mənim üçün, vallah, heç biri çətin gəlməyib. Hamısı ilə yaxşı idim. Dost idik, yoldaş idik, mehriban idik, iş şəraitində isə anlaşa bilirdik. Buna görədir, yəqin, mənə təkliflər davamlı gəlirdi. Eldar Quliyevlə mən 10-a yaxın film işləmişəm. Onunla münasibətimiz də çox yaxşı olub, ailəvi dostluq münasibətimiz var idi. Tofiq Tağızadə olsun, Şamil Mahmudbəyov olsun, Həsən Seyidbəyli olsun... hamısı ilə çox yaxşı idi. Belə qeyri-adi çətinliklərin olduğunu deyə bilmərəm.

– Vaqif Mustafayevlə işləmisiniz?

– Yox. Onunla film işləməmişik. Amma çox yaxşı münasibətimiz var.

– Akif müəllim, bu, əslində, söhbətimizin əvvəlində veriləcək sualdır, sadəcə, indiyə qalıb. Bir filmdə ikinci rejissorun işi nədir?

Dərin bir ah çəkir...

– Hər şey, Nihat. Hər şey.

Bax, film rejissor ssenarisindən başlayır. Ssenaristin, dramaturqun ssenarisini demirəm, rejissorun ssenarisi. Sonra hazırlıq dövrü gəlir, sonra çəkiliş dövrü. Ondan sonra filmin montaj dövrü və digər. Kino həm incəsənətdir, həm də istehsalat. Paralel hər ikisi var bu prosesdə. Buna görə də kino çəkiliş meydançasında fəhlə də olur, rəssam da, sürücü də olur, operator da, işıqçı da olur, rejissor da. Saydığım dövrlərdə və saydığım vəzifələr üzrə bütün işi kimsə koordinasiya etməlidir axı. Bax o adam ikinci rejissordur. Filmin müəllifi, birmənalı olaraq, quruluşçu rejissordur. İkinci rejissor isə onun sağ əlidir. Təbii ki, prodüserlə birgə. Prodüseri qətiyyən unutmaq olmaz. Bütün bu koordinasiya işi isə quruluşçu rejissorun fikirlərinə uyğun aparılır. Planlaşdırma, çəkilişin koordinasiyası, çəkiliş zamanı meydançanın idarə edilməsi, heyətə cavabdehlik, aktyor seçimi, axtarışı, onların hazırlanması – bütün bunların hamısının cavabdehliyi ikinci rejissora və prodüserə aiddir.

– Yaxşı bəs, rejissorla ikinci rejissorun fikri haradasa toqquşa bilirmi? Olarsa, necə olur?

– O qədər olur. Day dava səviyyəsində yox, təbii ki. Quruluşçu rejissorların hamısı bütün heyətdən təklif gözləyir. Kino komanda işidir, heyət işidir. Quruluşçu rejissor yaxşı təklifə hər zaman açıqdır. Bax sənə maraqlı bir faktı deyim. “Nəsimi” filmində səhnələrdən birini çəkdik, bitdi, çəkiliş günü yekunlaşdı. Nihatcan, gecə gözümə yuxu getmədi. Nə eləsəm də, rahat ola bilmədim. O səhnə ürəyimə yatmadı. Səhərə kimi birtəhər dözdüm, səhər gəldim, Həsən müəllimə dedim ki, bu səhnə mənim ürəyimcə olmayıb. Dedi, operatora de, yenidən çəkək. Vəssalam.

– Hansı səhnə idi ki?

– Şirvanşahın sarayında adamlar gətirib qır-qızılı, hədiyyələri şaha təqdim edir ha... Bax o səhnə.

– Hə, kütləvi səhnədir o. Adamlarla...

– Ay sağ ol. O səhnəni kranla çəkmişik. Adam sayı, ümumi gedişat, ümumiyyətlə, o səhnə nəsə ürəyimcə olmadı deyə, ikinci dəfə çəkdik. Yəni belə şeylər çox olur. Təklif etmək sənin işindir, quruluşçu rejissor onu dəyərləndirir. Hətta o vaxt belə qayda var idi ki, quruluşçu rejissor hər hansısa bir səbəbdən çəkilişdə yoxdursa, onun bütün səlahiyyətləri ikinci rejissora verilir.

– Praktikanızda olub belə bir şey?

– Yox.

– Heyf. Bəs müasir kinoda da ikinci rejissor anlayışı varmı? Varsa, ikinci rejissor kimi kimlərin adını çəkə bilərik?

– Əlbəttə, var. Xaricdə buna rejissorun birinci köməkçisi deyirlər. Necə olur, olsun, bu adam çəkilişdə iştirak edir. Buna meydançada hər zaman ehtiyac var.

– Hanı bəs? Kimlərdir onlar?

– Bu dəqiqə sayım. Hamısı öz uşaqlarımdır. Çingiz Həsənov var, Anar var, Xədicə var, Elman Qasımov var...

Adları sadaladıqca barmaqlarını qatlayır. Dodaqaltı pıçıltısını eşidirəm: görən, kimsə yaddan çıxmayıb ki... inciyər birdən...

...Elmar Şeydayev, Rövşən Ağayev... Yəni çoxdurlar.

– Müəllim, ixtisas olaraq, ikinci rejissorluq ixtisası var?

– O vaxt bunun üçün Moskvada iki illik ikinci rejissorlar kursu var idi.

– O o vaxt idi, bəs indi? Bu qədər adam saydınız. Onlar haradan çıxıb gəliblər?

– Mən haradan çıxıb gəlmişdim, ay Nihat, onlar da elə. Hamısı təcrübə əsasında formalaşır, yetişir. Təbii ki, cavanlarla tez-tez söhbətləşirdik, işin məsuliyyəti, proses barədə onlara saatlarla məsləhətlər verirdim. Amma bunların hamısından əlavə, birinci növbədə, təcrübə ən vacib məsələdir. Hər şeyi əyani görməkdən o yanası yoxdur. Elə uşaq var idi, iki ay-üç ay işləyib qaçırdı, işin ağırlığına dözmürdü. İndi saydığım adamlar da professionaldırlar. Düzdür, indi film az çəkilir, amma onların professionallıqlarına söz ola bilməz.

– İkinci rejissorun qazancı necədir?

– O dövrdə qazanc olaraq, sıralama belə idi: quruluşçu rejissor, quruluşçu operator, quruluşçu rəssam və ikinci rejissor. Qazanc bu cür bölünürdü. Çox yaxşı idi maaş da. Qonorar da.

– Akif müəllim, uzun illər bu qədər dinamik iş rejiminiz olub. Hətta evlənmək belə yadınızdan çıxıb. İndi isə deyirsiniz, iki ildir, evdən çölə çıxmıram. Darıxmırsınız?

– Oy, oy, əlbəttə. Amma bir şey də var, Nihatcan. Mən 79 yaşın içindəyəm. Bakıxanovdan avtobusla, metro ilə gəlmək, getmək.... ağırdır axı...

– Kinostudiyada da əvvəlki kimi qalmağa yer də yoxdur... (gülürəm)

– Hə (gülür). İnan ki, dəvətlər gəlir yenə, amma istəmirəm. Bu həm mənə çətin olar, həm də heyəti pis ayaqda qoyaram. Mən bunu istəmirəm. Lakin məsləhət üçün telefonum hər zaman açıqdır. Bir söz var e, gedəndə gərək vaxtında gedəsən. Əsas odur, hörmətimi saxlayırlar, mən xoşbəxtəm ki, elə bir kollektivdə olmuşam, orada işləmişəm, o cür şəxsiyyətlərlə çalışmışam, o cür dostlar qazanmışam.

– Yox e, birdən bəs nəsə elə bir film ola bilərmi ki, 79 yaşı-zadı qoyasınız bir qırağa, deyəsiniz ki, vəssalam, mən bunu işləyirəm.

Bir qədər düşünür.

– Şah İsmayıl. Məncə, onun haqqında film çəkilsə, işləyərəm. Tarixi filmlərin vurğunuyam.

– Yaxşı, bəs sizdə quruluşçu rejissorların adının sizdən daha çox hallanması, tanınması nə zamansa qısqanclıq yaratmayıb heç?

– Nihatcan, birincisi, məni hamı tanıyır. İkincisi isə, quruluşçu rejissorun evinə nazir getmir e... (gülür)

Cavab o qədər xoşuma gəlir ki, əlini sıxıram. Hətta qucaqlaşırıq.

... Tədbirlərdə adım çəkilən kimi hamı alqışlayır, gəlir, görüşür. Hamı tanıyır, Nihat, vallah, yaddan çıxmamışam mən. Razıyam. Hamıya təşəkkür edirəm, sizə də. Fürsət ikən deyim, siz mənimlə müsahibəni cənab nazirin görüşündən qabaq danışmışdınız. Çox sağ olun ki, xatırlayırsınız. Görüşdən sonra da çox sağ olsunlar, nə qədər zənglər gəlir, yad edirlər. Sağ olun, hamınız sağ olun.

Müsahibənin elə bu yerindəcə, az qala, “Evrika”, – demək keçir içimdən. Çünki xoşbəxt olmağımın səbəbinə əmin idim artıq...

Foto - İlkin Nəbiyev

# 2338 dəfə oxunub

Oxşar xəbərlər

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

15:00 25 noyabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

14:38 25 noyabr 2024
Lermontova həsr edilmiş tədbir olacaq

Lermontova həsr edilmiş tədbir olacaq

13:23 25 noyabr 2024
Məşhur bəstəkar vəfat etdi

Məşhur bəstəkar vəfat etdi

10:58 25 noyabr 2024
"Bülbülün qonaqları" rubrikasında Fikrət Əmirov yad edildi

"Bülbülün qonaqları" rubrikasında Fikrət Əmirov yad edildi

10:34 25 noyabr 2024
# # #