Mərc - Çexovun hekayəsi

Mərc - Çexovun hekayəsi
9 yanvar 2024
# 11:30

Kulis.az görkəmli rus yazıçı Anton Çexovun "Mərc" hekayəsini təqdim edir.

Qaranlıq payız gecəsi idi. Qoca bank sahibi öz iş otağında o başa-bu başa addımlayır və on beş il öncə bir payız günü qonaqlıq verdiyini yada salırdı.

Bu məclisə çox ağıllı insanlar, alimlər, müxbirlər toplaşmış və maraqlı söhbət edirdilər. Söz ölüm cəzasının üstünə gəlib çıxdı.

Qonaqların əksəriyyəti ölüm cəzasına mənfi yanaşırdılar. Onlar bu cəza üsulunu köhnəlmiş, xristian ölkələrinə yaraşmayan və mənəviyyatsızlıq adlandırırdılar.

Bəzi məclis iştirakçılarının fikrinə görə, ölüm hökmü hər yerdə ömürlük azadlıqdan məhrum etmə cəzasıyla əvəz edilməli idi.

— Sizinlə razilaşmıram, — deyərək ev sahibi dilləndi. — Nə ölüm cəzasını, nə də ömürlük həbsin dadını bilmirəm, lakin a priori söyləmək mümkünsə, onda, məncə, ölüm cəzası həbsdən daha əxlaqlı və humanistdir. Qətl tez öldürür, ömürlük həbs isə yavaş-yavaş. Bu halda hansı cəllad daha insaflıdır? Sizi bir neçə dəqiqədə öldürən, yoxsa canınızı uzun illər ərzində tədricən alan?

Qonaqlardan biri: — Hər ikisi eyni dərəcədə mənəviyyatsızlıqdır, çünkü hər ikisi də eyni məqsəd daşıyır, həyatdan məhrum etmə. Dövlət allah deyil, istəyəndə qaytara bilməyəcəyi bir şeyi onun almağa haqqı yoxdur,— dedi.

Qonaqların arasında iyirmi beş yaşlı cavan bir hüquqşünas oturmuşdu.

Onun fikrini soruşanda, o: — Ölüm cəzası da, ömürlük həbs də eyni dərəcədə mənəviyyatsızlıqdır, lakin bunların birini seçməyi təklif etsəydilər, mən, əlbəttə ki, ikincini tərcih edərdim. Birtəhər yaşamaq heç yaşamamaqdan yaxşıdır, — dedi.

Canlı mübahisə başladı. O zaman daha cavan və əsəbi olan bank sahibi birdən özündən çıxaraq, yumruğunu masaya çırpıb gənc hüquqşünasa üz tutaraq qışqırdı:

—Yalandır! İki milyona mərc gəlirəm ki, qazamatda heç beş il də otura bilməzsiniz.

— Bu ciddi təklifdirsə, onda mərc gəlirəm ki, beş yox, on beş il oturaram, — deyərək hüquqşünas cavab verdi.

Bankir çığırdı: — On beş? Oldu! Cənablar, iki milyon qoyuram!

Hüquqşünas: — Razıyam! Siz milyonlarınızı, mən isə öz azadlığımı qoyuram!

Bu vəhşi, mənasız mərc də beləcə baş tutdu! O zaman milyonlarının sayını bilməyən, ərköyün və yelbeyin (arsız) bankir mərcdən heyrətə gəlmişdi.

O, şam yeməyi zamanı hüquqşünasla zarafat edir və deyirdi:

— Cavan oğlan, hələ ki gec deyil, ağlınızı başınıza yığın. Mənim üçün iki milyon heç nədir, amma siz ömrünüzün üç-dörd ən gözəl illərini itirməyə risk edirsiniz. Üç-dörd deyirəm, çünkü bundan artıq otura bilməyəcəksiniz. Bir də ki, ay bədbəxt, unutmayın ki, könüllü həbs məcburi həbsdən daha ağırdır. Hər an azadlığa çıxa bilmə imkanınızın olması bütün mövcudluğunuzu zəhərləyəcəkdir. Sizə yazığım gəlir!

İndi də bank sahibi o başa-bu başa addımlayaraq, bütün bunları xatırlayıb özünə sual verirdi:

— Bu mərc nəyə lazım idi? Hüquqşünas həyatının on beş ilini itirməkdə, mənim isə iki milyonumu çölə atmağımda nə fayda? Ölüm cəzasının ömürlük həbsdən daha pis və ya yaxşı olmasını insanlara bu mərc sübut edə bilərmi heç? Yox, bir daha da yox. Bu, cəfəng və mənasızdır. Mənim tərəfimdən bu addım tox adamın şıltaqlığı idi, hüquqşünas tərəfindən isə — pula olan adi hərislik…

Sonra o, həmin gecədən sonra baş verənləri yada salır.

Qərara alınır ki, hüquqşünas öz həbsini ciddi nəzarət altında bankirin bağında tikilmiş kiçik evlərin birində keçirəcək.

Şərtləşmişlər ki, oğlan on beş il ərzində otağın kandarından ayağını qoymaq, adam üzü, adam səsi eşitmək, məktub və qəzet almaq ixtiyarından məhrum olunur.

Musiqi alətində çalmaq, kitab oxumaq, məktub yazmaq, şərab içmək və tütün çəkmək ona qadağan deyildir.

Ətraf aləmlə oğlanın ünsiyyəti, şərtə görə, yalnız danışmadan, kiçik pəncərədən mümkün idi.

Lazım olan kitabı, musiqi notlarını, şərab və sair əşyaları ürəyi istədiyi qədər məktubla sifariş edə, amma yalnız pəncərədən ala bilərdi.

Həbsi çox ciddi şəkildə tək-tənha keçirmək üçün müqavilə bütün ayrıntıları nəzərə alırdı.

Bu sənədə görə, hüquqşünas düz on beş il, 1870-ci il 14 noyabr saat 12-dən 1885-ci il 14 noyabr saat 12-dək otaqda qalmalı idi.

Hüquqşünas tərəfindən ən cüzi şəkildə şərtləri pozmaq cəhdi, danışılan vaxtın bitməsinə iki dəqiqə qalmış hətta, iki milyonu ona vermək vəzifəsindən bank sahibini azad edəcəkdir.

Qısa məktublarından belə anlamaq olurdu ki, həbsin ilk ilində hüquqşünas təklik və darıxmaqdan çox əziyyət çəkirdi.

Onun otağından gecə-gündüz royal səsləri eşidilirdi! O, şərab və tütündən imtina edir.

O yazır ki, şərab istəkləri coşdurur, istəklər isə məhbusun ilk düşmənləridir; bundan əlavə, yaxşı şərab içərkən heçkimi görməməkdən darıxdırıcı bir şey yoxdur.

Tütün isə otaqda havanı korlayır. Birinci il hüquqşünasa əsasən yüngül məzmunlu kitablar göndərilirdi: mürəkkəb sevgi intriqalarıyla dolu romanlar, cinayət haqda və fantastik hekayələr, komediyalar və s.

İkinci il otaqda musiqi sədaları kəsilir və hüquqşünas məktublarında təkcə klassikləri tələb edir.

Beşinci il musiqi təzədən eşidilir və məhbus şərab istəyir.

Pəncərədən ona nəzarət edən qulluqçular söyləyirdilər ki, bütün bu il o, ancaq yeyir, içir və çarpayıda uzanır, tez-tez əsnəyir, özü-özüylə hirsli-hirsli danışır.

Kitab oxumur. Bəəzən gecələr yazmağa başlayır, çox yazır və səhərə yaxın bütün yazdıqlarını cırır.

Bir neçə dəfə onun ağladığını eşidirlər. Altıncı ilin ikinci yarısı məhbus cidd-cəhdlə xarici dillər, fəlsəfə və tarix öyrənməklə məşğul olmağa başlayır.

O elə şövqlə bu elmlərə baş vurur ki, bankir onun üçün yeni kitabları sifariş etməyi çətin çatdırırdı.

Dörd il ərzində dustağın tələbi ilə təxminən altı yüz cild kitab sifariş olunur. Bu həvəs dövrünün arasında bank sahibi məhbusdan belə bir yazı alır:

"Əziz dustaqxana gözətçim! Bu sətirləri sizə altı dildə yazıram. Onları başı çıxan adamlara göstərin, qoy oxusunlar.

Bir dənə də olsun səhv tapmasalar, yalvarıram sizə, onda əmr edin bağda tüfəngdən göyə atəş açsınlar. Bu atəş, səylərimin hədərə getməməsindən mənə xəbər verər.

Bütün əsrlər və ölkələrin dahiləri müxtəlif dillərdə danışırlar, amma hamısında eyni alov yanmaqdadır.

Ah, onları anladığıma görə nə qədər xoşbəxt olduğumu bilsəydiniz kaş!”

Məhbusun arzusu yerinə yetirilir. Bankir, bağda iki dəfə atəş açmağa əmr verir.

10 ildən sonra hüquqşünas masa arxasında tərpənmədən oturub yalnız İncili oxuyur.

Dörd ildə altı yüz mürəkkəb kitabların öhdəsindən gələn adamın bircə dənə rahat, qalın olmayan bu kitabın oxunmasına bir ilə yaxın sərf etməsi bankirə qəribə gəlirdi.

İncilin ardınca növbə dinlərin tarixi və ilahiyyata keçir. Həbsin son 2 ilində məhbus həddindən artıq çox, nə olsa oxuyur.

O, gah təbii elmlərlə məşğul olur, gah da Bayron və ya Şekspiri tələb edirdi.

Hərdən eyni zamanda dustaq öz məktublarında kimya, tibb dərsliyi, roman, hansısa fəlsəfi və ya ilahiyyat əsərini göndərməyi xahiş edirdi

Onun mütaliəsi, gəmi qırıntıları arasında dənizdə üzən və həyatını xilas etmək üçün gah o, gah da digər qırıntıdan tutmağa çalışan adamın hərəkətlərinə bənzəyirdi! II Bank sahibi bunları yada salır və düşünürdü: "Sabah saat 12-də o azadlığa çıxacaq. Şərtə görə mən ona iki milyon ödəməliyəm.

Ödəsəm, hər şey məhv olacaq: olan-qalan pulumu da itirəcəyəm…” On beş il öncə o, milyonlarının sayını bilmirdi, indi isə pulunun, yoxsa borclarının daha çox olduğunu özündən soruşmağa qorxurdu.

Ehtiraslı birja oyunu, təhlükəli alver və qocalıqda da imtina edə bilmədiyi qızğınlıq tədricən işlərini tənəzzülə gətirib çıxarmış və qorxmaz, özünə güvənən, təkəbbürlü zəngin kişi kağızların hər bahalaşması və ucuzlaşmasından canına əsməcə düşən orta səviyyəli bankirə çevrilmişdi.

Ümüdsüzlük içində qalmış qoca başını əlləriylə tutub öz-özünə danışır:

— Ləənətə gəlmiş mərc! Niyə bu adam ölmədi? Onun hələ qırx yaşı var. Son pullarımı məndən alacaq, evlənəcək, həyatdan ləzzət alacaq, birjada oynayacaq, mən isə dilənçi kimi paxıllıqla ona baxacağam və ondan hər gün eyni sözləri eşidəcəyəm: "Həyatımın xoşbəxtliyinə görə sizə borcluyam, izin verin sizə kömək edim!” Yox, bu lap ağ olar! İflas və rusvayçılıqdan yeganə çıxış yolu var, o da — bu adamın ölümüdür!

Saat üç oldu. Bankir diqqətlə qulaq asır: evdə hamı yatmış, yalnız pəncərədən üşümüş ağacların xışıltısı gəlir.

O, səssiz olmağa çalışaraq seyfindən on beş ildə açılmayan qapının açarını çıxarır, paltosunu geyinib evdən çıxır.

Bağda qaranlıq və soyuq idi. Kəskin nəm külək uğultuyla bağı bürüyür və ağacların rahatlığını pozurdu.

Bankir gözlərini nə qədər zilləsə də, nə yeri, nə ağ heykəlləri, nə bağdakı tikilini, nə ağacları görmürdü.

Tikili otaq yerləşən yerə yaxınlaşanda o, iki dəfə gözətçini səsləyir. Cavab gəlmir.

Yəqin ki, gözətçi pis havadan gizlənib və indi ya mətbəxdə, ya da oranjereyada (bitki yetişdirmək üçün şüşəbənddə—Tərc.) yatmışdı.

Qoca düşünür: "Niyyətimi həyata keçirməyə gücüm çatsa, onda şübhə ən əvvəl gözətçinin üstünə düşəcək.”

Qaranlıqda pilləkən və qapını tapıb tikilinin ön hissəsinə keçir, sonra çətinliklə kiçik dəhlizə keçib kibrit yandırır. Burada heç kim yox.

Döşəksiz, yorğansız bir çarpayı və küncdə çuğun peç qaraltısı görünürdü. Məhbusun otağına aparan qapının möhürləri yerində idi.

Kibrit sönəndən sonra həyəcandan titrəyən qoca kiçik pəncərədən boylanır. Məhbusun otağında zəif bir şam yanmaqda idi.

Oğlan özü masa arxasında oturmuş, təkcə kürəyi, başı və əlləri görünürdü. Masada, onun yanındakı iki kürsü və xalça üstündə açıq kitablar var. Beş dəqiqə keçir, məhbus isə bir dəfə də olsun tərpənmir.

On beş illik dustaqlıq ona hərəkətsiz oturmağı öyrətmişdi. Bank sahibi barmağı ilə pəncərəni döyür, dustaq isə bu səsə cavab olaraq heç tərpənmir.

Belə halda bankir ehtiyyatla qapıdan möhürləri qoparıb açarı qıfıla salır. Paslanmış qıfıldan xırıltı çıxır və qapı cırıldayır.

Bu məqamda qoca, təəcüb və addım səslərini gözləyir, lakin üç dəqiqə keçir, qapının arxasında isə yenə də sakitlik duyulur.

O, otağa keçməyə ürək edir. Masa arxasında tərpənmədən adi adamlara bənzəməyən bir insan oturmuşdu.

Bu, dəri ilə örtülmüş, uzun cod qıvrım saçları və pırtlaşıq saqqalı olan skelet idi.

Sifətinin rəngi sarı, torpaq rənginə bənzəyir, yanaqları batıq, kürəyi uzun və ensiz, saçlı başını tutan əli isə çox nazik və arıq olduğundan ona baxmaq qorxunc idi. Saçlarına artıq dən düşmüşdü və qocalmış üzgün sifətə baxanlardan heç kim inanmazdı ki, bunun cəmi qırx yaşı var.

O yatmışdı… Masanın üstünə əyilmiş başının önündə xırda xəttlə yazılmış bir kağız var idi.

Bankir düşünür: "Yazıq! Yatıb və ola bilsin ki, yuxuda milyonlarımı görür! Amma bu yarım-meyiti çarpayıya atıb balıncla yüngülcə ağzını tutmağım bəsdir ki, ən vicdanlı tibbi yoxlama da zor nəticəsində ölüm nişanələrini tapa bilməsin.

Lakin əvvəl oxuyaq görək o burada nə yazıb…” Bank sahibi masanın üstündən kağızı götürüb aşağıdakıları oxuyur: "Sabah saat 12-də mən azad olur və insanlarla ünsiyyətdə olma haqqımı əldə edirəm.

Amma bu otağı tərk edib günəşi görmədən öncə sizə bir neçə söz deməyi lazım bilirəm.

Təmiz vicdanla və məni görən tanrı qarşısında sizə ərz edirəm ki, azadlığa da, həyata da, sağlamlığa da və sizin kitablarınızda dünyanın nemətləri adlandırılan hər şeyə nifrət edirəm. On beş il diqqətlə yer həyatını oyrənmişəm.

Düzdür, yer və insanları görmürdüm, amma sizin kitablarda ətirli şərab içirdim, şərqilər oxuyurdum, meşələrdə maral və vəhşi qabanlar ovlayırdım, qadınlar sevirdim…

Dahi şairlərinizin sehri ilə yaradılan bulud kimi gözəllər yanıma gəlib mənə kefləndirici gözəl nağıllar pıçıldayırdılar.

Sizin kitablarınızda mən Elbrus və Monblanın zirvələrinə dırmaşırdım və oradan səhər çağları günəşin doğmasını, axşamlar da səmanın, okeanın və dağların başının qızılı rənglərə bürüməsini görürdüm.

Oradan başımın üstündən qara buludları yarıb şaxan ildırımları görürdüm.

Yaşıl meşələri, tarlaları, çayları, gölləri, şəhərləri görürdüm.

Dəniz pərilərinin nəğmələrini və çoban tütəyinin havasını duyurdum, tanrı haqda mənimlə söhbətləşməyə uçub gələn gözəl iblislərin qanadlarını oxşayırdım…

Sizin kitablarda dibsiz dərələrə atılırdım, möcüzələr yaradırdım, öldürürdüm, şəhərləri atəşə verirdim, yeni dinlər təbliğ edirdim, bütöv dövlətləri fəth edirdim…

Kitablarınız mənə müdriklik verdi. Əsrlər boyu yorulmaz insan zəkasının yaratdıqları, kəlləmdə kiçik topa kimi sıx yığışıbdır. Bilirəm ki, mən hamınızdan ağıllıyam.

Və sizin kitablarınıza, dunyanın bütün nemətlərinə və müdrikliyə nifrət edirəm.

Hər şey əhəmiyətsiz, fani, xəyali və aldadıcıdır. Qürurlu, müdrik və gözəl olsanız da, zirzəmi siçanlarıyla bərabər ölüm sizi yer üzündən siləcək.

Nəsliniz, tarixiniz, dahiliklərinizin ölməzliyi isə yer kürəsi ilə birlikdə donacaq ya da yanıb kül olacaq.

Siz dəli olmusunuz və yanlış yolla gedirsiniz. Yalanı həqiqət, eybəcərliyi də gözəllik hesab edirsiniz.

Hansısa şərait üzündən alma və portağal ağaclarında meyvə yerinə birdən qurbağa və kərtənkələlər bitsəydi və ya qızılgüldən tərli at iyi gəlsəydi, təəcüblənərdiniz.

Beləcə mən də göyü yerə dəyişən sizlərə təəccüb edirəm. Sizi anlamaq istəmirəm.

Sizin yaşadıqlarınıza nifrətimi gerçəkdən göstərmək üçün bir zaman cənnət kimi arzuladığım, indi də nifrət bəslədiyim o iki milyondan imtina edirəm.

Onlara yiyələnmək hüququmdan özümü məhrum etmək üçün buradan şərtləşdirilmiş vaxtdan beş saat qabaq çıxacağam və beləliklə müqaviləni pozacağam… ” Bunu oxuyan bankir kağızı masanın üstünə qoyur, qəribə adamı başından öpür, ağlayır və otaqdan çıxır.

Hələ heç zaman, hətta birjada güclü uduzmalardan sonra da o özünə qarşı indiki kimi nifrət hiss etməmişdi.

Evə gəldikdə qoca çarpayıya uzanır, lakin həyəcan və göz yaşları onu xeyli vaxt yuxuya getməyə qoymur…

Sabahısı səhər çağı sifətlərinin rəngi qaçmış gözətçilər qaçıb gəlib xəbər verdilər ki, otaqda yaşayan adamın pəncərədən bağa düşdüyünü, darvazaya tərəf getdiyini, sonra da gözdən itdiyini görüblər.

Bank sahibi qulluqçularıyla birlikdə dərhal bağdakı otağa gedib məhbusun gerçəkdən də qaçdığının şahidi olur.

Artıq söz-söhbətlər yaratmamaq üçün o, imtina kağızını masanın üstündən götürür və evinə qayıdan kimi onu seyfində gizlədir.

Tərcümə: İlahə Ucaruh

# 827 dəfə oxunub

Oxşar xəbərlər

Canlı yayımda halı pisləşən müğənni verilişi tərk etdi

Canlı yayımda halı pisləşən müğənni verilişi tərk etdi

17:22 29 noyabr 2024
Şair Cəlil Cavanşir Sivva ilə klipə çəkildi

Şair Cəlil Cavanşir Sivva ilə klipə çəkildi

16:28 29 noyabr 2024
Rusiyada Yeni ildə ən çox onları səhnədə görmək istəyirlər

Rusiyada Yeni ildə ən çox onları səhnədə görmək istəyirlər

16:20 29 noyabr 2024
6.2 milyon dollarlıq "Divara yapışdırılmış banan" mətbuat konfransında yeyildi

6.2 milyon dollarlıq "Divara yapışdırılmış banan" mətbuat konfransında yeyildi

15:30 29 noyabr 2024
"Bizi telefon pozmayıb, əvvəldən belə olmuşuq" - Ulucay Akif

"Bizi telefon pozmayıb, əvvəldən belə olmuşuq" - Ulucay Akif

15:00 29 noyabr 2024
Bi­zi sonsuz xəyallara qərq edən qüvvə - Sərgərdan və məzəli həyatın sonu

Bi­zi sonsuz xəyallara qərq edən qüvvə - Sərgərdan və məzəli həyatın sonu

13:30 29 noyabr 2024
# # #