Mənə ilk siqareti deputatın köməkçisi çəkdirib – Günel Novruz

Mənə ilk siqareti deputatın köməkçisi çəkdirib – Günel Novruz
4 oktyabr 2023
# 15:31

Kulis.az Günel Novruzun “Qırmızı günlərin qaranlıq üzü” adlı yeni yazısını təqdim edir.


Birinci məktub

İki ildi ayrılmışıq.

Bu gün həmin gündür. Qırmızı gün. Qıpqırmızı…

Onun məni vurmağı xoşuma gəlirdi.

Bəzən özüm istəyirdim ki, məni şillələsin. Döysün.

O da özündən çıxırdı. Əlləri keyiyənə qədər şillələyirdi.

Hərdən söyürdüm onu. Söyürdüm ki, əsəbiləşib daha da sərt vursun. Daha da dərindən söysün. Anasına söyəndə lap dəli olurdu. Boğazımdan tutub qaldırırdı məni. Dirəyirdi divara.

Ayaqlarım havada... Çapalaya - çapalaya qalırdım. Nəfəsim kəsilirdi.

Sol əliylə boğazımdan tuturdu, sağ əliylə də döşlərimi şillələyirdi. Sözün əsl mənasında uçurdum.

Görürdü ki, xoşhallanıram, çevirirdi məni, başımdan sıxırdı divara, yanbızımı şillələyirdi. Yanbız sözündən xoşum gəlir.

Ancaq o gün sevişmirdik, o gün mətbəxdə siqaret çəkirdik. İki il əvvəl bu gün...

Biz toyda vurulmuşduq. Rəfiqəmin toyunda. O da bəyin dostu imiş. Elə ilk baxışdan vurulmuşduq. Birinci baxışlarımız toqquşmuşdu, sonra da taleyimiz.

O mənə baxa-baxa rəqs edirdi. Rəqs edə-edə tərləyirdi.

Alnındakı tər damcıları, sərt əl-qol hərəkətləri, baxışları məni ehtiraslandırırdı.

Oturduğum yerdəcə xoşhallanırdım, dodaqlarımı gəmirirdim.

Qranit kimi sərt döşlərim daha da bərkiyirdi, qabarırdı. Budlarımı sıxırdım. Kürəyimin ortasıyla gah sərin, gah da isti tər damcıları süzülürdü.

Xəyal edirdim. Məsələn, onun alnındakı tər damcılarını, ağırlığını.

Sonra rəfiqəmə etiraf etdim, o həyat yoldaşına dedi, həyat yoldaşı da dostuna və biz tanış olduq.

Anam da xeyir-dua etdi, dedi, abırlı-əxlaqlı uşağa oxşayır.

Həmişəki kimi, qardaşım o gün də yox idi, indi də bilmirəm, hardadı. Bəlkə də, çoxdan atama qovuşub.

Demək olar, hər gün görüşürdük. Onun valideynləri də məni bəyənmişdilər. Qardaşı deputat köməkçisi idi. Buna bir restoran vermişdilər, demişdilər heç nə eləmə, eləcə nəzarət elə. Bazarlıq-zad eləyirdi, axşam da pulları sayırdı, bölüşdürürdü.

Belə.

Görüşürdük, öpüşürdük. Xəyallar qururduq.

Mən istəyirdim, iki qızımız olsun, o istəyirdi bir qızımız, bir oğlumuz olsun.

Uşaqların adları üstdə dalaşırdıq. O istəyirdi ki, oğluna hansısa futbolçunun adını versin, mən isə oğlan uşağının nəinki adı ilə, heç öz varlığı ilə razılaşmırdım. O deyirdi, mən deyirdim, beləcə atışırdıq, sonra da məni qucaqlayırdı, saçlarımı qarışdırırdı. Ovuclarımdan öpürdü.

Ovucdan öpmək… Elə yaxşıdı ki. Ovucdan bir də çiyindən öpmək…

O mənim ovcumdan öpürdü, mən də səhərəcən üzümü ovcuma qoyub yatırdım.

“Montin” vağzalına gedirdik, ordakı körpünün üstündən qatar yollarına baxa-baxa gələcəkdən, qırmızı-yaşıl günlərimizdən danışırdıq.

Mənim əvvəl qəhvədən zəhləm gedirdi. İndi günə ikisini içirəm. Lap belə ləzzətlə içirəm. Onun acığına… Pivə də içirəm. Əvvəl qorxurdum ki, kökələrəm. Cəhənnəmə ki.

Hə, o vaxt qəhvə içə bilmirdim, o qəhvə içirdi, siqaret çəkirdi, mən də onun əllərinə, gözlərinə baxırdım, siqaretinin tüstüsünü izləyirdim. Xeyli susurduq. Sonra da…

Sonra da gedirdik evə…

Qapıdan girən kimi sarılırdıq bir-birimizə. Sarılmaq deyildi e, bizimki. Əməlli-başlı yeyirdik bir-birimizi.
Dayanmadan öpüşürdük. Bir-birimizlə nəfəs alırdıq.

Mən ona demişdim ki, Natiq mənim bəkarətimdən başqa heç nəyim yoxdu. Atam ölüb, qardaşım həmişəki kimi yoxdur, anam da ki…

Anamın da bir ayağı burda, biri qəbirdə. Xəstə qadındı. Şəkəri var, təzyiqi var, ürəyi işləmir.

Özü də mühafizakar, nə bilim, zəkasız, köhnə fikirli adam deyiləm mən, özü də yaxşı bilirdi. Mənim bəkarətimi qorumağım qətiyyən milli-mənəvi dəyərlər, nə bilim, kiminsə qınağından qorxmaqla bağlı deyildi.
Doğrudan da, mənim bəkarətimdən başqa heç nəyim, heç kimim yox idi… Maaş alırdım, pal-paltarım, ətirlərim, bahalı telefonum vardı, - ancaq mənəvi mənada mənim olan heç nə yox idi. Heç anam da. O da məni başa düşmürdü. Biz tamamilə fərqli adamlar idik.

Əslində, bu məsələdə ikimiz də günahkarıq. Açığı, o mənə söz verdi, dedi ki, sadəcə, öpüşəcəyik, sözünə də əməl etdi.

Mən özüm dinc dayanmadım...

Şərab içdik. Nar şərabı. Mən o vaxt çox içə bilmirdim. Bir qədəh içən kimi üzüm allanırdı, bədənimi istilik bürüyürdü.
İkinci qədəhi içəndə saçlarımı açdım, üzümdən alov çıxırdı.

O gün ilk dəfə siqaret çəkdim... Natiq başını dizlərimə qoyub saçlarımla oynayırdı. Əllərimi boynuna keçirdim, əyilib dodaqlarından öpdüm. Sonra barmaqlarının arasındakı siqareti götürüb bir qullab aldım və təzədən əyildim. O ağzımın içindəki tüstünün hamısını ciyərlərinə çəkdi. Xoşuma gəldi, bir qullab da aldım...
Şərab, siqaret, tüstü, şərab, siqaret, öpüşlər... İlk qədəhdə saçımı açdım, ilk qullabda büstqalterimi çıxardım... Onun başını qollarımın arasına alıb uşaq kimi döşlərimə sıxdım... Sonra... Sonra... ayaqlarımın arasında qırmızı istilik hiss etdim...
Mən orda idimmi? O mən idimmi? Yox, yox, əsla!

Qızların dediyi kimi də olmadı. Qətiyyən ağrı hiss etmədim. Qətiyyən. Birdən-birə dünya qırmızılandı. Birdən-birə hər şey gözəlləşdi. Qışqırmaq, hamıya xəbər vermək istəyirdim. Mən qadın olmuşdum... Sevirdim, sevilirdim. Nəhayət, qadın oldum.

Həyat yoldaşı da olacam, ana da...

Ardı var...

# 9645 dəfə oxunub

Oxşar xəbərlər

Almodovar İspaniya hökumətini İsraillə bütün diplomatik və ticarət əlaqələrini kəsməyə çağırıb

Almodovar İspaniya hökumətini İsraillə bütün diplomatik və ticarət əlaqələrini kəsməyə çağırıb

14:00 28 avqust 2025
"Vüsal yollarına qar ələnibdir..." - Əlibala Hacızadənin hansı əsəri əsasında Azərbaycanın ilk teleserialı çəkilmişdi?

"Vüsal yollarına qar ələnibdir..." - Əlibala Hacızadənin hansı əsəri əsasında Azərbaycanın ilk teleserialı çəkilmişdi?

13:30 28 avqust 2025
"Neyçün səni bəs unuda bilmirəm?.." - Günün mahnısı

"Neyçün səni bəs unuda bilmirəm?.." - Günün mahnısı

13:20 28 avqust 2025
82-ci Venesiya Film Festivalına  “La Grazia” filmi ilə start verildi

82-ci Venesiya Film Festivalına “La Grazia” filmi ilə start verildi

13:00 28 avqust 2025
8000 illik nadir gil fiqur  aşkarlandı

8000 illik nadir gil fiqur aşkarlandı

12:38 28 avqust 2025
"Qarabağ" bizə sübut etdi ki... - Döyüş meydanından yaşıl meydanlara gedən yol

"Qarabağ" bizə sübut etdi ki... - Döyüş meydanından yaşıl meydanlara gedən yol

12:03 28 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər