Mən sənə əlvida demirəm, Niyazi... - Kamal Abdulla

Mən sənə əlvida demirəm, Niyazi...  - Kamal Abdulla
2 mart 2025
# 14:05

Kulis.az Xalq yazıçısı Kamal Abdullanın ədəbiyyatşünas, fəlsəfə elmləri doktoru mərhum Niyazi Mehdi haqqında "Niyazi - uzun, ağır illərin yolçusu" yazısını təqdim edir.

Niyazi ilə dostluğumuzun düz 57 illik tarixi var. Ona görə "var" yazıram ki, bu dostluğun bundan sonra da davam edəcəyinə inanıram. Çünki o, mənim üçün ölmədi.

"Mənim üçün ölmədi" - burada gəlişigözəl ifadə deyil. İllər keçdikcə sənin üçün ölməyən, dünya ilə vidalaşandan sonra da sənin üçün yaşayan insanların sayı artır və sən bunun belə olduğuna hər dəfə əvvəlkilərin timsalında yenidən inanırsan. Dostların dünyadan köçməyi ilə sənin ünsiyyətdə olduğun insanların sayı qətiyyən azalmır.

İlk dəfə Dövlət universitetinin filologiya fakültəsində ilk dərs zamanı bir sinifdə görüşmüşdük. Və bu görüş sonralar Moskvada, İstanbulda, Berlində, Qarabağda... və başqa yerlərdə davam etdi. Müxtəlif konfranslarda onun parlaq məruzələri, çıxışları demək olar ki, hamını valeh edirdi.

O, Rəhman Bədəlovla, Vaqif İbrahimoğlu ilə, Əli Abbasovla, Toğrul Cuvarlı ilə, Gündüz Sarıyevlə, Zeynal Məmmədli ilə... daha kimlər, daha kimlərlə Azərbaycan mədəniyyətinin, fəlsəfi fikrinin varlığını qoruyub saxlayanlardan oldu, desəm, səhv etmərəm.


Mən xatırlayıram. Hələ Universitetdə dərs otağında gənc Niyazinin zamanının böyük şairlərinə, yazıçılarına, müəllimlərinə verdiyi suallar yaddan çıxarmı?!

Moskvada heç kimə xəbər vermədən xəstəxanada apendisitdən əməliyyat olunmuşdum. Əməliyyatdan sonra gözlərimi ilk açdıqda hardansa əməliyyat barədə xəbər tutub yanıma qaçaraq, təngnəfəs gəlmiş Niyazinin təlaşlı baxışını üzümdə hiss etdim - bu, yaddan çıxarmı?!

Berlində anadan olandan bəri üzünü görmədiyi oğluna qovuşanda üzündəki-gözündəki sevinc yaddan çıxarmı?!

Övladları ilə fəxr etdiyi, onlar barədə razılıq və sevinc dolu dedikləri yaddan çıxarmı?!

Bakıda "YUĞ" teatrındakı Vaqifin balaca otağında baş verən müzakirələr zamanı qızğın söhbətlər yaddan çıxarmı?!

Nəhayət, barəmdə yazdığı və hər cümləsindən məhəbbət yağan müdrik məqalələri, kitabı yaddan çıxarmı?!

Əsla.

Kafedra həmkarları, tələbələri, magistrləri, aspirantları bu gün də mənə təşəkkür edirlər ki, belə bir müdrik alimlə, müəllimlə onların sıx təmasları qurulub. Bu yaddan çıxarmı?!

Niyazi bildiyini başqasına verməkdən zövq alanlardan idi. Niyazi dost sevincinə sevinənlərdən idi. Niyazi heç zaman bilməyənin başına bilmədiyini vuran olmadı.

"Heç mən özüm də bunu yaxşı bilmirəm" deyə-deyə Azad Mirzəcanzadənin "deyə bildim?" sehirli sözünü bir qədər başqa şəkildə davam etdirdi.

Mən cəsarətlə belə deyərdim ki, o, başdan-ayağa işıqdan ibarət idi. Heç kimə "pis" deyə bilmirdi. Hətta özü haqda ağız büzənlərə belə. Çox nadir hallarda belə də olurdu. Bəzən bu xasiyyətinə görə onu liberalizmdə, loyallıqda təqsirləndirənlər də tapılırdı. İnanmıram ki, o, kiminsə təsiri altına düşüb "pis"ə "pis" deyəydi. Onda qədim filosofların cəbrə dözümlüyü vardı. O qədim müdrikləri təkcə xarici görüntüsü ilə deyil, həm də daxili kamilliyilə xatırladırdı.

Tələbəlik dövründə, sonralar Moskvada aspirantlıq dövründə gənclik xülyaları başımızda dolaşırkən o, bir çox zarafatlarımızın obyekti olurdu. Heç zaman inciməzdi. Bəzən bizə qoşulub özü də bu və ya başqa hərəkətinə gülərdi. Nə bizi özündən incitdi, nə özü bizdən incidi.

Niyazini qoruya bilmədik. Amma indi o özü də hansısa yüksəklikdən bizə baxıb deyir: "Mən sizə nə etmişdim ki, məni bu qədər sevdiniz?! Buraxın gedim. Yorulmuşam..."

Niyazi budur.

Belə də olmaq olarmış.

Nə və nə qədər etdiyinin siqlətini bilməyən, bilmək istəməyən, uzun, ağır illərin yolçusu.

Gözəl ailə başçısı, vəfalı dost, müdrik filosof, çılğın və mübariz vətənpərvər. Heyrətamiz insan!

Mən sənə Əlvida demirəm.

Bundan sonraya davam!!!

# 1673 dəfə oxunub

Oxşar xəbərlər

“Ailəm nümunəvi idi” – Müşviq boşanmağından danışdı

“Ailəm nümunəvi idi” – Müşviq boşanmağından danışdı

13:06 3 mart 2025
“ANİMAFİLM Gəncədə” festivalının qalibləri elan olunub

“ANİMAFİLM Gəncədə” festivalının qalibləri elan olunub

12:28 3 mart 2025
Qədr gecəsi bir tanışın ürəyini partladıb öldürdü - Şəhriyar del Gerani

Qədr gecəsi bir tanışın ürəyini partladıb öldürdü - Şəhriyar del Gerani

10:10 3 mart 2025
Mirşahinə ağır itki

Mirşahinə ağır itki

09:58 3 mart 2025
"Grammy" mükafatının qalibləri açıqlandı

"Grammy" mükafatının qalibləri açıqlandı

09:45 3 mart 2025
"Oskar" mükafatının qalibləri bəlli oldu

"Oskar" mükafatının qalibləri bəlli oldu

09:15 3 mart 2025
#
#
# # #