Kulis.az Feyruz Muradovun "Məkrli adam" hekayəsini təqdim edir.
Həyatda elə məqamlar olur ki, uzun illər çalışdığın müəssisədə, duyursan ki, səni nə üçünsə sıxışdırmaq istəyirlər. Əzməyə , taptamağa çalışırlar. Səbəbini anlamağa çalışırsan. Nə üçün? Axtarırsan , düşünürsən “niyə bunu edirlər” sualına cavab tapmaq istəyirsən. Amma heç bir tutarlı cavab tapmırsan. Hər şey sənə anlaşılmaz, qaranlıq görünür.Yalnız hadisələr başa çatandan sonra bütün sirrlər üzə çıxır. Bunun üçün illərlə davam edən uzun bir yol keçməli olursan. Əzablı, əziyyətli bir yol. Uzun illər redaksiyada kuryer işləyən Rauf da məhz belə bir halla qarşılaşmışdı. Rauf rayonun yerli qəzetinə işə düzələnə qədər, 15 il ştatdankənar müxbir kimi yazı-pozu ilə məşğul olmuşdu.Qəzetdə yazıları çıxmışdı. Hətta mərkəzi qəzet səhifələrində də yazıları dərc olunurdu.Əslində Rauf əvvəldən jurnalist olmaq istəyində olmamışdı.Yazıçı olmaq onun uşaqlıq arzusu idi. Cavan yaşlarında redaksiyaya bir-iki hekayə yazıb təqdim etmişdi.
Bildirmişdilər ki, bu qəzetdə hekayəyə elə də ehtiyac yoxdur. Əsasən istehsalatdan bəhs edən məqalələrə ehtiyac var. Rauf bundan sonra Bakıda dərc olunan jurnala hekayə təqdim etdi. Orada tanınmış yazıçılar onun hekayəsi barədə qeyri-müəyyən fikirlər bildirdilər. Deyilənlərdən elə çıxırdı ki, bir tərəfdən onda” nə isə” var, digər tərəfdən isə onda “nə isə” yoxdur. Odur ki, Rauf yerli qəzetlə əmakdaşlığa başlayıb ən müxtəlif mövzularda məqalələr yazdı. Bir müddətdən sonra rayonda Raufu isredadlı qələm sahibikimi tanıdılar. Haqlarında yazdığı adamlar Raufa hörmət edirdilər. Onu hər yerdə
tanıyırdılar. Rauf sevinirdi. Bir tərəfdən də “yazıçı olmaq” arzusunu ürəyində dəfn etmək məcburiyyətində qalmasına sıxılırdı.
Çoxlu sayda yazıları qəzetlərdə dərc olunduqdan sonra Rauf Jurnalist Sənətkarlığı İnstitunu bitirdi və Jurnalistlər Birliyinin üzv oldu. Elə zənn edirdi ki, ali təhsil ala bilməsə də bu nailiyyətlərinə görə onu yerli qəzetə jurnalist kimi işə götürərlər. Amma hər şey ayrı
cür oldu.
Bir dəfə redaksiyaya baş çəkməyə gələndə redaktor müavani Raufa bildirdi ki, redaktor Arif müəllim onu görmək istəyir. Nə isə ona sözü var .Odur ki, Rauf Arif müəllimin otağına yönəldi. Redaktorun ona nə sözü ola biləcəyini bilmirdi. Düşünürdü ki, bəlkə harasa məqalə yazmağa göndərəcək. Amma məsələ başqa idi.
Kabinetə daxil olanda redaktor onu təbəssümlə qarşıladı və salamlaşdıqdan sonra dedi:
- Daha redaksiyaya az-az gəlirsən.Deyəsən bir qədər soyumusan redaksiyadan.Gələndə də işçilərimizlə görüşüb gedirsən.Səni görə bilmirəm.Ona görə tapşırdım ki, məni görməmiş getməyəsən.
-Arif müəllim, daha əvvəlki dövran deyil. Qəzet həftədə üç dəfə çap olunurdu.Bu gün yazı verirdik , səhəri günü qəzetdə yazımızı görürdük. İndi ayda cəmi iki dəfə qəzet çap olur. Yazı yazanda gərək iki həftə gözləyəsən , ondan sonra yazın işıq üzü görə.m Arif müəllim diqqətlə həmsöhbətinə baxaraq onun dediyini təsdiqlədi.
-Elədir.Qəzetin gec-gec çap olunması adamı soyudur. Amma səni başqa məsələ üçün çağırmışam.Qəzetin yayılması üçün mətbuatyayımı idarəsi bizdən böyük məbləqdə haqq tutur. Qəzetin dəyərinin 30%-ni tələb edir. Bu bizim üçün böyük məbləqdir . Odur ki, onlarla iş birliyimizi pozmaq fikrindəyik. Əvəzində səni redaksiyaya işə götürmək istəyirik.—Bu məqamda Arif müəllim bir anlıq diqqətlə Raufa baxdı. Sanki onun ürəyindən nə keçdiyini qabaqcadan bilirmiş kimi sözünə əlavə etdi:
- Yox səni jurnalist kimi işə götürməyəcəyik. Redaksiyaya qəzetləri vaxtlı-vaxtında müəssisələrə çatdırmaq üçün kuryer lazımdır. İdarələrə şot-faktura vermək, qəzeti çap olunduqdan sonra Bakıya gedib gətirmək işi də sənin vəzifənə daxil olacaq. Yazmaq da öz yerində. Əvvəllər necə yazırdınsa eləcə məqalələr yazmaqda davam edərsən. Razısansa ayın birindən işə başlaya bilərsən. Rauf kuryer işləməsinə razılıq verdi. O, bir neçə ay əvvəl Regional Mülkü Müdafiyə İdarəsindəki işini itirmişdi və altı ay idi ki, işsiz idi. Jurnalist olmasa da redaksiyada hər hansı başqa bir işə də düzəlmək onun ürəyindən idi. Düzdür redaksiyaların daha Sovet dövründəki nüfüzu qalmamışdı, amma yenə də redaksiya işçilərinə az-çox rəğbət göstərirdilər.
Rauf redaksiyada işə düzəldiyi illərdə ölkədə iqtisadi vəziyyət heç də ürəkaçan deyildi. Həyat şəraiti, dolanışıq çətin idi. İşçilərin əmək haqları da çox aşağı idi. Raufun da əmək haqqı az idi. Bununla belə o, işini ürəklə görürdü. Redaksiyada işlədiyindən razılıq hissi duyurdu. Amma Rauf daha əvvəlki illərdə olduğu kimi , daha meqalələr yazmırdı.Çünkü müəssisələrə əlində qəzet aparıb çatdıranda adamlar onu qəzetpaylayan kimi görürdülər. Rauf səhəri gün onların yanına əlində qələm gəlib, məqalə yazmaq istəyini deməyə utanırdı. Onu artıq qəzetpaylayan kimi görürdülər. Odur ki, Rauf yazı yazmağa sıxılırdı. Ona görə də yazının daşını atdı. Redaktor Arif müəllim və onun müavini Raufun daha yazmamasından narazı idilər. Çünkü onu həm də yaxşı qələmi olduğuna görə redaksiyaya işə qəbul etmişdilər. Amma indi narazı olsalar da bunu büruza verə bilmirdilər. Axı kuryer işləyən bir adamdan yazı tələb etmək əsassız idi. Yazmaq əvəzində Rauf redaksiyaya kompyuter işində köməklik edirdi.Redaktor və müavini yaşlı adamlar idilər.
Kompyuter işindən də elə də anlayışları yox idi. Komputerdə işləyən qız isə işini yaxşı öyrənə bilməmişdi. Onu tanışlığa görə işində saxlayırdılar. Bu məqamda Rauf redaksiyanın kompyuter işlərini yoluna salırdı.
Illər ötür, zaman dəyişirdi. Ölkədə iqtisadi vəziyyəti yaxşılığa doğru yüksəlirdi.Maaşlar ildən- ilə artırdı. Raufun da məvacibində ciddi artım gözə çarpırdı. Elə bu şəraitin yaranması, uzun illərdən bəri çalışdığı redaksiyada Raufa qarşı basqıların , təzyiqlərin meydan gəlməsinə zəmin oldu. Hər dəfə maaşlar artandan sonra müavin redaktorun yanına gəlir və cürbəcür bəhanələr gətirərək Raufdan şikayət edirdı.Şikayətlərin elə bir əsası da olmurdu. Redaktor da, Rauf da onun bu davranışının səbəbini anlaya bilmirdilər.Müavin özü şikayət etməklə kifayətlənmir , ayrı-ayrı müəssisələrdə işləyən tanışlarını da Raufdan redaksiyaya şikəyət etməyə sövq edirdi. Şikayətlər isə ən adi, xırda , əhəmiyyətsiz məsələlərə görə olurdu. Hiss olunurdu ki, müavin bu vasitə ilə Raufu redaktorun gözündən salaraq onun işdən çıxarılmasına nail olmaq istəyir. Amma Rauf anlaya bilmirdi ki, bu onun nəyinə lazımdır. Raufun vəzifədə onunla rəqabət aparıb, müavinin yerinə keçmək imkanında deyildi ki, onu özünı rəqib görüb redaksiyadan uzaqlaşdırmaq istəsin.
Bəs səbəb nə idi?
Bir dəfə mədəniyyət şöbəsinin qəzetlərini verərkdə, idarənin inspektoru Əhməd müəllimlə aralarında söhbət oldu. Əhməd müəllimin tez-tez qəzetdə məqalələri çap olunurdu. O, bir vaxtlar Raufun da yazılarını qəzet səhifələrində oxumuşdu.Söhbətləri tuturdu. Əhməd müəllim sözarası ona çatdırdı ki, -“indi-indi bir az maaş alırsan , onu da
bəziləri sənə çox görürlər.”
Rauf onun nəyi isə çatdırmaq istədiyini, amma sözü açıq deyə bilmədiyini anladı. Odur ki, bu sözün dərininə getmədi. Bildi ki, bu adamın kim olduğunu anlamağı Əhməd müəllim onun öz ixtiyarına buraxıb. Rauf həmin adamın elə müavin olduğu qənaətinə gəldi.
İşlərini başa çatdırdıqdan sonra Rauf redaksiyaya gəldi.Gördüyü işləri yerinə yetirməsi barədə redaktora məlumat verdi.Redaktor ona yer göstərib oturmasını istədi.Sonra bir qədər əsbi halda soruşdu: -Bu nədir, səndən bu qədər şikayətlər gəlir? Neçə illərdir işləyirsən.Heş kəs səınin haqqında heç nə demirdi. İndi nə oldu belə?
Rauf çəkinmədən Arif müəllimin üzünə baxaraq cavab verdi:--Mən necə işləyirdimsə, elə də işləyirəm.Kimlərsə paxıllıq edir.Badalaq gəlmək istəyirlər.Yersiz şikayətlərin,
böhtanların səbəbi budur.
Redaktor başını aşağı salıb fikrə getdi.Bir müddət susdu.Sonra baçını azca qaldıraraq asta səslə:
-Yaxşı, daha get.-dedi.Rauf qalxıb otağı tərk etdi.
Arif müəllim bu söhbətdən sonra, hələ bir neçə il redaktor vəzifəsində qaldı. Nə qədər şikayətlər olsa da Raufu işdən şıxarmadı. Çünkü o vəziyyətin nə yerdə olduğunu anlamışdı. Rauf bu illər ərzində işdən çıxarılmasa da , müavinin yersiz, mənasız iradlarından, ittihamlarından cana doydu.Əsəbləri pozuldu. Səhhətində bəzi problemlər meydana çıxdı. Başqa bir iş olsaydı özü könüllü ərizəsini yazıb işdən gedərdi. Amma bu yaşda harada işləyəcəyini bilmirdi. Artıq 20 ildən çox idi redaksiyada işləyirdi. Bir neşə il sonra Arif müəllim yaşa görə təqaüdə çıxardılar. Müavin onun yerinə redaktor keçdi. O, məqsədindən əl çəkməmişdi.Əksinə təzyiqlərini daha da artırmışdı. İndi İcra hakimiyyətinə gedir və cürbəcür bəhanələrlə icra hakimiyyəti işçilərinə Raufdan şikayətlər edirdi.Onun işdən çıxarmağa məqam axtarırdı. Nəhayət belə bir məqam yetişdi.
Pandemiya meydana çıxdı. Dövlətin bu şəraitdə işçiləri işdən çıxarılmasını qadağan etməsinə baxmayaraq, keçmiş müavin buna məhəl qoymadı. O, redaksiyanın mühasibini də öz çirkin niyyətlərinə qoşaraq , fırıldaqla Raufun işdən çıxaılrmasına nail oldu. Rauf işdən çıxsa da ümüd edirdi ki, bir müddət sonra hər işlər yoluna düşər və o əvvəlki işinə bərpa olunar.
Pandemiya da səngidi. Amma Rauf öz əvvəlki işinə qayıda bilmədi.Bir dəfə axşamüstü Rauf gəzməyə çıxmışdı. Yolda yerli şair İlhamla rastlaşdı. İlham uzun illər redaksiya ilə yaxın əlaqə saxlayan adamlardan idi. Vaxtaşırı şerləri, məqalələrı çap olunurdu. İlham sözarası Raufa bildirdi ki, keçmiş müavin, indiki redaktor onun yerinə öz yeznəsini redaksiyada işə cəlb edib. Ancaq bunda sonra Rauf bütün bu illər ərzində təzyiqlərə, böhtanlara, yersiz ittihamlara nə üçün məruz qaldığının mənasını anladı.Müavin onu bir yolla işdən çıxartdıraraq, onun yerinə öz yeznəsini gətirtmək istəyirmiş.Axı onun yeznəsi də işsiz idi.
Keçmiş redaktor Arif müəllim onun bu niyyətini başa düşdü.Ona görə də Raufu işdən çıxarmadı. Müavin isə onun nə vaxt təqaüdə çıxacağını gözlədi. Özü redaktor kürsüsünə oturduqdan sonra gizli saxladığı niyyətini həyata keçirdi. Rauf yalnız yerli şair İlhamla söhbətdən sonra, bu illər ərzində ona qarşı olan bu təzyiqlərin gizli olan səbəbini anladıi. Səbəb o idi ki, unun yerinə göz dikmişdilər.Həmin yerə özlərinə yaxın olan adamlarını gətirtmək istəyirdilər. Rauf bilirdi ki, onun işində heç bir nöqsan, çatıçmazlıq yox idi. O hər bir işini dəqiq və diqqətlə yerinə yetirirdi. Onda nə yolla olursa olsun nöqsan tapıb bundan öz şəxsi məqsədləri üçün istifadə etmək istəyənlər isə məkrli insanlar idi.
Rauf isə bu illər ərzində onların məkrləri ilə üz-üzə qalmışdı.Uzun illər onların məkrli niyyətləri qarşısında davam gətirmişdi. Rauf uzun illər bundan əvvəl , ilk qələm təcrübələrinin sevincini daddığı redaksiyanı, onun keçmiş əməkdaşlarını xatırladı. İndi həmin redaksiyadan heç bir əlamət qalməmışdı.Həmin redaksiya daha mövcud deyildi. Onun ilk yazıları elə ilk gəncliyi kimi keçmişin dumanına bürünmüş və keçmişdə qalmışdı. İndi o , başqa yazılar yazacaqı və tamam başqa ünvanlara üz tutacaqdı. Geriyə qayıtmaq arzusu isə artıq mənasız olmuşdu.