"Kitab oxumaq üçün yox, qulaq qırmaq üçündür!" - Limonçik Əli bizə nəyi öyrətdi?

"Kitab oxumaq üçün yox, qulaq qırmaq üçündür!" - Limonçik Əli bizə nəyi öyrətdi?
29 yanvar 2026
# 12:22

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Azərbaycanın rəqəmsal intibahı, sən demə, tiktokun tozlu künclərində tər qoxulu güləş zallarında kitabın vərəqləri arasından boylanırmış. Biz də sadəlövhcəsinə elə bilirdik ki, kitab oxumaq üçündür. Xeyr, əzizlərim, Limonçik (bəli, adındakı o sitrus meyvəsinin turşməzəliyi ilə intellektual dərinlik arasındakı təzadı hiss edin) sübut etdi ki, kitab həm də qulaq sındırmaq üçün ən kəsərli alətdir.

Budur, qarşımızda durur: müasir dövrün "mütəfəkkiri", trendlərin fədaisi. Bir tərəfdə minilliklərin fiziki güc rəmzi olan güləş zalı, digər tərəfdə isə sivilizasiyanın daşıyıcısı olan kitab. Amma bu dəfə kitabın missiyası oxucunun beyninə nur saçmaq deyil, Limonçikin qulaq seyvanına "estetik" bir qırıq bəxş etməkdir.

Bizdə kitab həmişə bir az ögey övlad olub. Ya rəfdə bəzək üçün saxlamışıq, ya da stolun ayağı əyiləndə altına qoymuşuq. Limonçik isə bu utilitar yanaşmanı zirvəyə daşıdı. O, kitabın cildini sadəcə bir üz qabığı kimi deyil, bir çəkic, bir sənəd, bir status simvolu kimi istifadə etdi.

Bu, postmodernizmin Azərbaycan variantıdır. Bir tərəfdən "mən idmançıyam" mesajını vermək üçün qulağını sındırmaq lazımdır (çünki bizdə sındırılmamış qulaq ağ vərəq kimidir), digər tərəfdən, bunu kitabla etmək, bəlkə də, bir növ gizli protestdir? Bəlkə, Limonçik bizə demək istəyir ki, baxın, sizin o müqəddəs bildiyiniz kitabla mən özümə yeni bir imic yaradıram?

Bizim cəmiyyətdə qulağı sınıq olmaq elmi dərəcə almaqdan daha çox hörmət gətirir. Qulağın qırıqdırsa, deməli, sən zal görmüsən, tər tökmüsən, döşəkdə sürünmüsən. Amma Limonçik bu çətin yolu qısaltmağı təklif edir. Niyə illərlə məşq edib qulağını təbii yolla zədələməlisən ki? Bir qalın cildli kitab və bir neçə zərbə... Vəssalam! Sən artıq "mübariz" bir imicin sahibisən.

Bu mənzərəni izləyərkən adamın ağlına istər-istəməz gəlir: görəsən, o kitabın içində nə yazılmışdı? Bəlkə, həmin kitab bir klassika nümunəsi idi? Məsələn, Dostoyevskinin "Cinayət və Cəza"sı ilə qulaq sındırmaq, cinayətin özü deyil?

Yaxud bir fəlsəfə kitabı ilə qulaq qırdırmaq…

Şopenhauerin pessimizmini fiziki ağrıya çevirmək deyilmi?

Limonçikin bu hərəkəti, əslində, bir metaforadır. Biz kitabı oxumuruq, biz kitabı döyürük. Biz biliyi həzm etmirik, biz biliyi bir alət kimi istifadə edib özümüzə "forma" veririk. Sosial medianın o amansız alqoritmi bizdən bunu tələb edir: Fərqli ol, nəyin bahasına olursa-olsun! Hətta bu, öz bədənini kitabla şikəst etmək olsa belə.

Yazıçılar illərdir çalışır ki, kitab insanların qulağına nəsə pıçıldasın. Limonçik isə gəldi və sübut etdi ki, kitabın pıçıltısı deyil, onun qulağa dəyən "şappıltısı" daha çox baxış gətirir.

Sabah başqa bir fenomenin kitabla dişini çıxartdığını, yaxud şeir kitabı ilə qoz sındırdığını görsəniz, təəccüblənməyin. Çünki məna itəndə forma vəhşiləşir. Limonçik bizə bir şeyi çox aydın göstərdi: kitab hələ də güclü bir vasitədir. Amma kimin əlində və nə üçün...

İndi isə zalın küncündə o kitabı yerdən götürüb vərəqləməyə çalışan bir uşaq görsəniz, ona yaxınlaşıb deyin:

"Ehtiyatlı ol, bala, oxuma, yoxsa qulağın qırılar".

# 202 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan xalçaları Müasir İncəsənət Muzeyinin daimi kolleksiyasına salındı

Azərbaycan xalçaları Müasir İncəsənət Muzeyinin daimi kolleksiyasına salındı

13:30 29 yanvar 2026
İstanbuldə "Koroğlu"  klipi çəkildi

İstanbuldə "Koroğlu" klipi çəkildi

13:00 29 yanvar 2026
Sağlığında tanınmayan polyak rəssam - O, niyə kuklaları çəkirdi?

Sağlığında tanınmayan polyak rəssam - O, niyə kuklaları çəkirdi?

12:30 29 yanvar 2026
Tarixdən dastana axının Sadıq Kamal Tural duyarlılığı - Nizami Cəfərov

Tarixdən dastana axının Sadıq Kamal Tural duyarlılığı - Nizami Cəfərov

11:30 29 yanvar 2026
Ramilə Şamilovanın qrup sərgisi olacaq

Ramilə Şamilovanın qrup sərgisi olacaq

11:28 29 yanvar 2026
Stalinlə görüşən, Qorki ilə dostluq edən Nobel mükafatçısı

Stalinlə görüşən, Qorki ilə dostluq edən Nobel mükafatçısı

11:00 29 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər