Kişi sevdiyi qadını qətlə yetirərmi?

Kişi sevdiyi qadını qətlə yetirərmi?
17 dekabr 2024
# 12:00

Kulis.az Ülvi Bbabasoyun "Aşiqəm, deməli, varam" adlı yeni yazısını təqdim edir.

Son günlər cinayət xəbərləri çox çıxır qarşıma. Saytların və rəqəmsal mühitlərin alqoritmik maraq dairəsi bir lənət kimi məni izləyir sanki. Qadın cinayətləri saytların manşetlərindən aşıb-daşır. Bir çoxunda gənc qadınlardır qurbanlar. Qısqanclıq zəmini isə bəraət kimi oxunur ekranların ağ yalanlarında. Sevən və aşiq olan bir kişi cinayət törədir? İnanmıram. Sevən kişinin bədənində və varlığında aqressiya və şiddətə yer yoxdur. Mülayimdir. Kişilik hormonları belə bir qədər aşağı düşür. Yupyumşaqdır.

Eşq fiziki hadisə və qanunların sərhədlərini dağıdır. Hətta vərdişlərin üstünü altına, altını da üstünə çevirir. Aşiq olduğumuz insanı ən fərqli, orijinal və əvəzedilməz görürük. Eşqin dünyasında qurbağa şahzadə ola bilir. Halbuki məntiqi düşüncənin var olduğu dünyada aşiq qurbağanın şahzadəliyini isbat etməlidir. Və eşq olmayan bir ideal yaratmaqdır. Olmayan ideala qarşı arzu, istək və ehtirasdır. Məntiq ehtiras Günəşinin işığını söndürür. İşığı, istiliyi və fiziki varlığını hiss etdiyimiz Günəş lampasını yandırır.

Eşq modern fəlsəfəni yaradan Rene Dekartın belə fələyini azdırır. Filosof məntiqdən imtina edir. Ancaq filosof məntiqi onu bir qədər sonra toxtadır. 1628-ci ildə özünə gələn Dekart aşiqlər şəhəri Parisdən qaçır. Əks halda, Dekart düşüncə və məntiq dövrünün memarı ola bilməzdi. Eşq isə məntiqin yolunu bağlayır. Dekart ona görə də evlənmir. Niderlanda gedən Dekart riyaziyyat və fəlsəfəyə dair kitablar yazır.

Dekart 1649-cu ildə Stokholma dəvət edilir. Kraliça Kristinaya dərs deməyə başlayır. Filosof mühazirələrini kraliçanın yataq otağında deyir. Yataq otağında fəlsəfə? Hələ bu az deyiliymiş kimi kraliça Kristina lümlüt dinləyir Dekartı. Yox, krlaiça Dekarta aşiq olmamışdı. Ancaq filosofun bədəni sözünə qulaq asmır. Özündən gedə-gedə fəlsəfə istehsal edir. Həmin vaxt İsveç sarayını bit-birə basır. Kristina lüt uzanıb dərsə qulaq asarkən bədənindəki bitləri, birələri təmizlədir. Dekart lüt kraliçaya varlığın şübhə edilməyəcək qədər rasional şey olduğunu izah edir. Qısa zamanda filosof depresiyaya düşür. Aqressiv və əsəbi bir adama çevrilir.

Dekart modern fəlsəfəni başladır. Klassik fikir və düşüncə bunu tələb edir: “Düşünürəm, deməli, varam”. Modernizm isə başqa bir reallıq təklif edir. “İrəliləyə bilirəm, deməli, varam”. Modernizm epoxasında insan irəliləmək bahasına bütün dəyərləri inkar etməyə hazırdır.

Postmodern dünyada istehlak etmək, tükətmək və yenə də tükətmək yalnız şüar deyil, yaşayış formasıdır. Ovqatdır: “Alış-veriş edirəm, deməli, varam”. İndi-2024-cü ilin qürubunda normal zamanlarla vidalaşırıq. Artıq postnormal çağdayıq. Normal olmayan zamanlar və gələcəklər var qarşımızda. Hə, gələcəklər. Bir gələcək yoxdur, onlarla gələcək. Onlarla ehtimal. Onlarla reallıq. Gələcəklər çağında hər şey naməlumdur. Yaşamaq da, ölmək də. Eşq də, məntiq də.

Dekartın ağlını başından çıxaran eşq belə daha çox vizual anlayışdır anormal zamanlarda. Postnormal zamanların Dekartı belə deyir: “Paylaşım edirəm, deməli, varam". İndi eşq də, məntiq də, məntiqsizlik də, ehtiras da paylaşılırsa, mövcuddur. Yanında və ürəyində olduğumuz insan da, məkan da paylaşım etdiyimiz müddətcə “var”. Yaşadığımız an və məkanın gözəlliyini duymaqdan da, həqiqətini dərk etməkdən də zəruri olan paylaşmaqdır. Paylaşmağa fokuslanmaq həmin anın ləzzətini də rəqəmsallaşdırır.

Qayıdırıq geriyə. “Düşünürəm, deməli, varam” tezisi sıfırlanır. Yaşamaq, var olmaq yox, onun kopyası, surəti üzə çıxır. Həyatın imitasiyası və plagiatı aparıcı olur. Bodriyar deyir ki, gözəl bir bədii mətnin elektron forması onun özü deyil, sadəcə şəklidir. Dekartın da Parisdən Niderlanda, oradan da İsveçə qaçması yaşamağın və eşqin plagiatı kimi bir şeydir.

Türkiyəli yazıçı İhsan Oqtay Anar “Dumanlı qitələr atlası” romanında Rendekarın (Rene Dekart) diliylə deyir ki, xəyal edirəm, deməli, varam. Yəni bir şair və ya yazıçı xəyal dünyası ilə hər şeyi və hər kəsi var edir. Dekartın başlatdığı fikir dünyası bu gün vizuallaşıb. Və biz bunun qarşısına keçə bilmərik. Həyat ekranlaşıb. Yaxın gələcəkdə səthi olan hər şey və hər yer monitira çevriləcək. İnsan belə. İnsan bütün dəyərləri (sevgini, eşqi, nifrəti, qısqanclığı) paylaşır və paylaşacaq. Paylaşımlar o qədər məzmunlu olmalıdır ki, monitor insan klassik, modern, postmodern və postnormal zamanların bütün dəyərlərini şəkil kimi əks etdirməsin. Özü olsun. Çünki şəkil kimi imitasiyalar saysız-hesabsız cinayətlərə rəvac verir. Şəkil kimi də baxıb keçirik həmin cinayətlərə.

Həyatımız həmişə iki fikirin üstündə mənalanıb. “Düşünürəm, deməli, varam” elmi diri saxlayıb. Elm həyatımızı daha komfortlu edib və edir. “Xəyal edirəm, deməli, varam”la sənət var olub. Sənət isə həyatımızı gözəlləşdirib.

Qayıdaq Dekartın və aşiq olmaqlığı haqda hekayətin yanına. Dekart 1650-ci ilin soyuq fevral gecəsində dünyasını dəyişir. Görəsən, eşqdən ölür? Yoxsa ehtirasdan? Ya da ki, əsəbdən əli-ayağı yer, dili-ağzı söz tutmurdu.

54 yaşında yıxılaraq ölməsi həyatın, yox, yox, ölümün məzəsi idi. Filosof kraliça Kristinanın eşqdən, məntiqdən və var olmaqdan uzaq olan dünyasında nəfəs ala bilmir. Eşqin məntiqsizliyi məntiqin məntiqini üstələyir. Dünyada heç bir qanun yoxdur. Vərdişlər var, vərdişləri isə dəyişdirmək mümkündür. Bunu ölmədən əvvəl etməliyik. Bilirik ki, ürək dayanandan sonra beyin yarım saat enerji kimi mövcud olur. Daha sonra həyatı yenidən yoxlamaq şansımız qalmır. Ona görə də həyatı təcrübə kimi yaşamaqdan qaçmaqdan savayı yolumuz yoxdur. Təcrübə kimi yaşanan, imitisayiya edilən ömürlər bəs deyiliymiş kimi cinayətlər də bir yandan hücum edir ömrümüzə.

Dekart kimi sevmək və sevilməkdən qorxmaq lazım deyil. Sənaye inqilabı və yüksək texnologiya dövrü özünü yox edir, tükədir. Yüksək texnologiya dövründə aqressiv məməli həssaslığından bir şey çıxmaz. Bizə fiziki və psixoloji şiddətdən uzaq insan beyni gərəkdir. Belə bir insan deyir: “Aşiqəm, deməli, varam”.

Dekartın nəşi 1666-cı ildə aşiqlər şəhəri Parisə aparılır. Və artıq eşqin ona heç bir zərəri ola bilməzdi.
Sevən və aşiq olan insan həm də düşünür. İncə və zərif addımlar atır. Bitkilərin dinclik və rahatlığını daşıyır.

# 1512 dəfə oxunub

Oxşar xəbərlər

Bakirə qızı necə öpmək lazımdı? - Əriməyin 19 növü

Bakirə qızı necə öpmək lazımdı? - Əriməyin 19 növü

15:00 22 dekabr 2024
İstiqlal Muzeyində “Birlikdə güclüyük” adlı tədbir təşkil olundu

İstiqlal Muzeyində “Birlikdə güclüyük” adlı tədbir təşkil olundu

16:06 21 dekabr 2024
"Nuhun izi ilə" sənədli filminin təqdimatı oldu

"Nuhun izi ilə" sənədli filminin təqdimatı oldu

15:47 21 dekabr 2024
Oynaşından ötrü oğlunu atan qadın - Ən yaxşı 10 sevgi romanı

Oynaşından ötrü oğlunu atan qadın - Ən yaxşı 10 sevgi romanı

15:00 21 dekabr 2024
"Dinlər bədbəxtliyin məhsuludur..." - Aqşin Yenisey

"Dinlər bədbəxtliyin məhsuludur..." - Aqşin Yenisey

13:52 21 dekabr 2024
Ədəbiyyatımızın əsası lağlağıyla qoyulub - Milli dəyərlər necə məhv edilir?

Ədəbiyyatımızın əsası lağlağıyla qoyulub - Milli dəyərlər necə məhv edilir?

13:06 21 dekabr 2024
#
#
# # #