"İnsanın başına nə gəlirsə, bu neməti dadmadığından gəlir" - Samir Mirzə

"İnsanın başına nə gəlirsə, bu neməti dadmadığından gəlir" - Samir Mirzə
12 iyun 2025
# 15:00

Kulis.az Samir Mirzənin "Fərqinə varmaq" adlı yeni yazısını təqdim edir.

Əlimizə fürsət düşsəydi, ağlımızdan keçirdiyimiz pis işlərin çoxunu və ya tamını işə salmışdıq. Avtomat kimi, bezmədən, ardıcıllığı pozaraq, tələskən...

Sevinməliyik! Sevinməliyik ki, ağlımıza hər gələni edə bilmirik. Bəli, çoxları belədir, çoxumuz beləyik. Bəlkə də, çox az sayda insan var ki, niyyətləri tər-təmiz olsun. Hətta tər-təmiz uşaqların da ağılsız hərəkətləri ilə nə qədər zərərli işlər gördüyünün şahidiyik. Sadəcə, təbiətcə əlindən pislik gəlməyən, pisliyi bacarmayan, ümumiyyətlə, heç nə gəlməyən insanlar var. Bilmirəm, bu sevindiricidir, yoxsa kədərli.

Yaranmış vəziyyətlər bizi stoplayır. Yaxşı ki, həmin situasiyalara düşürük. Yoxsa nə qədər potensialımızı mənfi yöndə xərcləyərdik. Nə qədər insanları caynağımızdan keçirərdik. Nə qədər heyvani hisslərimizi vulkantək püskürərdik. Lavalarımız ətrafı da yandırardı. Heyvani hisslərimiz hər bir insanda mövcuddur. Xeyr, təhtəlşüurumda deyil, çox aydın görünür. Hər şeyi xırdalamağa da ehtiyac yoxdur.

Qəzəb, nifrət, sevgi və s. hisslərimiz idarə olunmazsa, insan sonda tünd sirkə kimi öz qabını çatladar, yox olar...

Düşünmədən, bir anlıq o qədər səhv sözlər danışırıq, o qədər yanlış davranışlar sərgiləyirik. Bilmədən, istəmədən... Fərqinə varmadan. Fərqinə varmaq – o qədər böyük anlayışdır, o qədər böyük nemətdir ki...

İnsanın başına nə gəlirsə, bu neməti dadmadığından gəlir. “Neynirəm dərinliyinə dalmağı, aramağı, həyat qısadır!” deməklə öz təbiətinə qarşı çıxır. Empatiya qurmağı, başqasının ağrısını hiss etməyi... Axı çox yorur insanı, əl-qolunu bağlaya, həyata qarşı soyuda bilir, amma və lakin... Hərəkətə gətirmək qabiliyyəti də var bu hissin - yanğının. Qurub-yaratmaq şövqünü də alışdırmaq bacarır. Axı kökündə yanğı var, o yanğı ki hərəkətə gətirən xüsusiyyətə malikdir. Mühərrik necə yanacaqla işə düşür? İnsanın qəlbi də, beyni də, əzaları da yanğı ilə hərəkətə keçməlidir...

Geriyə dönüb baxdıqda yaşadığımız illərin hansı detallarına qədər yaddaşımıza həkk olunduğuna baxaq: Yandığımız anlar... Sevincdən, xoşbəxtlikdən də yanmaq olur. Bunun nəticəsidir ki, sevinc göz yaşları var. Necə ki işığın şölə saçmasına da “işıq yanır” deyirik. O yaddaşda qalan anlardır yaşımızı müəyyən edən.

Bizim yanğın zamanı özümüzə zərər verməyimiz ən çox qınadığımız işlərin üzərində vaxt itirərkən baş verir. Od-alov bizi yandırır, külümüzü havaya sovurur, yox oluruq, itib-batırıq. Sanki imtahandan kəsildikdən sonra yenidən dərslərimizə yaxşı hazırlaşmaq əvəzinə, yerimizdə oturub təəssüflənirik, məyus oluruq, hərəkətə gələ bilmirik. Belimizi büküb başımızı masanın üzərinə qoyuruq, bizi səsləyənə də “ııııı” deyib mızıldanırıq. “Aman vermirlər dərdimizlə baş-başa qalaq” deyib hər xırda şeyi belə böyüdüb yükün altında qalmağı, əzilməyi seçirik - “Əl vurmayın! İmkan verin, əzildikcə əzilmək istəyirəm”.

Bir özümüzü təftiş etdikmi? Özümüzü sorğuladıqmı? “Harada başdan xarab var, gəlib məni tapır?” – deyərkən heç “Niyə?” sualının arxasınca düşdükmü? Yoxsa elə orada qalıb, giley-güzardan, deyinməkdən o tərəfə keçə bilmədik? Böyümədik? Axı həyat bizi eyni yerdən nə qədər vurmalıdır ki, özümüzə gələk? Nə qədər yanmalıyıq ki, mühərrik işə düşsün? Nə qədər, nə qədər, nə qədər...

Fərqinə varmaq – başqasında tez gördüyümüz qüsuru özümüzdə də görə bilmək. Görə bilək ki, özümüzlə məşğul olaq, yoxsa həmişə bizimlə məşğul olacaqlar. Yoxsa elə boş-boş işlərin girdabında boğulacağıq...

# 2289 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər