"İkinci Yeni"nin ən fərqli imzası - İlhan Berk niyə dövrün klassik şeir təfəkküründən uzaqlaşmışdı?

"İkinci Yeni"nin ən fərqli imzası - İlhan Berk niyə dövrün klassik şeir təfəkküründən uzaqlaşmışdı?
28 avqust 2025
# 18:20

28 avqust türk şair, tərcüməçi İlhan Berkin anım günüdür.

Kulis.az bu münasibətlə Özlem Limonun şairin həyatı və ədəbi irsi haqqında yazısını təqdim edir.

Əsl adı Emrullah İlhan Birsen olan İlhan Berk 18 noyabr 1918-ci ildə Manisada dünyaya gəlib.

Anası və atası ayrıldıqdan sonra uşaqlığını anası və qardaşlarının himayəsində keçirdib. Həyatın ağırlığını erkən yaşda dərk edib, amma bu acılar onun içində poetik bir dünyanın qapılarını aralayıb.

İlk təhsilini İstanbulda - Pertevniyal Liseyində alıb. Lakin burada cəmi altı ay oxuyub və sonra İzmir Müəllimlər Məktəbinə keçib. Təhsilini Balıkəsirdə başa vurub. Ardınca Girəsunda müəllimlik edib, vətənə olan borcunu isə ehtiyatda olan zabit kimi İstanbulda yerinə yetirib. Gənc yaşlarında yazmağa başlayıb və ilk kitabı "Günəşi yandıranların salamı"nı "Manisa Halkevi"nin dəstəyi ilə 1935-ci ildə nəşr etdirib.

Əsgərlikdən sonra Ədirnəyə müəllim kimi göndərilib. Buradan sonra Ankara Gazi Təhsil İnstitutunun fransız dili bölümünə daxil olub, 1945-ci ildə məzun olub. Sonrakı illərdə Zonquldağ, Samsun və Kırşehirdə müəllimlik edib. Eyni ixtisasdan olan Edibe xanımla ailə qurub, bir oğlu – Ahmet dünyaya gəlib.

1956-cı ildə Ziraat Bankının nəşriyyat bürosunda tərcüməçi kimi işə başlayıb. Bu səbəblə Ankaraya köçüb və burada 13 il yaşayıb. Bu dövr onun həyatında təkcə peşə fəaliyyəti ilə deyil, həm də poeziyada dərin dönüşlərlə yadda qalıb.

Şeirlərində Volt Vitmen və Nazim Hikmətdən təsirlənən usta şair "İstanbul kitabı", "Günaydın Yer üzü", "Türkiyə Şərqisi" və "Koroğlu" kitablarını qələmə alıb.

1960-cı illər – "İkinci Yeni" adlanan poetik cərəyanının ən fərqli imzalarından birinə çevrilib.

Londona və Parisi ziyarət edib, şeir günlərində, sərgilərdə iştirak edib. Parisdə yeddi aya yaxın qalıb, Avropa və Uzaq Şərqin bir çox ölkəsini gəzməklə həm dünyagörüşünü genişləndirib, həm də şeirini daha kosmopolit bir çərçivəyə salıb.

Onun poeziyasının əsas qırılma nöqtəsi “Qaliley dənizi” adlı kitabla baş verib. Bu əsərlə özünün əvvəlki poetikasını tərk edib, eyni zamanda "İkinci Yeni"nin öncül simasına çevrilib. Bu cərəyanda o, “sözə söykənən” şeiri rədd edib, şeiri gerçəklikdən uzaqlaşdırıb və daha çox daxili duyumun, dil oyunlarının, estetik qatların önə çıxdığı bir poetik məkan yaradıb. Anlamsızlığa yaxın poetik forma axtarışları ilə dövrün klassik təfəkküründən uzaqlaşıb. Tək qalıb, amma öz yolunu gedib. Öz üslubu ilə yeni bir şeir dili yaradıb.

O, yalnız poeziya ilə deyil, rəssamlıqla da məşğul olub. 1978-ci ildə "Bedri Rahmi Eyüboğlu Qalereyası"nda, 1984-cü ildə isə "Galeri Nev"də fərdi sərgilər açıb.

Turqut Uyar onun haqqında belə deyib: “Yer üzündə şeir deyə bir şey olmasaydı belə, İlhan Berk onu ixtira edə biləcək bir şair idi.”

Haydar Ergülen isə Berki belə xarakterizə edib: “İlhan Berk hər zaman türk poeziyasından bir addım öndə olub. Onun həyatına və əsərlərinə baxaraq təkbaşına bir türk poeziya tarixi oxumaq olar.”

Əldə etdiyi mükafatlar da bu yaradıcılıq yolunun təntənəsi olub. “Kül” kitabı ilə 1979-cu ildə Türk Dil Qurumu Şeir Mükafatını alıb. “İstanbul Kitabı” ilə 1980-ci ildə Behçet Necatigil Şeir Mükafatına layiq görülüb. “Deniz Eskisi” əsəri ilə 1983-cü ildə Yeditepe Şeir Ərməğanını qazanıb.

Şeirləri fransız və ispan dillərinə tərcümə olunub, beynəlxalq ədəbiyyat çevrələrində də tanınıb.

1971-ci ildə TRT tərəfindən təşkil olunan "Tək şeir" müsabiqəsində İncəsənət Mükafatına layiq görülüb.

2008-ci ilin 28 avqustunda Bodrum dövlət xəstəxanasında vəfat edib. Həyat yoldaşının yanında - Bodrum türbə qəbiristanlığında torpağa tapşırılıb.

# 517 dəfə oxunub

Oxşar xəbərlər

Əlisəmid Kür Rafiq Tağının son günlərində ona nə demişdi?

Əlisəmid Kür Rafiq Tağının son günlərində ona nə demişdi?

18:32 14 oktyabr 2025
"İstəmirəm ki, şəkillərim müzakirə mövzusuna çevrilsin..." - Nailə İslamzadədən etiraz

"İstəmirəm ki, şəkillərim müzakirə mövzusuna çevrilsin..." - Nailə İslamzadədən etiraz

15:34 14 oktyabr 2025
“Prezident Şəhriyara yaşamaq üçün ev versəydi, Bakıya gələrdimi?” - Jurnalistin sualına Məmməd Arazın cavabı nə idi?

“Prezident Şəhriyara yaşamaq üçün ev versəydi, Bakıya gələrdimi?” - Jurnalistin sualına Məmməd Arazın cavabı nə idi?

15:00 14 oktyabr 2025
Azərbaycanlı müğənni Rusiyadan  deportasiya olundu

Azərbaycanlı müğənni Rusiyadan deportasiya olundu

14:40 14 oktyabr 2025
"Nə öz qədrini bildi, nə də ona layiq olduğu qiyməti verdilər" - Əlisəmid Kür haqqında

"Nə öz qədrini bildi, nə də ona layiq olduğu qiyməti verdilər" - Əlisəmid Kür haqqında

14:32 14 oktyabr 2025
"Şərqin Marksı"  - O, niyə Allahın tarixi prosesə müdaxiləsini qəbul etmirdi?

"Şərqin Marksı" - O, niyə Allahın tarixi prosesə müdaxiləsini qəbul etmirdi?

14:10 14 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər