Hərbi xidmətdə olan feminist, ərlərindən qaçıb kursa gedən qadınlar – Reportaj

Hərbi xidmətdə olan feminist, ərlərindən qaçıb kursa gedən qadınlar – Reportaj
22 iyun 2022
# 09:00

Kulis.az Vüqar Babazadənin məişət zorakılığı görmüş qadınların iştirak etdiyi “Sapla” ödənişsiz dərzilik kursundan yazdığı reportajı təqdim edir.

“Binəqədi Gənclər şəhərciyi”nə daxil olarkən fikirləşirdim ki, görəsən, bura niyə gənclər şəhərciyi deyirlər? Nə şəhərcikdən əlamət var, nə gəncdən. Nəsə, söhbəti çox uzatmayaq, birbaşa keçək mətləbə, reportajın məğzi başqa mövzudadır.

“Sapla”dan reportaj yazmağa gəlmişəm Rəvanla. Rəvan gəzməyə gəlib. Taksi ilə dünyanın ta o başına qədər uzun bir yol qət edəndən sonra, nəhayət ki, ünvana çatırıq. Bizi ictimai fəal, feminist Rəbiyyə Məmmədova qarşılayacaq. Amma Gənclər şəhərciyi yekə bir yerdir. “Bu boyda binaların arasında, bapbalaca Rəbiyyəni necə tapacağıq?” deyə fikirləşəndə, gördüm ki, sarı-qara saçlı bir adam yekə su bidonunu zorla daşıya-daşıya bir obyektə girdi. Rəvana işarə elədim ki, Rəbiyyəni gördüm, gəl gedək.

Rəbiyyə uzaqdan bizi görüb qarşılayır. İçəri daxil oluruq. Mən bapbalaca ömrümdə ilk dəfədir canlı feminist görürəm. Zarafat elədim, feminist bəyəm əndrəbadi varlıqdır bəyəm onu görəndə təəccüblənim? Mən də feministəm, amma bunun reportajımıza heç bir dəxli yoxdur.

– Ədə, sən feministlər haqqında ağlına gələni yazan oğlan deyilsən? – Rəbiyyə zarafatla Rəvana deyir.

– Həə, Rəbiyyə, mənəm – Rəvan təntik səslə cavab verir.

Ürəyimdə fikirləşirəm ki, aranlılar demiş, “di hı Rəvan”.

– Nə yazırsınız, yazın, amma siz Allah, məntiqli yazın. Ağlınıza nə gəldi yazmayın. Bizi tənqid etməyə nə var ki? Edirsizsə də, canınız sağ olsun, amma insaflı olun. Hələ mən deyirdim, sizin baş redaktor Ulucay da gələcək. Ona da iki kəlimə söz deyəcəm. “Qadınlar, qadınlar” deyə-deyə qalıb, görüm hələ nə istəyir bu qadınlardan?

Gülürük, bu dəfə candərdi gülürəm. Elə bilirəm gülməsəm, Rəbiyyə bizi döyəcək.

“Sapla” məişət zorakılığı görmüş, psixoloji və fiziki şiddətə məruz qalmış qadınların peşə sahibi olmaq üçün sığındığı ödənişsiz dərzilik kursudur. Üç aylıq praktika və nəzəriyyə ilə işi öyrənən qadınların kursu bitirəndən sonra artıq öz imkanları ilə yaşamaq, öz gəlir mənbələrini qurmaq şansları olacaq.

Azadlıq ilk növbədə iqtisadidir. Əgər iqtisadi azadlığını təmin edə bilsə bir insan, bu zaman, ona heç kim bata bilməz. Azadlığı iqtisadi tərəfdən həll edəndən sonra digər məsələlər haqqında düşünmək olar və həmin digər məsələlər dediyimiz şeylər də hamısı sadə yolla həll olunan məsələlərdir.

Qadınların şiddət gördüyü diyarlara fikir versəniz, görərsiniz ki, həmin yerlərdə qadınlar, əsasən, evdarlıqla məşğul olurlar, evə əppəyi kişi cinsinin nümayəndəsi gətirir. Təhsil yox, karyera yox, gələcək yox, savad yox. Nə var bəs? Doğulan bir neçə uşaq, maymaq ər, nadan qohum-qonşu, tanış-biliş. Bu halda “təbiidir ki” qadın ərindən qorxsun, döyülsün, söyülsün, səsini çıxara bilməsin.

Qərəz, zəmanə mürəkkəbdir, o boyda Şah Abbas, Sultan Süleyman Qanuni boş yerə padşahlıqdan əlavə xarratlıq, dəmirçilik öyrənmirdilər ki? O boyda padşahlar əgər bu sənətləri öyrənməyi lüzum biliblərsə, deməli ki, bu əməllərdə bir hikmət vardır.

Hələ heç kim gəlməyib. Qadınlar, əsasən, günün ikinci yarısı gəlirlər. Əvvəlcə, içərini gəzirik. Balaca bir uşaq otağı var. Rəbiyyə deyir:

– Bu otaq uşaqları ilə gələn qadınlar üçündür. Uşaqları burda saxlayırıq, oynayırlar. Bütün gün mənə baxdırırlar öz uşaqlarını, özləri karyera qururlar – gülür.

Yenə xala xətrin qalmasın gülürəm. Düşünürəm, əgər Rəbiyyəyə desəm ki, “qadınlar zarafat edə bilmirlər. Qadınlar çox bayağı şeylərə gülürlər”, görəsən, mənə nə edər?

– Bəs bu otaq nə üçündür? Lövhə-filan var – sualımı dəyişib soruşuram.

– Burda qadınlar işin nəzəri tərəfini öyrənirlər. Müəllim çox yaxşı, çox istedadlı qadındır. Bircə hələlik bəxtim gətirib ki, hazırkı müəllimlə tanış olmuşuq. Əgər o olmasaydı, bilmirəm necə olacaqdı?

– Müəllimə ödəniş edirsiz, Rəbiyyə?

– Çox cüzi miqdar. Sağ olsun, qane olur.

Bir az ordan-burdan söhbət edəndən sonra müxtəlif tikiş maşınları, ütü, parçalar, qayçılar, xətkeşlər və adını bilmədiyim cürbəcür alətlər olan salona keçirik. Burda bir neçə tikiş maşını var. Amma Rəbiyyə deyir ki, ən yararlı və vacib olan maşın bir dənədir. Ona görə bir az çətinlik çəkirik. Digər maşınlardan heç istifadə etmirik. Onları qaytarıb, bizə vacib olan maşını alsaq, daha yaxşı olardı.

Daha sonra Rəbiyyənin ofisinə keçirik. Bizə deyir ki, siz oturun, qəşəng bir çay dəmləyim, gəlirəm. Etika xatirinə yox, özümün feminist olmağımı, qadın-kişi bərabərliyini sübut etmək, Rəbiyyəyə özümü göstərmək üçün deyirəm ki, mən də stəkanları aparım, sənə kömək edim. O isə etiraz edir, deyir ehtiyac yoxdur.

Bir azdan çayları gətirib gəlir. Söhbət etməyə başlayırıq.

Rəbiyyə deyir ki, bu kursu açmaq üçün iki ilə yaxın məşğulluq agentliyi ilə əlləşdim, bürokratik əngəllər oldu, avadanlıqları vermirdilər. Nəhayət, arzuma çatdım. Borclarım var, kirayə verirəm, parça almaq lazımdır, müəllimə ödəniş edirik, kommunal ödənişlər var, hələ bir qadının yol xərcini qarşılayırıq, alətlər alırıq. Bir sözlə, dostlar olmasa batacam.

Sən demə, Rəbiyyə hərbi xidmət kimi bir şeydə də olubmuş. Taekvando, ya da cüdo idman növlərində də təcrübəsi var. Canıma lap qorxu düşür. Daha feministlər haqqında heç nə yazmayacam. Elə Rəbiyyə mənə bir dənə təpik vursa, ölüb gedərəm.

– Bəs burda hazırladığınız paltarları satmaq fikriniz var? – Rəvan soruşur.

– Hə, əlbəttə ki. Təzə bio-çantalarımız var. Onları hazırlayırıq. “Ali-Nino”nun rəhbəri Nigar Köçərli gəlmişdi keçən dəfə, həm ianə verdi, həm də digər satış məsələlərini danışdıq. Başqa mağazalarla da danışmışıq. Hazır olandan sonra digər mağazalarla da danışacağıq. Sizə də iki dənə satacam. İndidən deyim biləsiz.

Bir az da rayonlardakı tragik vəziyyətdən, rayonların hansı gündə olmasından danışıb qanımızı qaraltdıq. Bir az qeybət, bir az söhbət elədik. Nəhayət, qadınlardan biri gəlib, çıxdı. Onun adı Zümrüddür. Zümrüd xanım gələn kimi yenidən çay qoydu, ətrafı bir az səliqəyə saldı. Dedik, güldük. Bir az keçmişindən, yaşadıqlarından danışdı. Dəhşətə gəldik. Zümrüd deyir ki, həyat yoldaşımla boşanma prosesindəyik. Amma hərdən məni narahat edir. Uşaqlar psixoloji olaraq əziyyət çəkirlər. Bircə kursu bitirib, sertifikatımı alsaydım, rahatlaşardım. İş tapıb, işləyərdim. Rəbiyyə deyir ki, narahat olmayın, sizin iş yeriniz artıq hazırdır.

Bu anda Rəbiyyə içəri girib soruşdu:

– Gəlin, qızların tikdiyi şeyləri göstərim sizə.

– Ay Rəbiyyə, bəs burda iştirak edən qadınların ərləri sizə mane olmur? – mən dedim.

– Olur, olur. Əvvəl-əvvəl icazə vermirdilər, sonra birtəhər gətirib özüm göstərmişəm içərini, razı salmışam. Hərdən elə olur, qadınlar gəlir, ərləri də çöldə gözləyir. Bir stol da onlar üçün qoymuşam bura. Gəlib, növbətçilik edirlər.

Üstəlik, təkcə onlar mane olmur. Burdakı adamlar da bir az qəribə baxırlar bizə. Yavaş-yavaş öyrəşəcəklər də.

Biz xeyli şəkil çəkirik, taksi sifariş verib, yavaş-yavaş getməyə hazırlaşırıq. Rəbiyyə ilə söhbət edə-edə çölə çıxırıq. Rəbiyyə yenə Rəvana sataşır. Mən də gülürəm. Mənə deyir ki, sənin də saçın sarıdı. Bizdənsən. Bunlara baş qoşma, bir də Rəvan elə şey yazsa onu döyəcəm. Hamımız gülürük. Rəvan deyir ki, başlığa belə qoyarıq: müxbirimizi hədələyən feminist.

Sifariş verdiyimiz taksi sürücüsü zəng vurub soruşur:

– Qaqa, sizdə kartnandı? Kartnandısa gəlmiyəcəm ha.

PS: Rəbiyyə bir çox dövlət qurumlarına, müxtəlif təşkilatlara müraciət edir və ona dəstək olmaqlarını istəyir. Yazını oxuyan oxucular da “Sapla”nın məhsullarını harda görsəniz alın. Əl əməyi göz nurudur. Həm keyfiyyətli mal alacaqsınız, həm də belə gözəl işə dəstək olacaqsınız.

# 3490 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #